Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-599/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, cavabdeh “X5 Kompleksi” Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı “X5 Kompleksi” Mənzil Tikinti Kooperativinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “X5 Kompleksi” Mənzil Tikinti Kooperativinə (MTK) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MTK-nın ona mülkiyyət hüququ üzrə məxsus 174 m2 tikinti altında olan qeyri-yaşayış sahəsini, habelə icarə müqaviləsi əsasında uzunmüddətli istifadəsində olan 866 m2 torpaq sahəsini qanunsuz və əsassız olaraq zəbt etməklə tikililəri dağıtdığını və yerində çoxmənzilli bina tikdiyini, bundan xəbər tutduqdan sonra dəfələrlə 866 m2 torpaq və 174 m2 tikinti sahəsinin ona məxsus olmasını təsdiq edən sənədləri təqdim etsə də, MTK rəhbərliyinin onunla görüşməkdən imtina etdiyini bildirmiş, buna görə də həmin MTK-dan 1 500 000 (bir milyon beş yüz min) manat məbləğdə maddi, 500 000 (beş üz min) manat məbləğində mənəvi zərərin əvəzinin, həmçinin 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, “X5 Kompleksi” Mənzil Tikinti Kooperativindən 3264 (üç min iki yüz altmış dörd) manat vurulmuş maddi ziyanın və 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla cəmi 3294 (üç min iki yüz doxsan dörd) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələblərinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halları araşdırmadığını, sübutlara düzgün hüquqi qiymət vermədiyini, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu irəli sürmüşdür. Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv olunaraq iş üzrə yeni qətnamə çıxarılmış, iddianın qismən təmin olunması, “X5 Kompleksi” MTK-dan maddi ziyana görə 5000 manatın, mənəvi ziyana görə isə 3000 manatın tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmışdır. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında (xx.xx.2019-cu il tarixdə keçirilən iclasda) iştirak edən iddiaçının nümayəndəsi (oğlu) Sakhib Guseynov apellyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin qərarında şərh olunanlara istinadla müdafiə edərək şikayətin təmin olunmasını, cavabdehin nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirməklə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmaması ilə bağlı hissəsinin (iddianın qismən təmin olunmayan hissəsi)qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən cavabdeh ümumiyyətlə şikayət verməyərək, əksinə onun qüvvədə saxlanılmasını xahiş etmiş, iddiaçı isə qətnamənin iddianın təmin olunmayan hissəsini mübahisələndirmişdir. Həmçinin qeyd olunmalıdır ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnamələrini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını bu kontekstdə аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi “X5 Kompleksi” Mənzil Tikinti Kooperativindən tutulan maddi ziyanın məbləğinə aid hissədə dəyişdirilməli, iddiaçının “mənəvi ziyanın ödənilməsi” tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv olunaraq həmin tələb qismən təmin edilməli, mübahisələndirilən qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunan hallarına görə, İddiaçı Gəncə şəhəri, Nizami rayonu, 2-ci mikrorayon, 3 nömrəli binada yerləşən 9 kv.m qeyri-yaşayış sahəsinin, onun tərkib hissəsi olan 12 kv.m qeyri-yaşayış sahəsinin və qeyri-yaşayış sahəsinin qarşısında yerləşən ümumi sahəsi 174 kv.m olan talvarın mülkiyyətçisi olmuş, “X5 Kompleksi” Mənzil Tikinti Kooperativi (MTK) sözügedən obyektləri iddiaçının razılığı olmadan sökmüş və onların yerləşdiyi ərazidə çoxmənzilli yaşayış binası inşa etmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin iş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli rəyi ilə, İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, 3 nömrəli binanın cənub tərəfində yerləşən 9,3 kv.m qeyriyaşayış binasının, həmçinin qeyri-yaşayış binasının tərkib hissəsi olan bir mərtəbəli 12 kv.m qeyri-yaşayış binasının və 162 kv.m talvarın söküldüyü, həmin ərazidə “X3” MTK tərəfindən tikinti aparıldığı müəyyən olunmuş, işə birinci instansiya məhkəməsində baxılarkən “xxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx xxxxxxx 2017-ci il tarixli mütəxəssis rəyində Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, 3 saylı binanın cənub tərəfində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 174 kv.m olan qeyri-yaşayış sahəsinin 2014-cü il tarixə olan bazar dəyərinin 3264 manat təşkil etdiyi göstərilmişdir. MTK-nın arqumentinə görə isə, söküntü ilə bağlı icra hakimiyyətinin sərəncamı var və həmin sərəncam qüvvədə olmaqla əmlaklar qanunvericiliyin tələbinə əməl edilməklə sökülmüş, söküntü işləri həyata keçirilərkən heç bir şəxsin, o cümlədən iddiaçının hüquqları pozulmamışdır. Kollegiya hesab edir ki, iddia tələbləri iddiaçının mülkiyyət hüququna müdaxilə ilə bağlı olduğundan və mülkiyyət hüququnun pozulması onun iddiasının əsas dəlilini təşkil etdiyindən, iddiaya mülkiyyət hüququnun müdаfiəsi ilə bаğlı qanunvericilik çərçivəsində qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının tərəf olduğu X2 Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mahiyyət etibarilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallğa qarşı iş). Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir. Kollegiya hesab edir ki, iddiaçının əmlaklarının sökülərək onların yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması qəbul edilsə belə, onun mülkiyyət hüququna müdaxilə qanunla nəzərdə tutulmuş şərtlərə cavab verməmiş, əmlakın sökülməsi qanunsuz olmuşdur. Çünkü Mülki Məcəllənin 203.3-cü maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir:öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi;qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi;sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi;təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması;rekvizisiya;müsadirə. Məcəllənin 203.5-ci maddəsinə görə isə, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçıya məxsus əmlaklar artıq sökülmüş, iddiaçı isə əmlakının bərpasını deyil, bunun müqabilində kompensasiya istəmişdir - buna görə də kollegiyanın qənaətinə görə, iddiaçının məruz qaldığı ziyanın kompensasiya olunması onun pozulmuş hüququnun bərpasına xidmət edəcək vasitə kimi nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (müqavilə hüququ, delikt hüququ, əsassız varlanma və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. İşə ikinci dəfə apellyasiya qaydasında baxılarkən məhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq ekspertlər qarşısında “İddiaçı məxsus olmuş Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, 3 nömrəli binanın cənub tərəfində yerləşmiş 9,3 kv.m qeyri-yaşayış binası, həmçinin qeyri-yaşayış binasının tərkib hissəsi olan bir mərtəbəli 12 kv.m qeyri-yaşayış binası və 162 kv.m talvarın hazırda real bazar qiyməti hansı məbləğdə təşkil edir?” sualı qoyulmuş, “xxxxxxx” MMC-nin həmin təyinat əsasında verdiyi xx xxxxx 2019-cu il tarixli rəydə Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, 3 nömrəli binanın cənub tərəfində yerləşmiş 9,3 kv.m qeyri-yaşayış binasının, həmçinin qeyri-yaşayış binasının tərkib hissəsi olan bir mərtəbəli 12 kv.m qeyri-yaşayış binasının və 162 kv.m talvarın hazırda real bazar qiymətinin 5000 manat (müvafiq olaraq qeyri-yaşayış binası 4200 manat, talvar 800 manat) olduğu nəticəsinə gəlinmişdir. Kassasiya instansiyası məhkəməsi işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı xx xxxxx 2016-cı il tarixli qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir: “İşə ikinci apellyasiya baxışında apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni əsasən “xxxxxxx” MMC tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli ekspert rəyi ilə əsaslandırmışdır. Belə ki, həmin rəylə qeyri-yaşayış binasının bazar dəyəri 4200 manat, talvarın dəyəri 800 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin MK-nın işə birinci kassasiya baxışında qəbul etdiyi qərarın məzmunundan görünür ki, işə baxan məhkəmə tərkibi iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahələrindən başqa həmin qeyri-yaşayış sahələrinin yerləşdiyi 866 kv.m torpaq sahəsinə münasibətdə də gözlənti ilə mülkiyyət hüququna malik olduğunu, ona görə də bu halın da işə təkrar baxılarkən nəzərə alınmalı olduğunu göstərsə də işin bu halı ilə bağlı hər hansı bir araşdırma aparılmamışdır. Eyni zamanda işə baxan məhkəmə kollegiyasl qeyd etmişdir ki, 2004-cü ildə dəyəri 8000 ABŞ dolları olan əmlakın bazar dəyərinin hal-hazırda 3264 manat təşkil etməsi barədə qiymətəndirmə əsaslı hesab edilməməlidir. ...Bununla yanaşı işin hallarından görünüyü kimi cavabdeh hüquqi şəxsdir. Buna hər hansı bir qanuni əsas olmadan iddiaçını mülkiyyətindən məhrum etmişdir və bu məhrumetmədə məqsədi həmin ərazidə çoxmənzilli yaşayış binasını inşa etməkdə gəlir əldə etməkdir. Eyni zamanda iş materiallarından görünür ki, cavabdeh əmlakın qiymətinin, ekspert rəyləri ilə müəyyən edilmiş məbləğdən artıq olması barədə iddiaçının dəlillərini təkzib edən sübutlar təqdim etməmişdir”. Hazırkı apellyasiya baxışı zamanı Ali Məhkəmənin qərarında şərh olunanlar əsas götürülməklə əlavə qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspert qarşısında “Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, 3 nömrəli binanın cənub tərəfində yerləşmiş 9,3 kv.m qeyri-yaşayış binasının, həmçinin qeyri-yaşayış binasının tərkib hissəsi olan bir mərtəbəli 12 kv.m qeyri-yaşayış binasının və 162 kv.m talvarın, habelə bu qeyri-yaşayış sahələrinin yerləşdiyi 866 kv.m torpaq sahəsinin hazırkı real bazar qiymətlərinin (torpaq sahəsinin hər kv.metrinin qiyməti göstərilməklə)müəyyən edilməsi” məzmununda məsələ qoyulmuşdur. Bu təyinat əsasında “X4” MMC tərəfindən verilmiş rəydə sözügedən ünvanda söküntüyə məruz qalmış ümumi sahəsi 9,3 m2, tikintialtı sahəsi 12 m2 olan qeyri-yaşayış binasının və tikintialtı sahəsi 162 m2 olan talvarın bazar dəyərinin 6050 manat (qeyriyaşayış binası üzrə 5100 manat, talvar üzrə 950 manat) təşkil etdiyi nəticəsinə gəlinmiş, torpaq sahəsi dövlət istifadəsində olduğundan onun qiymətləndirilməsi aparılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmlakının məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində söküldüyü sübuta yetirildiyindən, “X4” MMC-nin sökülmüş əmlakın dəyəri olaraq müəyyənləşdirdiyi məbləğ əsas götürülməli və maddi ziyanın əvəzi qismində 6050 (altı min əlli) manat cavabdeh MTK-dan iddiaçının xeyrinə tutulmalıdır. Kollegiya, iddia tələblərinin əsaslandırıldığı faktiki hallar nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olması arqumentlərini də əsaslı hesab edir; belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Bununla belə kollegiyanın qənaətinə görə, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyan məbləği də ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. Şərh olunanların məcmusunu, xüsusilə, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının uzun illərdir məhkəmə çəkişmələrinə məruz qaldığını nəzərə almaqla kollegiya hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 5000 (beş min) manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər. İddiaçı, əmlakın dəyərinin daha yüksək olduğunu və ona daha çox məbləğdə mənəvi ziyan dəydiyini irəli sürsə də, bunu təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə; 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti verərkən iddiaçının ödəmiş olduğu dövlət rüsumunun əvəzi cavabdeh MTK-dan onun xeyrinə tutulmalı, apellyasiya icraatı zamanı keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri isə MTK-dan alınıb müvafiq hesablara köçürülməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-419/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi “X5 Kompleksi” Mənzil Tikinti Kooperativindən maddi ziyanın əvəzi qismində 3264 (üç min iki yüz altmış dörd) manatın iddiaçının xeyrinə tutulması hissəsində dəyişdirilsin. “X5 Kompleksi” Mənzil Tikinti Kooperativindən İddiaçı xeyrinə maddi ziyanın əvəzi qismində 6050 (altı min əlli) manat tutulsun. Qətnamə “mənəvi ziyanın ödənilməsi” tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv edilsin. Həmin iddia tələbi qismən təmin olunsun və “X5 Kompleksi” Mənzil Tikinti Kooperativindən İddiaçı xeyrinə mənəvi ziyanın əvəzi qismində 5000 (beş min) manat tutulsun. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. “X5 Kompleksi” Mənzil Tikinti Kooperativindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15,40 (on beş manat 40 qəpik) manat alınaraq İddiaçı, 300 (üç yüz) manat alınaraq “xxxxxxx” MMC-nin hesabına (h/h:№AZ34AZEG**********5171300001, VÖEN: **********, Benefisiar bank: “xxxxxx” ASC), 200 (iki yüz) manat alınaraq (VÖEN:**********,hesab№:AZ30GUNA********************,Bank:“xxxxxxxxx”ASC,VÖEN:****** ****,Müxbirhesab:AZ25NABZ**********00000479, KOD: 505594, SWİFT: GUNAAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Ziya Şirinov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-599/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-599/2020
30.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver