Məhkəmə qərarları › İş №2(103)-5948/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5948/2023

09.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5948/2023 09.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MTK-nın cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı MTK-nın nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 qarşı “pul” tələbinə dair iddiası mülki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)-1002/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı MMC ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 arasında mənzil alqısatqısı ilə bağlı müqavilələr imzalanmış və cavabdehlər tərəfindən mənzil alınmışdır.

2. 01 oktyabr 2019-cu il tarixli İddiaçı MMC ilə Cavabdeh4 arasında bağlanmış kommunal xidmətlərin göstərilməsinə dair müqavilənin 2.1-ci bəndinə əsasən ona göstərilmiş kommunal xidmətlərin müqabilində hər kvadrat üçün 0.40 AZN olmaqla 44 manat xidmət haqqı ödəyir.

3. 01 oktyabr 2019-cu il tarixli İddiaçı MMC ilə Cavabdeh9 arasında bağlanmış kommunal xidmətlərin göstərilməsinə dair müqavilənin 2.1-ci bəndinə əsasən ona göstərilmiş kommunal xidmətlərin müqabilində hər kvadrat üçün 0.40 AZN olmaqla 44 manat xidmət haqqı ödəyir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı MTK cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 qarşı “pul” tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 468 manat əsas və 702 manat cərimə; Cavabdeh3 495 manat əsas və 555 manat cərimə; Cavabdeh4 1558 manat əsas və 2337 manat cərimə; Cavabdeh9 451 manat əsas və 676.50 manat cərimə; X1 561 manat əsas və 841.50 manat cərimə; Cavabdeh5 561 manat əsas və 841.50 manat cərimə; Cavabdeh2 405 manat əsas və 607.50 manat cərimə; Cavabdeh11 451 manat əsas və 676.50 manat cərimə; Cavabdeh7 583 manat əsas və 874.50 manat cərimə borcunun, eləcə də 210 manat vəkil xərcinin və 147 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlər iddiaçının inşa etdiyi ünvan 1 ünvanında yerləşən yaşayış binasında bağlanmış müvafiq müqavilələr əsasında mənzillər əldə etmişlər (müqavilələr əlavə olunur). İddiaçı (MTK) üzvlərinin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli 1 saylı protokolundan Çıxarışa əsasən, ünvan 1 ünvanında MTK-ya məxsus yaşayış və qeyri-yaşayış sahələrinin daxil olduğu yaşayış kompleksinin saxlanılması və müxtəlif növ xidmətlərlə təmin edilməsi məqsədi ilə aylıq kommunal xərclərinin hər 1 kv.m düşən dəyəri 0,40 manat qərara alınmışdır (əlavə olunur). İddiaçı ilə cavabdehlər: Cavabdeh4; Cavabdeh9 ilə kommunal xidmətlərin göstərilməsinə dair müvafiq müqavilələr bağlanmış və həmin müqavilələrin 2.1-ci bəndi ilə ödəniləcək kommunal xidmətlərin dəyəri hər 1 kv.m üçün 0.40 manat müəyyən edilmişdir (müqavilələr əlavə olunur).İddiaçı digər cavabdehlərə: Cavabdeh1; Cavabdeh3; Cavabdeh7; X2; Cavabdeh5; Cavabdeh2; Cavabdeh11 müvafiq bildirişlər göndərməklə kommunal xidmətlərin göstərilməsinə dair müqavilə bağlamağı təklif etsə də, həmin cavabdehlər bundan imtina etmişlər. Buna baxmayaraq, müqavilə bağlamağı imtina edən həmin cavabdehlər ayrı-ayrı vaxtlarda kommunal xidmətlərdən istifadəyə görə MTK-ya qismən ödəniş etməklə iradə ifadələrini etmişlər. İddiaçı tərəfindən kommunal xidmətlərin göstərilməsinə baxmayaraq cavabdelər tərəfindən kommunal xərclər tam ödənilməmiş və müvafiq maliyyə arayışlarına (əlavə olunur) əsasən cavabdehlərin borcları aşağıdakı kimi təşkil edir: Cavabdeh1 - 468 manat; Cavabdeh3 - 370 manat; Cavabdeh4 - 1558 manat; Cavabdeh9 - 451 manat; X2 - 561 manat; Cavabdeh5 - 561 manat; Cavabdeh2 - 405 manat; Cavabdeh11 - 451 manat; Cavabdeh7 - 583 manat. İddiaçı tərəfindən cavabdehlərə kommunal borcların ödənilməsi tələbi üə bağlı bildiriş göndərilmiş (əlavə olunur), lakin təəsüflər olsun ki, bundan sonra da borcların ödənilməsi təmin edilməmişdir. Kommunal xidmətlərə görə yığılan əsas borcdan əlavə Azərbaycan Respublikası İXM 393- 1.4. maddəsinə əsasən ödənilməli olan ödənişlərin məbləğinin yüz əlli faizinədək məbləğdə müvafiq cərimələr də cavabdehlərdən tutularaq iddiaçmm xeyrinə ödənilməlidir. Bundan əlavə, iddiaçı məhkəmədə mülki hüquqların müdafiə edilməsi və pozulmuş hüququnu bərpa etmək üçün vəkilin göstərdiyi yardıma görə 210 (iki yüz on) manat xərc çəkmişdir (əlavə olunur) və hesab edirik ki, qeyd edilən xərcin və eləcədə ödənilmiş 147 manat dövlət rüsumunun əvəzi də cavabdehlərdən müştərək qaydada tutulmalıdır.

6. Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)-1002/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 147 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, dövlət inhisarında olan mallarla bağlı göstərilən kommunal xidmətlərin qiyməti yalnız dövlət tərəfindən müəyyən edilir və göstərilən bu cür kommunal xidmətlərin həcmi müvafiq sayğacla hesablanır. Bu cür kommunal xidmətlər çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan sahələrinə göstərildikdə (dəhlizin işıqlandırılması və s.), bununla bağlı kommunal ödənişlər həmin ümumi sahənin istifadəçiləri (çoxmənzilli binada mənzillərin mülkiyyətçiləri) tərəfindən həyata keçirilir. Həmin kommunal xidmətlərə görə ödənişlər binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyətdəki paylarına mütənasib olaraq ödənilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi İddiaçı MTK mənzil mülkiyyətçilərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək səlahiyyətinə malik deyil. Həmin səlahiyyət mənzil mülkiyyətçilərinin müstəsna səlahiyyətidir və bu səbəbdən mütləq ödənişlərin və haqların miqdarı yalnız onların (mənzil mülkiyyətçilərinin) ümumi yığıncağının qərarı ilə qəbul edilə və dəyişdirilə bilər. Məhkəmə nəticə olaraq qeyd etmişdir ki, iddiaçının subyektiv hüquqa malik olan şəxs kimi hazırkı iddia tələbini irəli sürməsi ilə bağlı hüquq ixtiyara malik deyildir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyanın 43-cü maddəsinin İİ hissəsinə, Mənzil Məcəlləsinin 2.1, 109.5, 119.1, 122.1.3, 124, 125.2, 125.2.4, 135.2.4, 142.1, 144.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 216-220, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən İddiaçı MTK apelyasiya şikayəti verərək Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-1002/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə nəinki iddiaçının subyektiv hüquqa malik olub-olmamasını qanunun tələbləri çərçivəsində düzgün qiymətləndirməmiş, hətta məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından iş üzrə qətnamə əsassızdır və ləğv olunmalıdır. Belə ki, iddiaçı MTK üzvlərinin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli 1 saylı protokolundan çıxarışı məhkəməyə təqdim etmişdir. Həmin çıxarışa əsasən, ünvan 1 ünvanında MTK-ya məxsus yaşayış və qeyri-yaşayışsahələrinin daxil olduğu yaşayış kompleksinin saxlanılması və müxtəlif növ xidmətlərlə təmin edilməsi məqsədi ilə aylıq kommunal xərclərinin hər 1 kv.m düşən dəyəri 0,40 manat qərara alınmışdır. Birinci instansiya məhkəməsi işə baxarkən sübutetməyə dair prosessual tələblərə əməl etməyərək iddiaçının məhkəməyə təqdim etdiyi çıxarışa ümumiyyətlə hüquqi qiymət verməmişdir. Bundan başqa, məhkəmə Mənzil Məcəlləsinin tələblərinə istinad edərək çoxmənzilli yaşayış binasında yaradılmış mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək məhz onların səlahiyyətlərinə aid olan məsələ olduğunu qeyd etsə də, bəhs edilən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nə zaman təsisedildiyini tam araşdırmamışdır. Halbuki, iddiaçı, sözügüdən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin təsis edildiyi tarixədək ödənilməyən borcları cavabdehlərdən tələb edir. İşin birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından da görünür ki, cavabdehlər müəyyən tarixlərdə kommunaxərclərin ödənişlərini həyata keçirmiş və bu ödənişlərin hansı vaxtda ödənildiyi və borcun hansı tarixə qədər hesablandığı haqqında məlumat iş materiallarında olan cavabdehlərə münasibətdə müvafiq olaraq maliyyə arayışları ilə təsdiq olunur. Üstəlik həmin dövrlərdə, eləcə də hazırda binanın saxlanılması üzrə xidmətləri faktiki olaraq MTK göstərir və bu xidmətlərdən cavabdehlər və digər bina sakinləri istifadə etməkdə davam edirlər. Lakin işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bu xüsusatlar birinci instansiyasıməhkəməsinin diqqətindən kənarda qalmışdır. "Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun (2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarı)mövqeyinə görə, qətnamədə iş üçün əhəmiyyətli olan, işə aid edilən və mötəbər sübutlarlatəsdiq olunan faktlar əks etdirilmədikdə, məhkəmənin qəti nəticəsi şərh edilmədikdə, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olmadıqda, qətnamə əsaslı hesab edilə bilməz; kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Hesab edir ki, birinci instansiya məhkəməsi hazırki mübahisə üzrə hüququn tətbiqində səhvə yol vermişdir. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı ilə üç cavabdeh arasında xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmış, digər cavabdehlərə təklif edilsə də, həmin cavabdehlər bundan imtina etmişlər. Buna baxmayaraq, müqavilə bağlamağı imtina edən cavabdehlər ayrı-ayrı vaxtlarda kommunal xidmətlərdən istifadəyə görə MTK-ya ödəniş etməklə iradə ifadələrini etmişlər. Bununla cavabdehlərin iddiaçı qarşısında müqavilə öhdəliyi yaranmış, iddiaçının da qeyd edilən normaya əsasən cavabdehlərdən müqavilə üzrə vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Belə olan halda məhkəmə iddiaçının xidmət haqqının tələb etmək üçün subyektiv hüquqa malik olubolmamasını qiymətləndirərkən ilk növbədə qeyd edilən normaların tələblərinin hazırkı mübahisəyə tətbiqi imkanlarını dəyərləndirməli idi. Hesab edir ki, birinci instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq iddia tələbi üzrə mübahisəyə çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclərin ödənilməsi ilə bağlı qeyd edilən maddi hüquq normalarını tətbiq etməli idi. Çünki, qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtləri hazırki işin müəyyən edilmiş hallarına uyğun gəlir. Cavabdehlərin binadakı mənzildə yaşaması, iddiaçı ilə xidmətlə bağlı müqavilə bağlamaqları, mənzil kommunal haqqını qismən ödəmələri, bununla xidmətdən faktiki olaraq istifadə etməkləri işin mübahisəsiz halıdır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, binanın ümumi əmlakının saxlanmasına görə xərclərlə bağlı haqların miqdarı müvafiq təşkilatların idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. Hazırkı işdə isə iddiaçı MTK-nın ali idarəetmə orqanın xx.xx.2019-cu il tarixli 1 saylı protokolundan çıxarışı ilə xidmət haqqının miqdarı müəyyən edilmişdir. Həmin dövrdə isə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti təsis edilməmişdir. Təəsüflər olsun ki, bu məsələ məhkəmə diqqətindən kənarda qalmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

12. Məhkəmə iclasında iştirak edən İddiaçı MTK-nın nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. İşin mübahisəsiz halı odur ki, sakinlər həmin binada yaşayıblar və əksəriyyəti ilə xidmət müqaviləsi bağlanılıb. Sakinlər vaxtaşırı qismən ödənişlər ediblər. Onlar hesab edir ki, sakinlər bu hal ilə iradə ifadələrini bildiriblər. Məhkəmə hesab edir ki, subyektiv hüquq yoxdur. Onlar hesab edir ki, xidmət müştərək cəmiyyətin təsis edildiyi tarixə qədər, yəni faktiki xidmət cəmiyyətin təsis edildiyi tarixə qədər göstərilmişdir. İddia tələbi qeyd edilən xidmətlərin haqqı məhz həmin dövrə qədər tələb edilir, MMC təsis edilən dövrdən sonrakı dövrü iddiaçı tələb etmir. Bu baxımdan da iddiaçının subyektiv hüquqa malik olmasını hesab edir. İş materiallarına MTK-nın üzvlərinin ümumi yığıncağının protokolu əlavə edilmişdir. Məhkəmə buna ümumiyyətlə qiymət verməyib. Bu baxımdan hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuzdur. "xxxx" MTK rəhbərliyi tərəfindən məlumat verildi ki, mübahisə tərəflər arasında öz həllini tapdığı üçün Cavabdeh1 münasibətdə icraata xitam verilsin. Hər ay üçün 40 qəpik hesablanıb. Apellyasiya şikayətində texniki səhv gedə bilər, maliyyə arayışında hansı qiymətdirsə, onu tələb edirlər.

13. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, "xxxx" MTK-nın kommunal xidmət yığmağa ixtiyarı yoxdur. Onun xidmət müqaviləsi yoxdur, xidmət müqaviləsi bağlamaqla əlaqədar ona məktub da gəlməyib. 16 ay müqaviləsiz ödəniş ödəyib. Hüquqşünas dostlar ilə məsləhətləşdikdən və qanunsuz olduğunu gördükdən sonra ödənişi ödəməyib. Onlar orada yaşayırlar, zibilləri özləri atırlar və bələdiyyə gəlib zibil maşınları ilə daşıyır, yəni dövlət özü edir. Həyət də bu yaxınlarda düzəldilib, "besetka" əvvəl var idi. Uşaqların əylənməsi üçün sürüşkən və s. yoxdur. Binada lift və işıqlandırma da var. O bildiyi qədəri ilə 50+1% köçəndən sonra MTK özü təhvil verməli idi, yəni yığıncaqla olmamalıdır. Sakinlərin yığışıb MTK-nın ləğv olunması barədə razılığa gəlməsindən xəbəri yoxdur.

14. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası digər cavabdehlərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

15. Azərbaycan Respublikası Mənzil Məcəlləsi

Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Maddə 135.2.3. Mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaranmış hesab edilir. Maddə 136.3. Yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Maddə 137.5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. Maddə 137.8. Yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər. Maddə 137.9. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

17. “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında və ya Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qəbul edilmiş qərar əsasında ödəməlidirlər.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

Apellyasiya baxışının hədləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.

23. Belə ki, iddiaçı hazırkı iddiasında cavabdehlərdən kommunal xidmət haqqı və cərimənin tutulmasını xahiş etmişdir.

24. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5948/2023 saylı, 09 oktyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı MTK-nın Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə icraata iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar xitam verilmişdir.

25. İddia tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmiş və ona istinad edilmişdir ki, Mənzil Məcəlləsinin tələblərinə əsasən çoxmənzilli yaşayış binasında yaradılmış mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək məhz onların səlahiyyətlərinə aid olan məsələdir, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Mənzil Məcəlləsinin 135.2.3-cü maddəsində qeyd edilir ki, mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaranmış hesab edilir.

27. İş materiallarından müəyyən edilir ki, iddiaçı ilə cavabdehlər arasında mənzilin alınması ilə bağlı müqavilə, həmçinin Cavabdeh4 və Cavabdeh9 ilə kommunal xidmətlərin ödənilməsi ilə bağlı müqavilələr imzalanmışdır.

28. Bununla yanaşı iş materiallarında olan İddiaçı MTK-nın üzvlərinin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli, 1 saylı Prokolundan çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən İddiaçı MTK-ya məxsus yaşayış və qeyri-yaşayış sahələrinin daxil olduğu yaşayış kompleksinin saxlanılması və protokolda qeyd edilən növ xidmətlərlə təmin edilməsi məqsədi ilə aylıq kommunal xərclərin hər 1 kv.m düşən dəyərinin 0,40 manat qəbul edilməsi qərara alınmışdır.

29. İş materiallarında olan kommunal xidmətlərin göstərilməsi ilə bağlı müqavilələrdən görünür ki, mülkiyyətçi ona göstərilmiş kommunal xidmətlərin müqabilində İcraçıya hər 1 kv.m üçün 0,40 AZN olmaqla 44 AZN xidmət haqqı ödəyir. Azərbaycan Respublikası iqtisadi vəziyyətindən asılı olaraq, kommunal xidmətlərin ödəniş tarif qiymətləri hər hansı dəyişiklik olmasından asılı olaraq tənzimlənir, aşağı düşə və ya arta bilər. Xidmət haqqının hesablanma tarixi 01 oktyabr 2019-cu il tarixdən başlanır. Müqavilə imzalandığı tarixdən 3 ay müddəti ərzində Müqavilənin 2.1-ci bəndi ilə müəyyən edilmiş ödəniş tarif qiymətlərə 50% güzəşt edilir. 3 ay müddət bitdikdən sonra növbəti müddət üçün Mülkiyyətçi müqavilənin 2.1-ci bəndi ilə müəyyən edilmiş ödəniş tariflər qiymətlərinə uyğun İcraçıya Xidmət haqqı ödəyir.

30. Birinci instansiya məhkəməsi mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin kommunal xidmətlər üzrə haqqın tələb edilməsi səlahiyyətinə malik olduğuna əsaslansa da məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hal-hazırda Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılana kimi göstərilən xidmətlər üzrə borcun ödənilməsini tələb edir.

31. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

32. Cavabdehlərdən Cavabdeh3 borcu maliyyə arayışında 370 manat göstərilsə də iddiaçı sonuncudan 495 manat əsas borcun tutulmasını xahiş etmişdir. Digər cavabdehlərdən isə maliyyə arayışına uyğun olaraq əsas borcun tutulması tələb olunmuşdur.

33. Məhkəmə kollegiyası iş materiallarında olan maliyyə arayışlarına əsaslanaraq hesab edir ki, cavabdehlərdən kommunal xidmətlər üzrə əsas borclar tutulmalıdır.

34. Məhkəmə kollegiyası qeyd edir ki, yalnız cavabdehlərdən Cavabdeh4 və Cavabdeh9 ilə xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilədə cərimənin tutulması nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh4 70 manat, Cavabdeh9 20 manat cərimə tutulması işin hallarına uyğundur.

35. Məhkəmə qeyd edir ki, digər cavabdehlərlə kommunal xidmət haqqında müqavilə bağlanılmadığından onlara qarşı cərimə tələbi əsassız olduğundan təmin edilməməlidir.

36. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı MTK-nın apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail rayon Məhkəməsinin e- 2(009)-1002/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh3 370 manat əsas, Cavabdeh4 1558 manat əsas və 70 manat cərimə, Cavabdeh9 451 manat əsas və 20 manat cərimə, X1 561 manat əsas, Cavabdeh5 561 manat əsas, Cavabdeh2 405 manat əsas, Cavabdeh11 451 manat əsas, Cavabdeh7 583 manat əsas borc, eləcə də 210 manat vəkil xərci və 72 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı MTK-nın xeyrinə ödənilməlidir.

37. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

38. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

39. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan aşağı olduğundan qətnamədən cavabdehlər tərəfindən şikayət verilməsinə yol verilmir.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: İddiaçı MTK-nın apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)-1002/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin Cavabdeh3 370 manat, Cavabdeh4 1558 manat əsas və 70 manat cərimə, Cavabdeh9 451 manat əsas və 20 manat cərimə, X1 561 manat, Cavabdeh5 561 manat, Cavabdeh2 405 manat, Cavabdeh11 451 manat, Cavabdeh7 583 manat əsas borc iddiaçı MVVL Verus Praedium” MTK-nın xeyrinə tutulsun. Vəkilin göstərdiyi xidmətə görə ödənilmiş 210 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 72 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36 manat, cəmi 318 manat cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı MTK-nın xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən iddiaçı qətnaməni aldığı vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayevə Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar