Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5938/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “bağışlama müqavilənin ləğv edilməsi, məcburi payın və maddi ziyanın tutulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi, məcburi payın və maddi ziyanın tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 4545/2024 nömrəli 12 avqust 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* №-li Çıxarışdan görünür ki, Qobustan rayonu, Çuxanlı kəndində yerləşən, ümumi sahəsi 199,6 kv metr olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,16 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə onların ataları X3 məxsus olmuşdur.
2. X6 həmin əmlakı xx.xx.2010-cu il tarixdə oğlu Cavabdeh bağışlamış, müqavilə Qobustan rayon dövlət notariat kontorunun notariusu T.Seyidov tərəfindən təsdiqlənmiş və reyestrə 4-Ə-18 nömrə ilə qeyd eilmişdir.
3. Qobustan rayon İHB-ninTəklə icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli 235 №-li arayışa əsasən həmin bağışlanan evdə X6, onun arvadı X2 və oğlu Cavabdeh (cavabdeh) qeydiyyatda olmuşlar.
4. Azərbaycan Respublikası DİN tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı həmin evdə xx.xx.2004-cü il tarixdən qeydiyyatdadır. X6 xx.xx.2023-cü il tarixdə ölmüşdür (AZ-İİ seriyalı 308940 №-li ölüm haqqında şəhadətnamə).
5. Cavabdehin adına həmin ev xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmışdır (daşınmaz əmlakın reyestr nömrəsi **********56-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü).
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2010cu il tarixdə Qobustan rayon dövlət notariat ofisində təsdiq olunmuş 18 nömrə ilə qeyd edilmiş bağışlanma müqaviləsinin ləğvi, mirasdan ona düşən məcburi payın ayrılması, qiymətləndirilməsi və məcburi payın bağışlanmış əşya hesabına artırılması və dəymiş 40000 manat maddi ziyanın və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1973-cü ildə Qobustan rayonunun Çuxanlı kəndində doğulmuşdur və hal-hazırda da həmin kənddə qeydiyyatdadır. Ailədə onunla birlikdə 3 qardaş, 1 bacı, anası Safura da daxil olmaqla 5 nəfər ailə üzvləri Qobustan rayonunun Çuxanlı kəndində yerləşən atasına məxsus evdə qeydiyyatdadılar. X1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Atasının bütün dəfn xərclərini o, çəkmiş və qəbirüstü abidəsini saldırmışdır. Atası vəfat edəndən sonra ona məlum olmuşdur ki, 2010-cu ilin aprel ayında o, həmin evdə qeydiyyatda ola-ola ondan xəbərsiz Təklə icra nümayəndəliyinin xx.xx.2010-cu il tarixli 235 №-li saxta arayışı ilə evi kiçik qardaşı Rəşadın adına Qobustan rayon notariat kontorunda bağşlama müqaviləsi yolu ilə rəsmiləşdirilmişdir. O, həmin rəsmiləşdirilmədən atası vəfat edəndən təxminən 3 ay sonra xəbər tutmuşdur. Qanunun tələbinə əsasən isə şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti ilə məhdudlaşdırılmış olmasın. İstər 2010-cu ilə qədər, istərsə də ev bağışlanma yolu ilə rəsmiləşəndən sonrada evin bütün təsərrüfat işlərini o, görmüşdür. 2010-cu ildən sonra həmin evin təmirinə təxminən 40000 manatdan çox pul xərcləyərək evi təmir etdirmişdir (evi təmir edən ustaların hamısı buna şahiddir). Atasının sağlığında onun bütün xərclərini iddiaçı çəkmiş və xəstə olarkən müalicə etdirmişdir. Lakin qardaşı evin onun adına rəsmiləşdirildiyini bildiyi halda qəsdən bunu gizlədərək evlərinin onun tərəfindən təmir edilməsinə narazılığını bildirməmiş və evi təmir etdirməyinə mane olmamışdır. Evlərinin onun adına rəsmiləşdirildiyini bildiyi vaxtdan ona qanunla düşən payın verilməsini sülh yolu ilə təklif etsə də, Rəşad buna heç cürə razı olmamışdır. Ona görə də həmin məsələnin məhkəmə müstəvisində mirasdan məcburi payın ayrılması, qiymətləndirilməsi, məcburi payın bağışlanmış əşya hesabına artırılması, dəymiş maddi ziyanın həll edilməsi zərurətində qalmışdır.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4545/2024 nömrəli 12 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim X7)
9. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən 13 il keçmişdir. Belə olan halda hədiyyə hesaba alınmamalıdır. İddiaçının özünün verdiyi izahata əsasən o, 3-4 il bundan əvvəl bağışlanma barədə məlumat almışdır. Lakin, məhkəmə bunu da inandırıcı hesab etməmiş, iddiaçı buna dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iddiaçı əmlak 40000 manat məbləğində təmir işi gördürməyə dair məhkəməyə sübut təqdim etməmişdir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci, 423cü, 666.1-ci, 1200-ci, 1145-ci, 1146-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı apellyasiya şikayətini məzmununu iddia ərizəsinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, işə baxan məhkəmə öz təşəbbüsü ilə ekspertiza təyin edərək onun tərəfindən mübahisə predmeti olan mənzilə çəkilmiş xərcin məbləğini təyin edə bilərdi. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın təsdiq edilməsi barədə” AR Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 167 saylı Qərarının 49-cu bəndinə əsasən daşınmaz əmlaklarla əlaqədar hər hansı bir müqavilə bağlanarsa, onda həmin yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin razılığı tələb olunur. Lakin işin hallarından da görünür ki, o, bu evdə daimi pasport qeydiyyatında olduğu halda, onun xəbəri və razılığı olmadan bu bağışlanma müqaviləsi bağlanmışdır. Lakin məhkəmə tərəfindənişin bu hallarına fikir verilməmiş və bununla da AR Nazirlər Kabinetinin bu Qərarının tələbləri pozulmuşdur. Məhkəmə tərəfindən işin bütün halları araşdırılmamış və yalnız cavabdehin adına dövlət reyestrindən çıxarışın olmasını nəzərə alaraq işin qalan bütün hallarını ətraflı araşdırmamışdır. Bununla məhkəmə tərəfindən AR MPM-nin 217-ci maddəsinin tələbləri pozulmuşdur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir.
15. Məhkəmə iclasında cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
d) Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Konstitusiyası: 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 666.1-ci maddəsinə görə, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1200-ci maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
e) Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
23. İşin faktiki hallarından göründüyü kimi iddiaçı ilə cavab doğma qardaşdılar. Qobustan rayonu, Çuxanlı kəndində yerləşən, ümumi sahəsi 199,6 kv metr olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,16 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə onların ataları X3 məxsus olmuşdur. X6 həmin əmlakı xx.xx.2010-cu il tarixdə oğlu Cavabdeh bağışlamışdır. İddiaçı isə həmin evdə xx.xx.2004-cü il tarixdən qeydiyyatda olmuşdur. Mübahisəli ev cavabdehin adına xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmışdır. Hazırda iddiaçı bağışlanma müqaviləsini ləğv edilməsini, mirasdan ona düşən məcburi payın ayrılması, qiymətləndirilməsi, məcburi payın bağışlanmış əşya hesabına artırılması və dəymiş 40000 manat maddi ziyanın tutulmasını istəyir.
24. Göründüyü kimi, iddiaçı iddia tələbinin əsası kimi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin əmlakın mirasa daxil olacağı halda onun məcburi payının arta biləcəyi ehtimalı olduğunun bildirmişdir. Lakin iddiaçı iddiasının əsasını təşkil edən halları sübuta yetirə bilməmiş, müqavilənin etibarsız hesab edilməsinə əsas verən halların nədən ibarət olması barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.
25. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, iddiaçının atası tərəfindən bağışlama müqaviləsi əsasında əmlakın iddiaçının bacısına bağışlanması mülkiyyətçi kimi qanunvericiliyin ona verdiyi hüquqdur, yəni öz mülkiyyəti üzərində sərbəst surətdə sərəncam vermək hüququndan istifadəsini özündə ehtiva edir. Həmin hüququn həyata keçirilməsi zaman iddiaçının razılığının alınmaması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İddiaçının isə öz tələbinin əsası kimi istinad etdiyi hallar işin faktiki halları ilə də öz təsdiqini tapmamaqla, sözügedən müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz.
26. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin tələbləri baxımından miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır”. Göründüyü kimi, maddə kifayət qədər açıq və dəqiqdir. Belə ki, qeyd edilən müddəadan çox aydın şəkildə məlum olur ki, söhbət əşyanın miras qoyan tərəfindən hələ öz sağlığında 3-cü şəxsə (bu digər vərəsədə ola bilər) bağış olaraq verilməsindən gedir. Sonra yenə açıq şəkildə qeyd olunur ki, bu üçüncü şəxsə bağışlanan əşya miras əmlaka daxil edildikdə məcburi pay həcmi arta biləcəksə, onda həmin bu artan məbləğ məcburi pay sahibi vərəsə(lər) tərəfindən tələb oluna bilər. Nəhayət, həmin müddəanın sonunda bariz şəkildə göstərilir ki, hədiyyənin verilməsindən 2 il keçdikdən sonra miras açılarsa (miras qoyan vəfat etmişsə) məcburi payın həcmi müəyyənləşdirilərkən miras qoyan tərəfindən verilən hədiyyələr hesaba alınmır. Bu eyni zamanda digər tərəfdən məntiqi zərurət olaraq o deməkdir ki, mirasın açılmasından əvvəlki 2 il ərzində edilən bağışlamalar məcburi payın müəyyənləşdirilməsi zamanı nəzərə alınır. Lakin hazırki halda cavabdehlərdən biri olan X6 öz mülkiyyətində olan əmlak üzərində sərəncam verməklə həmin əmlakı xx.xx.2010-cu il tarixdə bağışlamış və bağışlamadan 2 illik qanunvericilikdə göstərilən müddət ötmüşdür. Bunu vurğulamaqla kollegiya qeyd edir ki, hətta gələcəkdə də atanın vərəsəsi kimi iddiaçıya münasibətdə mübahisəsi gedən bağışlanan əmlak hesabına məcburi payın tamalanmasını tələb etmək hüququ mövcud ola bilməz. Hazırki halda isə sağ olan mülkiyyətçinin iddiada qeyd edilən əsasa görə öz amlakı üzərində sərəncam vermək hüququnun bu formada məhdudlaşdırılması qanuni və əsaslı sayıla bilməz.
27. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə raşılaşaraq qeyd edir ki, bağışlanma müqaviləsi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlandığından onun etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Eyni zamanda kollegiya qeyd edir ki, tələbin digər hissəsi ilə bağlı da hər hansı bir sübut təqdim edilmədiyindən həmin hissədə də iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
28. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4545/2024 nömrəli 12 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.