Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5965/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2 qarşı iş üzrə (Açar sözlər:əmlakın açıq hərracda satılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil və cavabdeh X1 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 21 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsindəki, 20b saylı (ümumi sahəsi 42,5 kv.m.) mənzildə cavabdehin payı 1/12 hissə, yəni cəmi 3,5 kv.m., 20 saylı (ümumi sahəsi 21,3 kv.m.) mənzildə isə 1/6 hissə, yəni cəmi 3,55 kv.m. təşkil edir.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-721/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X2 qarşı ”daşınmaz əmlakların tərəflər arasında natura qaydasında bölünməsi, bölünmüş hissələrin ayrı-ayrılıqda qiymətləndirilməsi və həmin əmlakın satışa çıxarılması” tələbinə dair iddiası təmin edilməmişdir.
3. Həmin iş üzrə əldə edilmiş ekspert rəyinə əsasən mənzillərin tərəflər arasında naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından məhkəmə mənzillərin naturada bölünməsi tələbini təmin etməmişdir.
4. Səbail Rayon Məhkəməsinin 2(009)-29/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X2 qarşı “kompensasiya ödənilməklə mülkiyyət hüququna xitam verilməsi” tələbinə ilkin iddiası rədd edilmiş, X1 qarşılıqlı iddiası qismən təmin olunaraq X3 mübahisəli mənzillərə köçürülmüş, İddiaçı tərəfindən həmin mənzillərdən X1 istifadəsinə yaradılmış maneələr qanunsuz hesab edilmiş, mənzillərin açarlarının (surəti) İddiaçı tərəfindən X2 təqdim edilmiş, qarşılıqlı iddia qalan hissədə təmin olunmamışdır.
5. Qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəyə minmişdir.
6. İddiaçı əvvəlki mübahisələr üzrə əldə edilmiş ekspert rəylərinə əsaslanaraq hesab edir ki, T.Əliyarbəyov küçəsindəki 20b saylı mənzildə 11/12 hissədə payının dəyəri 133.000 manat, T.Əliyarbəyov küçəsindəki digər 20 saylı mənzildə 5/6 hissədə payının dəyərini 134.000 manat qiymətləndirir və 267.000 manat pulun ümumi mənzillərdə payının dəyəri kimi ona ödənilməsini cavabdehdən tələb edir.
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsindəki, 20 və 20b saylı mənzillərdə iddiaçının payının dəyəri kimi 267.000 manat pulun cavabdeh X3 tərəfindən İddiaçı ödənilməsi, bu mümkün olmadıqda ümumi paylı mülkiyyətdə olan Bakı şəhəri, Səbail rayonu,T.Əliyarbəyov küçəsindəki ümumi sahəsi 21,3 kv.m. olan 20 saylı mənzilin və ümumi sahəsi 42,5 kv.m. olan 20b saylı mənzilin açıq hərracda satılması və əldə edilən pul vəsaitinin paylarına mütənasib aralarında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, Səbail Rayon Məhkəməsinin 2(009)-29/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onun cavabdeh X2 qarşı “Səbail rayonu, T.Əliyarbəyov küçəsindəki 20 və 20b saylı mənzillərdə cavabdeh Tamilla Rzabəyovanın payının cüzi olmasını nəzərə alıb paylarının dəyəri kimi 25.000 manat kompensasiya ödəməklə mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Cavabdehin ona qarşı verdiyi qarşılıqlı iddia qismən – onun Səbail rayonu, T.Əliyarbəyov küçəsindəki, 20 və 20b saylı mənzillərə köçürülməsi, mənzillərdən istifadəyə yaradılmış maneələrin qanunsuz hesab edilməsi və mənzillərin açarlarının surətinin Tamilla Rzabəyovaya təqdim edilməsi hissədə təmin edilmiş, qalan hissədə qarşılıqlı iddia təmin edilməmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Lakin tərəflər olaraq aralarında uzun illərdən davam edən həmin mənzillərdəki payların bölünməsi ilə bağlı əmlak mübahisəsi bununla başa çatmamışdır. Paylı mülkiyyətin əhəmiyyətli hissəsinin mülkiyyətçisi olaraq o, öz payının ayrılmasını tələb etməkdə israrlıdır. O, cavabdehlə ümumi paylı mülkiyyətdə əmlak sahibi olmaq istəmir. Payının ayrılmasını məhkəmə qaydasında tələb edir. Cavabdeh bilərəkdən ona payının dəyərindən daha artıq təklif edilən kompensasiya məbləği ilə razılaşmayaraq, əmlakın hərracda satılmasına qədər mübahisəni davam etdirmişdir. Onun Səbail Rayon Məhkəməsində eyni cavabdehə qarşı “həmin mənzillərin tərəflər arasında naturada bölünməsi, bölünmüş payların ayrı-ayrılıqda qiymətləndirilməsi və həmin əmlakların satışa çıxarılması” tələbi olmuş və Səbail rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(009)-721/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Mənzillərin tərəflər arasında naturada bölünməsinin mümkün olmaması məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir.
9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1197/22 saylı iş üzrə 28 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Abdullayev) iddia qismən təmin edilmiş, mənzillərin açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və satış pulu ümumi paylı mülkiyyətin mülkiyyətçiləri olan İddiaçı və X3 arasında onların paylarına (İddiaçı 20 və 20b saylı mənzillərdəki payı müvafiq olaraq 5/6 hissə və 11/12 hissə, Cavabdeh 20 və 20b saylı mənzillərdəki payı müvafiq olaraq 1/6 hissə və 1/12 hissə) münasib olaraq bölüşdürülməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
10. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı və cavabdehin paylı mülkiyyətində olan mənzillərin naturada ayrılmasının texniki cəhətdən mümkün olmaması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunduğundan və iddiaçı tərəfindən cavabdehə payına uyğun olaraq pul kompensasiyasının ödənilməsi təklif olunsa da, cavabdeh kompensasiya ödənilməsi barədə iddiaçının təklifindən imtina etdiyindən ümumi paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması mümkün hesab edilməlidir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6, 221ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 233.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin mənzillər ona atasından miras qalıb. İddiaçı ögey anasıdır, özü isə 2-ci qrup əlildir, görmə qabiliyyəti məhduddur. İddiaçının niyyəti onun mənzillərə olan hüquqlarına maneə yaratmaqdır. Həmin mənzillərdə boya-başa çatdığından onun üçün böyük mənəvi dəyəri var. Məhkəmə tərəflər arasında eyni predmet barədə məhkəmə qətnaməsinin olmasını, payın ayrılmasının əsaslarını və səbəblərini, əvvəlki iddialar üzrə iddiaçının biri digərinə zidd olan ifadələrini nəzərə almadan qətnamə çıxarmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz edərək bildirmişdir ki, əmlakın hərracda satılmasına qədər bütün prosedurlara riayət olunmuşdur. Apellyasiya şikayətinin dəlillərinin mübahisənin həllində həlledici rolu yoxdur. Tərəflər arasında əvvəlki məhkəmə mübahisələri eyni predmet və eyni əsasla olmamışdır. Əvvəlki işlərdə tərəflərin hansı izahatlar verməsinin hazırkı işdə preyudisial əhəmiyyəti yoxdur.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
16. İddiaçı və nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
17. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
18. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
19. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 20.Maddə 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.
22. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür
Apellyasiya baxışının hədləri 23.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 24.Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən iddainın təmin olunan hissəsində mübahisələndirildiyindən qətnamə həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə apelyasiya qaydasında mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, «Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. 27.Birinci instansiya məhkəməsi haqlı olaraq mübahisəli mənzillərin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığını, bununla da ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılmasının açıq-aşkar məqsədəuyğun olmadığını, cavabdehin iddiaçının payına uyğun tələb olunan kompensasiyanı verməkdən imtina etdiyini nəzərə alaraq iddianı mənzillərin açıq hərracdan satılması hissəsində təmin etmişdir.
28. İddiaçı mənzillərin açıq hərracdan satılması proseduruna qədər qanunla müəyyən edilmiş ardıcıllığa əməl etmişdir. 29.Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, əvvəlki məhkəmə çəkişmələri eyni tərəflər və eyni predmet barəsində olsa da, tələbin əsasları fərqli olmuşdur. Yuxarıda qeyd olunan və qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə cavabdehlə razılıq əldə olunmamış, ekspert rəyləri ilə payların naturada ayrılması mümkünsüz hesab edilmiş, bu barədə tələb təmin edilməmiş, iddiaçı hazırkı iddianı irəli sürmüşdür. 30.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 28 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.