Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5968/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli 2(009)-365/2021 nömrəli qətnaməsindən cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 22.09.2020-ci il tarixdə təxminən saat 16.30 radələrində o, mülkiyyətində olan “Kia-Picanto” minik markalı, AZ **-VN-*** dövlət nömrə nişanlı avtomobillə Sumqayıt şəhəri, Niyazi küçəsi ilə üzü Çerkassi küçəsi istiqamətində saatda 30 km. sürətlə hərəkətdə olduğu vaxt təxminən 30 metr məsafədən Çerkassi küçəsi ilə Niyazi küçələrinin kəsişməsində işıqforun qırmızı işığının yandığını gördükdən sonra sürət həddini 10 km həddinə endirmişdir. Bu zaman əks istiqamətdə yol ilə üzü Koroğlu prospekti istiqamətində yüksək sürətlə hərəkətdə olan “Mercedes-Benz” markalı avtomobil onun hərəkət yolunun qarşısına çıxmış və həmin anda o, ayağını əyləcə sıxsa da, qəzadan yayınmağa çalışsa da, çox güman ki, yoluna çıxan nəqliyyat vasitəsinin sürücüsü vəziyyətə nəzarəti itirdiyi üçün buna nail ola bilməmiş və qəza baş vermişdir. Nəticədə, “Mercedes-Benz” markalı avtomobillə onun avtomobilinin ön hissəsi toqquşmuşdur. “Mercedes-Benz” markalı avtomobilin sürət həddi çox olduğundan toqquşma zamanı onun idarə etdiyi avtomobilin bütün hava yastıqları açılmışdır və hadisədən sonra o, qapını açıb yerə yıxılmışdır. “Mercedes-Benz” markalı avtomobilin sürücüsü Cavabdeh1 isə avtomobildən düşərək ona heç bir yardım göstərmədən hadisə yerindən qaçmışdır. Bədən xəsarətləri aldığı üçün hadisə yerinə təcili tibbi yardım və polis gəlmiş xəstəxanaya aparılmışdır. Qısa bir müddət ərzində gələn polis əməkdaşları hadisəni və hadisədə kimin günahkar olduğunu araşdırmağa başlamışlar. Araşdırma nəticəsində izahatları alınmış və digər zəruri hərəkətlər yerinə yetirilmişdir. Aparılan araşdırma zamanı tərtib edilən 06.10.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla müəyyən edilmişdir ki, cavabdeh “Mercedes-Benz” markalı avtomobilin sürücüsü Cavabdeh1 yol hərəkəti qaydalarını pozduğu üçün hadisə baş vermiş və nəticədə ona maddi zərər dəymişdir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh “Mercedes-Benz” markalı avtomobilin sürücüsü Cavabdeh1 sürücülük vəsiqəsi belə olmamış, o, sürücülük hüququ olmadan avtomobili idarə etmiş və bu hadisənin baş verməsinə səbəb olmuşdur. Hazırki iddia ərizəsinə əlavə etdiyi Qüsur aktından da görünür ki, baş verən yol nəqliyyat hadisəsi zamanı onun avtomobili yararsız hala düşdüyü üçün ona ümumilikdə 10.149,25 manat maddi zərər dəymişdir. Bu məbləğin 5000 manatı icbari sığorta üzrə “xxxx” ASC tərəfindən ona ödənilsə də, geri qalanı ona ödənilməmişdir. O, cavabdehdən bu zərərin aradan qaldırılmasını istəsə də, cavabdeh bunu etməmiş, əksinə ona dəyən zərəri ödəməmək üçün müxtəlif vasitələrə əl atmışlar. Bu səbəbdən də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 5.149,25 manat maddi zərərin, 100 manat qüsur aktının tərtibinə görə ödənişin, hüquqi xidmətlərin göstərilməsinə görə 210 manatı, dövlət rüsumuna görə 30 manat olmaqla, ümumilikdə 5.489,25 manat və 10.000 manat mənəvi zərərin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli 2(009)-365/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş maddi ziyanın əvəzi kimi İddiaçı xeyrinə 3.298 manat, qüsur aktının tərtibinə görə ödənilmiş 100 manat, hüquqi xidmət xərci 210 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 3638 (üç min altı yüz otuz səkkiz) manat məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən cavabdeh X2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-365/2021 saylı iş üzrə 05.02.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, qətnamə 2021-ci ilin aprel ayında icraya yönəldilib və ona icra məmuru tərəfindən məktub gələndə xəbəri olub. 22.04.202l-ci il tarixdə Səbail rayon məhkəməsinə ərizə ilə müraciət edəndən sonra qətnaməni almışdır. O, həmin qətnaməni qəbul etmir və əsassız hesab edir. Məhkəmə işə birtərəfli və əsassız baxaraq onu məhkəməyə dəvət etmədən işi hərtərəfli araşdırmadan baxmış və iddiaçının mənafe üstün tutmuşdur.Qeyd olunan işin əvvəli avtoqəza nəticəsində olmuş və dəymiş zərər sığorta şirkəti tərəfindən ödənilsədə tələbkar yenidən ona qarşı iddia qaldıraraq pul tələb etmişdir. Məhkəmə isə tələbkara dəymiş ziyanın ödənilməsini nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia tələbinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan, Sumqayıt RQİ və TBŞ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətinə əsasən «Kia Picanto» minik markalı ** VH *** dövlət nömrə nişanlı avtomaşın İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan, “Kia Motors” servis mərkəzi tərəfindən verilmiş qüsur aktına əsasən «Kia Picanto» minik markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilinə servis tərəfindən baxış keçirilmiş və avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün 8.298 manat vəsait hesablanmışdır. İş materiallarında olan, «xxxx» ASC tərəfindən verilmiş 19.10.2020-ci il tarixli, 20- 05179/10/AA-4134/20 saylı sığorta aktından görünür ki, PAA ********** saylı sığorta müqaviləsi üzrə sığortaçı qismində «xxxx» ASC sığortalı Cavabdeh2 məxsus «Mercedes Benz 200» markalı ** XU *** dövlət qeydiyyat nişanlı avtomobil 15.01.2020-ci il tarixdən 15.01.2021-ci il tarixədək – 1 il müddətinə sığorta olunmuş, sığorta məbləği 5.000 manat müəyyən olunmuş, 22.09.2020-ci il tarixdə sığortalanmış avtomobil İddiaçı məxsus “Kia Picanto” markalı ** VH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, həmin avtomobilə 8.298 manat ziyan dəymiş, bununla bağlı 5.000 manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan, «xxxx» ASC tərəfindən verilmiş 19.10.2020-ci il tarixli, 20- 05174/10/AA4134/20/1 saylı sığorta aktından görünür ki, PAA ********** saylı sığorta müqaviləsi üzrə sığortaçı qismində «xxxx» ASC sığortalı Cavabdeh2 məxsus «Mercedes Benz 200» markalı ** XU *** dövlət qeydiyyat nişanlı avtomobil 15.01.2020-ci il tarixdən 15.01.2021-ci il tarixədək – 1 il müddətinə sığorta olunmuş, sığorta məbləği 5.000 manat müəyyən olunmuş, 22.09.2020-ci il tarixdə sığortalanmış avtomobil İddiaçı məxsus “Kia Picanto” markalı ** VH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş,İddiaçı sağlamlığına yüngül xəsarət yetirilmiş və bununla bağlı 750 manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan, Sumqayıt şəhər Polis İdarəsinin TŞ-nin təhqiqatçısı tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 06.10.2020-ci il tarixli qərarından görünür ki, sürücü Cavabdeh1 sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyi “Mercedes-Benz” minik markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 22.09.2020-ci il tarixdə saat təxminən 16.30 radələrində Sumqayıt şəhəri “Çerkassi” küçəsi ilə üzü “Niyazi” küçəsi istiqamətində hərəkətdə olub həmin küçələrinin kəsişməsindən hərəkətini “Koroğlu” prospekti istiqamətində davam etdirərkən qəfildən idarəetməni itirərək qarşı hərəkət zolağına çıxıb əks istiqaməti yolu ilə üzü “Çerkassi” küçəsi istiqamətində hərəkətdə olan İddiaçı idarə etdiyi “Kia Picanto” minik markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sonuncunun “yüngül” dərəcəli bədən xəsarəti alması ilə nəticələnən YNH törətmişdir. YNH nəticəsində İddiaçı “yüngül” dərəcəli bədən xəsarəti aldığından toplanmış materialda cinayət tərkibinin olmadığı müəyyən edilmişdir. Cavabdeh1 sürücülük vəsiqəsi olmadan və etibarnamə olmadan avtomobili idarə edərək qarşı hərəkət zolağına çıxıb YNH törətdiyi üçün və bunun nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına “yüngül” dərəcəli bədən xəsarəti yetirildiyi üçün onun əməlində inzibati qayda pozuntusu olduğundan aparılmış araşdırmanın nəticəsi üzrə cinayət işinin başlanılması rədd edilmiş, Cavabdeh1 Azərbaycan Respublikası İXMnin 327.2-ci və 332.4-cü maddələrinə əsasən inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti icra edilməsi məqsədi ilə Sumqayıt şəhər Pİ-nin DYPŞnə göndərilmişdir. İş materiallarında olan, ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən “xxxx” MMC servis mərkəzinə 100 manat ödəniş edilmişdir. İş materiallarında olan, ödəniş qəbzindən görünür ki, İddiaçı Ağası qızı tərəfindən VÖEN: ********** hesabına (“Verdikum” vəkil bürosu) 210 manat ödəniş edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş 31.12.2020-ci il tarixli kompyuter çıxarışından görünür ki, «Mercedes Benz 200» minik markalı ** XU *** dövlət nömrə nişanlı avtomaşın 01.08.2017-ci il tarixdən Cavabdeh3 adına qeydiyyata alınmış, 22.05.2019-cu il tarixli etibarnaməyə əsasən maşın Cavabdeh2 01.05.2021-ci il tarixədək etibar edilmişdir. Məhkəmə kollegiyası verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəllənin 1096-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1097-ci maddəsinə (mülki hüquq pozuntuları üçün məsüliyyətin əsasları) əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işguzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Qeyd edilən Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Birinci instansiya məhkəməsinin iclasında müəyyən edilmişdir ki, iddiaçıya mülkiyyət hüququ üzrə məxsus olan «Kia Pikanto» markalı ** VH *** dövlət nömrə nişanlı avtomobilə 22.09.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh3 mülkiyyətində olan və Cavabdeh1 tərəfindən idarə olunan «Mersedes Benz» markalı ** XU *** dövlət nömrə nişanlı avtomobil tərəfindən maddi ziyan vurulmuşdur. Birinci instansiya məhkəməsinin iclasında həmçinin müəyyən edilmişdir ki, həmin yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus “Kia Picanto” markalı, ** VH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymiş, həmçinin İddiaçı sağlamlığına yüngül zərər dəymişdir. “xxxx” ASC tərəfindən iddiaçıya “Kia Picanto” markalı, ** VH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 5000 manat, sağlamlığa görə 750 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, yol-nəqliyyat hadisəsi zamanı onun mülkiyyətində olan avtomaşına 10149,25 manat maddi ziyan vurulmuşdur. Həmin ziyanın 5000 manat hissəsi icbari sığorta müqaviləsinə əsasən ona ödnəlimişdir. Ödənilməyən ziyanın isə o, yol-nəqliyyat hadisəsini törətmiş Cavabdeh1 tələb etsə də, sonuncu həmin ziyanı ödəməkdən yayınmışdır. Bu səbəbdən iddiaçı həmin ziyanın, eyni zamanda məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı vurulmuş ziyanın məbləğinin 5.149,25 manat olmasını iddia etsə də, iddiaçı avtomaşını “Kia Motors” servisində təmir etdirəcəyini və həmin mərkəz tərəfindən tərtib edilmiş qüsur aktında iddiaçının avtomaşınına dəymiş zərərin 10149,25 manat göstərilsə də, avtomaşının tam saz vəziyyətə gətirilməsi üçün yekun olaraq 8298 manat tələb olunması göstərilmişdir. Eyni zamanda “xxxx” ASC tərəfindən tərtib edilmiş 19.10.2020-ci il tarixli sığorta aktına əsasən dəymiş zərərin məbləği 8298 manat kimi olması qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Göründüyü kimi yuxarıda göstərilən mülki qanunvericiliyin, həm də Konstitusiya Məhkəməsinin qəranda zərər vuranın üzərinə vurulmuş real ziyanın ödənilməsi öhdəliyi qoyula bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyətində olan avtomaşına vurulmuş ziyanın aradan qaldırılması, yəni avtomaşını təmir edib saz vəziyyətə gətirilməsi üçün “KİA X6” tərəfndən tərtib edilmiş qüsur aktına əsasən 8298 manat məbləğində pul tələb olunduğundan, həmin məbləğin isə 5000 manat hissəsi artıq ödənildiyindən, iddiaçının irəli sürdüyü tələb yalnız ödənilməmiş qalmış pulun tutulması hissəsində əsaslı hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, təqdim edilmiş qüsur aktında avtomaşına dəymiş ziyan məbləği ilkin baxış həyata keçirilməklə müəyyən olunduğu üçün, həmin məbləğ avtomaşın tam saz vəziyyətə gətirildikdən sonra həm azala, həm də çoxala bilər. Lakin hazırda avtomaşının tam saz vəziyyətə gətirilməsi və bunun üçün qüsur aktında müəyyən olunan məbləğdən (8298 manat) daha çox pul lazım olması ilə bağlı iddiaçı tərəfindən sübutlar təqdim olunmadığından, onun təoəbi qismən əsaslı hesab edilməlidir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, vurulmuş real ziyanın aradan qaldırılması üçün sığorta təşkilatı tərəfindən ödənilmiş məbləğdən əlavə 3.298 manat məbləğində pulun tələb edilməsi müəyyən edildiyindən, iddia tələbi vurulmuş maddi ziyanın tutulması hissəsində qismən, yəni 3.298 manat məbləğində pulun tutulması hissəsində əsaslıdır. Məhkəmə kollegiyası iddia tələbinin vurulmuş maddi ziyanın cavabdehdən müştərək qaydada tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin iclasında müəyyən edilmişdir ki, yolnəqilyyat «Mersedes Benz» markalı ** XU *** dövlət nömrə nişanlı avtomaşınla törədilmişdir və həmin avtomaşının mülkiyyətçisi Cavabdeh3dur. İş üzrə digər Cavabdeh2 AR DİN BDYPİ tərəfindən təqdim edilmiş kompüterdən çıxarışa əsasən avtomaşına etibarnamə ilə sahiblik edən şəxsdir. Cavabdeh1 isə nəqliyyat vasitəsini qanuni əsaslar olmadan idarə edən və yol-nəqliyyat hadisəsini törətmiş şəxsdir. AR DİN BDYPİ tərəfindən təqdim edilmiş kompüterdən çıxarışndan görünür ki, «Mersedes Benz» markalı ** XU *** dövlət nömrə nişanlı avtomaşının mülkiyyətçisi Cavabdeh3 tərəfindən Cavabdeh2 22.05.2019-cu il tarixdən 01.06.2021-ci il tarixədək avtomaşına dair səlahiyyətlər etibar edilmişdir. AR Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci madəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Mülki qanunvericiliyin tələblərinə əsasən yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə cavabdehliyi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxs daşıyır. Lakin eyni zamanda qanunvericiliyin tələbinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Bu halda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Əks halda vurulmuş ziyana görə məsuliyyəti həm mənbə sahibi, həm də ona hüquqa zidd yiyənlənmiş şəxs birgə daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, yüksək təhlükə mənbəyi olan «Mersedes Benz» markalı ** XU *** dövlət nömrə nişanlı avtomaşına dair Cavabdeh2 adına etibarnamə verildiyi üçün, bu hal yüksək təhlükə mənbəyi olan avtomaşının yol-nəqliyyat hadisəsi törədilən zaman mülkiyyətçi Cavabdeh3 qanuni əsaslarla sahibliyində olmadığını və avtomaşını hüquqa zidd idarə edən şəxsin istifadəsində Cavabdeh3 təqsirinin olmadığını göstərir. Yəni yol-nəqliyyat hadisəsi törədilən zaman avtomaşına hüquqi zidd yiyələnməsində Cavabdeh3 təqsiri müəyyən edilmədiyi üçün, o hazırki tələb üzrə cavabdehlik daşıya bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən yalnız yüksək təhlükə mənbəyi qanunsuz olaraq şəxsin sahibliyindən çıxmış olarsa, onun qanuni sahibi həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə olan halda məsuliyyəti yüksək təhlükə mənbəyini qanunsuz əldə etmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin hüquqa zidd olaraq götürülməsində mənbənin qanuni sahibi təqsirli olarsa, yəni avtomaşına etibarnamə ilə sahiblik edən şəxs könüllü surətdə əmlakını idarə etmək üçün digər şəxsə verərsə, bu halda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə qanunsuz yiyələnmiş şəxslərin üzərinə qoyula bilər. Cinayət işinin başlanılmasının rədd edilməsi barədə 06.10.2020-ci il tarixli qərarla və məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 avtomaşına məxsus avtomaşını onun razılığı və xahiş ilə etibarnamə və sürücülük hüququ olmadan idarə etmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, avtomaşına qanuni əsaslarla sahiblik edən şəxs Cavabdeh2 avtomaşını hüquqa zidd olaraq idarə edilməsi üçün Cavabdeh1 verdiyindən, yəni Cavabdeh1 avtomaşına Cavabdeh2 hüquqa zidd hərəkətləri nəticəsində qanunsuz yiyələnərək avtomaşını idarə etdiyindən və bunun nəticəsində yol-nəqliyyat hadisəsi törətdiyindən, vurulmuş maddi ziyanın əvəzi – 3298 manat onların hər ikisindən müştərək qaydada tutulmalıdır. Məhkəmə kollegiyası vurulmuş mənəvi ziyan görə 10.000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehlərin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 10000 manat mənəvi ziyanın tutulması hissəsində tələb təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, maddi ziyanın tutulması hissəsində tələb qismən təmin olunduğundan, iddia tələbi qüsur aktının tərtibinə görə 100 manat, hüquqi xidmət xərcinə görə 210 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun tutulması hissələrində də əsaslıdır və təmin edilməlidir. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddianın qismən təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş maddi ziyanın əvəzi kimi İddiaçı xeyrinə 3.298 manat, qüsur aktının tərtibinə görə ödənilmiş 100 manat, hüquqi xidmət xərci 210 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 3638 (üç min altı yüz otuz səkkiz) manat məbləğində pulun tutulması , iddia tələbinin qalan hissədə təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli 2(009)-365/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-5968/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5968/2021
24.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver