Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5895/2024 16.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5895/2024 (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1368/2024 saylı, 25 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 16 oktyabr 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08 may 2018-ci il tarixli F- 346 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi” Qaydalarının 4.8-ci bəndinə əsasən direktor müavini vəzifəsində işlədiyi məktəbdə dərs yükü olduğu halda onu direktor müavini kimi müddətli əmək müqaviləsinə xitam verildiyi gündən qanuna müvafiq qaydada Sabunçu rayonu 108 nömrəli məktəbdə ixtisası üzrə riyaziyyat müəllimi kimi işlə təmin etmədikləri üçün və buna görə onun Təhsil Nazirliyi tərəfindən keçirilən direktorların işə qəbul imtahanında iştirakdan məhrum edən “X1 Qanunun” tələblərinə əməl etməyərək etdiyi müraciət xx.xx.2022-ci il tarixində saat 11:23 də alınsa da hal hazıradək ona heç bir rəsmi cavab verməyərək hüquqlarını kobud şəkildə pozan Sabunçu rayonu 108 nömrəli məktəbin direktoru işləmiş Cavabdeh əməllərinin qanunsuz hesab edilməsi barədə etdiyi qanunsuz əməllərlə ona maddi və mənəvi ziyan vuran onun və ailə üzvlərinin sarsıntı keçirməsinə və etdiyi ədalətsizliklərə və qanunsuzluqlara görə səhhətindəki problemlərin yaranmasına və uzun müddət müalicə almağına səbəbkar olan Cavabdeh ona 50000 (əlli min) manat məbləğində təzminat (kompensasiya) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, ona maddi və mənəvi ziyan vuran onun və ailə üzvlərinin sarsıntı keçirməsinə və etdiyi ədalətsizliklərə və qanunsuzluqlara görə səhhətindəki problemlərin yaranmasına və uzun müddət müalicə almağına səbəbkar olan, onu 3 ay işsiz saxlayan və buna görə də bir tədris ili minimum dərs saatıyla işləməyinə səbəbkar olan Cavabdeh ona maddi ziyana görə 20000 manat, mənəvi ziyana görə 30000 manat məbləğində təzminat (kompensasiya) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08 may 2018-ci il tarixli F-346 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi” Qaydalarının 4.8-ci bəndinə əsasən o, ixtisası üzrə işlədiyi məktəbdə müəllim kimi işlə təmin etmədiyi üçün bununla bağlı etdiyi müraciətə “X1 qanunun” tələblərinə uyğun heç bir rəsmi cavab verilmədiyinə görə onu qanunsuz olaraq işsiz saxladıqları üçün və buna görə Təhsil Nazirliyi tərəfindən keçirilən direktorların işə qəbul imtahanında iştirakdan məhrum etdikləri üçün ona maddi və mənəvi ziyan vurulduğu üçün hüquqları pozulduğuna görə Cavabdeh əməllərinin qanunsuz hesab edilməsi və ona dəymiş maddi və mənəvi ziyana görə təzminat (kompensasiya) ödənilməsiylə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin K-682 nömrəli əmriylə onunla təlim-tərbiyə işləri üzrə direktor müavini kimi bağlanmış müddətli əmək müqaviləsi uzadılmayaraq Əmək Məcəlləsinin 68-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2022-ci il tarixində xitam verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 fevral 2014-cü il tarixli 205 nömrəli əmri ilə əlavə edilmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08 may 2018-ci il tarixli F-346 nömrəli əmri ilə təsdiq edilmiş mövcud Qaydaların 4.8-ci bəndinə əsasən ümumi təhsil müəssisələrinin ixtisası üzrə dərs yükü ilə təmin edilmiş direktor müavinlərinin tutduqları vəzifədən azad edilərkən işlədikləri məktəbdə müəllim kimi saxlanması və ya həmin müəsissədə vakant yer olmadığı halda rayonun (şəhərin) müvafiq fənn üzrə müəllimə tələbatı olan digər məktəbində müəllim kimi işlə təmin edilməsi rayon (şəhər) təhsil şöbəsi (idarəsı) ilə razılaşdırmaqla ümumi təhsil müəssisəsinin direktoru tərəfindən həyata keçirilir. Bakı Şəhəri Sabunçu Rayonu 108 nömrəli məktəbin direktoru işləmiş Cavabdeh mövcud Qaydaların 4.8-ci bəndinin tələblərinə əməl etməyərək məktəbdə ixtisası üzrə dərs yükü olduğu halda onu müəllim vəzifəsinə təyin etməmişdir. O, bununla bağlı Cavabdeh yazılı şəkildə 19 iyul 2022-ci il tarixli ərizə ilə müraciət edərək mövcud təlimata əsasən onu ixtisası üzrə müəllim vəzifəsinə təyin etməsini xahiş etsə də "Vətəndaşların Müraciətləri haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə əməl olunmamış, müraciəti 19 iyul 2022 tarixində ona çatan xəbərnaməyə əsasən alınsa da ona 108 nömrəli məktəbin direktoru vəzifəsində işləmiş Cavabdeh heç bir rəsmi cavab verməmişdir. Bununla bağlı aidiyyəti orqanlara və Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət etsə də "X1 Qanunun" tələblərini pozan Cavabdeh əməlləri qanunsuz hesab edilərək onun haqqında qanuna müvafiq qaydada heç bir tədbir görülməmişdir. O, Təhsil Nazirliyi tərəfindən keçirilən direktorların işə qəbul imtahanında iştirak etmək istəsə də məktəbin direktoru Cavabdeh Təhsil Nazirliyinin mövcud təlimatının 4.8-ci bəndinə əməl etməyərək onu qanunsuz olaraq işsiz saxladığı üçün elektron ərizəsi Təhsil Nazirliyi tərəfindən qəbul olunmamışdır. Təhsil Nazirliyinin 11 avqust 2022-ci il tarixli cavab məktubunda bildirilir ki, "Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirakla əlaqədar müraciətiniz müsabiqə şərtlərinə uyğun gəlmədiyi üçün elektron ərizəniz qəbul olunmamışdır. Müsabiqənin şərtlərinə əsasən namizədlərin 5 il pedaqoji stajı olmalı və mütləq hazırda ümumitəhsil müəsissəsində pedaqoji fəaliyyətlə məşğul olması əsas şərt kimi qəbul edilir. Onun 25 il pedoqoji stajı olsa da 04 iyul 2022-ci il tarixində direktor müavini kimi müddətli əmək müqaviləsinə xitam verilsə də onu qanunsuz olaraq müəllim vəzifəsinə təyin etməyərək işsiz saxladıqları üçün onun Direktorların işə qəbul müsabiqəsində iştirakla bağlı elektron ərizəsi qəbul olunmamışdır. Onun hüquqları kobud şəkildə pozulmuşdur. O, Bakı şəhərində yerləşən ümumitəhsil müəsissələrinin təlim-tərbiyə işləri üzrə direktor müavinlərin imtahan müsabiqəsində yüksək nəticə göstərərək 01 oktyabr 2021-ci il tarixində şəffaf şəkildə öz biliyi ilə direktor müavini vəzifəsinə işə təyin olunduğu ilk gündən məktəbin direktoru Cavabdeh ondan işindən imtina etməyini tələb edərək vəzifə funksiyalarını yerinə yetirməyinə maneçilik törədərək vəzifə səlahiyyətlərinə aid olan heç bir sənədi ona vermədi və onu heç bir sənədlə tanış etmədi. O, məcbur qalaraq 20 oktyabr 2021-ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yazılı müraciət ünvanladı. Ona çatan xəbərnaməyə əsasən 25 oktyabr 2021-ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə daxil olan məktubu məqsədli şəkildə daxil olduğu gündə qeydiyyata alınmayaraq gizlədildi və ona heç bir köməklik göstərilmədi. Onun Bakı Şəhəri Üzrə Təhsil İdarəsinə 25 oktyabrda daxil olan müraciətinin nəyə görə daxil olunduğu gündə qeydiyyata alınmamasının səbəbi barəsində etdiyi çoxsaylı müraciətlərinə də heç bir qənaətbəxş və qanuna müvafiq cavab verilmədi. Şəffaf şəkildə öz biliyi ilə direktor müavini vəzifəsinə təyin olunduğu üçün Cavabdeh onun işləməyinə maneçilk törətməklə onunla direktor müavini kimi bağlanmış müddətli əmək müqaviləsinin uzadılmamasına nail oldu. Eyni zamanda ona qarşı edilən ədalətsizlik və haqsızlıqlara görə o və ailə üzvləri ciddi sarsıntı keçirtdilər. Ona qarşı olan haqsızlıqlara görə onun və yaxınlarının səhhətində ciddi problemlər yarandı. O, səhhəti ilə əlaqədar uzun müddət müalicə aldı. 108 nömrəli məktəbin direktoru işləmiş Cavabdeh “X1 Qanunun" tələblərinə əməl etməyərək etdiyi müraciəti cavabsız saxladığı üçün və Təhsil Nazirliyinin mövcud təlimatın 4.8-ci bəndinə əməl etməyərək onu işsiz saxladığı üçün və buna görə onun Təhsil Nazirliyi tərəfindən keçirilən direktorların işə qəbul imtahanında iştirak etməkdən məhrum edərək hüquqlarını kobud şəkildə pozduğu üçün onun haqqında müvafiq qaydada tədbir görülməsi ilə bağlı aidiyyəti qurumlara və Bakı Şəhəri Üzrə Təhsil İdarəsinə müraciət etsə də heç bir nəticəsi olmamış və onun haqqında bu qanunsuzluqlarına görə qanuna müvafiq qaydada heç bir tədbir görülməmişdir. O, eyni zamanda işə bərpa ilə bağlı Nəsimi Rayon Məhkəməsinə də iddia ərizəsi ilə müraciət etmişdi. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4417/2022 nömrəli xx.xx.2022-ci il tarixli Qətnaməsinə əsasən işdən azad olunduğu tarixdən dərs yükü verilən fənn üzrə müəllim kimi işlə təmin edilməyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və 108 nömrəli məktəbə həvalə edilmişdir. Cavabdeh ona həm maddi, həm də mənəvi ziyan vurduğu üçün ona 50000 (əlli min) manat məbləğində təzminat ödəməlidir. O, Lerik rayonunun Orand kəndində 5 il müəllim, 19 il fasiləsiz olaraq direktor vəzifəsində çalışmışdır. Çalışdığı müddətdə heç bir intizam tənbehi almamışdır. Dəfələrlə Lerik Rayon Təhsil Şöbəsi, həmkarlar təşkilatı YAP-sı tərəfindən fəxri fərmanlarla təltif olunmuşdur. İşlədiyi əvvəlki təhsil müəssisəsi də həm nizam-intizamı ilə həm də nəticələri ilə fərqlənən məktəblərdən biri olub. Ailə vəziyyəti ilə əlaqədar Bakı şəhərinə köçmək məcburiyyətində olduğundan və Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrin təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin imtahan müsabiqəsində uğurlu nəticə göstərdiyindən öz ərizəsi əsasında Lerik rayonun Orand kənd tam orta məktəbin direktoru vəzifəsindən 28 sentyabr 2021-ci il tarixində işdən azad olunub. 01 oktyabr 2021-ci il tarixində Sabunçu rayonu 108 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub. Öz biliyi ilə şəffaf gəldiyi üçün Cavabdeh məqsədli şəkildə onun hüquqlarını kobud şəkildə pozaraq ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur. İnsan hüquq və azadlıqların konstitutsiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qarunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər ölkədə xalqın iradəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul olunan beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hakimiyyətinə ictimaiyyət tərəfindən etimad bəslənməsi və ona hörmət olunması məhkəmə işinin səmimiliyinin təminatıdır. Məhkəmələr nəinki konkret məhkəmə araşdırmasında iştirak edən tərəflərin, eləcə bütövlükdə cəmiyyətin etimadına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında bunu belə ifadə etmişdir .Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi də aydın görünməlidir.
4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1368/2024 saylı, 25 iyun 2024cü il tarixli qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddia tələbinin təmin olunmaması qət edilmişdir.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3-cü maddələri, “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi” Qaydalarının 4.1-ci bəndi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 yanvar 1999-cu il tarixli 59 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil, təlim - tərbiyə müəssisələrinin rəhbər, inzibati - təsərrüfat, tədris - köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında normaları”nın 3-cü bəndi, Təhsil Nazirliyinin 04 avqust 2017-ci il tarixli 236 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində müəllimlərin və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları”nın 5-ci bəndi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarını düzgün qiymətləndirmədiyini, məsələnin mahiyyətinə varmadan qərar çıxardığını, maddi hüquq normalarını kobud şəkildə pozduğunu bildirmişdir. Həmçinin qeyd etmişdir ki, məhkəmənin bildirdiyinə görə işə götürülmə Elm və Təhsil Nazirliyi eləcə də, Bakı Şəhər Təhsil İdarəsinin səlahiyyətinə aid olduğundan iddia düzgün cavabdehə ünvanlanmamışdır. Lakin bildirilir ki, əmək müqaviləsi imzalama səlahiyyəti direktorun yurisdiksiyasına aid edilmişdir ki, cari işdə də bu mövqedə cavabdeh çıxış edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
8. Apellyasiya baxışında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı ona hədəqorxu gəlmiş, əlavə dərs saatının verilməsini istəmişdir. Bakı şəhər Təhsil İdarəsinə və prokurorluq orqanlarına şikayət etmişdir. Keçən ilin dekabr ayında bülletenə çıxsa da, evdə repititorluq etmişdir. Cavabdeh xəstəxanaya zəng edərək iddiaçıya boş yerə bülleten verilməsindən şikayət edəcəyini bildirmişdir.
9. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası işin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyünü nəzərə alaraq işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
10. Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
11. Maddə 3.3. İşəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir.
12. Maddə 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər.
17. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir.
26. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
27. Belə ki, işin müəyyən olunan hallarına görə İddiaçı 01 sentyabr 1997-ci il tarixdə Orand kənd orta məktəbinə müəllim vəzifəsinə, 18 sentyabr 2002-ci il tarixdə həmin məktəbdə direktor vəzifəsinə təyin edilmişdir. 29 sentyabr 2021-ci il tarixdə vəzifədən azad edilmişdir. 01 oktyabr 2021-ci il tarixdən 108 nömrəli tam orta məktəbdə 01 iyul 2022-ci il tarixədək direktor müavini vəzifəsinə təyin edilmişdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin K- 682 nömrəli əmri ilə 04 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin, 2-ci hissəsinin “b” bəndinə əsasən vəzifəsinə xitam verilmişdir. 29 sentyabr 2022-ci il tarixdə Xəzər rayonu İ.Tağıyev adına 26 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi vəzifəsinə təyin edilmişdir. Hazırda iddiaçı ona maddi və mənəvi ziyan vuran onun və ailə üzvlərinin sarsıntı keçirməsinə və etdiyi ədalətsizliklərə və qanunsuzluqlara görə səhhətindəki problemlərin yaranmasına və uzun müddət müalicə almağına səbəbkar olan, onu 3 ay işsiz saxlayan və buna görə də bir tədris ili minimum dərs saatıyla işləməyinə səbəbkar olan Cavabdeh ona maddi ziyana görə 20000 manat, mənəvi ziyana görə 30000 manat məbləğində təzminat (kompensasiya) ödənilməsini tələb etmişdir.
28. İddia tələbindən göründüyü kimi iddiaçı onunla əmək müqaviləsinin bağlanma qaydalarına əməl edilməməsi və onun əsassız olaraq işsiz qalmasına əsaslanaraq onun hüquqlarının pozulduğu, buna görə də ona maddi və mənəvi ziyan dəydiyini bildirsə və bununla bağlı iddiasını müvafiq məktəbin direktoruna qarşı qaldırsa da, onunla bağlanılan əmək müqaviləsinə hansısa fiziki şəxs, yəni hazırki iş üzrə cavabdeh tərəfindən deyil, məhz Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xitam verilmiş və bununla bağlı əmr də məhz sonuncu qurum tərəfindən verilmişdir. Bu halda iddiaçının onunla bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam verilməsi ilə əlaqədar dəymiş ziyan tələbi hazırki iş üzrə cavabdehə qarşı deyil, müvafiq əmri vermiş işəgötürənə, yəni Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı qaldırılmalı idi. Çünki müəllimlər müsabiqə əsasında işə qəbul edilərək məhz Bakı Şəhəri Təhsil İdarəsi tərəfindən işə götürülürlər və bu səlahiyyətlər təhsil müəssisələrinin direktorlarına aid deyil.
29. Lakin iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən cavabdeh qismində yalnız Cavabdeh göstərmiş və tələbini ona qarşı yönəltmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən isə iddiaçı tərəfindən başqa cavabdehin cəlb olunması və ya cavabdehin əsl cavabdehlə əvəz olunması barədə hər hansı ərizə verilməmişdir.
30. Buna görə də iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə dair əmri qəbul edən orqanın özü iddiaçı tərəfindən cavabdeh kimi cəlb olunmadığından həmin xitam verilmədən doğan ziyan barədə tələbinə dair iddianın əsaslı olub-olmaması baxımından mahiyyəti üzrə qiymət verilə bilməz.
31. Lakin hər bir halda kollegiya işin bütün hallarına münasibət bildirmək məqsədilə maddi və mənəvi ziyanın tutulmasına dair tələblə bağlı aşağıdakıları qeyd edir.
32. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı onunla bağlanılan əmək müqaviləsinə qanunsuz olaraq xitam verildiyini və nəticədə ona 20.000 manat məbləğində maddi ziyan dəydiyini bildirsə də, sözügedən məbləğin kökündə konkret olaraq hansı növ zərərin dayandığını və onun hesablanma mexanizmini göstərə bilməmiş, bununla bağlı mövqeyini dəqiq ifadə etməmişdir. Lakin iddiaçının iş üzrə verdiyi izahatlardan aydın olur ki, o, 20000 manat maddi ziyan dedikdə ona ödənilməyən əmək haqqı, son-haqq hesabı və məzuniyyət pulunu nəzərdə tutmuşdur.
33. Həmin maddi zərər məbləğinə münasibətdə kollegiya qeyd edir ki, sözügedən iddia tələbinə bu hissədə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə qiymət verilmişdir. Belə ki, ona ödənilməyən əmək haqqı, son-haqq hesabı və məzuniyyət pulunu nəzərdə tutur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4417/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı işdən azad olunduğu tarixdən dərs yükü verilən fənn üzrə müəllim kimi işlə təmin edilməsi, İddiaçı işdən azad olunduğu tarixdən dərs yükü verilən fənn üzrə müəllim kimi Bakı şəhəri C.Nurməmmədov adına 108 nömrəli tam orta məktəbində işlə təmin edilməsi cavabdehlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və Bakı şəhəri C.Nurməmmədov adına 108 nömrəli tam orta məktəbinə həvalə edilməsi, İddiaçı işdən azad olunduğu gündən dərs yükü verilən fənn üzrə müəllim kimi işlə təmin edilən günədək buraxılmış müddət üçün əmək haqqı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
34. Göründüyü kimi iddiaçının işə bərpa tələbinə dair iddiasına baxılarkən işsiz olduğu dövr üçün ona ödənilməli əmək haqqı məbləğinin də hesablanaraq ona ödənilməsi məsələsinə münasibət bildirilmiş və sözügedən mübahisə iddiaçının xeyrinə həll olunmuşdur. Bununla belə iddiaçının hazırda tələb etdiyi 20.000 manat məbləğindəki maddi ziyanın başqa hansı deliktlə ehtiva olunmasına dair hər hansı mötəbər dəlil iş materiallarında aşkar edilməmişdir.
35. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Kollegiya iddia tələbinin mənəvi ziyana görə 30000 manat pul məbləğinin cavabdehdən tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir: “Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndində göstərilir: “Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.” İnsan hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır.
37. Yuxarıda artıq müəyyən edildiyi kimi hazırda məhz cavabdeh tərəfindən iddiaçının hansısa hüquqları pozulmadığından və iddia tələbi qeyd edilən digər hissədə də təmin edilmədiyindən, 30000 manat mənəvi zərərin onun xeyrinə tutulmasına dair apellyasiya şikayətinin dəlilləri də əsassız hesab edilməli və təmin edilməməlidir.
38. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və ədalətli olduğundan apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmadır.
39. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
40. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
42. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 387, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1368/2024 saylı iş üzrə 25 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev