Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5943/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Ülkər Təhmasib qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh, X5 və “xxxxxxxxxxxxxxxx” ASC-nin nümayəndələri X4 və X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1722/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 saylı binada yerləşən 4 saylı mənzilin işıq naqillərinin həmin binanın ona məxsus olan 6 saylı mənzilin parketinin altından yığışdırılması, 4 saylı mənzili 6 saylı mənzildən ayıran beton plitələrdən 6 saylı mənzilə açılan bütün deşiklərin armatur və beton töküb bağlanması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1722/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşə apellyasiya qaydasında baxılarkən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 saylı binada yerləşən 4 saylı mənzilin mülkiyyətçisi dəyişdiyindən məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə Cavabdeh prosessual hüquq varisi (mənzilin yeni mülkiyyətçisi) X5 ilə əvəz edilmiş, Cavabdeh və “xxxxxxxxxxxxxxxx” ASC iş üzrə cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər qismində cəlb edilmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1126/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki 2(103)- 1126/2019 saylı,xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ali Məhkəmənin 2(102)-3036/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilərək mülki iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır. İşə yenidən apellyasiya qaydasında baxılarkən, iddiaçının vəsatəti ilə “xxxxxxxxxxxxxxxx” ASC iş üzrə cavabeh qismində işə cəlb edilmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh C.Əliyev apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxxxxxxxxxxxxxx” ASC-nin nümayəndələri S.Tahirov və İ.Dolxanov apellyasiya şikayəti ilə bağlı izahat verərək qeyd etdilər ki,“xxxxxxxxxxxxxxxx” ASC Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 saylı binada 2015-ci ildə baş vermiş yanğın hadisəsindən sonra Bakı şəhər Mənzil Kommunal Departamenti ilə bağlanan podrat müqaviləsi əsasında binanın təmirini həyata keçirmişdir. Binada yanğın baş verdiyi üçün Fövqəladə Hallar Nazirliyi müəyyən hissələri deşməyə icazə vermədiyinə görə binanın elektrik naqilləri döşəmə və tavanın arasındakı beton hissə üzərində çəkilmişdir. İddiaçının da mənzilinin döşəməsinin altından ondan aşağıda yerləşən mənzilin naqilləri çəkilmişdir.Bununla belə, iddiaçının hesabına həmin pozuntunu aradan qaldıra biləcəklərini qeyd etdilər. Sübutların tədqiqi: Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti, 200 saylı binanın 6 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir və o həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 21418 saylı rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti, 20036 saylı binanın 4 saylı mənzilinin tavanına vurulmuş asma alçipan təbəqələri sökülməklə elektrik xəttinə baxış keçirilmədən X3 xüsusi mülkiyyətində olan 4 saylı mənzilin tavanından deşik açılmaqla iddiaçıya məxsus olan həmin binada yerləşən 6 saylı mənzilin parketinin altından işıq naqillərinin keçirilməsini müəyyən etmək mümkün deyildir. 6 saylı mənzilin dəhlizinin döşəməsində açılmış dəlikdən baxdıqda döşəmənin altı ilə çəkilmiş elektrik naqilləri “Elektrik qurğularının quraşdırma qaydaları”nın 2.1.32, 2.1.36, 2.1.37, 2.1.38, 2.1.40 və 2.1.47-ci bəndlərinin tələblərinə ziddir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia təmin edilməlidir. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı işə ikinci dəfə apellyasiya qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçıya məxsus 6 saylı mənzilin parketinin altından 4 saylı mənzilin işıq naqillərinin keçməsi hazırkı işin mübahisəsiz halı kimi müəyyən edilmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 21418 saylı rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti, 20036 saylı binanın 4 saylı mənzilinin tavanına vurulmuş asma alçipan təbəqələri sökülməklə elektrik xəttinə baxış keçirilmədən X3 xüsusi mülkiyyətində olan 4 saylı mənzilin tavanından deşik açılmaqla iddiaçıya məxsus olan həmin binada yerləşən 6 saylı mənzilin parketinin altından işıq naqillərinin keçirilməsini müəyyən etmək mümkün deyildir. 6 saylı mənzilin dəhlizinin döşəməsində açılmış dəlikdən baxdıqda döşəmənin altı ilə çəkilmiş elektrik naqilləri “Elektrik qurğularının quraşdırma qaydaları”nın 2.1.32, 2.1.36, 2.1.37, 2.1.38, 2.1.40 və 2.1.47-ci bəndlərinin tələblərinə ziddir. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxxxxxxxxxxxxxx” ASC-nin nümayəndələri də pozuntu faktının olmasını təsdiq edərək bunu iddiaçının hesabına ardan qaldıra biləcəklərini qeyd etdilər. MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur.Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”. Beləliklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 21418 saylı ekspert rəyi ilə iddiaçıya məxsus 6 saylı mənzilin dəhlizinin döşəməsində açılmış dəlikdən baxdıqda döşəmənin altı ilə çəkilmiş elektrik naqillərinin “Elektrik qurğularının quraşdırma qaydaları”nın 2.1.32, 2.1.36, 2.1.37, 2.1.38, 2.1.40 və 2.1.47-ci bəndlərinin tələblərinə zidd olması müəyyən edildiyindən və bu cavabdeh “xxxxxxxxxxxxxxxx” ASC-nin nümayəndələri tərəfindən təsdiq edildiyindən iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məcəllənin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Yuxarıda qeyd edilənlərə əsasən, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci mddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normasının tətbiqində səhvə yol verildiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 saylı binada yerləşən 4 saylı mənzilin işıq naqillərinin həmin binanın iddiaçıya məxsus olan 6 saylı mənzilin parketinin altından yığışdırılması (çıxarılması), 4 saylı mənzili 6 saylı mənzildən ayıran beton plitələrdən 6 saylı mənzilə açılan bütün deşiklərin armatur və beton tökülərək bağlanması vəzifəsi cavabdeh “xxxxxxxxxxxxxxxx” ASC-yə həvalə edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, işüzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri isə cavabdeh “xxxxxxxxxxxxxxxx” ASC-dən tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1722/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 saylı binada yerləşən 4 saylı mənzilin işıq naqillərinin həmin binanın İddiaçı məxsus olan 6 saylı mənzilin parketinin altından yığışdırılması (çıxarılması), 4 saylı mənzili 6 saylı mənzildən ayıran beton plitələrdən 6 saylı mənzilə açılan bütün deşiklərin armatur və beton tökülərək bağlanması vəzifəsi cavabdeh “xxxxxxxxxxxxxxxx” ASC-yə həvalə edilsin. Ekspertiza tədqiqatlarının dəyəri 100 ( bir yüz) manat dövlət büdcəsinə SAP (XİİS) hesabı Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına cavabdeh “xxxxxxxxxxxxxxxx” ASC-dən tutularaq ödənilsin. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş (20+10) 30 manat dövlət rüsumu cavabdeh “xxxxxxxxxxxxxxxx” ASC-dən alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5943/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5943/2020
21.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver