Məhkəmə qərarları › İş №2(103)-5971/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5971/2023

20.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5971/2023 20.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində avtomobilin zədələnməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələb olunub. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, zərərin əvəzi kimi 5.233,44 manat, əldən çıxmış faydanın əvəzi kimi 2.600 manat, mənəvi zərərin əvəzi kimi 500 manat, cəmi 8.333,44 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi təmin olunmasın. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: xx.xx.2022-ci ildə yol-nəqliyyat hadisəsi baş verib. Cavabdeh idarə etdiyi avtomobillə yol hərəkəti qaydasını pozaraq iddiaçıya məxsus avtomobilə mexaniki zədə yetirib. Yol-nəqliyyat hadisəsinin baş verməsində cavabdehin təqsirli olması müəyyən edilib. İddiaçıya məxsus olan avtomobil mexaniki zədə aldığından o, zərər çəkib. İşin bu halları birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. Zərərin məbləğinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsində icraat zamanı 3 dəfə ekspertiza keçirilib. 1-ci rəyə, yəni xx.xx.2022-ci il tarixli ekspert rəyinə görə, zərərin məbləği (təmirbərpa xərci) 6.950 manat təşkil edir. 2-rəy, yəni xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə zərərin məbləğinin eyni olması müəyyən edilməklə 1-ci rəyin nəticəsi təsdiq olunub. 3-cü rəyə, yəni xx.xx.2023-cü il tarixli ekspert rəyinə görə, qəza nəticəsində iddiaçının avtomobili əmətəə dəyərini 2.600 manat itirib. Birinci instansiya məhkəməsi ekspert rəyinə əsaslanaraq real zərərin (təmirbərpa xərcinin) əvəzi kimi 5.233,44 manat tutulmasını qət edib. Belə ki, mülki məsuliyyətin icbari sığortası üzrə 1.716,56 manat sığorta şirkəti tərəfindən iddiaçıya ödənilib. Ekspert rəyində göstərilən 6.950 manatdan 1.716,56 manat çıxıldıqda 5.233,44 manat qalır. Birinci instansiya məhkəməsi ekspert rəyinə əsaslanaraq əldən çıxmış faydanın (itirilmiş əmtəə dəyərinin) əvəzi kimi 2.600 manat tutulmasını qət edib. Əmətəə dəyərinin itirilməsi zərərin tərkibinə daxildir. Atomobil qəzaya uğradıqda əmtəə dəyərini itirir. Belə ki, qəzaya uğramış avtomobil təmir olunsa da qəza keçirməmiş bənzər avtomobildən ucuz satılır. Birinci instansiya məhkəməsi mənəvi zərərin əvəzi kimi 500 manat tutulmasını qət edib, bu, ağlabatan məbləğdir. Beləliklə, məhkəmə Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, qətnamənin mübahisələndirilən hissəsində, yəni iddianın təmin edilən hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Qətnamənin qalan hissəsi – iddianın rədd edilməsinə aid olan hissəsi mübahisələndirilmədiyinə görə, həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar