Məhkəmə qərarları › İş №2(103)-597/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-597/2024

30.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-597/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər “payların naturada bölünməsi, qiymətləndirilməsi və hərracda satılması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “payların naturada bölünməsi, qiymətləndirilməsi və hərracda satılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 140/2023 nömrəli, 09 avqust 2023- cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 noyabr 2019-cu il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, məhəllə 24, 19 saylı evin ¾ hissəsi İddiaçı, ¼ hissəsi isə Cavabdeh mülkiyyətindədir.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2022-ci il tarixli 10/7197 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 24 məhəllədə yerləşən, mübahisə predmeti olan 19 nömrəli fərdi yaşayış evinin İddiaçı ¾ hissə və Cavabdeh ¼ hissədə paylarının naturada ayrılmasının İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9., bəndlərinin və Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir.

3. "xxxx" MMC-nin xx.xx.2023-ci il tarixli 18 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 24 məhəllə, 19 saylı evin hazırki dövrə likvid qiyməti (real bazar dəyəri) 70.000 manat müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

4 İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evin tərəflərin paylarına uyğun naturada ayrılması mümkün olmadıqda, evin açıq hərrac vasitəsi ilə satılaraq paylara mütənasib surətdə pulun bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, paylı mülkiyyətlərində olan ünvan 2 ünvanda yerləşən tərdi yaşayış evinin 3/4 payı iddiaçının mülkiyyətindədir. Qalan 1\4 hissəsi vərəsəliklə keçib bacısı Cavabdeh mülkiyyətindədir. Bacısı 2019- cü ilin yanvar ayından onun evinə köçmüş və onu ailə üzvləri ilə birlikdə evdən qovmuşdur. Mübahisəli ev ümumi mülkiyyətdədir. Cavabdeh öz hərəkətləri ilə onun və ailə üzvlərinin mülkiyyət, sahiblik və istifadə hüququndan azad etmişdir. Cavabdeh mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olur, iddiaçı işdə olan müddət ərzində, həyat yoldaşını və uşaqlarını söyüb təhqir edir, onunlada dalaşır. Bacısı olduğuna görə heç bır hüquq mühafizə orqanlarına müraciət elməmiş və öz ailə üzvlərinə şikayət etməyi qadağan etmişdir. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-140/2023 nömrəli, 09 avqust 2023- cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 24 məhəllə, 19 saylı evin açıq hərracda satılması, mənzillərin satışından əldə edilən vəsaitin tərəflərin paylarına uyğun, yəni ¾ hissəsi İddiaçı, ¼ hissəsi Cavabdeh verilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, məhəllə 24, 19 saylı evin ilkin satış qiymətinin 70 000 (yetmiş min) manat müəyyən edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində olan ekspertiza xərcinin Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. (hakim X4)

7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab emişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 24 məhəllə, 19 saylı evin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsi və payların naturada ayrılması mümkün olmamışdır. Bundan sonra mübahisəli mənzillərin açıq hərracdan satılaraq əldə olunan məbləğin onların paylarına uyğun şəkildə bölünməsini tələb edilmişdir. Göründüyü kimi mübahisəli mənzilin açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilmişdir. Bu səbəblərdən məhkəmə belə qənaətə gəlmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 24 məhəllə, 19 saylı evin paylı mülkiyyətçiləri arasında paylara mütənasib olaraq naturada bölünməsi mümkün olmadığından, mübahisəli mənzil açıq hərracdan satılmalı və satışdan əldə olunan pul vəsaiti paylı mülkiyyətçilərin arasında öz paylarına uyğun bölünməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarındakı hüquqi mövqeyini nəzərə alaraq hesab etmişdir ki, iddia təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 24 məhəllə, 19 saylı ev açıq hərracda satılmalı, mənzillərin satışından əldə edilən vəsait tərəflərin paylarına uyğun, yəni ¾ hissəsi İddiaçı, ¼ hissəsi Cavabdeh verilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 24 məhəllə, 19 saylı evin ilkin satış qiyməti 70 000 (yetmiş min) manat müəyyən edilməlidir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı maddəsinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddia tələbinə baxılarkən Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməmiş, ayrılan mülkiyyətçinin yəni iddiaçının öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi tərəfindən ona ödənilməsini tələb etməməsinə əhəmiyyət verilməmiş, cavabdehin isə kompensasiya vermək imkanının olub-olmaması və ya kompensasiya vermək istəyib-istəməməsi araşdırılmamışdır. Göründüyü kimi, mübahisəli mənzilin açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməmiş, maddi hüquq normaları pozulmuşdur. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ondan ibarətdir ki, ilk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçinin kompensasiya vermək imkanı olmadıqda və ya kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. İşə baxan məhkəmə tərəfindən cavabdehin iddiaçıya kompensasiya vermək imkanının olub-olmaması və ya kompensasiya vermək istəyib-istəməməsi faktı araşdırılmamışdır. Qətnamədə məhkəmə tərəfindən cavabdehə iddiaçının payına düşən hissəsinin iddiaçıya ödənilməsinə razı olub-olmamaları barədə təklif göndərildiyi qeyd edilsə də, cavabdeh belə məktub almamışdır. Paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. Bu səbəbdən məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyildir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmiş, izahatına əlavə olaraq bildirmişdir ki, onlar paylarına münasibətdə qarşı tərəfin 35000 manatın verilməsi müqabilində iddialarından imtina edə bilərlər, lakin qarşı tərəf məhkəmə iclasına gəlmir və fikir bildirmir. İddiaçı tərəf olaraq bu təklif birinci instansiya məhkəməsində də verilmişdir. Lakin apellyasiya şikayətini formal verməklərinə baxmayaraq hər hansı bir real təklif yoxdur.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə görə isə bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6-cı maddəsinə görə, Mülki Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır;

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Hazırkı apellyasiya şikayətində cavabdeh qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırırb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mənzilin açıq hərracdan satılması və əldə edilən vəsaitin paylara uyğun verilməsi barədə düzgün nəticəyə gəlmişdir.

20. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən ona istinad etmişdir ki, mübahisəli mənzilin açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilmişdir. Belə olan halda Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 24 məhəllə, 19 saylı evin paylı mülkiyyətçiləri arasında paylara mütənasib olaraq naturada bölünməsi mümkün olmadığından, mübahisəli mənzil açıq hərracdan satılmalı və satışdan əldə olunan pul vəsaiti paylı mülkiyyətçilərin arasında öz paylarına uyğun bölünməlidir.

21. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 4 aprel 2014-cü il tarixli Qərarına əsasən məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.

22. Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

23. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə isə bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı maddəsinə görə, Mülki Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

25. İstinad olunan normalardan müəyyən olunur ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir və əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər.

26. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə birinci instansiya məhkəməsi keçirilmiş 12 yanvar 2022-ci il tarixli 10/7197 nömrəli məhkəmə tikinti-texniki ekspert rəyinə əsasən payın naturada ayrılmasının mümkün olmaması qənaətinə gəlməklə, eyni zamanda tərəflərin fikrini soruşaraq onlardan birinin digərinə kompensasiya ödəməklə aralarında razılığa gələ bilmə imkanının olub-olmaması halını da aydınlaşdırmışdır.

27. Belə ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə istinadən qeyd etməyi zəruri hesab edir ki, cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli 2(008)- 140/2023 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 24 məhəllə, 19 saylı evin hazırki dövrə likvid qiyməti (real bazar dəyəri) olan 70.000 manatın iddiaçının payına düşən hissəsinin iddiaçıya ödənilməsinə razı olub-olmamaları barədə təklif göndərilmiş və cavabdehə xx.xx.2023-cü il tarixədək məhkəməyə məlumat vermələri xahiş edilmiş, lakin cavabdeh tərəfindən hər hansı bir məlumat məhkəməyə bildirilməmişdir. Apellyasiya şikayətində sözügedən məktubu almadğını qeyd etsə də, işdən görünür ki, bütün məhkəmə bildirişləri də məhz həmin ünvana (ünvan 3unçu rayonu, Zabrat qəsəbəsi, məhəllə 2, ev 6) göndərilmiş, cavabdehin nümayəndəsi də, birinci instansiya məhkəməsinin əvvəlki məhkəmə iclasında iştirak etmişdir. Eyni zamanda apellyasiya şikayətindən də görünür ki, cavabdeh hazırda da faktiki yaşadığı və rəsmi qeydiyyatda olduğu ünvanı kimi məhz həmin ünvanı, yəni ünvan 4 etmişdir. Hazırda da məhkəmə tərəfindən 3 dəfə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməklə məhkəməyə dəvət edilsə də, məhkəmə iclasında iştirak etməməklə, səlahiyyətli nümayəndəsinin də iştirakını təmin etməmişdir. O cümlədən şikayətdə qeyd edilən dəlilinə uyğun olaraq hər hansı bir təklif də göndərməmişdir. Kollegiya bunu apellyasiya şikayətinin formal olaraq verilməklə işin məhkəmədə baxılması müddətinin uzadılması kimi qəbul edir.

28. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində nəzərdə tutulmuş maddi hüquq normalarına əməl etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddianı təmin edilməklə paylı mülkiyətdə olan mübahisəli əmlakın açıq hərracdan satlılaraq tərəflər arasında paylarına mütanasib olaraq bölünməsi barədə nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.

29. Bununla yanaşı kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən mübahisəli mənzilin hərracdan ilkin satış qiymətinin 70000 manat müəyyən edilməsi barədə nəticəyə gəlməklə iddia tələbindən kənara çıxmış və Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq normasının tələbini pozmuşdur.

30. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi mübahisəli mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi barədə tələb olmadığı halda, birinci instansiya məhkəməsi tələbdən kənara çıxaraq mənzilin ilkin satış qiymətinin 70000 manat müəyyən edilməsi qənaətinə gəlmişdir. Qeyd edilən normanın tələbinə əsasən isə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Belə olduğu təqdirdə isə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mülki iş üzrə məhkəmənin iddia tələbindən kənara çıxmasını zəruri edən qanunda götərilən hər hansı müstəsna halda olmamışdır.

31. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-140/2023 nömrəli, 09 avqust 2023-cü il tarixli qətnaməsi qismən, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, məhəllə 24, 19 saylı evin ilkin satış qiymətinin 70000 (yetmiş min) manat müəyyən edilməsi hissəsində ləğv edilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-140/2023 nömrəli, 09 avqust 2023cü il tarixli qətnaməsi qismən, Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi məhəllə 24, 19 saylı evin ilkin satış qiymətinin 70000 (yetmiş min) manat müəyyən edilməsi hissəsində ləğv edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh oğluna aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar