Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5909/2024 06.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı, qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı və digərinə qarşı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı və digərlərinə qarşı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı və digərlərinə qarşı tələblərinə dair iş üzrə QƏTNAMƏ İş № 2(103)-5909/2024 (Açar sözlər: əmlakın qaytarılması, pul və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İlkin iddia üzrə cavabdeh qarşılılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3, ilkin iddia üzrə Cavabdeh7 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı əmlak tələbi, qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı və digərinə qarşı pul tələbi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı və digərlərinə qarşı pul tələbi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı və digərlərinə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1501/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə 06 noyabr 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh7 qarşı iddiaçının mülkiyyətində olan “Mercedes Benz GL 320 CDİ minik” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması, avtomobilin naturada olmadığı təqdirdə isə onun dəyərinin, yəni 35000 manatın cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində mülkiyyətində olan Mercedes Benz GL 320 CDİ minik” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq niyyəti ilə Cavabdeh2 ilə razılığa gəlmiş və bu səbəblə cavabdehin adına olan nəqliyyat vasitəsini idarə etmək səlahiyyətinə dair ona etibarnamə vermişdir. Cavabdeh avtomobilə müştəri tapdığını bildirərək, əmlakını 35000 manata satacağına vəd vermişdir. Avtomobil ilkin olaraq xx.xx.2023-cü il tarixdə Babək prospekti ünvanında yerləşən “Murad Avto salon”un işçisi Cavabdeh3 adına etibarnamə ilə keçirilmişdir. Daha sonradan isə xx.xx.2023-cü il tarixində geniş səlahiyyətli etibarnamə ilə digər Cavabdeh1 satıldığını iddiaçıya bildirilmişdir. Lakin cavabdehlər avtomobilin dəyərini ödəməkdən boyun qaçırırlar. Cavabdehlər iddiaçının inamından sui-istifadə edərək, onun əmlakını qanunsuz olaraq ələ keçirmiş və nəticədə iddiaçını əmlakından məhrum etmişlər. İddiaçı dəfələrlə cavabdehlərə müraciət edərək, avtomobilin qaytarılmasını tələb etsə də, onlar hər dəfəsində yalan vədlər verərək, nəqliyyat vasitəsinin satıldığını və onun satışından əldə olunan gəliri (35000 manat) iddiaçıya verəcəyini bildirmişlər. İddiaçı cavabdehlər tərəfindən aldadıldığını müəyyən edəndən sonra onlara verilmiş etibarnamələri ləğv etmişdir.
3. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh5 qarşı cavabdehlərdən müştərək qaydada 2000 manat məbləğində vəsaitin tutularaq Cavabdeh2 ödənilməsi tələbinə dair qarşılqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. Cavabdeh2 qarşılıqlı iddiası onunla əsaslandırılmışdır ki, onun Mercedes Benz GL 320 CDİ minik” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı İddiaçı heç bir borcu yoxdur. Əksinə, İddiaçı və Cavabdeh5 ona 2000 manat borcu vardır. O, əvvəllər Cavabdeh5a 2 dəfə avtomobil satmışdır. Onlar arasında heç bir vaxt narazıçılıqlar olmamışdır. Cavabdeh5 Cavabdeh2 öz maşını satmaq üçün deyil, özünə başqa avtomobil lazım olduğu üçün müraciət etmişdir. Öz maşını üçün müştərinin olmasını soruşmuşdur. Cavabdeh2 də bildirmişdir ki, avtomobili avtosalona qoya bilər. O da razılaşıb, avtomobilin dəyərini 35000 manat müəyyən etmişdir. Həmin avtomobil 4 ay salonda qalmışdır. Həmin avtomobil satılmadığına görə İqbalın razılığı ilə avtomobildə təmir işləri aparılmışdır. Sonra avtomobili İqbalın razılığı ilə 25500 manata satmışdır. Əvvəlcə İqbala 15000 manat, sonra isə 7000 manat, 3500 manat pul vermişdir. Bununla da xx.xx.2023-cü il tarixində avtomobilin tam dəyəri İqbala ödənilmişdir. Hal-hazırda X5 GL 320 CDİ minik” markalı, **- SA-*** dövlət qeydiyyat nişanlı avtomobili üçün qoyulmuş 2000 manat xərcə görə sonuncunun ona 2000 manat borcu yaranmışdır.
5. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçı X3 cavabdehlər İddiaçı, Cavabdeh5, Cavabdeh2 qarşı tərəfindən “Mercedes Benz GL 320 CDİ minik” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün ödədiyi 25600 manat və avtomobilin təmiri üçün xərclədiyi 1500 manat, ümumilikdə 27100 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq Cavabdeh3 ödənilməsi tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir.
6. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, X3 avtomobil alqı-satqısı ilə məşğul olur. Avtomaşın almaq üçün Babək prospektində yerləşən “Murad” avtosalonuna getmiş və orada “Mercedes Benz GL 320 CDİ minik” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobillə maraqlananda, ona bildirmişdirlər ki, avtomobil ilkin olaraq 28000 manata satışa çıxarılmışdır. Daha sonra orada olan və salonda avtomobilin alqı-satqısı ilə məşğul olan şəxs kimi tanınan Cavabdeh2 ona avtomobilin faktiki olaraq onun xalası oğlu Cavabdeh5a məxsus olduğunu, texniki pasportda isə avtomobilin İqbalın anasının adına olduğunu bildirmişdir. O, avtomobilin cari təmir işləri üçün təxminən 2000 manat pul tələb olunduğunu söyləyərək, avtomobil üçün 25000 manat təklif etmişdir. Daha sonra, Cavabdeh2 telefonla hər hansı şəxslər danışdıqdan sonra avtomobili 25600 manata satmağa razılaşdı. Elə həmin gün, yəni xx.xx.2023-cü il tarixində Cavabdeh3 razılaşdıqları məbləği tam şəkildə avtosalonun əməkdaşları Fikrət və Musa adlı şəxslərin iştirakı ilə Cavabdeh2a vermiş, və o, da öz növbəsində avtomaşının sahibi İddiaçı adından verilmiş baş etibarnaməni Cavabdeh3 vermişdir. Daha sonra Babək prospektində yerləşən avtoservisdə avtomobildə müəyyən təmir işləri aparılmış, bəzi detalları rənglənmiş, daha sonra cilalanmış, salonu tam şəkildə kimyəvi təmizlənmişdir. Bütün bu işlər üçün təxminən 1500 manat pul xərclənmişdir. Daha sonra həmin avtomobil “Murad” avtosalonunda 30000 manata Cavabdeh1 satılmışdır. Cavabdeh3 olan baş etibarnamə əsasında xx.xx.2023-cü il tarixdə Cavabdeh1 baş etibarnamə verilmişdir. Təxminən xx.xx.2023-cü il tarixində ona verilmiş və onun tərəfindən Cavabdeh1 verilmiş etibarnamələrin ləğv edildiyini öyrənmişdir. Belə ki, Cavabdeh1 bildirdiyinə görə, Cavabdeh5 adlı şəxs ona zəng edərək avtomobilin pulunun ona ödənilmədiyinə görə İsmayilov Zaura verilmiş baş etibarnamənin xx.xx.2023cü il tarixində ləğv etdiyini bildirmişdir. İlkin iddia üzrə İddiaçı və onun oğlu Cavabdeh5 avtomobilin satışı barədə məlumatlı olmuşlar, həmçinin avtomobili dəyəri onlara ödənilmişdir. Daha sonra isə onlarla Cavabdeh2 arasında digər səbəblərdən narazılıq yarandığına görə onlar verilmiş etibarnamələri ləğv etmişdirlər.
7. O cümlədən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 qarşı “Mercedes Benz GL 320 CDİ minik” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödədiyi 30300 manat və avtomobildən bu günə kimi istifadə edə bilmədiyinə görə 12600 manat və 219 manat dövlət rüsumu olmaqla, ümumilikdə 43119 manat məbləğində pulun qarşılıqlı iddia üzrə cavabdehlərdən müştərək qaydada tutularaq Cavabdeh1 ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. Cavabdeh1 qarşılıqlı iddiası onunla əsaslandırılmışdır ki, “Turbo.az” vebsayt vasitəsilə tapdığı “Murad Avto” avtomobil salonunun sahibi Cavabdeh6 ilə əlaqə saxlamış, sonra xx.xx.2023-cü il tarixdə dostu Cavabdeh7 ilə birlikdə Babək prospektində yerləşən avtosalonundan mübahisə predmeti olan “Mercedes Benz GL 320 CDİ minik” markalı, **- SA-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 30300 manat məbləğində pulu Cavabdeh6 ödəməklə avtomobili almışdır. Həmin avtomobili öz adına rəsmiləşdirmək üçün “Murad Avto” avtosalonun nümayəndəsi Cavabdeh3 tərəfindən ona xx.xx.2023-cü il tarixli etibarnamə verilmişdir. Lakin sonradan məlum olmuşdur ki, həmin etibarnamə xx.xx.2023cü il tarixdə avtomobilin faktiki sahibi olan Cavabdeh5 tərəfindən ləğv edilmişdir. Eyni zamanda, avtomobilin satılmasında vasitəçilik edən Cavabdeh2 adından həmin avtomobilə görə Cavabdeh5 kart hesabına 5000 manat, 2000 manat, daha sonra isə 3500 manat məbləğində, ümumilikdə 10500 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə iclasında Cavabdeh5 özü qeyd etmişdir ki, etibarnamə verməkdə məqsədi avtomobili Ramiz vasitəsi ilə satmaq olmuşdur. Bu hal onu təsdiq edirik, iddiaçı tərəfin məqsədi avtomobili satmaq olmuş, lakin sonradan hüquqdan sui-isitfadə edərək iddiaçıya məxsus pulu ələ keçirtmək niyyəti ilə qarşılıqlı iddia üzrə cavabdehlərlə birgə hərəkət etmişlər. Bundan başqa mübahisə predmeti olan avtomobildən bu günə kimi istifadə edə bilmir. İnternetdən əldə etdiyi məlumata əsasən eyni markalı avtomobilin bir günlük kirayə haqqı ortalama 70 manat olduğunu öyrənmiş və bu dövrlə ərzində qeyd olunan avtomobildən bir ay ərzində istifadə etmədiyinə görə (30 gün x 70 manat = 2100 manatlıq) 6 ay ərzində isə avtmobildən istifadə etmədiyinə görə 12600 manat məbləğində maddi ziyan dəymişdir (2100x6 ay=12600).
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1501/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) ilkin iddianın qismən təmin edilməsi, “Mercedes Benz GL 320 CDİ minik” markalı 2008 il buraxılışlı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh7 alınaraq İddiaçı qaytarılması, avtomobilin naturada qaytarılması mümkün olmadıqda avtomobilin dəyəri olaraq 35000 manat məbləğində vəsaitin Cavabdeh7 alınaraq İddiaçı ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh5 qarşı 2000 manat məbləğində pulun İddiaçı və Cavabdeh5 alınaraq Cavabdeh2 ödənilməsinə dair qarşılıqlı iddiasının rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı, Cavabdeh5, Cavabdeh2 qarşı qarşılıqlı iddiasının qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə Cavabdeh2 25600 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh3 ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 qarşılıqlı iddiasının qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 qarşı qarşılıqlı iddiasının qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə Cavabdeh3 30300 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 180,90 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh1 ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 77.3, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən ilkin iddia üzrə cavabdeh qarşılılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ondan 25600 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh3 ödənilməsi və onun cavabdehlər İddiaçı və Cavabdeh5 qarşı 2000 manat məbləğində pulun tutulması barədə qarşılıqlı iddiasının rədd edilməsi hissəsində ləğv edilməsi, həmin qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul xahiş etmişdir.
12. Apelyasiya şikayəti qarşılıqlı iddia ərizəsinin dəlilləri ilə yanaşı onunla əsaslandırılmışdır ki, ilkin iddianın predmeti olan avtomobil ilə alaqədar onun iddiaçıya heç bir borcu yoxdur. Əksinə, iddiaçı ona 2000 manat pul ödəməlidir. Ona görə də qarşılıqlı iddia vermişdir. İddiaçının oğlu Cavabdeh5 əvvəllər 2 dəfə maşın satmışdır. Onların arasında heç vaxt narazılıq olmayıb. İqbal əvvəl özünə təcili pul lazım olduğu üçün ondan 3000 manat borc pul da almış, həmin borcu indiyədək ona qaytarmamışdır. Aralarında olan hörmət və səmimiyyətə görə onu tələsdirməmişdir. Məhkəmə prosessual hüquq normasının tələbinə əməl etsə idi, ən azından onun tərəfindən məhkəməyə təqdim olunmuş iddiaçının bank kartına 10500 manat pulun ödənməsi (7000+3500) barədə sübutu görməzdən gəlməzdi. Bundan başqa iddiaçı tərəfindən Nəsimi rayon Polis bölməsinin istintaq şöbəsinin müstəntiqinin 23 dekabr 2023-cü il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi" qərarında müəyyən olunduğu kumi 8500 manat pulun onun tərəfindən iddiaçıya ödənməsini nəzərə alardı. Bu barədə digər proses iştirakçısı Cavabdeh3 da məhkəməyə verdiyi izahatında bildirmişdi. Birinci instansiya məhkəməsi onun tərəfindən təqdim edilmiş sübutlara müvafiq maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 onlar tərəfindən verilmiş şikayətin təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, 10.500 manatın İqbala verilməsini təsdiq edən sübutların olmasına baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Bu faktı İqbal özü də sonradan etiraf etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq məhkəməyə ərizə təqdim edərək bildirdi ki, 25.600 manat Ramizə pul verib maşın almış, 10.500 manat Ramiz tərəfindən qaytarılmış, sonuncu tərəfindən ona ödənilməli olan məbləğ yekun olaraq 15.100 manat təşkil etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh7 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onun tərəfindən artıq avtomobil iddiaçıya qaytarılmışdır, 10.500 manat pul da Ramiz tərəfindən qaytarılmışdır.
17. İşə baxılmasının yeri və vaxtı ilə bağlı məlumat verilməsinə baxmayaraq digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
18. İşin halları, o cümlədən işə mövcud sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
21. Maddə 181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir.
22. Maddə 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir.
23. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
24. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
25. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
26. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
27. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
28. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
29. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.
30. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
31. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
32. Maddə 650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.
33. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
34. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
35. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apelyasiya baxışının hədləri
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
42. Hazırda yalnız ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən qətnamənin ondan 25.500 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh3 ödənilməsi və onun cavabdehlər İddiaçı və Cavabdeh5 qarşı 2000 manat məbləğində pulun tutulması barədə qarşılıqlı iddiasının rədd edilməsi hissəsi mübahisələndirildiyindən apellyasiya baxışının predmetini qətnamənin həmin hissədə yoxlanılması təşkil edir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə - qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 qarşılıqlı iddiası onun təmin olunan hissəsində dəyişdirilməli, qətnamə qalan mübahisələndirilən hissədə isə dəyişdirilmədən saxlanılmalıdır.
44. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin arasındakı münasibətin xüsusiyyətləri və işin halları dəqiq aydınlaşdırılmalı və qarşılıqlı iddia üzrə iddiaçının xeyrinə tutulmalı olan məbləğ faktiki hallara uyğun olaraq müəyyənləşdirməlidir.
45. Kollegiya ilk növbədə Cavabdeh2 mübahisəli avtomobilin pulunun onu satan şəxsə tam formada qaytarılması və ondan 25.600 manat pulun tutulmasının əsassız olması barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
46. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçının mülkiyyətində olmuş “Mercedes Benz GL 320 CDİ minik” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobil növbəli olaraq müxtəlif şəxslərin istifadəsinə verilmiş, bu istifadələrin əsasında tərəflərin sıra ilə bir-birilərinə verdikləri etibarnamələr dayanmış, həmin münasibətlərin hər bir tərəfi isə bu etibarnamələrin müvafiq olaraq alqı-satqının həyata keçirilməsi üçün verildiyini qəbul etmişdir.
47. Lakin Mülki Məcəllənin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 390.2ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Göstərilən məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
48. Qeyd edilən normaların məzmunundan da göründüyü kimi əqdin etibarlı hesab olunması və ondan irəli gələn öhdəliklərin icrasının tələb olunması üçün bir sıra şərtlərlə yanaşı, həmin əqdin bağlanmasına dair forma şərtlərinə də əməl edilməsi mühüm rol oynayır.
49. Hazırki işin hallarından da göründüyü kimi iddiaçı tərəflərin heç biri arasında rəsmi qeydə alınmış əqd bağlanmamış, predmeti bu cür reyestrdə qeydə alınmalı daşınar əşya olan müqavilə üçün qanunvericiliklə müəyyən edilmiş forma tələbləri mövcud olsa da, bu tələblərə əməl edilməsi ilə bağlı hər hansı sübut iş materiallarında aşkar edilməmişdir.
50. Halbuki qanunvericiliyin tələblərinə əsasən nəqliyyat vasitələri rəsmi reyetrdə qeydə alınmalı olan daşınar əmlak olduğundan, nəqliyyat vasitələrinə mülkiyyət hüququnun başqa şəxsə keçməsinə dair müqavilələr, o cümlədən alqı-satqı müqaviləsi yazılı formada bağlanaraq notarial qaydada təsdiq edildiyi halda etibarlı olur və həmin əqd üzrə hüquqi nəticələrin yaranmasına səbəb olur.
51. Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli 546 saylı Fərmanı ilə təsdiq edilmiş "Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı"nın 2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində qeydiyyata alınır.
52. Mülki Məcəllənin 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir.
54. Qeyd edilənlərdən də göründüyü kimi iddiaçı ilə cavabdeh arasında etibarlı alqısatqı münasibətləri yaranmadığından etibarsız əqdlər hesab olunmalı, belə olan halda, həmin əqdlər üzrə tərəflər aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidirlər.
55. İşin qeyd olunan halları kontekstində nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
56. Həmin Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
57. Məhkəmə qeyd edir ki, şərh olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
58. Hazırki işin ilkin olaraq müəyyən olunmuş faktlarından, o cümlədən tərəflərin izahatlarından göründüyü kimi mübahisəli avtomobilin alqı-satqına dair danışıqlar Cavabdeh2 vasitəsilə aparılmış və avtomobilə görə 25600 manat məbləğində ödəniş də X3 tərəfindən məhz Cavabdeh2 verilmişdir və bu mübahisəsizdir.
59. Lakin sonradan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, sözügedən 25.600 manat puldan 10.500 manat olan hissəsi ona qaytarılmış və beləliklə, Ramiz tərəfindən ona ödənilməli olan məbləğ yekun olaraq 15.100 manat təşkil etmişdir. Həmçinin ilkin iddia üzrə digər Cavabdeh7 da qeyd edilən halı təsdiq etmiş, əlavə olaraq mübahisəli avtomobilin artıq iddiaçıya qaytarıldığını bildirmişdir.
60. Göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi ilə onun xeyrinə tutulması qət edilən 25.600 manat məbləğində vəsaitin 10.500 manat olan hissəsinin ona qaytarıldığı və yekun tələbin azaldılaraq 15.100 manat təşkil etməsi bildirildiyindən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 qarşılıqlı iddiası onun təmin olunan hissəsində dəyişdirilməli və sonuncunun xeyrinə tutulmalı məbləğin miqdarı 15.100 manat məbləğində müəyyən edilməlidir.
61. Kollegiya apellyasiya şikayətinin İddiaçı və Cavabdeh5 avtomobilin təmirinə görə ödənilmiş 2000 manat məbləğində vəsaitin müştərək qaydada tutularaq Cavabdeh2 ödənilməsi ilə bağlı dəlillərinə münasibətdə isə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki hazırkı məsələdə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, qaytarılmasını tələb etdiyi həmin pulun, ümumiyyətlə, mövcudluğuna, cavabdehin isə ona məxsus həmin pulu götürmüş və qaytarmalı olduğuna dair heç bir sübut təqdim etməmişdir. Belə ki, iş materiallarında olan ödəniş qəbzlərinin məhz mübahisəli avtomobillə bağlı aparılmış təmir xərclərini əks etdirməsi, o cümlədən avtomobilin ilkin olaraq Cavabdeh2 verilməsi zamanı hansı vəziyətdə olmasına dair kifayət qədər dəlillər iş materiallarına əlavə olunmamışdır.
62. Halbuki Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
63. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
64. Beləliklə, kollegiya hesab edir ki, qeyd edilən hal apelyator tərəfindən hansısa mötəbər sübutlarla təsdiq edilmədiyindən apellyasiya şikayəti göstərilən hissədə əsassız olmaqla təmin edilməməlidir.
65. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 qarşılıqlı iddiası onun təmin olunan hissəsində dəyişdirilməli və sonuncunun xeyrinə tutulmalı məbləğin miqdarı 15.100 manat məbləğində müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır.
66. Kollegiya diqqətə çatdırır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
67. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
68. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
69. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
70. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
71. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəyən şəxsin özünə aid olunmalıdır.
73. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1501/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi Cavabdeh3 tərəfindən verilmiş qarşılıqlı iddianın təmin edilən hissəsində dəyişdirilsin. Qarşılıqlı iddia üzrə Cavabdeh2 15100 (on beş min yüz) manat məbləğində pul vəsaiti tutularaq Cavabdeh3 ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev