Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5926/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh və onun vəkili X4 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2479/2021 saylı, 07 aprel 2021ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12.080 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2479/2021 saylı, 07 aprel 2021ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 11.610 (on bir min altı yüz on) manat məbləğində pul vəsaitinin və iddiaçı tərəfindən ödənilmiş 29 (iyirmi doqquz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. İddiaçı qətnamə ilə razılaşmış və onu mübahisələndirməmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və rayon məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul edildiyini, işin həqiqi hallarının və tərəflərin qarşılıqlı münasibətlərinin hərtərəfli araşdırılmadığını, məhkəməyə təqdim edilmiş sübutların düzgün qiymətləndirilmədiyini qeyd etmiş, bu səbəbdən, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə Kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək, gəlir əldə etmək üçün 2011-ci ildən avtomobillərin alqı-satqısı ilə məşğul olduğunu, əksər hallarda hissə-hissə ödəmə ilə maşın satdıqda ilkin ödəniş aldığını, lakin hazırkı halda ilkin ödəniş almadığını, iddiaçı ilə aralarında lizinq münasibətləri olduğunu qeyd etdi, ona görə də hesab edir ki, lizinq qaydalarına əsasən iddiaçının ödədiyi pul və cari təmir üçün çəkdiyi xərclər geri qaytarıla bilməz, iddiaçı ödəmə edə bilmədiyindən o, avtomobili geri almış, sonra isə həmin maşını başqa bir şəxsə 8500 manata satmışdır, onun hərəkətləri lizinq münasibətlərinə uyğun olmuşdur, bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında cavabdehin vəkili L.Mənsurova apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, rayon məhkəməsinin tərəflər arasındakı münasibətləri düzgün qiymətləndirə bilməmiş, faktiki lizinq münasibətlərinə nisyə alğısatqı kimi qiymət vermiş və bu səbəbdən də səhv nəticəyə gəlmişdir, ona görə də şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq göstərdi ki, özünə maşın almaq istəmiş, saytda verilmiş elana əsasən həmin maşına baxmış, cavabdehlə görüşərək razılıq əldə etmiş, cavabdehə 5600 manat ilkin ödəniş etməklə qalan məbləği 24 ay müddətinə hər ay 420 manat ödəməyə dair razılığa gəlmişlər, eyni zamanda avtomobilin dəyəri tam ödənilənədək cavadeh ona avtomobili idarə etməyə dair etibarnamə vermiş, o 5600 manat ilkin ödəniş etdikdən sonra cavabdeh avtomobili ona təhvil vermiş, bir ay-ay yarımdan sonra maşında ciddi problemlər yaranmış, bu barədə cavabdehə bildirmiş, cavabdehsə ona maşını öz hesabına təmir etdirməsini, sonda bunu nəzərə alacağını demiş, maşının mühərrik və sürətlər qutusunu öz hesabına tam təmir etdirmiş, təmirə 2700 manat xərci çıxmış, maşın onda olduğu bütün müddət ərzində aylıq ödənişləri də vaxtı-vaxtında ödəmiş, sonradan o həbs olunmuş, bundan istifadə edən cavabdeh gəlib maşını aparmış, (onun bir cox sənədləri, maşının sənədləri, o cümlədən də maşının təmirinə görə ödəmə sənədləri maşında olmuş, həmin sənədləri də cavabdeh götürmüşdür) və qanunsuz olaraq ona satdığı maşını başqa bir şəxsə satmışdır və onun hesabına əsassız varlanmışdır, ona görə də şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili Vəkil apellyasiya şikayəti ilə razılaşmayaraq göstərdi ki, iddiaçı ilə cavabdehin arasında avtomobilin hissə-hissə ödəməklə nisyə alğı-satqısına dair razılaşma olmuş, iddiaçı 5600 manat ilkin ödəniş etmiş, təmir üçün 2700 manat xərcləmiş, həmçinin də razılaşdırılmış qaydada hər ay aylıq ödənişlər etmiş, lakin sonradan iddiaçı həbs olunmuş, cavabdeh iddiaçının həbs olunmasından istifadə edərək ona satdığı avtomobili sonradan başqa səxsə satmaqla iddiaçının hesabına əsassız varlanmışdır, qanuna görə də o, əsassız əldə etdiklərini qaytarmağa borcludur, iddiaçını tələb etdiyi məbləğ həcmində cavabdehi varlandığı işdə olan sübutlarla tam təsdiq olunur, tərəflər arasında guya lizinq münasibətlərinin olması barədə apellyasiya şikayətinin dəlili ilə cavabdeh tərəf iddiaçıdan aldıqlarını qaytarmağa borclu olmaması fikrini yaratmaq istəyir, şikayətin digər dəlili kimi bu dəlili də tam uydurma və əsassızdır, ona görə də şikayətin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: AD seriyalı 14965 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-EN-*** dövlət qeydiyyat nişanlı, “BMW 525” minik markalı avtomobilin sahibi Cavabdehdur, şəhadətnamə 17 fevral 2018-ci il tarixdə verilmiş və qeydiyyat üçün əsas alğı-satqı müqaviləsi olmuşdur; 17 fevral 2018-ci il tarixli “Nəqliyyat vasitələrindən istifadə edilməsi” haqqında etibarnamədən görünür ki, Cavabdeh **-EN-*** dövlət qeydiyyat nişanlı, “BMW 525” minik markalı avtomobilin idarə edilməsini İddiaçı etibar etmişdir. Etibarnamə 11 ay 13 gün müddətinə verilmiş və 30 yanvar 2019-cu il tarixədək qüvvədədir; Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin 12 noyabr 2018-ci il tarixli şahidi dindirmə protokolundan görünür ki, Cavabdeh ifadəsində bildirmişdir ki, o, İddiaçı tanıyır. Onunla normal münasibətləri vardır. Onunla hazırda xatırlamadığı ümumi bir tanışları vasitəsi ilə tanış olmuşdur. Qeyd elədiyi kimi o, avtomobil alğı-satqısı ilə məşğul olur. Buna görə də, İkram 2018-ci ilin fevral ayında ona müraciət edərək, özü üçün münasib qiymətə yaxşı vəziyyətdə olan bir avtomobil istəmişdir. O, isə ona buraxılış ili 2001 olan, tünd göy metallik rəngli, “BMW 525" markalı, **-EN-*** qeydiyyat nişanlı avtomobili təklif etmiş, o isə avtomobilə baxdıqdan sonra bəyənmiş və ödənişini hissə-hissə etməklə avtomobili ondan almaq istəmişdir. O, isə hissə-hissə ödəniş etməsi üçün ona qrafik hazırlamış və iki il hər ay 420 manat ödəyərək, həmin avtomobili ala biləcəyini ona bildirmişdir. Həmçinin o, İkrama bildirmişdir ki, ödənişi vaxtıvaxtında etməsə, avtomobili ondan geri alacaqdır. Bunun üçün isə avtomobili ona alğısatqı müqaviləsi ilə deyil, idarə etmə səlahiyyətləri verən etibarnamə ilə vermişdir. Əgər ödəniş etməsə idi, etibarnaməni ləğv etdirəcəkdi. Qeyd edir ki, İkram ödənişləri vaxtıvaxtında edirdi. Lakin, bildiyinə görə, iddiaçı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunmuş və o, iddiaçının avtomobilə görə ödəniş edə bilməyəcəyini düşünərək, avtomobilin ona təhvil verilməsini xahiş etmişdir. İddiaçı “reallıq.info” saytının rəhbəri olmasını bilsə də, onun iş fəaliyyəti barədə ümumiyyətlə məlumatsızdır; Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin 12 noyabr 2018-ci il tarixli avtomobilin təhvil verilməsi barədə aktın surətindən görünür ki, 12 noyabr 2018-ci il tarixdə saat 13:35-dən 14:00-dək “BMW 525" markalı, **-EN-*** qeydiyyat nişanlı avtomobil və qeydiyyat şəhadətnaməsi mülkiyyətçi Cavabdeh verilmişdir. Avtomobil Cavabdeh tərəfindən saz vəziyyətdə alınmışdır; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 7(005)-485/2020 saylı, 23 dekabr 2020-ci il tarixli qərarından görünür ki, məhkum İddiaçı və onun müdafiəçisi Vəkil ərizələrinin təmin olunması, xx xxxxxxxx 1978-ci ildə Masallı rayonu Rüdəkənar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Masallı rayonu, Rüdəkənar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-462/2019 nömrəli, 12 iyun 2019cu il tarixli hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1062/2019 nömrəli, 18 sentyabr 2019-cu il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzasının müddəti 3 ilə endirilmiş və cəzası 26 oktyabr 2021-ci il tarixdə başa çatan məhkum İddiaçı azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 10 ay 3 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi qərara alınmışdır.; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X20 İdarəsinin özgəninkiləşdirilən nəqliyyat vasitələri barədə məlumatların kompüter çıxarışından görünür ki, **-EN-*** qeydiyyat nişanlı, “BMW 525” minik markalı avtomobil 17 fevral 2018-ci il tarixdə alğı-satqı müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyata alınmış, həmin tarixdə də İddiaçı nəqliyyat vasitəsinin idarə edilməsi üçün etibarnamə verilmişdir. 05 yanvar 2019-cu il tarixdə X6, 06 yanvar 2019-cu il tarixdə X5, 23 avqust 2019-cu il tarixdə X3, 16 noyabr 2019-cu il tarixdə isə X7 həmin avtomobil üçün etibarnamələr verilmişdir. Avtomobil 20 dekabr 2019-cu il tarixdə alğı-satqı müqaviləsinə əsasən qeydiyyatdan çıxmışdır; "xxxx" Kiçik Müəssisəsi tərəfindən verilmiş 03 aprel 2021-ci il tarixli arayışdan görünür ki, **-EN-*** qeydiyyat nişanlı, buraxılış ili 2001, “BMW 525” minik markalı avtomobil ünvan 2 ünvanında yerləşən "xxxx" Kiçik Müəssisəsinin avtomobillərə texniki xidmət sexində təmirə dayanmışdır. Maşının mühərrikinin yığılması və sürətlər qutusunnun dəyişdirilməsi nəzərdə tutulmuşdur. Maşına lazım olan ehtiyat hissələri servisin işçiləri tərəfindən müəyyən edilmiş və bazar qiymətinə uyğun olaraq bazardan alınmışdır. Avtomobilin təmirinə və ehtiyat hissələrinin alınmasına çəkilən xərclər aşağıdakı kimi qiymətləndirilmişdir: mühərrikin yığılması və ehtiyat hissələri – 1.600 manat, sürətlər qutusunun alınması və yağın filterinin dəyişdirilməsi – 1.100 manat., cəmi - 2.700 manat; 30 aprel 2018-ci il tarixli, 01 may 2018-ci il tarixli, 14 may 2018-ci il tarixli və 31 may 2018-ci il tarixli kassa qəbzlərindən görünür ki, "xxxx" Kiçik Müəssisəsinin hesabına 250 manat,150 manat,150 manat və 200 manat olmaqla, cəmi 750 manat məbləğində pul ödənilmişdir; Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, ....iddiaçı cavabdehə 5.300 manat məbləğində ilkin ödəniş verdi. Həmin məbləğdə pulun verilməsi ilə bağlı iltizam yazıldı və o da həmin iltizama imza çəkmişdir. Qalan məbləği isə 24 aya bölünərək, hər ay 420 manat məbləğində ödəniş edilməli idi... Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, ... iddiaçı “turbo.az” saytda “BMW 525” minik markalı avtomobili bəyənərək satıcı ilə əlaqə saxlamış və Əhmədli metrosunun yaxınlığına gedərək avtomobilə baxış keçirmişlər. İddiaçı avtomobili bəyənmiş və avtomobilin behi üçün təxminən 300 manat məbləğində pulu Nizamiyə vermişdir. İddiaçı həmin avtomobili kreditlə almaq niyyətində idi. Ona görə də Nizami Sadiq adlı şəxsə zəng vuraraq bildirdi ki, avtomobili bəyənən var. Bundan sonra onlar, Masazıra Sadiqlə görüşməyə getmişlər. Nizami demişdir ki, avtomobili Sadiqin adına rəsmiləşdirilsin, ödənişlər də ona ödənilsin. Arada razılıq oldu, kafedə ikinci mərtəbədə iddiaçı cavabdehə 5.300 manat məbləğində ilkin ödəniş verdi. Həmin məbləğdə pulun verilməsi ilə bağlı iltizam yazıldı və o da həmin iltizama imza çəkmişdir. Qalan məbləği isə 24 aya bölünərək, hər ay 420 manat məbləğində ödəniş edilməli idi.. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, ...həmin avtomobil üçün iddiaçı 5.600 manat məbləğində ilkin ödəniş etmişdir. Avtomobilin nağd qiyməti təxminən 10.000 manat idi, kreditlə isə ilkin ödəniş qiyməti saytda 6.000 manat yazılmışdı... Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, o, cavabdehin xalası oğludur. İddiaçı avtomobil üçün iki dəfə Masazırda yerləşən Qurtuluş kafesində 420 manat məbləğində ödəniş etmişdir. O, avtomobilin alqısatqısında iştirak etməmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iddia ərizəsinin məzmunundan, eləcə də məhkəmə iclaslarında iddiaçı tərəfin verdiyi izahatlar və işin faktiki hallarından müəyyən olunur ki, iddiaçının hazırkı tələbinin qanuni əsasını MM-nin birlikdə götürülmüş 1091 və 1092-ci maddələri təşkil edir. MM-nin 1092-ci maddəsi əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini nəzərdə tutur. Qanunun tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.). Qanunda əsassız varlanmanın anlayışı verilmişdir, belə ki, qanuna görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olan) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) idda tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: -birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; -ikincisi, iddiaçı əmlakdan məhrum olur; -üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. Kollegiya qeyd edir ki, iddiaçı hazırkı tələbi ilə bağlı aşağıdakı sübutlara istinad edir: -avtomobil üçün 5600 manat ilkin ödəniş etməsi, 2018-ci ilin oktyabr ayına kimi hər ay 420 manat ödəniş etməsi və 2700 manat təmir xərci çəkməsi barədə öz izahatını; -avtomobil üçün ilkin ödənişin edilməsini təsdiq edən şahid ifadələrini; -hazırkı iş üzrə Cavabdeh 12.11.2018-ci il tarixdə DTX İstintaq Baş İdarəsində şahid qismində verdiyi izahatı; - "xxxx" Kiçik Müəssisəsi tərəfindən verilmiş mühərrikin yığılması və ehtiyat hissələri – 1.600 manat, surətlər qutusunun alınması və yağın filterinin dəyişdirilməsi – 1.100 manat olmaqla cəmi 2.700 manat verməsi barədə 03 aprel 2021-ci il tarixli arayışı; - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin 12 noyabr 2018-ci il tarixli avtomobilin təhvil verilməsi barədə aktı; Hazırda cavabdeh apellyasiya şikayətində həmin avtomobilə dair iddiaçıyla lizinq müqaviləsi bağladıqlarını, iddiaçının həmin avtomobil üçün aylıq 420 manat olmaqla 24 ay ödəniş etməyi öhdəsinə götürdüyünü, lakin sonradan öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırdığını, bu səbəbdən də lizinq müqaviləsinin şərtlərinə uyğun olaraq avtomobili ondan geri aldığını, rayon məhkəməsinin tərəflər arasında lizinq münasibətlərinin olması halına düzgün qiymət verə bilmədiyini göstərərək qətnamənin ləğv edilməsini və iddia tələblərinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin həmin dəlilini əsassız hesab edir və bununla bağlı aşağıdakıları qeyd edir. Cavabdeh 12.11.2018-ci il tarixdə DTX İstintaq Baş İdarəsində şahid qismində verdiyi izahatında avtomobil alqı-satqısı ilə məşğul oluğunu, həmin avtomobili də iddiaçıya aylıq 420 manat olmaqla 24 ay müddətində ödəmək şərtilə etibarnamə ilə verdiyini qeyd etmişdir. Eyni zamanda, həmin tarixə kimi iddiaçının ödənişi vaxtlı-vaxtında etdiyini, ödənişi etməsəydi etibarnaməni ləğv edəcəyini bildirmişdir. Avtomobilin iddiaçıya verilən zaman ilikin ödənişin alınmaması barədə dəlilinə münasibətdə isə Kollegiya rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin özü məhkəmə iclasında izahatında bildirmişdir ki, o, gəlir əldə etmək üçün 2011-ci ildən avtomobillərin alqı-satqısı ilə məşğul olur. Apellyasiya icraatı zamanı da cavabdeh bu mövqeyini təsdiqləyərək, əksər hallarda hissə -hissə ödəmə ilə maşın satdıqda ilkin ödəniş aldığını, lakin hazırkı halda ilkin ödəniş almadığını bildirmişdir. Bununla belə, hazırkı halda İddiaçı ilkin ödəniş almamasını ağlabatan şəkildə izah edə bilməmişdir. Hamıya bəlli olan haldır ki, ölkənin avtomobil bazarında ilkin ödəniş etmədən avtomobilin hissə- hissə ödəməklə alınması real deyil. Xüsusən də avtomobilin dəyərini 24 ay, yəni uzun müddətə hissə-hissə ödəmək şərti ilə satıldığı hazırkı halda bu inandırıcı deyil. Bundan başqa, cavabdehin məqsədinin gəlir əldə etmək olduğu nəzərə alınaraq, onun tərəfindən həmin avtomobilə görə ilkin ödəniş almadan əvvəllər tanımadığı iddiaçıya təxminən bir illik müddətə avtomobilə dair etibarnamə verməsi də ağılabatan deyil. İddiaçını rayon məhkəməsinə təqdim etdiyi şahidlər X8, X11, X1 ifadələri ilə də ilkin ödəniş olaraq iddiaçı tərəfindən cavadehə 5600 manat ödənildiyi təsdiq olunmuşdur. Cavabdehin apellyasiya şikayətinin digər dəlili, yəni avtomobili iddiaçıya lizinqə verməsi və hazırkı mübahisəyə də MM-nin lizinq münasibətlərini tənzimləyəm normalarının tətbiq olunması ilə bağlı Kollegiya qeyd edir ki, şikayətin bu dəlil aşıq-aşkar əsassızdır, heç bir sübuta söykənmir və bu dəlili irəli sürməkdə məqsəd iddiaçı tərəfindən avtomobilə görə ödənilmiş vəsaitin qaytarılmalı olmaması təəssüratı yaratmaqdır. Bununla da, müəyyən edilir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri aşkar əsassız olduğundan şikayət təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, rayon məhkəməsi iddia tələbini təmin edərkən (5600+2700+3360=11660) riyazi heablamada səhvə yol vermiş, cavabdehdən iddiaçının xeyrinə 11660 manat tutulmalı olsa da, 50 manat əskik, yəni 11610 manat tutulması qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, iddiaçı qətnaməni mübahisləndirmədiyindən və mülki prosesin dispozitivlik prinsipi baxımından, həm də cavadehin şikayəti əsasında bu məsələyə münasibət bildirilməsi düzgün olmazdı. Beləliklə, kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək haqlı olaraq düzgün qənaətə gəlmiş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2479/2021 saylı, 07 aprel 2021ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5926/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5926/2021
08.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver