Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5988/2025 04.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X4 (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-178/2025 saylı, 18 avqust 2025-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 1.536 manat məbləğində maddi zərərin, 2.000 manat məbləğində mənəvi zərərin, 56 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 3.592 manat pul vəsaitinin ona ödənilməsi və Bakı şəhəri M.Qasımov küçəsi 2 saylı evin 75 saylı mənzilində su borularında olan nasazlığın aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-178/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün vurulmuş maddi zərərə görə 503 manat və mənəvi zərərə görə 200 manat, ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Cavabdeh üzərinə Bakı şəhəri Nəsimi rayonu M.Qasımov küçəsi 2 saylı evin 72 saylı mənzilinə su sızmasına səbəb olmuş nazaslığın aradan qaldırılması vəzifəsinin qoyulması, iddia tələbinin qalan hissədə rədd edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsi qət edilmişdir. xx.xx.2025-ci il tarixdə həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş və eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prossesual müddətin bərpa edilməsinə dair ərizəni məhkəməyə təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli e-2(006)-178/2025 nömrəli qətnamədən məlumatı olmamış və qətnaməni almamışdır. Qətnaməni xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etməklə almışdır. Buna görə də qətnamədən şikayət verilməsi müddəti buraxılmamışdır və bərpa edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-178/2025 saylı qərardadı ilə ərizə təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-178/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi müddətinin buraxılması üzrlü hesab edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində Cavabdeh elektron kabinetinin mövcud olmaması səbəbilə kağız daşıyıcıda qətnamə onun müvafiq poçt ünvanına göndərilmiş, lakin qətnamənin alınması ilə bağlı heç bir məlumat aşkar edilməmişdir. Məhkəmə qəbzindən görünür ki, Cavabdeh qətnamənin surətini şəxsən müraciət etməklə, onun tərəfindən xx.xx.2025-ci il tarixində imza edilməklə rəsmi qaydada alınmışdır. Həmin qərardaddan iş üzrə İddiaçı nümayəndəsi-vəkili Vəkil şikayət verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-178/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini, ərizənin rədd edilməsini və verilmiş apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iş üzrə mülki iş xx.xx.2024-cü il tarixdən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Həmin tarixdən xx.xx.2025-ci il tarixədək (iş üzrə Qətnamə çıxarıldığı tarix) mülki iş üzrə bir neçə məhkəmə iclasları, o cümlədən ekspertiza keçirilmişdir. Cavabdehin məhkəmə barəsində məlumatı olmuş, lakin cavabdeh məhkəmə iclaslarında iştrak etməmək qərar vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı xx.xx.2025-ci il tarixdə qüvvəyə minmişdir və bununla əlaqədar icra vərəqəsi verilmişdir. Məhkəmə qərardadında qeyd etmişdir ki, kağız daşıyıcıda qətnamə cavabdehin müvafiq poçt ünvanına göndərilmiş, lakin qətnamənin alınması ilə bağlı heç bir məlumat aşkar edilməmişdir. Lakin, məhkəmə, poçt vasitəsilə göndərilmiş qətnamənin cavabdeh tərəfindən hansı səbəbdən alınmaması və bununla bağlı poçt qəbzində hansı qeydlərin olması araşdırmamışdır. Qanun məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İş materialarından göründüyü kimi apellayasiya şikayəti caavabdeh tərəfindən həmin şikayətin verilməsi üçün müddət keçdikdən sonra verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-178/2025 saylı, 13 sentyabr 2025ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxslərin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə, müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya tərəfindən geri qaytarılır. İş materiallarından müəyyən edilir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-178/2025 saylı qətnaməsi Cavabdeh ünvanına poçt vasitəsilə göndərilsə də, məhkəməyə geri qaytarılmış; daha sonra cavabdeh xx.xx.2025-ci il tarixdə şəxsən qətnaməninin surətini təhvil almışdır. Həmin qətnamədən isə cavabdeh tərəfindən apellyasiya şikayəti xx.xx.2025-ci il tarixində verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin müddətin bərpasına dair ərizəyə sərgilədiyi movqe ilə razılaşaraq qeyd etməyi zəruri sayır ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır. Məhkəmə hər hansı halı üzrlü hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını və digər zəruri amilləri nəzərə almalıdır. Üzrlü səbəblər sırasına iddiaçının şəxsiyyəti ilə bağlı olan hallar, məsələn ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq, ailə üzvlərindən hər hansı birinin ölməsi və s. aid edilə bilər. Hazırkı halda da birinci instansiya məhkəməsi apelyasiya şikayətinin verilmə müddətinin ötürülməsi səbəbini üzrlü sayaraq mövqeyini “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində cavabdehin adına elektron kabinet açılmadığı, elektron kabinetinin mövcud olmaması səbəbilə qətnamənin onun müvafiq poçt ünvanına kağız daşıyıcıda göndərildiyi, lakin qətnamənin alınması ilə bağlı heç bir məlumat aşkar edilmədiyi, qətnamənin surətini məhkəməyə müraciət etməklə xx.xx.2025-ci il tarixində rəsmi qaydada aldığı ilə əsaslandırmış, məhkəmənin qətnaməni poçt vasitəsilə cavabdehə göndərməməklə onun prosessual hüquqlarını həyata keçirməsi imkanından məhrum etdiyini qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, istinad olunan bu hal müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən hal olaraq nəzərə alına bilər. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh prosessual hərəkəti etməyə imkan verməyən bu halı qətnamənin poçt vasitəsilə ona göndərilməsini xahiş etməklə qısa müddət ərzində aradan qaldırmağa səy göstərmiş, məhkəmə aktını xx.xx.2025-ci il tarixində rəsmi qaydada aldıqdan 8 gün sonra, yəni xx.xx.2025-ci il tarixində apellyasiya şikayəti ilə müraciət edərək, qanunvericiliklə ona verilmiş prosessual hüquqlardan sui-istifadə hallarına yol verməmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, ərizəçinin vaxtında şikayət verə bilməməsinin üzrlü səbəblərdən baş verməsi qənaətinə gəlmək mümkündür və məhkəmə müdafiəsi hüququnu reallaşdıra bilməsi üçün şikayətinə baxılması ədalət prinsiplərinə uyğun olmaqla qanunun məqsədlərinə də müvafiqdir. “Q. Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, “qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur”. Avropa İnsan Hüquqları Məhkəməsi də (Worm. Avstriyaya qarşı qərar 83/1996/702/894, b.33) göstərmişdir ki, yerli qanuna əsasən məhkəmə qərarının yazılı surətdə tərəflərə verilməsi nəzərə tutulursa, qərarın verilməsindən imtinaya görə məsuliyyət məhkəmə orqanlarının üzərinə düşür. Məhkəmə həmçinin qeyd etmişdir ki, şikayət vermə müddəti məhkəmə qərarının tərəfə rəsmən verildiyi tarixdən hesablanmalıdır. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Qeyd edilənlər baxımından iddiaçının hazırkı şikayətində göstərilənlər mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, İddiaçı nümayəndəsivəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-178/2025 saylı 18 avqust 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-178/2025 saylı 18 avqust 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Abdıyev Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5988/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5988/2025
04.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver