Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5965/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndəsi (vəkili) X2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-496/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MMC qarşı ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-yə İddiaçı tərəfindən ödənilən 1.011 manat, maddi zərərin əvəzi kimi 10.000 manat, 5000 manat mənəvi ziyan, əldən çıxmış fayda kimi 01.05.2019-cu il tarixdən bugünə qədər aylıq 1550 manat, ümumi olaraq 31.000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi, habelə “X7 5 minik” markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikinin cavabdehin vəsaiti hesabına təmir edilməsi və mühərrikin işlək vəziyyətdə Cavabdeh MMC-dən alınaraq İddiaçı qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Süleymanova, iş № 2(009)-496/21) iddia təmin edilməmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş və şikayətində qətnamənin ləğv edilməsini, iddianın tam təmin olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan “X7 5 minik” markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin yağ nasosunda nasazlıq olduğu üçün təmir etmək məqsədi ilə cavabdehin göstərdiyi xidmətlərdən istifadə etmişdir. Cavabdeh müəssisə avtomobilin təmir olunduğunu bildirirək ona 20.11.2018- il tarixli arayış təqdim etmişdir. Həmin arayışda qeyd olunur ki, guya avtomobilin уağ nasosu, kalenval şaybası, mühərrik yağı, hava filteri, antifrizi, transmissiya yağı, şpill perexodniki dəyişdirilmişdir. Lakin avtomobil ona təhvil verildikdən sonra mühərrik sistemində problemlər yaranmış və mühərrik yararsız vəziyyətə düşmüşdür. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Belə ki, cavabdeh avtomobilin yağ nasosunu və digər ehtiyat hissələrini düzgün təmir etmədiyinə görə mühərrik yararsız vəziyyətə salınmışdır. Avtomobili yenidən onlara təqdim edərək təmir etmələrini və zərəri ödəmələrini tələb etmiş, lakin 07.12.2020-ci il tarixə qədər avtomobil təmir edilməmiş və ona təqdim olunmamışdır. Artıq 2018-ci noyabr ayından 07.12.2020-ci il tarixə qədər avtomobil servisdə saxlanılmış və təmir edilmədən ona iş materialına əlavə olunmuş 07.12.2020-ci il tarixli təhvil-təslim aktından da göründüyü kimi mühərriksiz olaraq təqdim edilmişdir. Göründüyü kimi cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. 20.11.2018-ci il tarixli arayışdan görünür ki, o cavabdehə avtomobil təmiri üçün 1011 manat məbləğində pul ödəmişdir. İddia ərizəsinə əlavə olunmuş 09.10.2019-cu il tarixli ekspert rəyindən müəyyən olunur ki, mübahisəli avtomobilin mühərrikinin təmir xərci 10 000 manat dəyərindədir. Hesab edir ki, 1011 manat pul məbləği ona qaytarılmalı və maddi ziyan əvəzi olaraq 10 000 manat pul cavabdehdən tutulmalıdır. Bundan əlavə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona mənəvi ziyan dəymişdir. Belə ki, cavabdehin təqsirinə görə o, aylardır öz mülkiyyətində olan əmlakdan istifadə edə bilmir, mülkiyyətindəki əmlakdan məhrum olmuşdur. Bu isə növbəsində onun əsəb sarsıntısı keçirməyinə əsas olmuşdur. Ona görə də hesab edir ki, cavabdehdən mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində pul tutularaq ona ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcələsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Ertrans" MMC ilə İddiaçı arasında 01.05.2019-cu il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən iddiaçı mübahisəli nəqliyyat vasitəsinə dair "xxxx" MMC-yə xidmət göstərməli idi. "xxxx" MMC isə bu xidmətlərin qarşılığında iddiaçıya hər ay 1550 manat məbləğində pul ödəməli idi. Lakin cavabdeh nəqliyyat vasitəsini iddiaçıya təhvil vermədiyinə görə həmin müqavilə icra edilməmiş, iddiaçı aylıq 1550 manat məbləğində pulu ala bilməmişdir. Ona görə də hesab edir ki, cavabdehdən əldən çıxmış fayda olaraq aylıq 1550 manat yəni 31.000 (otuz bir min) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir və bu müqavilə davamedici xarakter daşıyır. Belə ki, avtomobil ona təmir edilmədən təhvil verildiyini əsas gətirərək müqavilənin müddətinin bitdiyi tarixə qədər aylıq 1550 manat məbləğində pul cavabdehdən tutularaq ona ödənilməlidir. Bundan başqa, mülkiyyətində olan “X7 5 minik" markalı 99 EH 33 dövlət qeydiyyat nişanlı avtomobilin mühərriki də təmir olunmalı və işlək vəziyyətdə Cavabdeh MMC-dən alınaraq ona qaytarılmalıdır. Birinci instansiya məhkəməsində Cavabdeh MMC-nin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. İddiaçı tərəfindən iddia ərizəsinə qoşulmuş İnşaat Servisez MMC-nin iş kartı vardır. Həmin kartda qeyd olunur ki, görülən işlərə zəmanət verilmir. Çünki ehtiyyat hissələrini müştəri kənardan alıb gətirmişdir. İddiaçıya dəfələrlə deyilməsinə baxmayaraq avtomobili gəlib götürməmişdir. Birinci instansiya məhkəməsi şahid X1 izahat verərək bildirmişdir ki, müştəri hər hansı problemlə onlara müraciət etdikdə, müştəriyə izah olunur ki, əgər ehtiyat hissələrini onlardan alarsa həmin ehtiyat hissələrinə tam zəmanət verilir, yəni zavod zəmanət verir. Müştəri isə xərcləri çox çıxmasın deyə özü ya Çindən, ya da original olmayan ehtiyyat hissələrini gətizdirmişdir və avtomobilin təmiri üçün həmin ehtiyat hissələrindən istifadə olunmasını istəmişdir. İddiaçıya əvvəlcədən deyilmişdir ki, əgər siz, mühərriki özünüz təqdim etdiyiniz ehtiyyat hissələri ilə düzəltdirmək istəyirsinizsə sizə zəmanət verilməyəcək. İddiaçı da bunu bilib, razılaşmışdır. İddia tələbi üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsasandırılmışdır ki, məhkəmə mübahisənin həlli üçün sübutlara qiymət verməmişdir. Cavabdeh məhz avtomobilin mühərrikinin yararsız hala düşməsinin iddiaçının servisə təqdim etdiyi ehtiyat hissələrinin səbəb olduğunu bildirmişdir. Avtomobilin ehtiyat hissələri elə bir quruluşa malikdir ki, onlar yalnız zavod tərəfindən istehsal olunur. Əgər iddiaçının təqdim etdiyi ehtiyat hissələrində hər hansı çatışmazlıq olsaydı, nə avtomobili təmir edən servis işçisi ehtiyat hissələrini mühərrikə yerləşdirə bilməzdi, nə də ki mühərrik işə düşməzdi. İş materiallarında avtomobilin mühərrikinin məhz ehtiyat hissələrinin guya keyfiyyətsiz olması səbəbindən yararsız hala düşdüyü barədə heç bir mötəbər sübut yoxdur. Avtomobilin mühərrikinin yararsız hala düşməsi məhz cavabdeh MMC-nin öhdəliklərin icrasına vicdansızcasına yanaşması nəticəsində yaranmışdır. Belə olan halda, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, təmir etdirilməsi üçün servisə təqdim olunmuş avtomobili yararsız hala salmışdır. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, “X7 5 minik” markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyatdan keçmişdir. Cavabdeh MMC-nin 20.11.2018-ci il tarixli, sifariş №İKNOV00205 iş kartından görünür ki, “X7 5 minik” markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobildə xidmətlər göstərilmişdir. Görülən işlərə servis tərəfindən zəmanət verilmir. Xidmət haqqı 1011 manat müəyyən edilmişdir. İş materiallarında olan 07.12.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobil Abbasov Elsəvərə mühərriksiz təhvil verilmişdir. İddiaçının tələbi cavabdehdən ödənilən 1011 manat, maddi ziyana görə 10000 manat, mənəvi ziyana görə 5.000 manat, əldən çıxmış fayda kimi aylıq 1550 manat, ümumi 31000 manat məbləğində pulun tutulması barədədir. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097-ci və s. maddələri ilə əsaslandıraraq qeyd etmişdir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən iddia təmin olunmamalıdır. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsaslı sayaraq bir daha qeyd edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi hallar mötəbər sübutlarla təsdiq edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası işin araşdırılan hallarına əsasən bu qənaətə gəlir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə bu mənada iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır və bu baxımdan birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-5965/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5965/2021
04.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver