Məhkəmə qərarları › İş №2(103)-5950/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5950/2021

30.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5950/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X6 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 311/2021 saylı işi üzrə 22 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi zərər üçün 37400 manat və mənəvi zərər üçün 10000 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: 1270 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi ev 1, mənzil 14-də yerləşən 1 otağın mülkiyyət hüququ Abşeron rayon İH şəhər XDS İcraiyyə Komitəsinin 124 nömrəli, 24 fevral 1995-ci il tarixli qərarı əsasında İddiaçı adına qeydiyyatdan keçib (səh.8); İV-ЖГ 480227 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X16 (iddiaçının anası) 20 fevral 1998-ci il tarixdə Zaqatala rayonunda vəfat etmişdir (səh.81); Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsinin 16/231 saylı 03.03.2009-cu il tarixli məktubuna əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi ev 1, mənzil 14 bəxşiş müqaviləsinə əsasən 28.02.1995-ci ildə mülkiyyət hüquqları İddiaçı adına qeydiyyatdan keçib. 24.03.1995-ci ildə alqı-satqı müqaviləsi əsasında X8, 29.12.1995-ci il tarixdə alğısatqı müqaviləsinə əsasən X3, 18.07.1996-cı il tarixdə isə alqı-satqı müqaviləsinə əsasən X4 adına qeydiyyatdan keçmişdir (səh.82). Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-311/2021 saylı işi üzrə 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə; "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 50, 51, 77, 78, 88, 119, 217-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, iddiaçının hüququnun pozulması Etibar Həsənovun hərəkəti nəticəsində baş verdiyi ehtimal olunur. İrəli sürdüyü iddia tələbinə münasibətdə iddiaçı məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən və iddiaçı cavabdehin əvəz edilməsinə razılıq vermədiyindən təmin edilə bilməz; iddianın əsaslılığı məsələsinə isə, iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə müvafiq məhkəmə qərar verə bilər. İddia müddəti tətbiq edilməlidir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2(009)-311/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikasının MPM-nin 9, 217, 218, 360; “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə istinadən qeyd edilmişdir ki, ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi bina nömrə 1- də yerləşən, bazar qiyməti 36 000 manat olan 14 “A” nömrəli mənzil və həmin mənzildə ümumi dəyəri 1400 manat təşkil edən 42 adda olan ev əşyaları olmuş və həmin ev satılmışdır. Həmin evin saxta etibarnamə əsasında satılması nəticəsində ona 37400 manat maddi ziyan dəymişdir. Həmin ev Bakı şəhər XDS İcraiyyə Komitəsinin 124 saylı, 24 fevral 1995-ci il tarixli qərarı ilə ona verilmişdir. Reyestr nömrəsi 1270 olan Qeydiyyat Vəsiqəsi vardır. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 124 nömrəli, 24 fevral 1995-ci il tarixli sərəncamına əsasən pulsuz olaraq onun və X13 adına şərikli olaraq özəlləşdirilmişdir. Onun adına-Xırdalan qəsəbəsi H.Z.Tağıyev küçəsi İ nömrəli evin 14 nömrəli mənzili 615 manat dəyərində, sahəsi 25.1 kv.m olan 1 otaq verilmişdir. Əvvəl Bakı şəhəri 12-ci Dövlət Notariat Kontorunun Dövlət Notariusu işləmiş Cavabdeh 14.02.1995-ci il tarixdə özü təsdiq etmiş və 4-E-6-1830 nömrəli saxta etibarnamə tərtib etmişdir. Həmin saxta etibarnamədə İddiaçı X7 guya hər hansı bir hüquqlarının həyata keçirilməsinə səlahiyyət vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası Kriminalistika və X1 3676 nömrəli, 13 oktyabr 1997-ci il tarixli Ekspert Rəyində, nəticə hissəsində İddiaçı adından 14 fevral 1995-ci il tarixdə 12 saylı Notariat kontoru tərəfindən 4E6 1830 saylı reyestr üzrə verilmiş etibarnamədə “Подпись” qrafasında imza-İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Nəticədə Cavabdeh qanunsuz hərəkətləri nəticəsində ona 37400 manat maddi ziyan dəymişdir. Cavabdeh saxta etibarnamə tərtib etməsə idi, o, mənzildən məhrum olmazdı, nə də ona hazırkı ziyan dəyməzdi. Bundan əlavə ona bu illər ərzində o, stress, əsəb keçirmişdir, xəstəlik tapmışdır, gözləri kor olmuş və hal-hazırda gözdən İ qrup əlildir.Hesab edir ki, notarius Altay İbrahimov X9 qanunsuz hərəkətləri nəticəsində ona 10000 manat mənəvi zərər də vurulmuşdur. Cavabdehin hərəkətləri nəticəsində iztirab və sarsıntı keçirmişdir. Ona cavabdeh tərəfindən həm maddi, həmdə mənəvi zərər vurulmuşdur. Abşeron rayon Prokurorluğunun müstəntiqi S.Əhmədov 13 noyabr 1997-ci il tarixli qərarı ilə Cavabdeh barəsində cinayət işi qərarın təsviri hissəsində göstərilən əsaslara görə hissəvi xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsi 2(103)- 4604/2010 saylı,26 noyabr 2010-cu il tarixli qərardadında göstərmişdir ki, rayon məhkəməsinə təqdim edilən sənədlərin bəziləri isə qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş-fotosurətdir. Həmin zaman məhkəmə ondan bütün sənədlərin əsilləri tələb etmişdir. Onda isə sənədlərin əsilləri olmamışdır. Bundan sonra o, dəfələrlə Abşeron rayon prokurorluğuna müraciət etsə də, prokurorluqda olan sənədləri ona verməmişlər. Bəhanə edərək bildirmişlər ki, xətt ekspertizası rəyi makina yazısı ilə yazıldığı üçün həmin sənədin təsdiq edilmiş surətini verə bilmirlər. 2019-cu ilin noyabr ayında o, Abşeron rayon prokurorluğunda olan zaman İbrahim müəllim ona bütün sənədlərin təsdiq edilmiş surətlərini, saxta etibarnamə, evin sənədləri və xətt ekspertiza rəyinin təsdiq edilmiş surətini ərizəsi əsasında ona təqdim etdi. O, bundan sonra məhkəmə işinə başladı. Yəni, həmin sənədlərin surətlərini o, təzəliklə bu məhkəmədən qabaq əldə etmişdir. Həmin sənədləri məhkəməyə təqdim etmişdir. Xətt ekspertizasının rəyi, texniki pasport və s. Həmin sənədlərin surətlərinin üzərində götürülmə tarixi barədə qeyd vardır. Lakin məhkəmə onun sənədlərinə baxıb düzgün nəticəyə gəlməmişdir. Qanunsuz qətnamə qəbul etmişdir O, evinin əldən çıxmasından sonra illərlə kirayələrdə yaşamışdır. Bu günə qədər əziyyət çəkmiş və bunun nəticəsində əsəb və stresdən gözləri kor olmuşdur. Halhazırda əziyyət çəkir. Azərbaycan Dövləti 29 ildən sonra necə öz torpaqları geri aldı.O, öz evini geri almaq istəyir. O, evinin əldən çıxmasından sonra yarı ac-yarı tox evsiz yaşamışdır. O, torpaqların azad olunması üçün hərbiyə dəstək məqsədi ilə pensiyasından həyat yoldaşı X2 100 manat Silahlı qüvvələrin X18 ödəmə etmişdir. Ədalət mühakiməsinin bərabərlik, çəkişmə və dispozitivlik prinsipləri əsasında həyata keçirilməsi proses tərəflərindən hər hansı birinə imtiyazların və ya üstünlüklərin verilməsini istisna edir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq o cümlədən insan hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Hesab edir ki, həmin qətnamə hakim tərəfindən qanuni və əsaslı verilməmiş, yəni tərəflər arasındakı həqiqi faktlara əsaslanmamış eyni zamanda maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, Prokurorluğa müraciət etdiklərini, lakin cinayət işi üzrə xitam verildiyini, həmin qərardan şikayət vermədiklərini, iddiaçının özünün əsəbdən gözlərinin tutulduğunu, tələbdə qeyd edilən 37400 manat məbləğində maddi zərərin hesablanması üzrə qiymətləndirilmə aparılmadığını bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən, Cavabdeh iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67, Azərbaycan Respublikası Konstitusiyasının 63, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097.1, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 76.1, 77.1, 80- 82, 89.3, 106.2, 119, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, artıq məhkəmə müstəvisində müzakirə predmeti olmuş mübahisə edilən məsələlər cavabdehin cinayət əməllərinə istinad edilməsi ilə bağlıdır. Yəni notarius işləmiş şəxsin vəzifə və ya saxta sənədlər tərtib edilməsində təqsirli olması sübuta yetirildikdən sonra onun əməllərinə mülki hüquqi müstəvidə qiymət verilməsi mümkündür. Digər qaydada onun əməllərinin birmənalı təfsir edilərək mülki icraat həddində təqsirlilik dərəcəsinə qiymət verilməsi diskression səlahiyyətlərdən və dispozitiv imkandan kənar sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyası ilə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ təsbit edilmişdir. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384, 393, 398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-311/2021 saylı işi üzrə 22 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar