Məhkəmə qərarları › İş №2(103)-5979/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5979/2023

25.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5979/2023 25.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(001)- 1484/2023 saylı qətnaməsinə əsasən, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə və "xxxx" ASC-yə qarşı “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilərək, ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Qətnamə 13 iyun 2023-cü il tarixdə rəsmi olaraq iddiaçıya təqdim edilmişdir (elektron kabinetlə). 21 iyun 2023-cü il tarixdə iddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli qərardadına əsasən, şikayət Mülki Prosessual Məcəllənin 363.1-ci maddəsinin tələblərinə cavab vermədiyindən geri qaytarılmışdır. 11 iyul 2023-cü il tarixdə iddiaçı yenidən qətnamədən apellyasiya şikayəti vermiş, məhkəmənin 12 iyul 2023-cü il tarixli qərardadına əsasən, şikayət Mülki Prosessual Məcəllənin 363.1-ci maddəsinin tələblərinə cavab vermədiyindən geri qaytarılmışdır. 17 iyul 2023-cü il tarixdə iddiaçı yenidən qətnamədən apellyasiya şikayəti vermiş, məhkəmənin 19 iyul 2023-cü il tarixli qərardadına əsasən, şikayət Mülki Prosessual Məcəllənin 363.1-ci maddəsinin tələblərinə cavab vermədiyindən geri qaytarılmışdır. 27 iyul 2023-cü il tarixdə iddiaçı yenidən qətnamədən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir. Məhkəmənin 02 avqust 2023-cü il tarixli, 2(001)-1484/2023 saylı qərardadına əsasən, prosessual müddətin bərpasına dair ərizə təmin edilməmişdir. Cavabdeh sonuncu qərardaddan da şikayət vermiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, müddəti buraxmadan qətnamədən apellyasiya şikayəti versə də, məhkəmə tərəfindən şikayət hər dəfə geri qaytarılmışdır. Buna görə də, o, şikayət vermə müddətini buraxmışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). İşdən görünür ki, iddiaçının qətnamədən verdiyi apellyasiya şikayəti üzrə müddət onun tərəfindən ötürülməmiş, apellyasiya şikayəti elektron qaydada verilmədiyi üçün geri qaytarılmışdır. Buna baxmayaraq iddiaçı şikayətin qaytarılması barədə qərardadda göstərilmiş nöqsanları aradan qaldırmamış, qətnamədən dəfələrlə apellyasiya şikayəti vermiş, məhkəmə tərəfindən bu şikayətlər də eyni əsaslarla geri qaytarılmışdır. İddiaçı isə qərardadlarda göstərilənlərə məhəl qoymayaraq israrla Mülki Prosessual Məcəllə ilə tənzimlənən apellyasiya şikayətinin forma-məzmununa uyğun olmayan şikayətlə məhkəməyə müraciət etmiş, nəhayət qətnamədən apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarına və sadalanan hüquq normalarına əsaslanaraq prosessual müddətin bərpası barədə ərizəni rədd etməkdə və şikayəti geri qaytarmaqda haqlı olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar