Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5953/2020 14.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1527/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxxxxxx” açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxxxxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus bir baş iri buynuzlu, 5 yaşında olan qəhvəyi rəngində, orta köklüyündə inək köhnə paltaryuyulan idarəsi sahəsində xx.xx.2019-cu il tarixdə elektrik tokun vurması nəticəsində ölmüşdür.Həmin heyvan 7 aylıq boğaz olmuşdur. Həmin inəyin qiyməti 1500 manat dəyərindədir.Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Şamaxı rayon Baytarlıq idarəsi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli,78 saylı arayışdan görünür ki, Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi, ev 56A-da yaşayan İddiaçı məxsus olan bir baş iri buynuzlu, 5 yaşında qəhvəyi rəngində orta köklüyündə inəyi köhnə paltar yuyulan idarəsi sahəsində xx.xx.2019-cu il tarixdə elektrik tokun vurması nəticəsində ölmüşdür.Həmin heyvan 7 aylıq boğaz olmuşdur.xx.xx.2019-cu il tarixli, 18 saylı arayışdan görünür ki, X1 Mal-Qara bazarında heyvanların alqı-satqısı bazar qiymətlərinə uyğun olaraq, həmçinin heyvanın cinsindən, köklük dərəcəsindən asılı olaraq alanla satan arasında gəlinmiş razılığa əsasən müəyyən edilir. İddiaçının inəyinin qiyməti 1400-1500 manat civarında təxminedilir. “xxxxxxxx” ASC-nin Şamaxı elektrik şəbəkəsinin səhlənkarlığı üzündən iddiaçıya bir baş iri buynuzlu heyvanına görə, ümumilikdə 1500 (min beş yüz) manat məbləğində maddi ziyan yetirilməsi faktı da öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən cavabdeh “xxxxxxxx” ASC-dən iddiaçıya məxsus bir baş, iri buynuzlu inəyə görə 1500 manat, maddi ziyana görə 500 manat,mənəvi ziyana görə 1000 manat və 30 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1527/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh «xxxxxxxx» ASC-dən bir baş iri buynuzlu inəyə görə 1500 (bir min beş yüz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1530 (bir min beş yüz otuz) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh “xxxxxxxx” ASC apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissədə ləğv edilməsini və həmin hissədə iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il, 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizə Qaydaları”nın 1-ci bəndinə əsasən, elektrik enerjisini ötürən, açıq havada yerləşən, dayağa və mühəndis qurğularına izolyator və armaturlar vasitəsilə bərkidilmiş naqillərdən ibarət olan elektrik qurğuları - hava elektrik ötürücü xətti anlayışını, mühafizə zonası isə - elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəkilində minimal məsafələr anlayışı təsbit edilmişdir. Həmin Qaydaların 2-ci bəndinə əsasən, bu Qaydaların məqsədi gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan ibarətdir və elektrik ötürücü xətlərinin, birləşdirici və paylaşdırıcı qurğuların layihələşdirilməsində, quraşdırılmasında, istismarında tətbiqi məcburi olduğu təsbit edilmişdir. Həmin Qaydaların 3-cü bəndinə əsasən, hava elektrik ötürücü xətləri boyunca (binalara ayrılan qollar istisna olmaqla) kənar naqillərin (onların meyl etməmiş vəziyyətində) yer səthinə proyeksiyasının hər tərəfindən 2 m aralı keçən paralel düz xətlərlə məhdudlaşan torpaq sahəsi, o cümlədən hava elektrik ötürücü xətləri altında olan torpaq sahəsi, o cümlədən, hava elektrik ötürücü xətləri altında olan torpaq sahəsi gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi üçün mühafizə zonasını müəyyən edir. Həmin Qaydaların 7-ci bəndinə əsasən, Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. İstifadəçinin və mülkiyyətçinin torpaq sahələrindən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri keçdikdə, həmin xətlərin qorunmasını təşkil etmək üçün onlar özlərindən asılı olan tədbirləri görməli olduğu müəyyən edilmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 389-cu maddəsinə əsasən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Kollegiya iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi F.Qasımzadə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissədə ləğv edilməsini xahiş etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdıraraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “Şirvan” Ticarət Kompleksinin xx.xx.2019-cu il tarixli, 18 saylı məktubundan görünür ki, “Şirvan” Ticarət Kompleksinin mal-qara bazarında heyvanların alqı-satqısı bazar qiymətlərinə uyğun olaraq, həmçinin heyvanın cinsindən köklük dərəcəsindən asılı olaraq alanla-satan arasında gəlinmiş razılığa əsasən müəyyən edilir, sorğuya əsasən inəyin qiyməti 1400-1500 manat civarında təxmin edilir. İş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Şamaxı Rayon Baytarlıq İdarəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı məxsus olan bir baş iri buynuzlu heyvan, inək 5 yaşında qəhvəyi rəngində, orta köklüyündə köhnə paltar yuyulan idarəsi sahəsində xx.xx.2019-cu il tarixdə elektrik tokun vurması nəticəsində heyvan ölmüşdür. Həmin heyvan 7 aylıq boğaz olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olduğundan qətnamənin iddianın təmin olunan hissədə ləğvi və iddianın rədd olunması üçün əsas ola bilməz. Kollegiya iş materialları və tərəflərin izahatına əsasən hesab edir ki, İddiaçı məxsus bir baş iribuynuzlu malın xx.xx.2019-cu il tarixdə köhnə paltar yuyulan idarəsi sahəsində yüksək gərginlik elektrik xəttinə toxunaraq tələf olması işin mübahisələndirilməyən halıdır. Mülki Məcəllənin yuxarıda qeyd olunan 1108.1-ci maddəsinin tələbinə əsasən, cavabdeh tərəf yüksək təhlükə mənbəyinin vurduğu zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində baş verdiyini sübuta yetirmədiyindən, kollegiya hesab edir ki, cavabdeh yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur. Belə ki, kollegiya həmin heyvanın hazırda bazar qiymətinin 1400-1500 manat dəyərində olmasına əsaslanan birinci instansiya məhkəməsinin cavabdehdən həmin iri buynuzlu inəyə görə 1500 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsinə dair gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli Qərarına əsasən, “...Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Odur ki, cavabdeh apellyasiya şikayətində yalnız iddia tələbinin tələf olmuş bir baş iri buynuzlu inəyə görə müəyyən olunan 1500 manat pulun ödənilməsi hissəsində mübahisələndirdiyindən, apellyasiya instansiyası məhkəməsi yalnız həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh “xxxxxxxx” açıq səhmdar cəmiyyətinin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh “xxxxxxxx” açıq səhmdar cəmiyyətinin apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Şərholunanlaraəsasən vəMülkiProsessualMəcəllənin 382, 384.0.1, 392, 393 və 405cimaddələrinirəhbərtutaraq, apellyasiyainstansiyaməhkəməsi q ə t e t d i: Cavabdeh “xxxxxxxx” açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1527/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5953/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5953/2020
14.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver