Məhkəmə qərarları › İş №2(103)-5949/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5949/2022

22.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5949/2022 22.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 43 saylı Notariat Kontoru, Abşeron rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Şöbəsi, "xxxx" MTK-ya qarşı (X1 və X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “məktub, ərizə və maliyyə arayışının etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 tərəfdən verilmiş ərizəyə baxılmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-410/2022 saylı 29 iyun 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 43 saylı Notariat Kontoru, Abşeron rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Şöbəsi və "xxxx" MTK-ya qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi X1 və X2 cəlb etməklə) “məktub, ərizə və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2020-ci il tarixli məktubunun, Bakı şəhəri 43 saylı notariat ofisinin **********851 saylı, xx.xx.2021-ci il tarixli təsdiqli ərizəsinin əsassız hesab edilməsi və onlar əsasında "xxxx" MTK tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda məhkəməyə iddianın təmini tədbiri barədə ərizə ilə müraciət edərək, iddianı təmin etmə tədbiri qismində Bakı şəhəri, Masazır qəsəbəsi, "xxxx" MTK-ya məxsus 106 nömrəli binanın birinci mərtəbəsində yerləşən 60 kv.m olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinə və digər hüquqi hərəkətlərin edilməsinə qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-6383/2021 saylı qərardadı ilə İddiaçı «iddianın təmini tədbiri»nə dair ərizəsinin qismən təmin edilməsi, hazırkı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək Bakı şəhəri, Masazır qəsəbəsi, "xxxx" MTK-ya məxsus 106 nömrəli binanın birinci mərtəbəsində yerləşən 60 kv.m olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Daha sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 yanvar 2022-ci il tarixli 2(006)-410/2022 saylı qətnaməsi ilə iddia ərizəsinin təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 may 2022-ci il tarixli 2(103)-2529/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. İddiaçıya izah edilmişdir ki, onun “məktub, ərizə və maliyyə arayışının etibarsız hesab edilməsi” ilə bağlı iddia tələbi mahiyyət etibari ilə sübutların etibarsızlığı ilə bağlı olduğundan, həmin sübutların etibarsızlığı ilə bağlı məsələyə mübahisəli əmlakla bağlı əqdin etibarsızlığı ilə bağlı tələbə baxılarkən müzakirə oluna bilər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 ərizə ilə müraciət edərək, bildirmişdir ki, qətnamə ləğv edilərək iş üzrə icraata xitam verilmiş, lakin onun mülkiyyət hüquqları pozularaq əmlakı üzərinə qoyulmuş həbs hələ də götürülməmişdir. İddianı təmin tədbirinə dair qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-410/2022 saylı 29 iyun 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-6383/2021 saylı qərardadı ləğv edilmiş, Bakı şəhəri, Masazır qəsəbəsi, "xxxx" MTK-ya məxsus 106 nömrəli binanın birinci mərtəbəsində yerləşən 60 kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-6383/2021 saylı qərardadı ilə qoyulmuş həbs götürülmüşdür. Hazırda iddiaçı həmin qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmiş, göstərmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin qeyd olunan qərardadını rəsmi qaydada almamışdır. Buna görə də rəsmi qaydada təqdim edilməsi barədə ərizə ilə müraciət etmiş və 15 gün ərzində veriləcəyi bildirilmişdir. Həmin qərardaddan şikayət verəcəkdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmadan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, hazırda Bakı şəhəri, Masazır qəsəbəsi, "xxxx" MTK-ya məxsus 106 nömrəli binanın birinci mərtəbəsində yerləşən 60 kv.m olan qeyri-yaşayış sahəsinin üzərində həbsin saxlanılması zərurəti aradan qalxmışdır. Belə ki, iş üzrə qanuni qüvvəsini almış yekun məhkəmə aktı mövcuddur. Kollegiya hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi müvəqqəti təminat tədbirinin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. Məcəllənin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Göründüyü kimi iş üzrə icraata xitam verildikdə məhkəmə aktı qanuni qüvvəyə minənə qədər müvəqqəti təminat tədbiri saxlanılır. Baxılan iş üzrə Bakı Apelyasiya Məhkəməsinin qərardadı ilə iş üzrə icraata xitam verilmişdir və həmin məhkəmə aktı qanuni qüvvəsini aldığı üçün məhkəmə hazırda Bakı şəhəri, Masazır qəsəbəsi, "xxxx" MTK-ya məxsus 106 nömrəli binanın birinci mərtəbəsində yerləşən 60 kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin qərardadını rəsmi qaydada almadığını qeyd etmişdir. İş materiallarından görünür ki, iddiaçıya göndərilmiş poçt zərfi geri qayıtmış, lakin qətnamə nümayəndəsi-vəkilinin elektron kabinetinə yerləşdirilmişdir. İddiaçı iş üzrə icraata xitam verilməsi barədə qərardadın rəsmi qaydada təqdim edilməsi barədə ərizə ilə müraciət etdiyini və məhkəmədən 15 gün ərzində qərardadın veriləcəyini bildirdiklərini, qərardadı alan zaman Bakı Apellyasiya Məhkəməsinin bu qərardadından şikayət verəcəyini bildirsə də, qeyd etdiyi halı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İddiaçı tərəfindən verilən şikayət əsassızdır və şikayətin dəliləri qərardadın ləğvi üçün əsas ola bilməz. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 401 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçının şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-410/2022 saylı 29 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar