Məhkəmə qərarları › İş №2(103)-5912/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5912/2024

01.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5912/2024 01.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh QSC-nə qarşı “sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli 2(006)- 1087/2024 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı idarə etdiyi “KC-45717 K-1” xüsusi təyinatlı **-RC-*** dövlət qeydiyyat nişanlı avtokranla xx.xx.2022-ci ildə Xocalı rayonunun Çanaqçı kəndi ərazisindən keçən Zəfər yolunun 80-ci kilometrində yol-nəqliyyat hadisəsi törədib və bədən xəsarətləri alıb. 2.İddiaçı bildirir ki, cavabdeh ona avtokran sürücüsü işi təklif edib, təklifi qəbul edib, bundan sonra ona etibarnamə ilə verilən avtokranı Bakıdan Şuşaya aparmaq üçün yola düşüb. Yola düşməzdən əvvəl rəhbərliyə bildirib ki, avtokran çox ağır texnikadır, onu başqa texnika ilə ora aparmaq lazımdır. Lakin ona cavab verilib ki, texnika təmirdən yeni çıxıb və tam yoxlanılıb. Zəfər yolununun 80-ci kilometrində sərt döngədə əyləc sistemi işləməmiş, avtokran yolun kənarındakı ağaca çırpılaraq aşmış, nəticədə müxtəlif bədən xəsarətləri almışdır. 3.Cavabdeh bildirir ki, iddiaçı ilə onun arasında əmək münasibəti olmayıb və cavabdeh iddiaçıya avtokranın Şuşaya aparılması barədə tapşırıq verməyib. Birinci instansiya məhkəməsində icraat 4.İddia ərizəsində tələb olunub ki, iddiaçının sağlamlığına vurulmuş xəsarətlərə görə cavabdehdən iddiaçının xeyrinə göstərilən məbləğlər tutulsun: 1) itirilmiş qazancın əvəzi kimi hər ay 550 manat; 2) əlavə xərcin əvəzi kimi 15.000 manat; 3) mənəvi zərərin əvəzi kimi 30.000 manat. 5.Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 6.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 7.Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 8.İşəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyət müəyyən edən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 195-ci maddəsinin hazırkı işdə tətbiqi mümkün deyil. Belə ki, hadisə baş verən zaman tərəflərin arasında əmək münasibəti olmayıb. Cavabdeh əmək münasibətinin olmadığını bildirir, iddiaçı isə əmək münasibətinin olduğunu təsdiq edən sübut təqdim etməyib. O cümlədən hadisə baş verən zaman tərəflərin arasında əmək münasibətinin olmadığı X2 Xidməti Bakı şəhər idarəsinin məktubu ilə təsdiq olunub (iş v. 12). 9.Sağlamlığı pozmaqla vurulmuş zərərin əvəzinin ödənilməsini müəyyən edən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118-ci maddəsinin hazırkı işdə tətbiqi mümkün deyil. Belə ki, cavabdeh delikt törətməyib. İddiaçının xəsarət almasına səbəb onun özü tərəfindən yol hərəkəti qaydasının pozulması olub. Bu pozuntuya görə iddiaçının barəsində Xocalı RPŞ X4 Bölməsi xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edib və həmin tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən iddiaçıya inzibati tənbeh tətbiq edilib. Bu, apellyasiya icraatı zamanı iddiaçının özünün məhkəməyə təqdim etdiyi, Xocalı RPŞ İstintaq qrupunun müstəntiqinin qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarın məzmunundan məyyən olunur. 10.Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət müəyyən edən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinin hazırkı işdə tətbiqi mümkün deyil. Belə ki, hadisə baş verən zaman iddiaçı yüksək təhlükə mənbəyinin (avtokranın) sahibi sayılmayıb. Hadisənin baş verməsindən 17 gün əvvəl xx.xx.2022-ci ildə həmin avtokrana dair cavabdeh ilə başqa fiziki şəxs X1 arasında icarə müqaviləsi bağlanıb (iş v. 65). Müqavilənin 2.1-ci bəndindən görünür ki, V.Mirzəyev avtokranı (icarə obyektini) cavabdehə (icarəçiyə) Şuşa şəhərində inşa edilən yaşayış evlərinin tikinti sahəsində təhvil verməlidir. Lakin avtokran Şuşa şəhərində çatmadan əvvəl qəzaya uğrayıb, yəni hadisə avtokran cavabdehə təhvil verilənə qədər baş verib. 11.Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. 12.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-1087/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar