Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-597/2022 13.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” 2(005)-1631/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 yanvar 2021-ci tarixli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4034 (dörd min otuz dörd) manat məbləğinin və 30 (otuz) manat dövlət rüsumunun birbaşa Cavabdeh qarşı yönəldilməsini və "xxxx" MMC-nin xeyrinə tutulmasının təmin edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-də KASKO-BUTİK məhsulu üzrə XL6582PLUS könüllü sığorta şəhadətnaməsi ilə X1 məxsus 99LK808 dövlət qeydiyyat nişanlı Toyota Rav 4 markalı avtomobil sığortalanmışdır. 11 avqust 2020-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi Lexus markalı, 10FD080 dövlət qeydiyyat nişanlı avtomobil yol-nəqliyyat hadisəsi nəticəsində 11.227AZN (on bir min iki yüz iyirmi yeddi manat) məbləğində maddi zərər yetirmişdir. Sığorta müqaviləsi üzrə təyin olunmuş sığorta məbləği 4034 AZN (dörd min otuz dörd manat) sığorta ödənişi faydalanan şəxsə tam olaraq ödənilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 avqust 2021-ci tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini iddiaçıya borcun 636 manat məbləğində ödənilməsini və apellyasiya şikayətinin verilməsi üçün tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, brinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. Belə ki, iş üzrə "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə aktına əsasən **-LK-*** dövlət qeydiyyat nişanlı “Toyota Rav 4” markalı avtomobillə bağlı zərər 11227 manat məbləğində müəyyən edilmişdir. Ziyanın 5000 manatın cavabdehə məxsus “Lexus NX 200” minik markalı avtomobilin icbari sığortası zərər dəymiş şəxsə ödəmiş. Cavbadeh 2193 manat dəymiş zərəri X1 nəğd şəklində ödəməklə, məsələnin həll olunmasını və vurulmuş ziyanın tam ödənilməsini razılığa gəlmişlər. Məhkəmə baxışında ekspertiza rəyinin əsasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehin təqsiri ilə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində **-LK-*** dövlət qeydiyyat nişanlı “Toyota Rav 4” markalı avtomobili idarə edən X4ma məxsus həmin avtomobilə zərər dəymiş, avtomobilə vurulmuş maddi ziyanın məbləği 7936 manat məbləğində müəyyən edilmişdir. Beləliklə iddiaçı “Zaman Sığorta və Təkrar Sığorta üzrə Broker MMC” 3291 manat məbləği əlavə göstərməklə süni şəkildə ziyanı artırmışdır. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən X3 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş, məhkəmənin əvvəlki iclasında onun nümayəndəsi X5 iştirak edərək izahatında Cavabdeh tərəfindən vurulmuş ziyanla bağlı olaraq onun icbari sığortası üzrə Dövlət Kommersiya Şirkəti tərəfindən onlara 4300 manat verildiyini, iddiaçı “Zaman Sığorta və Təkrar Sığorta üzrə Broker MMC” tərəfindən 4000 manat məbləğində könüllü sığorta üzrə sığorta ödənişi aldıqlarını, yerdə qalan 3000 manatın isə ziyan vuran şəxs Cavabdeh tərəfindən “Toyota Servis” Mərkəzinə ödənildiyini bildirmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Belə ki, işin materiallarında olan Bakı şəhəri X11 İdarəsinin inzibati tənbeh vermə haqqında TP3875393 saylı qərarının surətindən görünür ki, 11 avqust 2020-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh Lexus markalı, 10FD080 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən ara məsafəsi qaydalarını pozması nəticəsində, Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinə nəzərdə tutulmuş inzibati xəta törədilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri X11 İdarəsinin İXP ******* saylı inzibati xəta haqqında protokolunun surətindən görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan 19.08.2020-ci il tarixli, XL6582OLUSCLM2 saylı ödəniş tapşırığına əsasən X1 "xxxx" MMC tərəfindən köçürmə yolu ilə 4064 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan Nəqliyyat vasitəsinin AD seriyalı 593770 nömrəli qeydiyyat şəhadətnaməsinin surətinə əsasən, **-LK-*** dövlət qeydiyyat nişanlı “Toyota Rav 4” minik markalı avtomobil X1 məxsusdur. İş materiallarında olan Nəqliyyat vasitəsinin AD seriyalı 659968 nömrəli qeydiyyat şəhadətnaməsinin surətinə əsasən, **-FD-*** dövlət qeydiyyat nişanlı “LEXUS NX 200” minik markalı avtomobil Cavabdeh məxsusdur. "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə aktına əsasən əsasən 99-LK- 808 dövlət qeydiyyat nişanlı “Toyota Rav 4” markalı avtomobil ilə bağlı zərər 11227,00 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyul 2021-ci il tarixli 9/3570 aylı ekspert rəyindən görünür ki, "xxxx" MMC-nin təqdim etdiyi qüsur aktındakı məlumatlara əsasən avto hissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Toyota Rav4” markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7936,0 manat müəyyən edilmişdir. İş materiallarında olan XL6582PLUS nömrəli 19.08.2019-cu il tarixli sığorta şəhadətnaməsindən görünür ki, X1 məxsus 99LK808 dövlət qeydiyyat nişanlı Toyota Rav 4 markalı avtomobil 19.08.2019-cu il tarixdən 19.08.2020-ci il tarixədək sığorta məbləği 5555 manat müəyyən edilməklə sığortalanmışdır. İş materiallarında olan Bakı şəhəri X11 İdarəsi tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışının surətinə əsasən yol-nəqliyyat hadisəsi nəticəsində yolnəqliyyat hadisəsi nəticəsində X2 məxsus X6 idarə edən “Vaz **-MT-***” dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İş materiallarında olan Cavabdeh Bakı şəhəri BPİ-in DYPİ-in rəisi polis polkovnik cənab Rəşid Piriyevə izahatından görünür ki, 11 avqust 2020-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus “Lexus markalı” **-FD-*** nömrəli avtomobili idarə edərkən qarşısında olan **-LK-*** dövlət qeydiyyat nişanlı “Toyota Rav 4” markalı avtomobil qəflətən hərəkəti dayandırmış, aralarındakı məsafə az olduğu üçün onunla arxadan toqquşmuş və bunun nəticəsində **-LK-*** dövlət qeydiyyat nişanlı “Toyota Rav 4” markalı avtomobilin qarşısındakı Vaz **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilə də ziyan dəymişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı 07.01.2022-ci il tarixli 02/15 saylı məktubunun surətindən görünür ki, şirkət tərəfindən zərərçəkən X1 4300 (dörd min üç yüz) manat məbləğində icbari sığorta ödənişi edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvaiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 7.1-ci madddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 103.1-ci maddəsinə əssən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyini mötəbər sübut qismində qəbul edərək ekspertin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, 2019-cu il buraxılışlı “Toyota Rav4” markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7936,0 manat qəbul edilməlidir. Həmin məbləğin 3000 manat hissəsi Cavabdeh tərəfindən, 4300 manat hissəsi onun nəqliyyat vasitəsinin sahibi kimi mülki məsuliyyətini icbari sığorta edən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən X1 ödənilmişdir. Beləliklə, dəymiş zərərin əvəzi olaraq cavabdeh tərəfindən ümumilikdə 7300 manat ödəniş edilmişdir. Belə olan halda isə Cavabdeh sığorta ödənişi olaraq 636 (altı yüz otuz altı) manat pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 385.1.1-ci maddəsinin göstərişinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunsun. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 avqust 2021-ci tarixli, 2(005)- 1631/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin olunsun. Cavabdeh 636 (altı yüz otuz altı) manat məbləğində sığorta ödənişi və 4,71 (dörd manat, yetmiş bir qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 100 (bir yüz) manatın 50 (əlli) manatı Cavabdeh, 50 (əlli) manatı iddiaçı "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertizasi Mərkəzinin hesabına keçirilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-597/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-597/2022
13.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver