Məhkəmə qərarları › İş №2(103)-5903/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5903/2023

16.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5903/2023 16.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: mülki hüquq pozuntusu nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi, yüksək təhlükə mənbəyinin vurduğu ziyan, lizinq alanın qanundan yaranan öhdəliyi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi ilə İddiaçı Cavabdeh2 və Cavabdeh3 qarşı “maddi ziyanın və məhkəmə xərclərinin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. 2022-ci il buraxılışlı, “Toyota Corolla” markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixli qeydiyyat şəhadətnaməsi əsasında İddiaçı mülkiyyətindədir.

2. “Toyota Corolla” markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı tərəfindən xx.xx.2022-ci tarixli “Nəqliyyat vasitəsinin icarə müqaviləsi” əsasında "xxxx" MMC-nə aylıq 1500 manata icarəyə verilmişdir.

3. "xxxx" MMC tərəfindən həmin icarə müqaviləsi əsasında xx.xx.2022-ci il tarixdə 1500 manat, xx.xx.2022-ci il tarixdə 1500 manat İddiaçı bank hesabına köçürülmüşdür.

4. “Toyota Prius” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixli qeydiyyat şəhadətnaməsi əsasında Cavabdeh1 MMC-nin mülkiyyətindədir.

5. Cavabdeh1 MMC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Avtonəqliyyat vasitəsinin nisyə alqı-satqısı haqqında” müqaviləyə əsasən, Cavabdeh1 MMC, mülkiyyətində olan “Toyota Prius” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobili müqavilə üzrə ödəniş tam aparıldıqdan sonra Cavabdeh3 mülkiyyətinə verməyi, Cavabdeh3 36 ay ərzində ayda 900 manat, yəni cəmi 32 400 manat ödəməklə avtomobili satın almağı öhdələrinə götürmüşlər.

6. Həmin müqavilənin 10-cu bəndində nəzərdə tutulmuşdur ki, nəqliyyat vasitəsinə sahiblik hüququnun alıcıya keçməsindən əvvəl o, nəqliyyat vasitəsinin müqavilə müddəti üçün itirilmə, zədələnmə, məhv edilmə, ətraf mühütə ziyan vurma, üçüncü şəxslərə ziyan vurma risklərindən öz hesabına sığortalamalıdır. Bu zaman sığorta şirkətini satıcı seçir və satıcı sığorta olunan, alıcı isə faydalanan şəxs olur.

7. “Toyota Prius” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı əsasında Cavabdeh3 təhvil verilmişdir.

8. Cavabdeh3 Cavabdeh1 MMC-nin direktoruna ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədə xahiş etmişdir ki, xx.xx.2022-ci il tarixli daxili lizinq müqaviləsi əsasında lizinqə götürdüyü “Toyota Prius” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi üçün Cavabdeh2 xx.xx.2022-ci il tarixdən yol vərəqəsi yazılsın.

9. Cavabdeh1 MMC-nin direktoru tərəfindən “Toyota Prius” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi üçün Cavabdeh2 xx.xx.2022-ci il tarixdə 1 ay müddətinə etibarlı olan etibarnamə verilmişdir.

10. xx.xx.2022-ci il tarixdə saat 08:45 radələrində, “Toyota Prius” markalı **-PV- *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən idarə olunarkən “Toyota Corolla” markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur (avtomobili arxadan vurmuşdur).

11. Cavabdeh2 İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 469.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir.

12. "xxxx" MMC-nin qiymətləndirmə aktına əsasən, “Toyota Corolla” markalı **- MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir edilməsi üçün zəruri olan xərc ƏDV ilə 49 911 (qırx doqquz min doqquz yüz on bir) manat məbləğində müəyyən edilmişdir.

13. “Toyota Prius” markalı avtomobilin sahibinin mülki məsuliyyəti ** BK *** dövlət qeydiyyat nişanı üzrə "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixindən xx.xx.2022ci il tarixinədək, **-PV-*** dövlət qeydiyyat nişanı üzrə "xxxx" ASC tərəfindən xx.xx.2023cü il tarixindən xx.xx.2024-cü il tarixinədək sığortalanmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

14. İddiaçı (iddiaçı) Cavabdeh2 və ”AVTOTRADE LİZİNQ” MMC-yə (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərdən 49 911 manat məbləğində vurulmuş ziyanın əvəzinin, 200 manat vəkil xərcinin və 239,73 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə, saat 08:45 radələrində Qala-Türkan yolunda Cavabdeh2 “Toyota Prius” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti haqqında qanunvericiliyin tələblərini pozaraq ona məxsus “Toyota Corolla” markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuş, həmin yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 təqsirli bilinmişdir. Avtomobil qəzası nəticəsində ona maddi ziyan dəymişdir. Belə ki, "xxxx" MMC-nin qiymətləndirmə aktına əsasən ona məxsus “Toyota Corolla” markalı **- MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir edilməsi üçün zəruri olan xərc ƏDV ilə 49 911 (qırx doqquz min doqquz yüz on bir) manat məbləğində müəyyən edilmişdir. Hesab edir ki, cavabdehlər ona vurulmuş ziyanın əvəzini ödəməlidirlər. BB seriyalı 136128 nömrəli qeydiyyat şəhadətnaməsindən göründüyü kimi, “Toyota Prius” markalı **- PV-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 MMC-yə məxsusdur, 308 nömrəli 20 noyabr 2022-ci il tarixli etibarnaməyə əsasən, Cavabdeh1 MMC “Toyota Prius” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ ilə digər Cavabdeh2 vermişdir.

16. Cavabdeh1 MMC-nin direktoru iddia tələbinə qarşı yazılı etiraz ərizəsini məhkəməyə təqdim etmiş, iddia tələbinin MMC-nə aid hissədə rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, lizinq obyekti olan “Toyota Prius” markalı **- PV-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinq şirkəti tərəfindən lizinq müqaviləsinə əsasən lizinq alan Cavabdeh3 sahibliyinə və istifadəsinə verilmiş, lizinq alanın yazılı ərizəsi əsasında lizinq şirkəti avtomobilin idarə edilməsi üçün Cavabdeh2 etibarnamə vermişdir.

17. Məhkəmənin xx.xx.2023-cü il tarixli protokol-qərardadı ilə iddiaçının nümayəndəsinin (vəkilinin) ərizəsi təmin edilmiş, Cavabdeh1 MMC əsl cavabdeh qismində Cavabdeh3 ilə əvəz olunmuşdur.

18. İddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim etmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 49 911 manat məbləğində vurulmuş zərərin əvəzinin, vurulmuş ziyanın əvəzi iddiaçıya ödənildiyi tarixə qədər hər ay 1500 manat əldən çıxmış faydanın, 239,73 manat məbləğində dövlət rüsumunun və 200 manat məbləğində hüquqi yardımla əlaqədar ödənilmiş xidmət haqqının xeyrinə tutulmasını xahiş etmişdir.

19. Cavabdeh2 iştirak etdiyi məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini, iddiaçının avtomobilinə dəymiş ziyanın məbləği ilə razı olmadığını bildirmişdir.

20. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza tədqiqatını həyata keçirən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti 03 may 2023-cü il tarixli rəyində göstərmişdir ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2022-ci il buraxılışlı “Toyota Corolla” markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 49 888,0 manat müəyyən edilir.

21. Məhkəmənin 06 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 49 888 (qırx doqquz min səkkiz yüz səksən səkkiz) manat zərərin, ödənilmiş 239,73 (iki yüz otuz doqquz manat, yetrmiş üç qəpik) manat məbləğində dövlət rüsumunun və 200 (iki yüz) manat məbləğində hüquqi yardım alınması üçün çəkilmiş xərcin alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

22. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

22.1. Məhkəmə, cavabdehdən tutulmalı olan zərərin məbləğini müəyyən edərkən iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsaslanaraq ekspert rəyində hesablanmış həddə, yəni 49 888 manat məbləğində ziyanın tutulmalı olduğunu hesab edir. 22.2. Vurulmuş ziyanın əvəzi iddiaçıya ödənildiyi tarixə qədər hər ay 1500 manat əldən çıxmış faydanın iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qeyri-dəqiq olduğundan və tələbi təsdiq edən sənədlər və sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi bu hissədə əsassızdır və təmin edilə bilməz. 22.3. “Toyota Corolla” markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh2 tərəfindən vurulmuş ziyan cavabdehin avtomobili etibarnamə əasında idarə etdiyi vaxtda olduğundan, göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar Cavabdeh3 qarşı iddia əsassızdır və təmin edilməməlidir. 22.4. Mülki hüquq pozuntusu (delikt) Cavabdeh2 tərəfindən törədildiyindən vurulmuş ziyan ondan alınaraq İddiaçı ödənilməlidir. 22.5. Cavabdehdən iddiaçının ödədiyi dövlət rüsumu və vəkil xərci də alınaraq iddiaçıya ödənilməlidir.

23. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 1096.1-ci, 1096.2-ci, 1097.1-ci, 1108.1-ci, 1114.1-ci maddələrinə istinad etmişdir.

24. Həmin qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun qismən – iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv edilməsini və 49 888 manat zərərin, həmin zərər məbləği iddiaçıya ödəniləcək tarixə qədər hər ay 1500 manat əldən çıxmış faydanın, 239,73 manat dövlət rüsumunun və 200 manat hüquqi yardım xərcinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, Cavabdeh3 yüksək təhlükə mənbəyinin sahibi kimi məsuliyyət daşıdığını nəzərə almadığını, iddiaçı tərəfindən avtomobilin ayda 1500 manata icarəyə verildiyinə dair sübuta əhəmiyyət vermədiyini, işin müəyyən olunmuş hallarını təhrif etdiyini irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

25. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

26. İddiaçının əvvəlki məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, işə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər isə məhkəməyə gəlməmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

28. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

29. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

30. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

31. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

32. Maddə 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir.

33. Maddə 748.6.4. Lizinq alan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilən hallarda, lizinq obyektinin istifadəsi prosesində digər şəxslərin həyatına, sağlamlığına və ya əmlakına dəyən ziyan nəticəsində yaranan öhdəliklərin yerinə yetirilməsinə görə öz məsuliyyətini sığortalamalıdır.

34. Maddə 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.

35. Maddə 897.1. İcbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur.

36. Maddə 897.2. Xeyrinə icbari sığorta müqaviləsi bağlanmalı olan şəxs sığortalanmadığını bildikdə onu sığorta etdirmək vəzifəsi olan şəxsdən sığorta etdirilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir.

37. Maddə 897.3. İcbari sığorta qanunları ilə icbari sığorta etdirmək vəzifəsi müəyyən olunmuş şəxs bu vəzifəni yerinə yetirmədikdə və ya müvafiq sığorta müqaviləsini həmin qanunlarda nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda həmin şəxs müvafiq icbari sığorta üzrə sığorta hadisəsi kimi tanına bilən hadisənin baş verdiyi, yaxud halın yarandığı zaman sığorta olunan qarşısında ən azı həmin icbari sığorta üzrə müəyyən edilmiş sığorta təminatı həddində öhdəlik daşıyır.

38. Maddə 898.2. Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır.

39. Maddə 898.3. Şərtli azadolma məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən çox olduqda və ya sığorta müqaviləsində razılaşdırılmış hər hansı digər halın baş verməsi şərtilə azadolma məbləği tətbiq edilmir.

40. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

41. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

42. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

43. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

44. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

45. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

“İcbari sığortalar haqqında” Qanun

46. Maddə 20.2. Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir.

47. Maddə 20.5. Üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur.

48. Maddə 56.1. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

53. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

54. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

55. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

57. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddia tələblərinin təmin olunmaması ilə bağlı hissələrinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən Cavabdeh2 şikayət verməmiş, iddiaçının nümayəndəsi isə qətnamənin məhz qeyd olunan hissələrini mübahisələndirmişdir. Başqa sözlə qətnamənin, iddia tələbinin qismən təmin edilməsi ilə bağlı hissəsi hazırkı apellyasiya baxışı çərçivəsində yoxlanılmır. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

58. Zərər vurmaq faktını mülki hüquq pozuntusu kimi qəbul etmək üçün lazımi şərtlərin olması vacibdir ki, həmin şərtlər qanunda göstərilmişdir. Qanunun müəyyən etdiyi şərtlərə cavab verməyən zərər vurmaq (delikt) faktı mülki hüquq pozuntusu hesab edilə və belə halda delikt məsuliyyəti tədbiri, yəni zərəri ödəmək formasında mülki-hüquqi sanksiya tətbiq oluna bilməz. Qanunun müəyyən etdiyi həmin şərtlər Mülki Məcəllənin 1096-cı maddəsində (§ 40) göstərildiyi kimi, zərərvuranın hüquqa zidd əməli; hüquqa ziddi əməl ilə zərər arasında səbəbli əlaqə; və zərər vuranın təqsiridir. Göstərilən üç hal birləşərək zərər vurma faktını mülki hüquq pozuntusu (delikt) kimi qiymətləndirməyə imkan verir və həmin şərtlər əsas delikt anlayışının məzmununa daxildir. Başqa sözlə, bu hallar deliktə görə məsuliyyətin ümumi şərtlərini müəyyən edir.

59. Qanunvericilikdə delik məsuliyyətinin yaranması və tətbiq edilməsi üçün ümumi prinsip kimi yuxarıda qeyd edilən 3 şərtin olması tələb edilsə də, bəzi hallarda məhdud delikt məsuliyyəti də yarana bilir. Bu, təqsirsiz delik məsuliyyəti adlanır ki, onun da ən bariz nümunəsi Mülki Məcəllənin 1108-ci maddəsidir (§ 44,45).

60. Mülki Məcəllənin 1108-ci maddəsində nəzərdə tutulan delikt məsuliyyətinin subyekti kimi yüksək təhlükə mənbəyinin sahibi çıxış edir. Yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxs həmin mənbənin sahibi sayılır və onun vurduğu zərərin əvəzini ödəməyə borcludur. Qanun zərərin əvəzini ödəmək vəzifəsini məhz onun üzərinə qoyur.

61. Beləliklə, yüksək təhlükə mənbəyinin sahibi üçün iki əlamət xarakterikdir – hüquqi əlamət; maddi əlamət.

62. Hüquqi əlamətin mahiyyəti ondan ibarətdir ki, yüksək təhlükə mənbəyinin sahibinin həmin mənbəyə sahiblik etməsi, yəni müvafiq fəaliyyəti həyata keçirməsi üçün hər hansı qanuni titula (qanuni əsasa) əsaslanması tələb olunur. Hər şeydən əvvəl bu cür qanuni titul kimi mülkiyyət hüququ və digər əşya hüququ çıxış edə bilər. Mülkiyyətçinin iradəsi ilə müəyyən obyektə sahiblik mülki-hüquqi müqavilə əsasında digər fiziki və hüquqi şəxslərə keçə bilər ki, bu zaman onlar həmin obyektin qanuni sahibi olurlar. Söhbət icarə, əmlak kirayəsi, saxlama, daşıma və digər müqavilələrdən, nəqliyyat vasitələrinin idarəedilməsi üçün verilmiş etibarnamələrdən gedir. Mülki-hüquqi müqavilə yüksək təhlükə mənbəyinin sahibliyinin bir şəxsdən digərinə keçməsinə səbəb olur. Sahibliyin keçməsi ilə əlaqədar yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə məsuliyyət də yeni sahibə keçir.

63. Maddi əlamətin mahiyyəti ondan ibarətdir ki, təhlükəli obyektə faktiki sahiblik edən, öz sahibliyində real olaraq təhlükə mənbəyinə malik olan şəxs yüksək təhlükə mənbəyinin sahibi hesab olunur. Bu əlamətə görə, zərər vurmaq xassəsinə malik olan obyektə, yəni yüksək təhlükə mənbəyinə faktiki sahiblik edən, bu obyektən istifadə edən şəxs vurulan zərər üçün məsuliyyət daşıyır. Maddi şərt yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.

64. Yuxarıda qeyd olunduğu kimi, “Toyota Prius” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixli lizinq müqaviləsi əsasında Cavabdeh3 təhvil verilmiş, yol-nəqliyyat hadisəsi baş verərkən avtomobil Cavabdeh2 qanuni sahibliyində olmuş, hadisə məhz, avtomobil sonuncu tərəfindən idarə olunarkən törənmişdir (§ 5, 7, 8, 9, 10).

65. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş ziyana görə Cavabdeh3 Mülki Məcəllənin 1108.1-ci maddəsi əsasında məsuliyyət daşımadığı barədə gəldiyi qənaət düzgün olmuşdur.

66. Bununla belə kollegiyanın qənaətinə görə, Cavabdeh3 lizinq alan olaraq lizinq müqaviləsi ilə üzərində düşən öhdəliyini (§ 6, 33) yerinə yetirmədiyindən, yəni özünün (yaxud avtomobili idarə etmək üçün verdiyi Cavabdeh2) mülki məsuliyyətinin icbari sığortalanmasını təmin etmədiyindən və bu səbəblə iddiaçı ala biləcəyi sığorta təminatından məhrum olduğundan, iddiaçının avtomobilinə dəymiş ziyanın 5000 manat (§ 48) hissəsindən Cavabdeh2 ilə birlikdə məsuliyyət daşımalıdır.

67. Nəzərə alınmalıdır ki, lizinq predmetinin müvafiq sığorta təminatı altına alınmasını təmin etmək lizinq alanın (Cavabdeh3) həm müqavilə üzrə (§ 6), həm də qanunla müəyyənləşdirilmiş (33) öhdəliyidir; lakin o, bu öhdəliyini yerinə yetirmədiyindən, yol-nəqliyyat hadisəsi baş verərkən “Toyota Prius” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyəti sığortalanmamış olmuşdur.

68. Buna görə də kollegiya hesab edir ki, qətnamə “iddia tələbinin Cavabdeh3 qarşı təmin olunmaması” ilə bağlı hissədə ləğv olunaraq həmin hissədə yeni qətnamə çıxarılmalı, iddiaçının avtomobilinə dəymiş ziyana görə Cavabdeh2 tutulmalı olan 49 888 manatın 5000 manatı həmçinin müştərək qaydada Cavabdeh3 da tutulmalıdır.

69. Kollegiya, birinci instansiya məhkəməsinin “vurulmuş ziyanın əvəzi iddiaçıya ödənildiyi tarixə qədər hər ay 1500 manat əldən çıxmış faydanın tutulması” tələbi üzrə gəldiyi nəticəni də əsaslı hesab etmir.

70. Belə ki, yuxarıda qeyd olunduğu kimi iddiaçı avtomobilini ayda 1500 manat ödənilməsi şərtilə icarəyə vermiş, 2022-ci ilin oktyabr və noyabr ayları üçün icarə haqqları ona ödənilmişdir (§ 2,3).

71. Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobil yararsız hala düşdüyündən və iddiaçı icarə gəlirindən məhrum olduğundan, kollegiya hesab edir ki, 2022-ci ilin dekabr ayından, icarə müqaviləsinin müddətinin başa çatdığı tarix olan xx.xx.2023-cü il tarixinə qədər ödənilməli icarə haqqı qismində 15 000 (10 ay x 1500) manat da Cavabdeh2 alınıb iddiaçıya ödənilməlidir.

72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı nümayəndəsinin (vəkilinin) apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-726/2023 saylı iş üzrə 06 iyul 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “iddia tələbinin Cavabdeh3 qarşı təmin olunmaması” və “vurulmuş ziyanın əvəzi iddiaçıya ödənildiyi tarixə qədər hər ay 1500 manat əldən çıxmış faydanın tutulması” tələbinin təmin olunmaması hissələrində ləğv olunsun və həmin hissələrdə yeni qətnamə çıxarılsın. İddia tələbi Cavabdeh3 qarşı yönəlmiş hissədə qismən təmin edilsin. Cavabdeh2 İddiaçı xeyrinə tutulmalı olan 49 888 manatın 5000 (beş min) manatı həmçinin müştərək qaydada Cavabdeh3 tutulsun. Cavabdeh2 İddiaçı xeyrinə əldən çıxmış fayda qismində 15 000 (on beş min) manat tutulsun. İddia tələbinin Cavabdeh3 qarşı yönəlmiş digər hissələri, habelə “vurulmuş ziyanın əvəzi iddiaçıya ödənildiyi tarixə qədər hər ay 1500 manat əldən çıxmış faydanın tutulması” tələbi qalan hissələrdə təmin olunmasın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi qismində 120 (yüz) iyirmi manat Cavabdeh2 alınıb İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar