Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5938/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1037/2021 saylı, 28 aprel 2021-ci il tarixli qərardadından iddiaçının şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Himət Qarayevdən 1965 manat dəymiş maddi ziyana görə, 300 manat onun reseptləri əsasında alınmış dərmanlara görə, 50.000 manat mənəvi ziyana görə qardaşı İsaxanın ailəsinə təzminat olaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1037/2021 saylı, 28 aprel 2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi, iddiaçının məhkəmə iclasına gəlməməsi, cavabdehin isə işə mahiyyəti üzrə baxılmasını tələb etməməsi əsası ilə baxılmamış saxlanılmış, həmin qərardadın ləğvi haqqında iddiaçının verdiyi şikayət isə məhkəmənin 20 may 2021-ci il tarixli qərardadı ilə təmin olunmamışdır. Şikayət belə əsaslandırılmışdır ki, o, dənizdə gəmidə işləyir və 26 aprel tarixindən sahildə olmalı olsalar da, getdikcə güclənə fırtına gəminin sahilə yanaşmasına imkan verməmiş, bu səbəbdən məhkəm iclasında iştirak edə bilməmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəməyə gəlmədiklərindən işə onların iştirakı olmadan baxılmasına qərar verilmişdir. İş materiallarını və şikayətin dəlillərini araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilməyərək mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsini baxılmamış saxladığı zaman öz qərardadını belə əsaslandırmışdır ki, iddiaçı üzrlü səbəblərdən gəlməməsi barədə məlumat vermədən məhkəmə iclasına gəlməmiş, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişdir. İddiaçının və cavabdehin 28 aprel 2021-ci il tarixli məhkəmə iclasına gəlmədikləri işin mübahisələndirilməyən halıdır; bu baxımdan kollegiya hesab edir ki, məhkəmə iddia ərizəsini baxılmamış saxlamaqda haqlı olmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 259.0.7-ci maddəsinə görə, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Kollegiyanın qənaətinə görə məhkəmə, həmin qərardadın ləğvinə dair iddiaçının nümayəndəsinin ərizəsini təmin etməməkdə də haqlı olmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 260.5-ci maddəsində, iddiaçı və ya cavabdehin məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim edildikdə, məhkəmənin bu Məcəllənin 259.0.6-cı və 259.0.7ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv etmək səlahiyyətinin olduğu nəzərdə tutulmuşdur; iddiaçı isə istinad etdiyi halı təsdiq edə biləcək sübutları şikayətinə əlavə etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1037/2021 saylı, 28 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №2(103)-5938/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5938/2021
10.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver