Məhkəmə qərarları › İş №2(103)-5937/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5937/2024

04.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5937/2024 04.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Cavabdeh2 və onun nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakın bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, e- 2(003)-3009/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Cavabdeh1 İddiaçı 40000 manat borc pul almış, lakin öhdəliyini icra etməmişdir. Sonradan iddiaçı məhkəməyə müraciət etmiş və məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə həmin məbləğdə pulun cavabdehdən tutulması qət edilmişdir. Lakin cavabdeh yenə də icra vərəqəsini tam icra etməyərək borcunu tam olaraq qaytarmamışdır. Cavabdehlər arasında rəsmi nikah xx.xx.2002-ci il tarixdə bağlanmış, mübahisəli daşınmaz əmlak isə onların birgə nikahları dövründə alınmışdır. Hazırda İddiaçı iddia ərizəsi ilə müraciət edərək birgə borclular olan ər-arvad arasında onların birgə nikah dövründə əldə etdikləri əmlakın aralarında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 adına xx.xx.2013-cü il tarixində qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli çıxarış verilmiş Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 240,20 kv.metr fərdi yaşayış evinin və 0.06 ha torpaq sahəsinin 1/2 hissəsinə Cavabdeh1, 1/2 hissəsinə Cavabdeh2 payının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ona borcu olduğundan və ödəmədiyindən pul tələbi ilə aidiyyəti qaydada Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2(003)-456/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiası təmin edilərək Cavabdeh1 40000 manat və ödənilmiş dövlət rüsumuna görə 210 manat pul vəsaitinin tutularaq ona ödənilməsi qət edilmişdir. Sözügedən qətnamə qüvvəyə minməsi səbəbindən 04 may 2023-cü il tarixində icra vərəqəsi verilmiş və iş icra olunması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsi tərəfindən qəbul edilərək icra məmuru Mübariz Abbasov tərəfindən icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul edilmiş, könüllü icra barədə eyni tarixli bildiriş borclu tərəfindən xx.xx.2023-cü il tarixində öz imza qeydi ilə qəbul edilmişdir. Bildirişin təqdim edildiyi tarixdə borclu Cavabdeh1 izahat alınmış və o, izahatında icra işindən, yəni məhkəmə qətnaməsindən xəbərdar olmasını, imkanı olmadığı üçün tam ödəyə bilmədiyini, hissə-hissə ödəcəyinə dair söz verdiyini qeyd etmişdir. O cümlədən, xx.xx.2023-cü il tarixli izahatında da 2500 manatdan az olmayaraq ödəniş edəcəyini, əks halda inzibati və cinayət məsuliyyətinə cəlb ediləcəyini qəbul etdiyini bildirmişdir. Lakin, söz verdiyinin əksinə olaraq ödənişləri etməkdən yayındığı üçün borclunun məcburi gətirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul edilmiş və məcburi gətirmədən sonra alınmış xx.xx.2023-cü il tarixli izahatında izahat yazılan günə 4000 manat və qalan borcunu isə 2500 manatdan az olmayaraq ödəyəcəyini qeyd etsə də, vədlərinə əməl etməmişdir. İzahatlarında gah imkanının olmadığını, gah da xəstə olduğunu bəhanə gətirmiş, o cümlədən barəsində hansısa tədbir görülməməsi üçün isə hər dəfə izahatında borcunu qısa müddətə ödəcəyini öhdəsinə götürmüşdür. İzahatlarında ona məxsus hansısa daşınmaz əşya və pul olmadığını qeyd etsə də, əldə olunmuş məlumata əsasən birgə nikah dövründə yoldaşının adına rəsmiləşdirilmiş daşınmaz əmlak və torpaq sahəsi mövcuddur. Bu da onu göstərir ki, borclu öhdəliyini imkanı olduğu halda qərəzli şəkildə icra etmir və icranı da əmlakının olmaması ilə aldadır. Belə ki, cavabdeh tərəflər xx.xx.2002-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və yuxarıda qeyd edilən Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 240.20 kv.metr fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2013-cü il tarixində Cavabdeh2 adına qeydiyyata alınmışdır. Odur ki, ona olan borcun ödənilməsi, məhkəmə aktının tam icra olunması üçün Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 arvadı Cavabdeh2 adına xx.xx.2013-cü il tarixində qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli çıxarış verilmiş 240.20 kv.metr fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi üzərində Cavabdeh1 1/2 nisbətində pay hüququ müəyyənləşdirilməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, e-2(003)- 3009/2023 nömrəli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsi, xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh2 adına olan, ünvan 1ində yerləşən, sahəsi 240,20 kv.metr olan fərdi yaşayış evinin və üzərində yerləşdiyi, sahəsi 0,06 ha torpaq sahəsinin 1/2 hissəsinə Cavabdeh1, 1/2 hissəsinə Cavabdeh2 payının müəyyən edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia əsaslı olduğundan cavabdehlərin qeyd edilən əmlak üzərində payları müəyyən edilməlidir. Belə ki, tərəflər xx.xx.2002-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Göstərilən ünvan 1i ünvanında yerləşən torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2013cü il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Mübahisəli əmlak cavabdehlərin birgə nikahda olduqları müddətdə əldə edilmişdir. Həmçinin, iddiaçı, Cavabdeh1 kreditoru olmaqla onun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb etmək hüququna sahib şəxsdir. Məhkəmə hesab etmişdir ki, xx.xx.2013cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh2 adına olan, ünvan 1ində yerləşən, sahəsi 240,20 kv.metr olan fərdi yaşayış evinin və üzərində yerləşdiyi, sahəsi 0,06 ha torpaq sahəsinin 1/2 hissəsinə Cavabdeh1, ½ hissəsinə Cavabdeh2 payı müəyyən edilməlidir. Qətnamədən narazı qalan Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki işin baxılmasından onun heç bir məlumatı olmamışdır. Mobil telefonuna gələn məlumatda İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etməsi və onun məhkəmədə iştirak etməyi barədə müxtəlif vaxtlarda məlumat gəlmişdir. Lakin həmin məlumatlarda onun hansı tələblə məhkəməyə müraciət etməsi qeyd olunmadığına və həmin vaxt xəstəliyinin kaskinləşdiyi bir vaxt olduğuna görə məhkəmədə onun hansı tələblə bağlı müraciət etməsi ilə maraqlanmamış və iştirak edə bilməmişdir. Özü Bakı şəhəri, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda uzaq bir qohumunun evində pasport qeydiyyatında olsa da heç vaxt orada yaşamamışdır. Hazırda Bakı şəhərində müxtəlif yerlərdə kirayəçi kimi yaşayır. Həyat yoldaşı və övladları ünvan 1ində yaşayırlar. Eləcə də həyat yoldaşının valideynləri də onlarla bir yerdə yaşayırlar. İddiaçı ona qarşı borc tələbi məhkəmə tərəfindən təmin edilmişdir. Müxtəlif vaxtlarda icra məmurları bununla bağlı onu məlumatlandırsalar da, evin bölünməsi və evin üzərinə həbs qoyulması barədə baxılan mülki işlər üzrə Xəzər Rayon Məhkəməsi tərəfindən lazımi qaydada məlumatlandırılmamışdır. İcra məmuru tərəfindən evin qiymətləndirilməsi üçün Lənkəran rayonu, Sütəmorduv kəndində yerləşən evlərinə mütəxəssis ekspert göndərilməsindən sonra həyat yoldaşının deməsindən sonra ona məlum olmuşdur ki, məhkəmə həmin evin üzərinə həbs qoymuşdur. Evin üzərinə həbs qoyulmasından sonra etdikləri şikayətə əsasən Xəzər rayon məhkəməsi tərəfindən qəbul edilmiş qərar ləğv edilmişdir. Lakin həmin qərardan İddiaçı Apellyasiya Məhkəməsinə etdiyi şikayət barədə də nə Xəzər rayon məhkəməsi tərəfindən, nə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən məlumatlandırılmamışdır. Məhkəmələr tərəfindən işə nə vaxt baxılmasından, nə vaxt qətnamə çıxarılmasından məlumatı olmamışdır. Evin bölünməsi barədə 14 noyabr 2023-cü il tarixdə çıxarılmış qətnamənin surəti ona və həyat yoldaşına verilməmişdir. Hətta icra məmurları da borcla bağlı məhkəmə qətnaməsinin icrasını ondan tələb etsələr də, onlar da evin bölünməsi barədə qətnamənin olduğunu bildirməmişlər. Bundan başqa, məhkəmə evin bölünməsi barədə qətnamə çıxararkən bölgünü düzgün aparmamışdır. Etiraf edir ki, torpaq sahəsi və ev həyat yoldaşı ilə birgə nikah dövründə tikilməsinə baxmayaraq həm torpağa və həm də evin tikilməsinə çəkilən xərclər həyat yoldaşının valideynləri tərəfindən ödənilmişdir. Məhkəmə evi bölən zaman evin həyat yoldaşının valideynlərinin vəsaiti hesabına tikilməsini və həm də bir yetkinlik yaşına çatmayan və iki yetkinlik yaşına çatmış uşaqlarının olduğunu nəzərə almamışdır. Həm də ki, 2003-cü ildən qeydiyyatda olduğu Bakı şəhəri, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən ev uzaq qohumları olan Salayev Mircavada və onun ailə üzvlərinə məxsusdur. Orada heç vaxt yaşamamışdır. Faktiki olaraq həmin evə heç bir hüququ yoxdur. Müxtəlif vaxtlarda onu pasport qeydiyyatından çıxartmaq istəsələr də xahişini nəzərə alıb qeydiyyatdan çıxartmamışlar. Adına başqa heç bir yerdə ev yoxdur. Heç yerdə mənzilinin olmadığı barədə icra məmurunun məlumatının olmasına baxmayaraq o, Bakı şəhəri Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda pasport qeydiyyatına olduğu evin ona məxsus olması barədə yanlış məlumat vermişdir. Beləliklə, Xəzər rayon məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmadan maddi hüquq normaları və prosessual hüquq normaları pozulmaqla əsassız olaraq İddiaçı evin bölünməsi barədə iddia tələbi təmin edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, pul tələbi barədə Xəzər rayon məhkəməsinin e-2(003)-456/2023 saylı xx.xx.2023-cü il tarixli qətnamənin icrası ilə əlaqədar həbsin qoyulması Cavabdeh1 qeydiyyatda olduğu yaşayış sahəsinə deyil, uşaqları və valideynləri ilə yaşadığı mənzilin üzərinə qoyulmuşdur. Məhkəmə icra məmurunun İddiaçı mənafeyinə süni şəkildə xidmət göstərməklə heç bir hüquqi əsası olmayan, bəsit, “özündən uydurma” məlumatına əsaslanmış, Cavabdeh1 pasport qeydiyyatında olduğu ünvana istinad etməklə onun yaşamasını təmin edəcək mənzil olduğunu nəzərə alaraq uşaqları və valideynləri ilə birgə yaşadığı evi “hədəfə” almışdır. Cavabdeh1 heç bir payı olmadığı yaşayış sahəsini “hədəf”-ə almaqla onun bölünməsinə dair iddia tələbi ilə müraciət etmiş və məhkəmə də iddianı təmin etmişdir. Bundan başqa, ona məxsus əmlakın məhkəmə tərəfindən bu qaydada bölünməsi həm övladlarının və həmdə valideynlərinin mənafeyi baxımından da ədalətli bölgü hesab edilə bilməz. Belə ki, məhkəmə Cavabdeh1la birgə nikahlarından olan iki uşağının yetkinlik yaşına çatdığını, hər ikisinin ali Məktəbdə təhsil aldığını, təhsilə və digər zəruri ehtiyaclarına ödənilən xərclərin onun və valideynlərinin hesabına ödənilməsini, eləcə də bir azyaşlı uşağın tam onun himayəsində qaldığını nəzərə almamışdır. Torpaq sahəsi və ev həyat yoldaşı ilə birgə nikah dövründə tikilməsinə baxmayaraq həm torpağa və həm də evin tikilməsinə çəkilən xərclər onun valideynləri tərəfindən ödənilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 və onun nümayəndəsivəkili Vəkil2 ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada məlumat verilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 224.1. Paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsi: 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 37.1. Əsasən ər-arvadın ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd olunur ki, Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və nikah dövründə ərarvadın qazandığı hər hansı sair əmlak daxildir. Qanunverici əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir (Ailə Məcəlləsinin 32.2.1 və 32.2.2-ci maddələri). Həmin qərara əsasən şəxsi xarakterli öhdəliklər (aliment öhdəliyi, üçüncü şəxslərə vurulmuş ziyan üzrə öhdəliklər və s.) ər-arvadın ümumi əmlakının tərkibinə daxil olmamaqla ərin və ya arvadın şəxsi məsuliyyətinə səbəb olur. Nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri isə ər-arvadın ümumi öhdəliklərini təşkil edir. Odur ki, nikah dövründə yaranmış borc işin hallarından asılı olaraq ərin (arvadın) şəxsi öhdəliyi və ya ər-arvadın ümumi birgə öhdəliyi hesab edilir. Həmçinin kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə əmlakın bölgüsü həyata keçirilir. Qeyd olunduğu kimi, bəzi əsaslar üzrə ərin (arvadın) öhdəliyi şəxsi xarakterli olmaqla fərdi məsuliyyətə səbəb olur. Məhz şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehlərin apellyasiya şikayətlərində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, Cavabdeh1 İddiaçı 40000 manat borc pul almış, lakin öhdəliyini icra etməməsi işin mübahisəsiz halıdır. Belə ki, bu hal məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi öz təsdiqini tapmışdır. Qətnamə qəbul edilməsinə baxmayaraq cavabdeh yenə də icra vərəqəsini tam icra etməyərək borcunu tam olaraq qaytarmamışdır. Həmçinin müəyyən edilmişdir ki, cavabdehlər arasında rəsmi nikah xx.xx.2002-ci il tarixdə bağlanmış, payının müəyyən edilməsi istənilən daşınmaz əmlak isə onların birgə nikahları dövründə alınmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən əmlak cavabdehlərin birgə nikahda olduqları müddətdə əldə edildiyindən və iddiaçı, Cavabdeh1 kreditoru olmaqla onun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb etmək hüququna sahib şəxs olduğundan birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, cavabdehlərin qeyd edilən əmlak üzərində payları müəyyən edilməli olmasına dair iddiası əsaslıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassız olmuşdur, Belə ki, Cavabdeh1 İddiaçı 40000 manat borc pul alması və öhdəliyini icra etməməsi halında iddiaçının hazırda cavabdehə münasibətdə kreditor qismində çıxış etməklə istinad edilən maddi normaların tələbləri baxımından ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verməklə haqlı olmuşdur. Göründüyü kimi iddia tələbi mahiyyəti üzrə əsaslı olmuşdur. Cavabdehlərin məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəlilinə gəlincə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdehlər məhkəmə iclasları barədə məlumatlı olmuş, həmçinin məhkəmə iclasında üzrlü səbəbdən iştirak etməməsi barədə məhz işə baxan məhkəməni xəbərdar etməli olduqları halda, bunu etməmişlər. Bu əsasdan məhkəmə kollegiyası məhkəmə araşdırmasının tərəflərin çəkişmə prinsipinin pozulması ilə aparılması ilə bağlı cavabdehlərin mövqeyini əsassız hesab edir. Digər tərəfdən Cavabdeh1 apellyasiya şikayətində həm torpağa və həm də evin tikilməsinə çəkilən xərclərin həyat yoldaşının valideynləri tərəfindən ödənildiyini göstərməsinə baxmayaraq işin sadalanan halları ilə cavabdehin qeyd etdikləri müəyyən edilməmiş, eyni zamanda cavabdeh bu barədə mötəbər sübutlar təqdim edə bilməmişdir. Eyni hal digər apellyator Cavabdeh2 da apellyasiya şikayətinin bu barədə olan dəlilinə aiddir. Cavabdeh2 Cavabdeh1 ilə ailə münasibətlərinin 2011-ci ildən kəsməsini və payları bölünməsi tələb edilən evə Cavabdeh1 heç bir formada aidiyyatı olmamasını göstərməsi onun ərinin iddiaçı qarşısında daşıdığı mülki məsuliyyətdən yayınmasına bir növ şərait yaratmasına hesablanmışdır. Əks halda Cavabdeh2 buna dair mötəbər sübutlarını təqdim edərdi. Apellyasiya instansiyası məhkəməsinin iclasında təqdim etdiyi aktlar, ərizələr və digər sənədlər isə hazırki iş üzrə heç bir sübut əhəmiyyəti kəsb etmir. Məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri sayır ki, paylara bölünməsi tələb edilən evin Cavabdeh1 heç bir aidiyyatı olmaması və onun Cavabdeh2 valideynlərinin vəsaiti hesabına tikilməsi faktı mövcud olmuş olsa idi belə, bu arqumenti E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarının məzmununa əsasən də əsassızdır. Belə ki, Plenum qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələri üzrə əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın ayrıca əmlakı hesab edilməsi üçün belə əqdin yazılı forması ilə bağlı tələbin sübutetmə şərti kimi nəzərdə tutulmaması ər-arvadın əmlakının ümumiliyi prezumpsiyası baxımından Konstitusiyanın 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğun olmayan hesab edilsin. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayətləri təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, e-2(003)- 3009/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar