Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5974/2022 07.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 iyun 2022-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin ona vurduqları maddi zərərin əvəzi olaraq 3.550 manat, mənəvi zərərin əvəzi olaraq 500 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, özünə məxsus olan və Bakı şəhəri Yasamal rayonu, 4-cü Köndələn küçəsi, bina № 7-də yerləşən 54 №-li mənzili təmir etmək üçün cavabdeh MMC ilə xx.xx.2020-ci il tarixdə "xxxx" bağlamışdır. Həmin müqaviləni iddiaçı və cavabdeh MMC-nin adından MMC-nin icraçı direktoru olan Cavabdeh2 imzalamışlar. İddiaçı müqavilədə nəzərdə tutulmuş təmir-tikinti xərclərini təşkil edən 18.500 manat məbləğində pulu MMC-yə tam həcmdə ödəmişdir. Müqavilənin şərtinə görə təmir-tikinti işləri 57 günə tamamlanmalı idi. Lakin, MMC, təmir-tikinti işlərini qeyd edilən müddətdə, ümumiyyətlə isə bu günə qədər yekunlaşdırmamış, MMC-nin icraçı direktoru olan Cavabdeh2 iddiaçını get-gələ salmışdır. Göstərilən səbəbdən aralarında mülki mübahisə yaranmışdır. İddiaçı qeyd edilənlər ilə bağlı polis orqanına müraciət etmiş, lakin, bu, nəticə verməmişdir. Bu səbəbdən də, iddiaçı, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, maddi zərərin əvəzi olaraq 2.663 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, yuxarıda qeyd edilən iddianın Nərimanov Rayon Məhkəməsinə verilməsindən əvvəl İddiaçı eyni cavabdehlərə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə” iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, eyni hallara, onunla cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Təmir-tikinti müqaviləsinə”, habelə cavabdehlərin həmin müqavilə üzrə onun qarşısında üzərilərinə götürdükləri öhdəliklərin icra etməmələrinə əsaslanmış və cavabdehlərin ona vurduqları maddi zərərin əvəzi olaraq 6.258 manat, mənəvi zərərin əvəzi olaraq 5.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbinə dair mülki işə baxmış Nərimanov Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə ilə iddianı, iddianın sübuta yetməməsi əsası ilə təmin etməmişdir. Göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin artıq qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iş üzrə icraata xitam verir (maddə 261.0.2.). Bu kimi hal apellyasiya icraatı zamanı aşkar edilərsə onda birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir (maddə 384.0.5.). Beləliklə də, göstərilənlərə əsaslanan və MPM-nin 261, 384 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 iyun 2022-ci il tarixli qətnamə ləğv edilsin və İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5974/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5974/2022
07.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver