Məhkəmə qərarları › İş №2(103)-5939/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5939/2022

23.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5939/2022 23.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “ümumi birgə əmlakın bölgüsü” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3650/2022 saylı, 14 iyul 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “ümumi birgə əmlakın bölgüsü” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 1A nömrəli mənzil və ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin naturada bölünməsi və ünvan 3 ünvanında yerləşən 17 nömrəli mənzilin qiymətləndirilərək hərracdan satılması və pulunun aralarında bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3650/2022 saylı, 14 iyul 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 2.1-ci maddəsinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmışdır. İddiaçı qərardaddan şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3650/2022 saylı, 14 iyul 2022-ci il tarixli qərardadının ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul edilməsi haqqında qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3650/2022 saylı, 21 iyul 2022-ci il tarixli qərardadı ilə qərardaddan şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyi üçün geri qaytarılmışdır. xx.xx.2022-ci il tarixdə İddiaçı nümayəndəsi (vəkili) Vəkil qərardaddan şikayətlə yenidən məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3650/2022 saylı, 14 iyul 2022-ci il tarixli qərardadının ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul edilməsi haqqında qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, bölünməsi tələb edilən əmlaklar ümumi birgə mülkiyyət olduğu halda məhkəmə həmin əmlaklara ər-arvadın ümumi birgə mülkiyyəti kimi yanaşaraq AR MM-nin 225 və AR AM-nin 32-ci maddəsinə əsaslanmaqla səhvə yol vermiş və qanunu düzgün tətbiq etməmişdir. Hazırkı iş üzrə mediasiya prossesindən keçmək məcburi olmadığı halda məhkəmə mediasiya prosesində iştirak etməməyi əsas gətirərək iddianı icraata qəbul etməmişdir. Bununla da məhkəmə prossesual normaların tələblərini pozmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3650/2022 saylı, 25 iyul 2022-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli və mülki iş iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələnin həlli üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, İddiaçı ümumi birgə əmlakın bölünməsini tələb etmişdir. Lakin, tərəflərin ilkin mediasiya sessiyasında iştirak etməsi barədə arayış iş materiallarına əlavə edilməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 2.1-ci maddəsi ilə bu Məcəllə ilə tənzimlənən ailə münasibətlərinin dairəsi müəyyən edilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikasının Ailə Məcəlləsi nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. Mübahisə tərəflər arasında olan ailə münasibətlərindən irəli gəlmişdir. Bu münasibətlərdən irəli gələn iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl isə tərəflər mediasiya prosesində iştirak etməlidir. Yuxarıda qeyd edilən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə ilkin mediasiya sessiyasında iştirakı məcburidir. Tərəflər “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq mediasiya prosesində iştirak etdikdən sonra, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli, bu zaman mediasiya prosesində iştirak etməsini təsdiq edən müvafiq sənədi məhkəməyə təqdim etməlidir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, iddiaçının tələblərinin əsasını təşkil edən hallar tərəflərin birgə nikahı dövründə əldə edilmiş əmlakın bölünməsi kimi qiymətləndirilə bilməz. Hazırki mübahisənin predmetini iddiaçının cavabdehlə ümumi birgə mülkiyyətində olan əmlak barəsində hüquqi münasibətlər təşkil edir. Belə olan halda isə iddia ərizəsini məhkəməyə təqdim etməzdən əvvəl mübahisənin mediasiya prosesində həll edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 4.6-cı maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. «Ailə münasibətlərindən irəli gələn mübahisələr» dedikdə, nikahın pozulması, uşağın hansı valideynin yanında saxlanılmalı olması, aliment, birgə əmlakın bölünməsi və s. bu kimi mübahisələr nəzərdə tutulmuşdur. Hazırki işdə isə tərəflər artıq uzun müddətdir boşanmışlar və adıçəkilən əmlaklar məhkəmə qətnaməsi ilə tərəflər arasında bölünmüşdür. Hazırki mübahisə birgə əmlakın bölünməsi ilə bağlı deyildir. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, şikayətin dəlilləri əsaslı olduğundan mübahisələndirilən qərardad ləğv olunmalı, iş iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün birinci instansiya məhkəməsinin göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Göstərilənlərə əsasən və MPM-in 263-264, 397-398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3650/2022 saylı, 14 iyul 2022-ci il tarixli qərardadı ləğv edilsin. Mülki iş iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələyə yenidən baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar