Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5913/2024 14.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 Cavabdehnə qarşı “Ümumi Yığıncağın protokolunun qanunsuz hesab edilməsi” tələbinə dair Açar sözlər: əmlak üzərinə həbs qoyulması Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(011)-1430/2024 nömrəli qərardadından İddiaçı2 şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 Cavabdehnə qarşı “Ümumi Yığıncağın protokolunun qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 may 2024-cü il tarixli, 2(011)- 1430/2024 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmişdir.
3. Daha sonra 03 iyun 2024-cü il tarixdə ərizəçi Şahid5 maraqlarına toxunan şəxs qismində prosesə cəlb edilməsi və “Elektron məhkəmə informasiya” sisteminə proses iştirakçısı qismində əlavə edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsi və qəbul edilmiş qətnamə onun maraqlarına toxunur. Belə ki, bu İctimai Birliyin 2022-ci ildə də sədri o olmuşdur, halhazırda da yenidən seçkilər nəticəsində o sədr seçilmişdir. Ona görə də Bakı şəhəri Xətai rayon məhkəməsinin bu qətnaməsindən apellyasiya şikayəti vermək istəyir. Bildirmək istəyir ki, o da bu qətnamədən apellyasiya şikayəti vermək üçün tərəf kimi bu iş üzrə elektron kabinetə əlavə olunmalıdır.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(011)- 1430/2024 nömrəli qərardadı ilə ərizə təmin edilmiş və Şahid5 maraqlı şəxs qismində cəlb edilərək “Elektron məhkəmə” informasiya sisteminə proses iştirakçısı qismində əlavə edilməsi qərara alınmışdır.
6. Qərardad onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası MPM-nin 46-cı maddəsinə əsasən maraqlı şəxslər mülki prosesdə işdə iştirak edən şəxslərin sırasına aid edilmişdir. Belə ki, işdə iştirak edən şəxslərin izahatlarına və mülki iş materiallarına əsasən müəyyən edilmişdir ki, ərizəçi Şahid5 Cavabdeh sədri olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 may 2024-cü il tarixli, 2(011)-1430/2024 nömrəli qətnaməsinə əsasən Cavabdeh 17 yanvar 2022-ci il tarixli Ümumi Yığıncağının protokolu qanunsuz hesab edilmişdir. Məhkəmə ərizəçi Şahid5 Cavabdeh sədri olduğunu nəzərə alaraq X5 Yığıncağının protokolunun qanunsuz hesab edilməsi barədə qətnamənin onun hüquqlarına və qanuni maraqlarına toxunması qənaətinə gələrək ərizənin təmin edilməsini, Şahid5 maraqlı şəxs qismində mülki iş üzrə icraata cəlb edilməsini və beləliklə də məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməsi hüququnun həyata keçirilməsinə şərait yaradılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, ərizəçi məhz həmin iclasın nəticəsində Birliyin sədri seçilmiş, iki il ərzində Birliyin sədri kimi fəaliyyət göstərmişdir.
7. Həmin qərardaddan İddiaçı2 şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
8. Şikayətin dəlillərinə görə, işdə cavabdeh tərəf YDDİB-dir və Şahid5 YDDİB-nin qanuni təmsilçisidir. Belə olan halda Şahid5 cavabdeh tərəf hesab edilir və onun üçüncü tərəf kimi yenidən işə əlavə edilməsi tamamilə əsassız və qanunsuzdur. Bir şəxs işdə necə həm cavabdeh həm də üçüncü şəxs ola bilməz. İddiaçılar cavabdeh qismində YDDİB-ni göstərmişdirər və ictimai birlik şəxs deyil gəlib məhkəmə prosesində iştirak edə, təbii ki ictimai birliyi təmsil edən şəxs gəlib məhkəmədə çıxış etməli idi. Məhkəmə bunu bildiyi halda YDDİB-nin qanuni təmsilçisini yəni cavabdehi yenidən üçüncü şəxs qismində işə əlavə edir. Məhkəmənin bu cür sadə bir işi araşdırmadan qanunsuz qərar verməsi hesab edirlər ki, yolverilməzdir. YDDİB-nin hüquqi ünvanı Şahid5 qeydiyyatda olmaqla yaşadığı mənzildir. e-2(011)-1430/2024 saylı iş üzrə bütün məhkəmə bildirişləri Şahid5 yaşadığı mənzil olan YDDİB-nin hüquqi ünvanına göndərilsə də o heç bir səbəb göstərmədən beş məhkəmə prosesinin heç birində iştirak etməmişdir. Hətta iddiaçıların vəsatəti əsasında Şahid5 şahid qismində Məhkəməyə dəvət olunsa da heç bir səbəb göstərmədən məhkəməyə gəlməmiş və yalnız məhkəməyə ərizə və vəsatətlər ünvanlamaqla kifayətlənmişdir. Əgər bir şəxs bütün Məhkəmə prosesindən xəbərdar olmasına, YDDİBnin qanuni təmsilçisi olmasına və şahid qismində məhkəməyə dəvət olunmasına baxmayaraq heç bir səbəb göstərmədən heç bir Məhkəmə prosesində iştirak etmirsə və məhkəmə qətnaməsi çıxdıqdan sonra ərizə ilə müraciət edib guya bu işin onun maraqlarına toxunduğunu iddia edərək üçüncü şəxs qismində işə cəlb edilməyini istəməsi tamamilə əsassızdır. Elektron məhkəmə kabinetinə baxan zaman görünür ki, Şahid5 YDDİB-nin sədri olaraq ASAN imza vasitəsi ilə 09 aprel 2024-cü il tarixində Məhkəməyə vəsatət təqdim edib. Əgər YDDİB-nin elektron məhkəmə kabineti aktivdirsə və Şahid5 Məhkəməyə elektron kabinet vasitəsi ilə vəsatət təqdim edə bilirsə o zaman hansı əsasla üçüncü şəxs qismində Məhkəməyə dəvət olunmaq üçün ərizə verir və ərizəsi təmin edilməsi sual doğurur. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin məhkəmə icraatında iştirakı aşağıdakı şərtlərə əməl edildikdə mümkündür: 1) qəbul oluna biləcək məhkəmə qətnaməsi üçüncü şəxslərin hüquq və vəzifələrinə təsir edə bilərsə; 2) üçüncü şəxslərin iştirakı iddiaçının və ya cavabdehin tərəfində həyata keçirilərsə; 3) üçüncü şəxslərin iştirakı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər başlanmışdırsa; 4) üçüncü şəxslər iştirak etməyə işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə cəlb olunurlarsa. Şahid5 üçüncü tərəf olaraq işə qoşulmaq üçün ərizəsinin Məhkəmə tərəfindən təmin edilməsi tamamilə qanunsuz və əsassızdır. Çünkü birincisi Şahid5 YDDİB-nin qanuni təmsilçisi olaraq işdə cavabdeh tərəfdir, ikincisi beş Məhkəmə prosesi olub və rəsmi dəvət edilməsinə baxmayaraq Şahid5 heç bir səbəb göstərmədən heç bir prosesdə iştirak etməyib, üçüncüsü Şahid5 YDDİB-nin elektron məhkəmə kabineti vasitəsi ilə ASAN imza ilə Məhkəməyə vəsatət təqdim edib və dördüncüsü də Mülki Prosessual Məcəllənin 55-ci və 57-ci maddəsinə əsasən məhkəmə qətnaməsi çıxdıqdan sonra üçüncü tərəf olaraq işə əlavə edilmək qanunsuzdur.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2(011)- 1430/2024 nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının AzərbaycanRespublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirili. Maddə 46. Tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Maddə 55.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər. Maddə 55.2. Onlar bu Məcəllənin 4.3 ‒ 4.6-cı maddələrində müəyyən edilmiş qaydalara əməl olunması vəzifəsi istisna olmaqla, iddiaçının bütün hüquqlarından istifadə edir və onun bütün vəzifələrini daşıyırlar. Maddə 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. İş materiallarından görünür ki, ərizəçi Şahid5 Cavabdeh sədri olmuş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 may 2024-cü il tarixli, 2(011)-1430/2024 nömrəli qətnaməsinə əsasən Cavabdeh 17 yanvar 2022-ci il tarixli Ümumi Yığıncağının protokolu qanunsuz hesab edilmişdir.
12. Həmçinin qeyd olunmalıdır ki, ərizəçi məhz həmin iclasın nəticəsinə əsasən birliyin sədri seçilmiş, sədr kimi fəaliyyət göstərmişdir.
13. AR MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. AR MPM-nin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci, 306-cı və 355-1.1-ci maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər.
14. Belə olan halda Şahid5 maraqlı şəxs qismində mülki iş üzrə icraata cəlb edilməsi və beləliklə də məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməsi hüququnun həyata keçirilməsinə şərait yaradılmasını ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuna uyğundur.
15. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
16. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(011)-1430/2024 nömrəli qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(011)-1430/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.