Məhkəmə qərarları › İş №2(103)-5958/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5958/2024

02.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5958/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Binəqədi Rayon Məhkəməsinin e-2(001)-64/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən X1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq Müəyyən etdi: Binəqədi Rayon Məhkəməsinin e-2(001)-64/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “xüsusi mülkiyyətdə olan torpaq sahəsinin yerdə (naturada) ayrılması” tələbinə dair iddia təmin edilmişdir. Qətnamədən həm Cavabdeh1, eyni zamanda işdə iştirak etməyə cəlb edilməyən Rüstəm Mirzəcanovun ayrılıqda verdikləri apellyasiya şikayətləri mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, qətnamədən Rüstəm Mirzəcanov tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş onun apellyasiya şikayəti vermək hüququna malik olan şəxs kimi qəbul edilib-edilməməsi məsələsinin həll olunması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1 maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Məcəllənin 357.2-ci maddəsinə görə is həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Qeyd olunmalıdır ki, şəxsin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınması üçün məhz işə məhkəmələrdə baxılarkən onun cəlb edilməsinə zərurət olmalıdır. İş materiallarından göründüyü kimi R.Mirzəcanov mübahisə üzrə tərəf (iddiaçı və ya cavabdeh) olmamış, habelə, işdə iştirak etməyə cəlb edilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi onun apellyasiya şikayəti vermək hüququna malik olan şəxs kimi qəbul edilə bilməsi üçün işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınmasıyla bağlı prosessual hərəkət etməli (müvafiq qərardad qəbul etməli) idi. Kollegiya onu da xatırladır ki, mövcud praktiya əsasən həmin qərardad mübahisələndirilə bilən qərardad hesab edilir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi qətnamənin R.Mirzəcanovun hüquq və vəzifələrinə toxunub-toxunmadığına münasibət bildirmədən və buna dair müvafiq məhkəmə aktı qəbul etmədən onun verdiyi apellyasiya şikayətini apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Mülki-Prosessual Məcəllənin 363.1.1-ci maddəsinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi R.Mirzəcanovun qətnamədən apellyasiya şikayəti vermək hüququnun olub-olmamasını yoxlamadan və onun qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınması barədə müvafiq qərardad qəbul etmədiyindən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş qeyd olunan məsələnin həlli üçün Binəqədi Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357, 363, 366, 402,405-ci maddələrin rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Binəqədi Rayon Məhkəməsinin e-2(001)-64/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən X1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş onun apellyasiya şikayəti vermək hüququna malik olan şəxs kimi qəbul edilibedilməməsi məsələsinin həll olunması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar