Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5975/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MTK-ya və X2 qarşı mülki iş üzrə (Açar sözlər: neqator iddia) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı nümayəndəsi Yolçiyev Etibar Səlim oğlunun, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Hilal oğlunun, cavabdeh "xxxx" MMC–nin vəkili və nümayəndəsi Vəkil2, cavabdeh X1 vəkili və nümayəndəsi Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MTK-ya və X2 qarşı “yüksək mərtəbəli yaşayış binasının avtomobil daynacağındakı dayanacaq yerinə hüquqların bərpa edlməsi və digər” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2078/2023 saylı, 16 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış xidmət müqaviləsinin şərtlərinə görə "xxxx" MMC Dayanacaq yerinə müqaviləyə 1 saylı Əlavənin 1, 2 və 3-cü bəndlərində nəzərdə tutulan xidmətləri göstərməyi, İddiaçı isə həmin xidmət qarşılığında hər ay 100 manat məbləğində xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Mübahisə yaranan 2023-cü ilin əvvəllərinədək tərəflər arasındakı münasibətlər davam etmişdir.
2. xx.xx.2023-cü il tarixdən Dayanacaq yerinə xidmət göstərilməsi ilə bağlı hüquq və vəzifələr "xxxx" MTK-ya verilmiş və bununla bağlı iddiaçıya da yazılı məlumat göndərilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MTK-ya və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək İddiaçı son olaraq məhkəməyə təqdim etdiyi iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməhə müraciət edərək Dayanacaq yerinə hüquqlarının bərpa edilməsi vəzifəsinin həmin avtodayanacağın (parkinqin) yerləşdiyi qeyri-yaşayış sahəsinin mülkiyyətçisi X2 həvalə edilməsi, həmin dayanacaqdan istifadə etməyinə cavabdehlər "xxxx" MMC və "xxxx" MTK tərəfindən yaradılan maneələrin aradan qaldırılması, 27 aprel 2018-ci il tarixli HM-ARMM 2 HUQ101-000157 saylı müddətsiz Xidmət Müqaviləsinə əsasən 2800 manat məbləğində artıq alınmış vəsaitin cavabdeh "xxxx" MMC-dən və mənəvi ziyana görə 3000 manatın cavabdehlər "xxxx" MMC və “Güvənli- Servis Management” МТК-dan alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbləri onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC-nin (əvvəlki adı X12 Kompleksi MTK) Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15 ünvanında inşa etdiyi yaşayış binasında sahəsi 237,6 kv.metr olan 88 saylı mənzilə mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Həmin mənzil ilkin olaraq dəyəri tərəfindən ödənilməklə cavabdehlə bacısı X4 arasında bağlanılmış müqaviləyə əsasən bacısının adında olmuş, sonradan onun adına keçirilmiş və daşınmaz əmlakın dövlət reyesterində mülkiyyət hüququ ilə adına qeydiyyata alınmışdır. Həmin mənzil alınarkən yaşayış binasının avtomobil dayanacağında 1 (bir) avtomobil yeri də dəyəri tam ödəniməklə bacısının adına alınmış və bu barədə “X12.Kompleksi” MTK-nın sədri və baş mühasibi tərəfindən imzalanaraq möhürlə təsdiq edilmiş xx.xx.2009-cu il tarixli 15 saylı maliyyə arayışı verilmişdir. Həmin vaxt ünvanı ünvan 2ə köçdükdən sonra qeyd edilən avtodayanacaqla bağlı "xxxx" MMC ilə aralarında 27 aprel 2018-ci il tarixli HM-ARMM 2 HUQ101-000157 saylı Xidmət Müqaviləsi bağlanıldı. Müqavilənin 1-ci bəndində göstərilir ki, “Xidmət göstərən” müqavilənin “2 saylı Əlavə”sində qeyd olunan avtodayanacaq sahəsində (bundan sonra “parkinq” adlanacaq) sifarişə uyğun sayda minik nəqliyyat sahəsinin saxlanması üzrə “1 saylı Əlavə”sində qeyd olunan xidmətləri göstərmək, bunun qarşılığında Müştəri isə göstərilən xidmətlərə görə xidmət haqqını Xidmət göstərənə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 10-cu bəndinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tarixinə qədər qüvvədədir. Müqavilə tarixi qurtardıqda, tərəflər müqavilə şərtlərini icra etməyə davam etdikləri təqdirdə, müqavilə eyni müddətə uzadılmış hesab olunacaq. Həmin Xidmət Müqaviləsinə “2 saylı Əlavə”nin birinci bəndində göstərilən xidmətin ünvanı Bakı şəhəri, Nobel prospekti 15, tipi qaraj avtomobil dövlət nömrəsi **-HB- ***. Sayı 1 göstərilmişdir. “2 saylı Əlavə”nin 2-ci bəndində müqavilə üzrə müştəri xidmət haqqı barədə məlumata dair göstərilir: aylıq parkinq xidməti, qiymət-100 manat, başlama xx.xx.2018-ci il. “2 saylı Əlavə”nin 4-cü bəndində göstərilir ki, bu Əlavə imzalandığı andan hüquqi qüvvəyə minir və müqavilənin ayrılmaz tərkib hissəsi sayılır. Müqavilə bağlanan vaxtdan hal-hazıra kimi avtodayanacaqdan (parkinqdən) heç bir maneə olmadan istifadə etmiş və hər ay 100 manat xidmət haqqını ödəmişdir. Keçən ilin oktyabr ayının axırlarında, dayanacağa nəzarət edən şəxs tərəfindən şifahi olaraq ona bildirilmişdir ki, avtodayanacaq Türkiyə vətəndaşına satılıb və onlar dayanacaqda xidmət haqqını artırıblar. Bundan sonra hər ay 200 manat ödəməli olacaqdır. O, buna tam etiraz etmiş və tam dəyərini ödədiyi parkinq yerinə görə müqavilə üzrə xidmət haqqı 100 manat müəyyən edildiyi və müqavilə qüvvədə olduğu halda ayda 200 manat xidmət haqqı ödəməyəcəyini bildrmişdir. Eyni zamanda, tərəfindən cavabdeh “X6” MMC-nin rəhbərliyinə xx.xx.2022-ci il tarixli bildirişlə müraciət etmiş və həmin müraciətdə yuxarıda qeyd edilənlər barədə ətraflı məlumat vermişdir. Hazırda qüvvədə olan xx.xx.2018-ci il tarixli Xidmət Müqaviləsi bağlanan ərəfədə tərəfindən tam dəyəri ödənilməklə mülkiyyəti hesab edilən dayanacaqda müqavilə əsasında minik avtomobilini aylıq 100 manat ödənişlə saxlamağı barədə razılaşmaqla həmin dayanacağın əvəzinə ona yaşadığı evdən nisbətən uzaqda olan digər binadaki dayanacaqda 2 avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinin verilməsi vəd edildi və həqiqətən də bu barədə ona 6 sentyabr 2017-ci il tarixli PA-MA170906-130 və PA-MA-170906-131 saylı Maliyyə Arayışları verilərək "xxxx" MTKnın ünvan 4 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində 13 və 14 saylı qeyri-yaşayış sahəsinin (avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş) verilməsi və buna görə "xxxx" MTK-ya borcunun olmaması göstərilmişdir. Avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş həmin qeyri-yaşayış sahələrinə dair onun adına Maliyyə Arayışı verilsə də, faktiki olaraq qeyri-yaşayış sahələri (qarajlar) ona təqdim edilməmişdir və bu illər ərzində həmin qarajlardan kimlərin istifadə etməsi barədə məlumatı yoxdur. Qeyri-yaşayış sahələrini (avtomobil üçün qarajları) özəlləşdirmək üçün ona müvafiq sənədlər verilməyib, hazırda isə dəyəri onun tərəfindən tam ödənildiyi qeyri-yaşayış sahələri ilə bağlı alqı-satqı etmək təklif olunur. O, həmin qeyri-yaşayış sahələrini faktiki olaraq qəbul etməmiş, istifadə etməmiş və hazırda ünvan 5 ünvanında yerləşən "xxxx" MMC-nin yaşayış binasında yerləşən ona məxsus avtodayanacaqdakı parklanma yerinə hüquqlarının bərpa edillməsini və həmin yerdən istifadəyə törədilən maneələrin aradan qaldırılmasını istəyir. Barışıq sazişi hazırlanarkən məlum olmuşdur ki, mübahisəli avtodayanacaq (parkinq) və təklif edilən dayanacaq yeri X1 mülkiyyətindədir. Həmin ünvandakı qeyri-yaşayış sahəsinin X1 mülkiyyətində olması ƏMDK Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla təsdiq olunur.
5. Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili məhkəməyə təqdim etdiyi iddia ərizəsinə yazılı etirazda qeyd etmişdir ki, Dayanacaq yerinə iddiaçının nə mülkiyyət hüququ, nə də istifadə hüququ vardır. İddia ərizəsində mübahisəli dayanacaq yerinə mülkiyyət hüququnun və ya istifadə hüququnun olmasını təsdiq edən sənədi əlavə etməmişdir. Mülkiyyət hüququnun olmadığı dayanacaq yerinə mülkiyyət hüququnun tanınması barədə iddia tələbi təmin oluna bilinmədiyinə görə iddiaçıya hər hansısa bir maddi və ya mənəvi zərərin ödənilməsindən söhbet belə gedə bilməz. İddiaçının iddia tələbinin əsası kimi iddia ərizəsinə əlavə etdiyi 15 nömrəli, xx.xx.2009-cu il tarixli Maliyyə arayışını və HM-ARMM2HUQ101-000157 nömrəli, xx.xx.2018-ci il tarixli Müqaviləni əsas götürür. İddiaçının iddia tələbinin hüquqi əsası kimi göstərdiyi 15 nömrəli, xx.xx.2009-cu il tarixli Maliyyə arayışında mübahisəli dayanacaq yerinin sahibi kimi başqa şəxs, X4 göstərilmişdir. İddia ərizəsinə əlavə etdiyi maliyyə arayışında mübahisəli, 103 saylı dayanacaq yerinin özünün olmadığını təsdiq edir. xx.xx.2009-cu il tarixli Maliyyə arayışı mövcud deyildir, hüquqi əsası yoxdur. Çünki mübahisəli, 103 saylı dayanacaq yerinin sahibi başqa şəxsdir. İddiaçının iddia tələbinin hüquqi əsası kimi göstərdiyi HM- ARMM2HUQ101- 000157 nömrəli, xx.xx.2018-ci il tarixli Müqavilə iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmışdır. Həmin müqavilənin 1 saylı əlavəsində iddiaçıya göstərilən xidmətlərin dairəsi əks olunmuşdur. Qeyd edilən xidmətlərə görə iddiaçı "xxxx" MMC-ə Müqavilənin 2 saylı Əlavəsinə uyğun olaraq 100 manat aylıq xidmət haqqı ödəməyi öhdəsinə götürür. Göründüyü kimi qeyd edilən müqaviləyə əsasən "xxxx" MMC iddiaçının iddia etdiyi kimi ona binada dayanacaq yeri ilə təmin etmir, Müqaviləyə əsasən də üzərinə belə bir öhdəlik götürməmişdir. Çünki 15 saylı binanın dayanacaq yerlərinin öz sahibləri vardır. Həmin şəxslərin icazəsi olmadan hər hansısa dayanacaq yerinin 3-cü şəxsin istifadəsinə verməsi ilə bağlı Cavabdeh2 MTK-nın səlahiyyəti yoxdur. Cavabdeh2 MTK sadəcə binanın idarə edilməsini həyata keçirir, həmçinin dayanacaq yerlərində həmin dayanacaq yerlərinin sahiblərinin və ya mülkiyyətçilərinin icazəsi ilə öz şəxsi avtomobillərini saxlayan şəxslərə xidmətləri həyata keçirir. Hansı ki, bu xidmətlər iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış HMARMM2HUQ101-000157 nömrəli, xx.xx.2018-ci il tarixli Müqavilədə göstərilmişdir. İddiaçı başqa şəxsin mülkiyyətində və ya istifadəsində olan mübahisəli dayanacaq yerində dayanacaq yerinin sahibinin icazəsi olmadan avtomobil saxlaya bilməz. Cavabdeh1 MMC artıq mübahisəli binada dayanacaqların istifadəsi ilə bağlı xidmətləri həyata keçirmir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2078/2023 nömrəli iş üzrə 16 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ünvan 8 ünvanındakı yüksək mərtəbəli yaşayış binasında yerləşən avtodanayacaqdakı (parkinqdəki) 103 saylı dayanacaq yerinə İddiaçı istifadə hüquqlarının bərpa edilməsi vəzifəsi X2 həvalə edilməsi; ünvan 8 ünvanındakı yüksək mərtəbəli yaşayış binasında yerləşən avtodanayacaqdakı (parkinqdəki) 103 saylı dayanacaq yerindən İddiaçı istifadəsinə "xxxx" MMC və Cavabdeh2 MTK tərəfindən yaradılan manelərin aradan qaldırılması qət edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasındakı mübahisə dayanacaq yerinin istifadəsi ilə bağlı yaranmışdır. Tərəflər arasında mübahisəli Dayanacaq yerinin iddiaçının istifadəsinə verilməsinə dair yazılı müqavilə mövcud olmasa da, Dayanacaq yeri tərəflər arasında mübahisə yaranan vaxtadək faktiki olaraq iddiaçının istifadəsində olmuşdur. Bu hal həm tərəflərin izahatları ilə, həm də iş materiallarında olan sübutlarla müəyyən edilir. Belə ki, iş materiallarında olan iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin 2 saylı Əlavəsinin 1-ci bəndində Dayanacaq yeri barədə məlumat verilərkən “müştərinin mülkiyyətində və ya qanuni istifadəsində olan qeyri-yaşayış sahəsi” ifadəsi qeyd edilmişdir. Sözügedən müqavilə hazırda da qüvvədədir.
8. İşin mübahisəsiz halıdır ki, iddiaçı 2018-ci il tarixdən Dayanacaq yerindən mütəmadi istifadə etmiş, dayanacağa xidmət göstərilməsi ilə bağlı qeyd edilən müqavilə ilə razılaşdırılmış xidmət haqqını da ödəmişdir. İşin mübahisə edilməyən bu halı onu deməyə əsas verir ki, Dayanacaq yeri iddiaçının istifadə üçün sahibliyinə verilmişdir. Həmin yerin istifadə edilməsində əsas məqsəd isə iddiaçının avtomobilinin saxlanılması olmuşdur. Lakin uzun müddət istifadə edilməsinə baxmayaraq cavabdehlər tərəfdən heç bir səbəb göstərilmədən iddiaçı Dayanacağa buraxılmamış və bununla da onun istifadə hüquqları pozulmuşdur.
9. Eyni zamanda, iş materiallarında olan "xxxx" MTK tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən də müəyyən olunur ki, iddiaçı mübahisəli Dayanacaq yerindən təyinatı üzrə istifadə etmiş, hətta xidmətdən istifadəyə görə borcun ödənilməsini də tələb etmişlər. İddiaçının Dayanacaq yerinə istifadə hüquqlarının bərpa edilməsi digər tərəfdən həm də ona görə önəmlidir ki, iddiaçı Dayanacaq yerinin yerləşdiyi yaşayış binasındakı 15 saylı evin 88 saylı mənzilinin mülkiyyətçisi olmaqla həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçının avtodayanacaq yerindən istifadəsinə maneə yaradılması onun Mənzilindən istifadə hüququna da maneələr yaratmış olur. Belə ki, iddiaçı hər dəfə avtomobilini daha uzaq məsafədə yerləşən dayanacaqda saxlayaraq, mənzilinə piyada və ya digər nəqliyyat vasitələrindən istifadə etməklə getmək məcburiyyətində qalır. Baxmayaraq ki, məhkəmə diqqətə çatdırır ki, yüksəkmərtəbəli yaşayış binalarının zirzəmilərindəki avtodayanacaq yerləri ilk öncə həmin yaşayış binasında yaşayan sakinlərin avtomobillərinin saxlanılması və mühafizəsi üçün nəzərdə tutulmuşdur.
10. Məhkəmə Cavabdeh2 MTK-nın nümayəndəsinin iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmaması barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, Dayanacaq yerinə dair mülkiyyət hüquqlarının iddiaçıya məxsus olmaması Dayanacaq yerindən istifadəyə yaradılmış maneələrə son qoyulmasını məhkəmə qaydasında tələb etməyi istisna etmir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olnumuşdur ki, Dayanacaq yeri Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışa əsasən Babək Babayevin mülkiyyətində olsa da, (baxmayaraq ki, iddiaçı tərəfindən verilmiş iddia tələbinin həcminin artırılması barədə ərizədə həmin Çıxarışın etibarlılığı da mübahisələndirilsə də, ərizə mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyindən məhkəmə tərəfindən geri qaytarılmışdır) Dayanacaq yeri faktiki olaraq iddiaçının istifadəsində olmuş, hər iki cavabdeh isə bunu təkzib edəcək heç bir sübut məhkəməyə təqdim etməmişlər.
11. Məhkəmə iddiaçının 2800 manat məbləğində artıq alınmış vəsaitin "xxxx" MMC-dən tutulması barədə iddiasına münasibətdə bildirmişdir ki, iddiaçı nə başqa sakinlərlə eyni xidmətlərin göstərilməsi müqabilində daha az məbləğdə xidmət haqqının ödənilməsi şərtilə bağlanmış xidmət müqaviləsini, nə də bunu təsdiq edəcək digər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddia mənəvi zərərin ödənilməsi hissəsində də təmin edilməməlidir. İddiaçı cavabdehlərin hərəkətləri nəticəsində hər hansı əzab və iztirab keçirməsini, sarsıntıya məruz qaldığı halları da sübut edə bilməmiş, ümumiyyətlə, ona mənəvi zərərin vurulduğunu göstərsə də, zərərin nədən ibarət olması və bu zərərin nədə ifadə olunması barəsində hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3, 160, 163.1 və 165.1.-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh "xxxx" MTK qətnamədən apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2078/2023 saylı, 16 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisəli dayanacaq yerinə mülkiyyət və ya istifadə hüququ olmadığına görə həmin dayanacaq yerinin mülkiyyətçisinə qarşı mülkiyyət hüququnu təsdiq edən çıxarışın etibarsız hesab edilməsi barədə tələbi də əsassızdır, həmçinin belə tələbin verilməsi üçün subyektiv hüququ yoxdur. Eyni zamanda heç bir əsası olmadığı halda başqa şəxsin mülkiyyətində və ya istifadəsində olan qeyri-yaşayış sahəsi, mübahisəli dayanacaq yerinə mülkiyyət hüququnun tanınması barədə tələb irəli sürür. Halbuki mübahisəli dayanacaq yerinə nə mülkiyyət hüququ, nə də istifadə hüququnun olması barədə heç bir sənəd mövcud deyildir. Məhkəmə işi tam, obyektiv və hərtərəfli araşdıraraq qanuni və əsaslı qətnamə çıxarsa da idi müəyyən edə bilərdi ki, hazırda binanın idarəedici təşkilatı kimdir. Halbuki mübahisələndirdiyi qətnamədə isə iki təşkilatın üzərinə mübahisəli dayanacaq yerinə məhdudiyyətin qadağa edilməsi öhdəliyi qoyulub. Faktiki hallardan da görünür ki, binanın idarəedici təşkilatı olmadığı halda və binaya xidmət göstərmədiyi halda necə həmin təşkilatın üzərinə öhdəlik qoymaq olar?! Hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən qeyd olunan qanun normasının tələbini nəzərə almamışdır, bununla da işin bütün hallarına obyektiv qiymət verməyərək qanunsuz və əsassız qətnamə çıxarmışdır. İş məhkəmə baxışına təyin ediləndən sonra çıxarış ilə tanış olduğunu bildirir, buna görə də ilk iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması ərizəsini məhkəməyə təqdim etmişdir. Lakin əvvəla barışıq sazişi ilə bağlı heç bir razılaşma əldə olunmayıb, həmçinin iddiaçının iddia etdiyi kimi barışıq sazişi ilə bağlı hər hansısa bir razılıq əldə olunma ehtimalı var idisə, məhkəmə hazırlıq iclasını təxirə salınması üçün xahiş edə bilərdilər. Lakin göründüyü kimi məhkəmə baxış iclası təyin edilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixə qədər (ilk məhkəmə baxış iclası) də iddiaçı tərəf özünün iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə ərizəni təqdim etməyib, 2-ci məhkəmə baxış iclasına (xx.xx.2023) 2 gün qalmış 1-ci dəfə xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə ərizəsini təqdim edib. Bundan sonra yenə də 2-ci məhkəmə baxış iclasından xeyli müddət sonra 4-cü məhkəmə baxış iclasına 9 gün qalmış (xx.xx.2023) xx.xx.2023-cü il tarixdə 2-ci dəfə iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə ərizəsini təqdim edib. Göründüyü kimi iddiaçı tərəf xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə təqdim etdikləri ərizələr prosessual qanunvericiliyin tələbləri pozulmaqla verilmişdir, vaxtında verilməmişdir. Bu hal tərəflərin məhkəmə çəkişməsində bərabərliyi prinsipini pozmuşdur və bununla da Cavabdeh2 MTK-nın hüquqlarını kobud surətdə pozur. Bu halda iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə ərizə məhkəmə hazırlıq iclasında verilmədiyi və məhkəmə baxış iclasında xeyli müddət keçəndən sonra 2-ci və 4-cü məhkəmə baxış iclasında verildiyi əsasına görə icraata götürülməməlidir, həmin ərizələrə baxıla bilməz. Ona görə də hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən qanunvericiliyin tələbini pozmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nın nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, apellyasiya şikayətinin əsas məğzi ondan ibarətdir ki, dayanacağa dair maliyyə arayışı Qasımova Nüşabənin adına verilmişdir. Həmin maliyyə arayışı İddiaçı adına deyildir. Həmin sahə hal-hazırda başqa şəxsin mülkiyyətindədir. Babək Novruz oğlunun adına çıxarışı əlavə etmişlər. Çıxarış 23 dekabr 2009-cu il tarixli maliyyə arayışı əsasında verilmişdir. Mübahisəli dayanacaq yerinin İddiaçı istifadəsində və yaxud onun mülkiyyətində olmasına dair heç bir sənəd əlavə edilməmişdir. Hesab edir ki, iddiaçının subyektuv hüququ yoxdur, həmin dayanacaq sahəsinin iddiaçıya aid olmasına dair heç bir sənəd iş materiallarında mövcud deyildir. "xxxx" MTK Qasımova Nüşabənin adına olan çıxarışı qəbul etmirlər, çünki həmin sahəyə X1 adına çıxarış vardır. X1 adına mülkiyyət hüququ qeydiyyatda keçmişdir. MTK ilə bağlanan müqavilə ilə bağlı bildirir ki, müqavilənin predmetinə nəzər saldıqda görünür ki, orada qarajın verilməsindən söhbət getmir, sadəcə xidmətlərin göstərilməsindən söhbət gedir. Müqavilədə məhz 103 saylı qarajla bağlı olması göstərilməmişdir. Müqavilədə sadəcə oranın işıqlandırılması, təmizlənməsi, parklanma yerinə giriş-çıxış kartlarından istifadə ilə bağlı məsələlər qeyd edilmişdir. Müqavilə yazılı formada bağlanmışdır. Həmin müqavilənin birbaşa 103 saylı dayanacağa bağlılığı yoxdur. O müqavilə istənilən sakinlə bağlana bilər, həmçnin müqavilənin tərəfi "xxxx" MMC deyildir, müqavilənin tərəfi "xxxx" MMC-dir. "xxxx" MMC "xxxx" MMC-dən əvvəlki binanın idarəedici təşkilatı olmuşdur. Hal-hazırda "xxxx" MMC binanın idarəedicisi deyildir, hazırda binanın "xxxx" MMC-dir. Ona görə də həmin müqavilənin hazırda hüquqi qüvvəsi yoxdur. "xxxx" MMC "xxxx" MMC-nin hüququ varisi deyildir, "xxxx" MMC başqa təşkilatdır. "xxxx" MMC binanın idarəedici təşkilatıdır, kommunal xidmətlərin göstərilməsi, binanın ümumi istifadə də olan yerlərinin saxlanması və s. kimi xidmətləri göstərir. "xxxx" MMC 1 yanvar 2023-cü il tarixindən binanın idarə edilməsindən kənarlaşdırılmışdır. Hal-hazırda bu işləri "xxxx" MMC həyata keçirir. 100 manat pul icarə haqqı deyildir, xidmətlərin göstərilməsi ilə bağlıdır. Həmin xidmət haqqı onlardan kommunal haqqı kimi alınır. 100 manat ümumi ödəniş kimi alınır. Həmin pul qarajın işıqlandırılması, təmizlənməsi, mühafizəsi və s. kommunal xidmətlərə daxildir. Qarşı tərəf kommunal haqqı ilə razı olmadıqları üçün bu münasibətlər pozulmuşdur. Qarşı tərəfin subyektiv hüququ yoxdur. İddiaçının başqa yerdə parklanma yeri vardır. Qarşı tərəfə bildiriş göndərilmişdir ki, onlara məxsus olan 13 və 14 saylı qarajları təhvil alsınlar, eyni zamanda özəlləşdirmə üçün lazim olan sənədləri də MTK-dan götürsünlər. Qarşı tərəf birinci instansiya məhkəməsində iki dəfə iddia tələbinin həcminin artırılması ilə əlaqədar ərizə vermişdir, lakin üçüncü ərizə icraata qəbul edilməmişdir, çünki baxış iclasında verilmişdir. Ondan əvvəlki iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə ikinci məhkəmə baxışı iclasında verilmişdir. Həmin ərizə MPM-nin tələblərinin pozulması ilə əlaqədar icraata qəbul edilmişdir. Hesab edir ki, məhkəmə şikayətin verilibverilməməsindən asılı olaraq həmin məsələyə qiymət verməlidir. İddiaçının həmin parklanma yerində istifadə hüququ iş materiallarından sübut olunmur.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X1 vəkili və nümayəndəsi Vəkil3 bildirmişdir ki, mübahisəli sahəyə dair X1 adına 2011-ci il tarixində çıxarış və texniki-pasport verilmişdir. Həmin mübahisəli əraziyə dair nə "xxxx" MMC-nin, nə də "xxxx" MMC-nin hər hansı müqavilə bağlamaq hüququ yoxdur. İş üzrə çıxarış və texniki pasportu təqdim etmiş və nəzərə alınmasını xahiş etmişdir. X1 adına çıxarış qanunla müəyyən olunmuş qaydada Dövlət Reyest Xidmətinə müraciət olunaraq maliyyə arayışı əsasında əldə olunmuşdur. X1 mülkiyyət hüququ dövlət tərəfindən qeydiyyata alınmışdır. X2 məxsus əmlakı mübahisələndirmək əsassızdır. Barışıqla bağlı qarşı tərəfə təklif etdilər ki, müəyyən yerləri onların istifadəsinə versinlər, lakin prinsipial olaraq razılaşmırlar. İddiaçı digər parking yerini qəbul etməməkdə bildirirlər ki, guya başqa binanın ərazisindədir, lakin həmin parking yerləri də yaxın məsafədə yerləşir. 103 saylı parking yeri Babək Babayevin mülkiyyətindədir. Qarşı tərəf 200 manat aylıq haqq ödəyərək həmin 103 saylı parking yerindən istifadə edə bilər.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Həmçinin bildirimişdir ki, X7 binanı tikən şəxs olmuşdur. Bütün müqavilələr onun tərəfindən bağlanırdı. Ona görə də onun əlində bütün sahəsinin onun mülkiyyətində olması ilə bağlı arayış vermək və çıxarış almaq imkanı va idi. Onların həmin sahəyə dair X1 çıxarışın olmasından məhkəmə prosesində məlumatı oldu, ona görə də həmin şəxs hakim tərəfindən işə cəlb olundu. Qeyd etmişdir ki, orada olan mənzil ilkin olaraq İddiaçı bacısının adına olmuşdur. Daha sonra həm qaraj, həm də mənzil İddiaçı adına keçmişdir. Tərəflər 103 saylı dayanacaqla bağlı xidmət müqaviləsi bağlamışlar. Orada yaşayan sakinlər üçün həmin dayanacaq pulu 50 manatdan olmuşdur. Həmin vaxt 103 saylı parking yerinin əvəzinə başqa yerdə iki ədəd parking yeri verilmişdir, bununla bağlı sənədləşmələr olmuşdur. Eyni zamanda 103 saylı dayanacaqdan istifadə ilə bağlı da ayda 100 manatdan ödəməklə razılığa gəlmişlər. Həmin iki ədəd qarajlarla bağlı maliyyə arayışı verilmişdir. İddiaçı tərəf o dəyişdikləri qarajdan istifadə etməmiş, marağında olmamışdır. 103 saylı parking yerindən istifadə hüququ qarşılıqlı razılşma əsasında olmuşdur. İlkin olaraq 103 saylı parking yeri müqavilə və maliyyə arayışı əsasında Qasımova Nüşabəyə verilmişdir. Onlar həmin yerdən istifadə etmişlər. İddiaçı 103 saylı parking yeri ilə bağlı sənədləri Babayev Babəkə vermişlər və əvəzində iki ədəd qaraj almışlar. Ondan sonra həmin parking yerindən istifadə ilə bağlı qarşılıqlı razılşama olmuşdur, 103 saylı parking yeri iddiaçının daimi istifadəsində olmuşdur. 103 saylı parking yerinin əvəzinə qeyrisinin verilməsinin heç bir problemi yoxdur. Bununla bağlı barışıq sazişi də məhkəməyə verilmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 bildirmişdir ki, o, 2008-ci ildə 35 min manata həmin 103 saylı qarajı almışdır. 2015-2016-cı illərdə oranı təmirə başladı və bir müddət maışını orada saxladı. Daha sonra oranın sədri xahiş etdi ki, həmin qarajı başqa qarajlarla dəyişsinlər. Əvvəlcə razılaşmırdı, lakin evdə təmir işi gedirdi, ustaları buraxmırdılar. Ona görə də məcbur razılaşdı, lakin bildirdi ki, həmin yer onun üçün rahat deyil, o zaman 100 manata razılaşdılar. 2023-cü il tarixində "xxxx" MMC gəldi və aylıq 100 manat yox, 200 manat pul istədilər. Onlara bildirdi ki, belə bir danışıqları olmuşdur. O, bununla bağlı Azur Management müraciət etdi və həmin iki qarajla bağlı sənədləri tələb etdi. Bu iki məktuba bugünə qədər hələ də cavab yoxdur. Yanvar ayında MMT ilə bağlı məhkəmə qərar çıxardı, qarşı tərəf barışmağa cəhd etdi. Ona bildirdilər ki, məhkəməyə iddia verilməsin, barışığa gəlsinlər. 103 saylı qaraj onların istifadəsində qalmalı idi, əvəzində onlar aylıq 100 manat verməli idilər. Daha sonra digər binada iki ədəd parklanma yerini onların adına özəlləşdirməli idilər. "xxxx" MMC gəldikdə isə onlardan 200 manat pul istədilər, bildirdilər ki, bəs danışıq 100 manat olmuşdur. Bundan sonra bütün problemlər başladı, onları oraya buraxmamağa başladılar. Qarşı tərəf onların maşının qaraja daxil olmasına icazə vermir, lakin icra şöbəsinə məktub göndərir ki, onlar bütün maneələri aradan qaldırmışlar.
20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabeh məhkəmə iclasında təmsil edilməmiş və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən maddi hüquq normaları:
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
21. 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
22. 14.2-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları; Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları; Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi; Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması; Başqa şəxsə zərər vurulması; Əsassız varlanma; Fiziki və hüquqi şəxslərin digər hərəkətləri; Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır.
23. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
25. 157.2 və 157.4-cü maddələrinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
26. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
27. 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozmaqadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
28. 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyinqaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
29. 165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyə əsasən “.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin
31. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
32. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. 77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
36. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
Apelyasiya baxışının hədləri
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
40. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələblərinin rədd olunması xahiş edilir. Qey edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin cavabdeh "xxxx" MMC-yə aid hissədə yoxlanılması təşkil edir.
İşə təkrar baxan apelyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərinin müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
42. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MTKya və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dayanacaq yerinə hüquqlarının bərpa edilməsi vəzifəsinin həmin avtodayanacağın (parkinqin) yerləşdiyi qeyri-yaşayış sahəsinin mülkiyyətçisi X2 həvalə edilməsi, dayanacaqdan istifadə etməsinə cavabdehlər "xxxx" MMC və "xxxx" MTK tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
43. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2078/2023 nömrəli iş üzrə 16 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 8 ünvanındakı yüksək mərtəbəli yaşayış binasında yerləşən avtodanayacaqdakı (parkinqdəki) 103 saylı dayanacaq yerinə İddiaçı istifadə hüquqlarının bərpa edilməsi vəzifəsi X2 həvalə edilmiş, həmin dayanacaq yerindən iddiaçının istifadəsinə "xxxx" MMC və Cavabdeh2 MTK tərəfindən yaradılan manelərin aradan qaldırılması qət edilmişdir.
44. Göründüyü kimi hazırkı mübahisə tərəflər arasında X2 məxsus və iddiaçının istifadə etdiyi dayanacaq yeri ilə bağlı yaranmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2078/2023 nömrəli iş üzrə 16 iyun 2023-cü il tarixli qətnaməsi ilə 103 saylı dayanacaq yerinin tərəflər arasında mübahisə yaranan vaxtadək faktiki olaraq iddiaçının istifadəsində olduğu, dayanacağa xidmət göstərilməsi ilə bağlı qeyd edilən müqavilə ilə razılaşdırılmış xidmət haqqını ödədiyi, uzun müddət istifadə etməsinə baxmayaraq cavabdehlər tərəfindən heç bir səbəb göstərilmədən onu dayanacağa buraxılmadığı və bununla da onun istifadə hüquqlarını pozduğu, iddiaçının avtodayanacaq yerindən istifadəsinə maneə yaradılmasının onun mənzilindən istifadə hüququna da maneələr yaratmış olduğu, dayanacaq yerinə dair mülkiyyət hüququnun iddiaçıya məxsus olmaması dayanacaq yerindən istifadəyə yaradılmış maneələrə son qoyulmasını məhkəmə qaydasında tələb etməsini istisna etmədiyi, hər iki cavabdehin isə bunu təkzib edəcək heç bir sübut məhkəməyə təqdim etmədiyi təsbit edilmişdir.
45. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
46. Hazırda iddiaçının iddia ərizəsində cavabdeh "xxxx" MTK-ya münasibətdə bildirdiyi faktiki hallara uyğun gələn qanuni əsasdan müəyyən edilir ki, o, neqator iddia vasitəsilə hüquqlarını qorumaq niyyətindədir.
47. Mülkiyyət hüququnun, habelə qanuni sahibliyin müdafiəsinin əşya hüquqi vasitələri Mülki Məcəllənin 157-ci maddəsində təsbit edilmişdir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia.
48. Neqator iddia mülkiyyətçinin (qanuni sahibin) ona məxsus olan əmlakdan istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin həyata keçirilməsinə mane olan pozuntuların aradan qaldırılması haqqında üçüncü şəxsə qarşı irəli sürdüyü müqavilədənkənar tələbdən ibarətdir. Neqator iddianın anlayışı Mülki Məcəllənin 157.4cü maddəsində verilmişdir. Bu iddianın məqsədi mülkiyyətçinin və digər titul sahibinin əşyaya sahiblikdən məhrumetmə ilə bağlı olmayan digər səlahiyyətlərini (istifadə və sərəncam səlahiyyətini) müdafiə etməklə, pozulmuş hüquqları bərpa etməkdən ibarətdir. Bu iddiadan üç məqsəd güdülür: birincisi, hüququ pozulmuş hərəkətlərin qarşısını almaq; ikincisi, gələcəkdə mülkiyyət hüququnun pozulmasına gətirib çıxara biləcək hərəkətlərin qarşısını qabaqcadan almaq (preventiv məqsəd); üçüncüsü, hüququn pozulması anına kimi mövcud olan vəziyyəti bərpa etmək üçün müəyyən hərəkət etməyi cavabdehə həvalə etmək.
49. Beləliklə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi (qanuni sahib, səlahiyyətli şəxs) qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Belə pozuntu törədən şəxsin üzərinə yaratdığı maneəni aradan qaldırmaq vəzifəsi qoyulur. Bu vəzifənin icra edilməsi nəticəsində mülkiyyətçi əşya barəsində istifadə və sərəncam səlahiyyətlərini həyata keçirmək imkanı əldə edir.
50. İlk öncə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi iddiaçının mübahisəli dayanacqadan istifadəsinin və sahibliyinin qanuni olmasını təsdiq etməklə (§44) onu cavabdeh-mülkiyyətçi X2 münasibətdə məhkəmə müdafiəsi altına almış, bu hüquqların mülkiyyətçi olmasa da, dayanacağa sahiblik edən şəxs olaraq ona mənsub olduğunu təsdiq etmişdir. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, cavabdeh X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2078/2023 nömrəli iş üzrə 16 iyun 2023-cü il tarixli qətnaməsindən veridyi apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin normalarına riayət edilmədən verildiyi üçün geri qaytarılması qərara alınmışdır.
51. Belə olan halda iddiaçı mübahisəli yerin mülkiyyətçisi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxs olaraq mülkiyyətçiyə məxsus qanuni sahibliyin müdafiəsinin əşya hüquqi vasitələrindən cavabdehə qarşı istifadə etmək, pozuntulara son qoymağı tələb etmək hüququna malikdir.
52. Bundan başqa qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış xidməti müqaviləyə əsasən müəyyən edilir ki, "xxxx" MMC Dayanacaq yerinə müqaviləyə 1 saylı Əlavənin 1, 2 və 3cü bəndlərində nəzərdə tutulan xidmətləri göstərməyi, İddiaçı isə həmin xidmət qarşılığında hər ay 100 manat məbləğində xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür.
53. Hazırda isə, binada sözügedən xidmətlərin faktiki olaraq cavabdeh tərəfindən göstərilməsi, iddiaçının bu xidmətlərdən yararlanması, sakinlərdən bir çoxunun cavabdeh ilə yazılı müqavilə bağlaması işin mübahisəsiz halıdır. Bu hallar ona dəlalət edir ki, iddiaçı istifadəsində olan dayanacağın saz vəziyyətdə saxlanılması, təmiri, həmçinin qeyd olunan əmlakın istifadəsi ilə bağlı digər məsələlərin həllini "xxxx" MTK-ya ödəniş etməklə tapşırmış, bununla da onlar şifahi formada bağlanmış xidməti müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərinə daxil olmuşlar.
54. Beləliklə də bu xidmətləri göstərən cavabdehin şifahi formada yaranmış müqavilə münasibətlərində olduğu iddiaçının sözügedən əmlakdan istifadəsinə, mübahisəli yerin başqa şəxsin mülkiyyətində olmasına istinadən maneələr törətməsi mülki qanunvericiliyə ziddir. İddiaçının əmlakın saxlanması üzrə borcun yaranması da onun istifadə hüququnun məhdudlaşdırması üçün əsas ola bilməz. İddiaçı müəyyən xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədiyi halda, həmin hüquqi şəxsin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır.
55. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyatorun tətbiq etdiyi məhdudiyyətlərin qanuni və əsaslı olması, yəni qanuni məqsəd daşıması halı öz təsdiqini tapmır.
56. Bu kontekstdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətində istinad edilən prosessual hüquq normalarının pozulması halları isə qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
57. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2078/2023 saylı, 16 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə (cavabdeh "xxxx" MMC-yə aid hissədə) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Nigar Nəbizadə