Məhkəmə qərarları › İş №2(103)-5920/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5920/2021

23.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5920/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, onların (və digər iddiaçının) nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-193/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçılar və onların nümayəndəsi və vəkili Vəkil1 tərəfindən birgə verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı, üçüncü şəxs X4 cəlb edilməklə çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışlar ki, cavabdehlər 1992, 1993-cü illərdə öz dədə-baba torpaqlarından məcburi köçkün düşmüş şəxslərdir. Cavabdeh Həsənov X6 rayonundan olmaqla 1992-ci ildən laçın rayonundan məcburi köçkün düşmüş, bir müddət məcburi köçkün kimi Ağcəbədi rayonunda məskunlaşmış, 1997-cı ildən Bakı şəhərinə köçmüş və həmin vaxtdanda 10-nəfər ailə üzvü ilə Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Şimal 1küçəsində yerləşən Təmir tikinti idarəsinin yarımçıq inzibati binasında məskunlaşmışdır. 1998-ci ildə Təmir tikinti idarəsinin həyətində idarənin müdriyyətinin razılığı ilə, ö/, vəsaiti hesabına 3-otaqlı ev tikmiş və evinin yerləşdiyi ərazidən müdiriyyət tərəfindən ona 4-sot torpaq sahəsi ayrilaraq ağac və bitki kollan əkməklə bağ sahəsi salmağına şərait yaratmışlar. İddiaçı1 Lənkəran oğlunun 10 nəfər ailə üzvü ilə yaşadığı ev bütün kommunal xidmətlərlə təmin olunmuş qaz, su, işıq, telefon xətləri çəkilmişdir. Ailə üzvlərinin sayı artdığından istifadəsində olan 4-sot torpaq sahəsində 2017-2018-ci illərdə ailə üzvlərinin yaşaması üçün başqa bir ev də tikdirmişdir. Məcburi köçkün kimi məskunlaşdıqları Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Şimal 1- küçəsində yerləşən Təmir tikinti idarəsinin yarımçıq inzibati binasında 1998-ci ildən müvəqqəti qeydiyyata alınmışlar. İddiaçı3 1993-ci ildə Füzuli rayonundan məcburi köçkün düşərək bir müddət Bakı şəhərində yataqxanada məskunlaşmışlar, 1998-ci ildən Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Şimal 1- küçəsində yerləşən Təmir tikinti idarəsinin inzibati binasında məskunlaşmışlar. 1999-ci ildə Təmir tikinti idarəsinin həyətində idarənin müdriyyətinin razılığı ilə, öz vəsaitləri hesabına 2-otaqlı ev tikmiş və evinin yerləşdiyi ərazidə, evinin qabağından müdiriyyət tərəfindən ona 1,5 sot torpaq sahəsi ayrilaraq ağac və bitki kolları əkməklə bağ sahəsi salmağına şərait yaratmışlar, İddiaçı3 ailə üzvləri ilə yaşadığı ev bütün kommunal xidmətlərlə təmin olunmuş qaz, su, işıq, telefon xəttləri çəkilmişdir. Məcburi köçkün kimi məskunlaşdıqları Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Şimal 1-küçəsində yerləşən Təmir tikinti idarəsinin yarımçıq inzibati binasında 1998-ci ildən müvəqqəti qeydiyyata alınmışlar. İddiaçı2 ailəsi ilə bir ildə 1993-ci ildə Ağdam rayonundan məcburi köçkün düşərək bir müddət Bakı şəhərində yataqxanada məskunlaşmışlar, 1998-ci ildən Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Şimal 1küçəsində yerləşən Təmir tikinti idarəsinin inzibati binasında məskunlaşmışlar. 1999-ci ildə Təmir tikinti idarəsinin həyətində idarənin müdriyyətinin razılığı ilə, öz vəsaitləri hesabına ev tikmiş və evinin yerləşdiyi ərazidə, müdüriyyət tərəfindən ona 3-sot torpaq sahəsi ayrilaraq ağac və bitki kolları əkməklə bağ sahəsi salmağına şərait yaratmışlar, İddiaçı2 8nəfər ailə üzvləri ilə yaşadığı ev bütün kommunal xidmətlərlə təmin olunmuş, qaz, su, işıq, telefon xətləri çəkilmişdir. Məcburi köçkün kimi məskunlaşdıqları Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Şimal İ-küçəsində yerləşən Təmir tikinti idarəsinin yarımçıq inzibati binasında 1998-ci ildən müvəqqəti qeydiyyata alınmışlar. Eləcə də Təmir tikinti idarəsinin inzibati binasında və idarənin həyətində öz vəsaitləri hesabına ev tikərək həmin evlərdə məskunlaşmaqla yaşayan digər cavabdehlər də 1999-cu ildən onlar kimi həmin ərazidə yaşayırlar və yaşadıqları evlər bütün kommunal xidmətlərlə təmin olunmuş, qaz, su, işıq, telefon xətləri çəkilmişdir. Onlar məcburi köçkün kimi Binəqədi rayonu Biləcəri qəsəbəsi, Şimal 1-küçəsində yerləşən Təmir tikinti idarəsinin inzibati binasında və idarənin həyətində öz vəsaiti hesabına ev tikərək yaşadığı vaxtda həmin idarədə bir neçə dəfə müdür dəyişmişdir, sonuncu müdür X9 2008-ci ildə Təmir tikinti idarəsini və idarənin yerləşdiyi 22198.7 kvm torpaq sahəsini hansısa yollarla özəlləşdirmişdir. Binəqədi rayonu Biləcəri qəsəbəsi, Şimal 1-küçəsində yerləşən Təmir tikinti idarəsinin özəlləşdirilməsi qanunsuz aparılmış, həmin vaxtı nə Əmlak Komitəsindən, nə də Torpaq və Xəritəçəkmə komitəsindən nümayəndələr əraziyə gəlməmiş, əraziyə baxış keçirilməmişdir, nəticədə Binəqədi rayonu Biləcəri qəsəbəsi, Şimal 1-küçəsində yerləşən Təmir tikinti idarəsinin inzibati binasında və idarənin həyətində öz vəsaitləri hesabına ev tikərək həmin evlərdə məskunlaşmaqla yaşayan iddiaçılar cavabdehlərin yaşayış yerləri, evləri və evlərinin yerləşdiyi torpaq sahələridə yüklü olmasına baxmayaraq qanunsuz olaraq özəlləşdirilmişdir. Binəqədi rayonu Biləcəri qəsəbəsi, Şimal 1-küçəsində yerləşən Təmir tikinti idarəsinin inzibati binası və idarənin yerləşdiyi 22198.7 kvm torpaq sahəsi cəmi 65.580-manata özəlləşdirmişdir. İddiaçılar məcburi köçkünlər Binəqədi rayonu Biləcəri qəsəbəsi, Şimal 1-küçəsində yerləşən Təmir tikinti idarəsində 1997-1998-ci illərdə Dövlət Qaçqın Komitəsinin xətti ilə məskunlaşmışlar və həmin vaxtlar məskunlaşdıqları idarə və idarənin yerləşdiyi ərazi Dövlət mülkiyyətində olmaqla dövlətə məxsus olmuşdur. Onların həmin fəaliyyətini dayandırmış idarənin inzibati binasında və sonradan idarənin həyətində fərdi yaşayış evləri tikərək məskunlaşmaqlarına nə idarənin rəhbərliyi tərəfindən, nə də digər dövlət orqanları tərəfindən heç bir etiraz bildirilməmişdir. Tam əksinə onların məskunlaşmağına və eləcə də idarənin həyətində fərdi yaşayış evləri tikərək köçüb yaşamağına və evləri tikdiyi ərazidə ağac əkərək bağ salmağa, evlərə qaz, su, işıq, telefon xətləri çəkilməsinə köməklik göstərmişlər. Sonuncu müdir X9 2008-ci ildə Təmir tikinti idarəsini və idarənin yerləşdiyi 22198.7 kvm torpaq sahəsini hansısa yollarla özəlləşdirdikdən sonra idarənin ərazisini bölərək müxtəlif şəxslərə satmış, həmin şəxslər də ərazidə 50-yə yaxın iki mərtəbəli fərdi yaşayış evləri tikərək digər vətəndaşlara satmışlar və həmin evlərin hamısında yaşayış vardır. Təmir tikinti idarəsinin inzibati binasından başqa ərazisi qalmayıb, bütün torpaq sahələrində evlər tikilərək satılıbdır. Əvvəllər iddiaçılarla heç kimin işi olmasa da artıq ərazidə satmağa boş yerlər qalmadığından indi də onları yaşadıqları yerlərdən, öz vəsaitləri hesabına tikdirdikləri evlərdən çıxardaraq evləri satmaq istəyirlər. Cəmi 65.580-manata özəlləşdirilmiş idarənin yerləşdiyi 22198.7 kvm torpaq sahəsinin hər sotunu 8-10 min manata sataraq 1,5-milyon manatdan çox xeyir götürmüşlər ki, buda onların iştahını bir az da artırıb. İddiaçılar məcburi köçkünlərin 1997-1998-ci illərdən məskunlaşaraq yaşadıqları Binəqədi rayonu Biləcəri qəsəbəsi, Şimal İ-küçəsində yerləşən Təmir tikinti idarəsinin həyətində öz vəsaiti hesabına tikdiyi evlərdən başqa hər hansı yaşayış sahəsi, məskunlaşmağa evləri yoxdur, həmin evlərin tikilməsinə , təmirinə, ağacların əkilməsi, bağ sahəsinin salınmasına, yaşayış şəraitinin yaradılmasına hər biri hissə-hissə olmaqla 50.000-manatdan çox pul xərcləmişlər, neçə illərdir ki, işləyərək qazandıqlarını yeməyə, geyməyə deyil, həmin evlərin tikilməsinə vermişlər. Hazırkı işdə üçüncü şəxs kimi qeyd olunan X1 rayon məhkəməsində iddia qaldıraraq göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən sahəsi 1378.3 kvm olan tikili və onun altındakı, 0.4215 ha torpaq sahəsi onun mülkiyyətindədir, bu barədə ona 29 mart 2019-cu ildə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX-nömrəli ******* saylı çıxarış verilmişdir. Binəqədi Rayon Məhkəməsində hakim məcburi köçkünlərin neçənci ildən həmin ərazidə məskunlaşmaqlarını, orada məskunlaşarkən Təmir tikinti idarəsinin dövlətə məxsus olmasını, yaşadıqları evlərin 1998-cu ildən öz vəsaitləri hesabına tikilməsini, bu evləri tikərkən idarənin rəhbərliyi və eləcə də digər inzibati orqanlar tərəfindən heç bir etiraz edilmədiyini, onlar məcburi köçkünlərin 1997-1998-ci illərdən məskunlaşaraq yaşadıqları evlərin yerləşdiyi , yüklü olan torpaq sahələrinin qanunsuz olaraq özəlləşdirilməsini araşdırmamış, onların yaşadıqları evlərə mülkiyyət hüquqları olmasa da, əmlak hüquqlarının olmasını nəzərə almamış, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Şimal 1küçəsində yerləşən Təmir tikinti idarəsinin inzibati binası və idarənin yerləşdiyi 22198.7 kvm torpaq sahəsinin hansı qaydada özəlləşdirilməsi barədə sənədlərin Əmlak Komitəsindən alınmasından belə imtina etmişdir. Binəqədi rayon Məhkəməsinin 25. 09. 2019-cu il tarixli, 2 (001 )-5712/2019 saylı qətnaməsi ilə iddiaçı X2 iddia tələbi təmin olunmuş və iddiaçıların Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Şimal 1-küçəsi, 25C- saylı əmlakdan, əslində isə 20-ildən çoxdur ki, yaşadıqları evdən, yaşayış sahəsindən, əmlakdan çıxarılmaqları qət edilmişdir. Həmin qətnamədən Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Şimal 1-küçəsi, 25C- ünvanında, 2.21987 ha torpaq sahəsində yerləşən 1378.3 kvm ümumi. 578.4 kvm əsas, 799.9 kvm köməkçi sahədən ibarət əmlak kompleksinin qanunsuz olaraq şəxsi mülkiyyətə verilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə X8 Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi İdarəsi tərəfindən aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş 10.06.2008-ci il tarixli, seriya Mİİ, 0137509-saylı Çıxarışın qismən ( iddiaçılara aid olan hissədə) ləğv edilməsi barədə qətnama qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-193/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Qətnamədən iddiaçılar və onların nümayəndəsi və vəkili Vəkil1 birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 və onların (və digər iddiaçının) nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İş üzrə digər tərəflər hər hansı üzürlü səbəb olmadan məhkəmə iclasında iştirak etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-193/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsi iş üzrə icraata xitam verilməklə ləğv edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianın məhkəmə aidiyyətini araşdırmamışdır. İddia ərizəsindən göründüyü kimi, özəlləşdirmə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən aparılmış və özəlləşdirmənin aparılmasında iddia olunan qanun pozuntusu həmin orqanın fəaliyyəti ilə əlaqədardır. Əlavə olaraq qeyd olunmalıdır ki, iddiada yeganə cavabdeh qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi göstərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 06 oktyabr 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, ... mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2012-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, publik hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. ... Hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında isə göstərilmişdir ki, Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi darələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Sözügedən qərarlardakı hüquqi mövqelərə görə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların mübahisələndirilməsinə dair işlərə o halda mülki məhkəmə icraatı qaydasında baxıla bilər ki, reyestrdə aparılmış qeydiyyat və bununla bağlı verilmiş çıxarış hər hansı mülki hüquqi əqdin (məsələn, alqı-satqı müqaviləsi, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmış olsun. Hazırkı iddia tələbi əmlak kompleksinin tam mülkiyyət hüququ üzrə X5 mülkiyyətinə keçməsi ilə əlaqədar sonuncunun adına verilmiş çıxarışın ləğv edilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi iddiaya baxarkən mübahisəli əmlak kompleksinin özəlləşdirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət edildiyindən, çıxarışın ləğv edilməsi üçün hər hansı hüquqi əsasın olmamasına əsaslanmışdır. Bununla belə, birinci instansiya məhkəməsi nəticə olaraq iddianın məhkəmə aidiyyəti araşdırılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə almamış, mübahisənin ümumi, yaxud inzibati məhkəməyə aid olmasını müzakirə etməmişdir. Kollegiya qeyd edir ki, qanunverici mübahisənin ümumi məhkəməyə və ya inzibati məhkəməyə aid olmasını müəyyən edərkən işdə iştirak edən şəxslərin subyektiv tərkibinin, mübahisənin predmetinin və ya hüquq münasibətlərinin xarakterinin nəzərə alınmasını tələb edir. Fiziki şəxs olan iddiaçının tələbindən müəyyən olunur ki, o, çıxarışın ləğv edilməsini tələb edir. Bu isə o deməkdir ki, iddia tələbi cavabdeh kimi mübahisəli mənzilə dair çıxarışı verən orqan kimi DƏDRX-yə yönəldiyindən və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti inzibati orqan olduğundan mübahisəyə ümumi məhkəmədə deyil, inzibati məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən bu halda iş üzrə icraata xitam verilməlidir. Həmin maddəyə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-193/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsi iş üzrə icraata xitam verilməklə ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2, 384.0.4, 385.1.1, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçılar və onların nümayəndəsi və vəkili Vəkil1 tərəfindən birgə verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-193/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsi iş üzrə icraata xitam verilməklə ləğv edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar