Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5991/2024 18.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğu mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“maddi və mənəvi zərərin ödənilməsi”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3499/2024 saylı işi üzrə xx.xx.2024-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Mercedes-Bens” minik markalı, **-GV-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Bakı-Mərdəkan şossesinin Binə Atçılıq YYM-dən keçən yolunun hərəkət hissəsində soldan 1-ci zolaqda hərəkətdə olarkən piyada olaraq yolu keçən X4 ehtiyyatsızlıqdan vurması və nəticədə C.Cəfərovun ölməsi faktına görə Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə xx.xx.2022-ci il tarixdə cinayət işi başlanılmışdır. Xəzər RPİ-nin İŞ tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməklə, həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Xəzər rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 1(003)-192/2022 saylı hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, İddiaçı barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Daha sonra Xəzər rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 1(003)- 192/2022 saylı hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsi 01 sentyabr 2023-cü il tarixdə baxaraq, məhkum edilmiş şəxs İddiaçı müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 1(003)-192/2022 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün ona bəraət verilmiş və İddiaçı barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi 01 sentyabr 2023-cü il tarixi hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəmənin 23 may 2024-cü il tarixdə baxaraq, kassasiya protesti təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 sentyabr 2023-cü il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçını qanunuz olaraq 10 mart 2022-ci il tarixdən xx.xx.2023-ci il tarixinədək yəni 1 il 6 ay müddətinə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində qətimkan tədbiri tətbiq edilərək qanunsuz məhkəməyə verilmişdir. Bu müddət ərzində onun və ailəsinin maddi durumu olduqca acınacaqlı vəziyyətə düşərək böyük mənəvi sarsıntılar da keçirmişdir. Tutulmamışdan əvvəl şirkətdə mühafizəçi işi ilə məşğul olmaqla, ayda 900 manat maaş alırdı. Həbsdə olduğu müddətdə 18 ay işləməməklə 16200 manat maddi ziyan dəymişdir. Həmin ziyan ona ödənilməlidir. Bundan başqa hüquqlarının məhkəmədə müdafiə olunması üçün Abşeron rayon Vəkil Bürosunun vəkilləri X5 və Vəkil ilə 26 aprel 2022-ci il tarixdə müqavilə bağlanmış və hər ikisinə ümumilikdə 5000 manat məbləğində pul ödənilmişdir. Habelə, iddiaçı qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edildiyinə görə hələ də fiziki və psixi əzab və iztirablar çəkməkdədir. Hesab edir ki, onun qanunsuz və əsassız olaraq təqsirli bilinməyi onun şərəf, ləyaqət və ya işgüzar nüfuzunu ləkələyən bir hal kimi çıxış etməkdədir və bu vəziyyət ona şəxsi həyatında hələ də problemlər yaratmaqdadır. Hesab edir ki, cavabdehdən ona vurulmuş ziyana görə 50000 manat tutulub ona ödənilməlidir. Göstərilənlərə əsasən, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsilə dövlət büdcəsindən vurulmş maddi ziyana görə 21200 manat və mənəvi zərərə görə 50000 manat, cəmi 71200 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
2. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi iddiaya etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində heç bir əsas göstərmədən ona xeyli miqdarda ziyan vurulmasına görə zərərin əvəzinin ödənilməsini tələb edir. İddiaçı həbs olunmamışdan əvvəl şirkətdə mühafizəçi işlədiyini, aylıq 900 manat maaş aldığını qeyd etsə də, aylıq gəliri ilə bağlı hər hansı təsdiqedici sübutlar təqdim etmədən, xərcləri əsaslandırmadan maddi zərərə görə 16200 manat məbləğində kompensasiya ödənilməsini tələb etmişdir. Belə ki, vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı barədə, habelə ayda konkret qazancı barədə sənədləri işin materillarına əlavə etməli idi. "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz nərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində ödənilən ziyanın (məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər və s) konkret növləri göstərilmişdir. İddiaçı həmçinin, mənəvi ziyana görə 50000 manat kompensasiya ödənilməsini tələb edir. "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşın fiziki və mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Hesab edilir ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına,onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. İddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarını) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Mülki qanunvericiliyin tələblərinə əsasən hər hansı şəxsə zərər vurmuş şəxs (və ya şəxslər) ona münasibətdə mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin əslində də heç bir hüquqi əsası yoxdur. Eyni zamanda "Dövlət büdcəsi” ifadəsi ümumi anlayışdır və burada hər bir büdcə təşkilatına (kredit sərəncamçılarına) müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Xərc maddələri isə Qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur. «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Həmçinin, Mülki Məcəllənin 1114.3-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Qeyd olunan reqres hüququnun əsaslandırılması üçün isə məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsiri müəyyən edilməli və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktlar qətnamədə göstərilməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən iddiaçıya ziyanın vurulduğu həqiqi faktlarla müəyyən edilərsə, bu zaman dövlətin və onun büdcəsinin də mənafeyi nəzərə alınmalı və məhkəmə tərəfindən qəbul ediləcək qərarda iş üzrə təqsirkar vəzifəli şəxslərin (adı, soyadı, vəzifəsi göstərilməklə) təqsiri müəyyən edilməlidir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Göründüyü kimi cinayət prosesini həyata keçirən orqan (və ya vəzifəli şəxs) hazırkı iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddia tələbinə həmin orqana (və ya vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. Ümumiyyətlə iddiaçı heç bir əsaslandırma və sübut göstərmədən maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddiasının rədd edilməsi məhkəmədən xahiş edilmişdir.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3499/2024 saylı işi üzrə xx.xx.2024-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə 5000 manat məbləğində maddi və 4500 manat məbləğində mənəvi zərərin əvəzi ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 68; Mülki Məcəllənin 1101.1; Cinayət Prosessual Məcəllənin 60.1; «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 81, 217.3, 217.4; «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddələrinə; Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin"Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına; «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına; Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə istinadən qeyd edilmişdir ki, iddiaçıya vurulmuş maddi ziyanla bağlı hissədə iddiaçının tələbi əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən hüquqlarının müdafiə olunması məqsədilə ümumilikdə 5000 manat məbləğində vəkil xərci ödənilmişdir. Ona görə də iddiaçıya vurulmuş maddi ziyanın əvəzi kimi 5000 manat məbləğində pul vəsaiti ona ödənilməlidir. İddia tələbinin maddi ziyanla bağlı qalan hissəsinə münasibətdə isə, iddiaçı daha əvvəl şirkətdə mühafizəçi işi ilə məşğul olduğunu və aylıq maaşının 900 manat olduğunu iddia etsə də, bununla bağlı sübutlarını təqdim edə bilməmişdir (müvafiq əvvəlki əmək müqaviləsini, vergi orqanından ödəniş cədvəllərini və s.). Bundan başqa, əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, iddiaçı özü ərizə yazaraq könüllü şəkildə işdən azad edilmişdir. Buna görə də, iddia tələbi maddi ziyan hissəsində qismən təmin edilməlidir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. İşin mübahisəsiz halıdır ki, iddiaçı barəsində 1 il 6 ay müddətinə (xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək) isə «başqa yerə getməmək haqqında» qətimkan tədbiri seçilmişdir. O, həmin müddət ərzində mənəvi sarsıntı keçirmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş ziyanın məbləğinin ağlabatan və ədalətli hesab edilməsi üçün başqa yerə getməmək haqqında qətimkan tədbirinin seçilməsinə görə ümumilikdə 4500 manat (başqa yerə getməmək haqqında qətimkan tədbirinə görə 1 ay üçün 250 manat olmaqla cəmi təqribən 4500 manat) məbləğində müəyyən olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni 4500 manat həcmində təmin olunması ədalətlidir. Belə ki, iddiaçının azadlıqdan məhrum olunması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi kifayət qədər ağlabatan deyildir.
4. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-72/2023 saylı hökmündən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmış, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-72/2023 saylı hökmünə əsasən isə məhkum edilmiş şəxs İddiaçı müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 1(003)- 192/2022 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün ona bəraət verilmiş, İddiaçı barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmiş, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası İddiaçı izah edilmiş, iş üzrə məhkəməyədək icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat, habelə apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 150 manat + 200 manat dövlətə aid edilmiş, məhkum edilmiş şəxs İddiaçı hüquqlarını müdafiəsi ilə əlaqədar X2 90 manat (15x6) məbləğində əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından işlədiyi "Yusifbəyli və Partnyorları" Vəkil Bürosunun hesabına köçürülmüşdür; - Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(102)-643/2024 saylı Qərarına əsasən dövlət ittihamçısı Təranə Məmmədova tərəfindən verilmiş kassasiya protestinin təmin edilməməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 sentyabr 2023-cü il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır; - Hüquqi yardımın göstərilməsi haqqında 439 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilədən və həmin tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Vəkil 2 500 manat məbləğində vəkil xərci ödənilmişdir; - Hüquqi yardımın göstərilməsi haqqında 438 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilədən və həmin tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən vəkil X3 2500 manat məbləğində vəkil xərci ödənilmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
5. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli e2(006)- 3499/2024 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına; Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli, 358-İİQ nömrəli qanununun 15-ci və 17; Mülki Prosessual Məcəllənin 77.1, 387.2.8; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1, 1114.; Cinayət Prosessual Məcəllənin 58.1-ci maddələrinə; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 04 saylı qərarının 2.4-cü bəndinə istinadən qeyd edilmişdir ki, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətiimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası (konkret dövlət büdcəsi nəzərdə tutulmamışdır) qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Bununla bağlı olaraq, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosessinə cəlb olunmalı idi. “Büdcə sistemi haqqında” Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasınd tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır və belə olan halda yuxarıda sadalanan pozuntular nəticəsində qəbul edilən məhkəmə qərarının icrası ümumiyyətlə mümkünsüzdür. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuşdur və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxs müəyyən edilməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri- maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, müəlliflik hüququ, sair şəxsi qeyri- əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Dəymiş mənəvi zərər isə fiziki və mənəvi iztirabları ehtiva edir. Lakin iş materiallarından da aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və ümumiyyətlə qeyd olunanlarla bağlı məhkəmə tərəfindən hər hansı bir sübut tədqiq olunmadan iddiaçıya 5.000 manat məbləğində vəsaitin ödənilməsi qət edilmişdir. Maliyyə Nazirliyi tərəfindən heç bir qanunsuz hərəkət (hərəkətsizlik) edilmədiyi halda məhkəmə cavabdeh qismində Maliyyə Nazirliyini tanımış və iddia tələbini ona yönəltmişdir. Eyni zamanda hesab edirik ki, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Cinayət-Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya mənəvi zərərə görə 5000 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Qətnamədən göründüyü kimi məhkəmə tərəfindən maddi zərərlə bağlı 4500 manat vəsaitin dövlət büdcəsindən ödənilməsi qət edilərkən hər hansı fakt göstərilməmiş, hər hansı sübut tədqiq olunmamışdır. Məhkəmə yalnız iddiaçının fikir və mülahizələrinə etimad göstərməklə kifayətlənmişdir. Maddi zərərlə bağlı sübutlar mövcud olduğu halda məhkəmə onların hər birinə konkret istinad etməklə (sənədin adı, tarixi və digər rekvizitləri qeyd olunmaqla) hər bir xərci ayrıca göstərməli idi. Bu baxımdan məhkəmənin qətnaməsi mövcud qanunvericiliyin tələblərinə zidd olduğundan ləğv edilməlidir. Qətnamədən də göründüyü kimi məhkəmə baxışı zamanı qeyd olunanlarla bağlı, hər hansı faktlar göstərilməmiş, eyni zamanda, mənəvi zərərlə də bağlı hər hansı sübut tədqiq olunmamışdır. Şəxsin fiziki və mənəvi iztirabları barədə sübutlar mövcud olduğu halda məhkəmə onların hər birinə konkret istinad etməklə (sənədin adı, tarixi və digər rekvizitləri qeyd olunmaqla) hər bir xərci ayrıca göstərməli idi. Ərizədə iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 04 saylı qərarının 2.4-ci bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Lakin məhkəmənin çıxardığı qətnamə sözügedən qərarda sadalanan tələblərə cavab vermir. Mülki Prosessual Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmçinin qeyd edirik ki, Ali Məhkəmə tərəfindən bütün məhkəmələrə tövsiyyə xarakterli məktub yazılaraq izah edilmişdir ki, dövlət büdcəsi hesabına ödənilən pul tələbləri, o cümlədən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz cinayət məsuliyyətinə cəlb etmə, qətimkan tədbiri kimi həbsə alma və ya qanunsuz məhkum etmə nəticəsində fiziki və hüquqi şəxslərə vurulmuş zərərin ödənilməsi barədə iddialar üzrə işlərə baxarkən xüsusilə diqqətli olsunlar, ödəmə tələbinin əsaslarını ətraflı araşdırsınlar, ödəmələr üzrə hesablamalar apardıqda mütəxəssis rəyi alsınlar. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 217-ci maddəsinə əsasən isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda sadalananlardan görünür ki, məhkəmə tərəfindən iş üçün mühüm əhəmiyyətə malik olan Azərbaycan Respublikası Mülki Prosessua Məcəlləsinin sübut etmə vəzifəsi adlanan 77.1-ci maddəsinin tələbləri nəzərə alınmamış, məhkəmə işə mahiyəti üzrə baxarkən məsələni tam, obyektiv və hərtərəfli araşdırmamış, kifayət qədər əsaslar olmadan iddiaçının xeyrinə qətnamə çıxarmışdır. Apellyasiya icraatı zamanı müəyyən edilən hallar
6. Məlumatlandırılması üçün qanununvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi nəticə vemədiyindən iddiaçı, cavabdeh və (cəlb edilən) müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə (hər iki tərəf şikayət verdiyindən tam) yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1 və 82.4-cü maddələrinin tələblərinə əsasən: Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun mübahisə edilən hissəsi üzrə yoxlayır.
9. Zərərçəkmiş şəxsə kompensasiya ödənilməsi Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
10. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1101.1ci maddəsinə əsasən Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Məcəllənin 1101.2-ci maddəsinin tələblərinə görə, Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.
11. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. 58.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.
12. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə (maddələrinə) əsasən, Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda; cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; inzibati xəta haqqında işə xitam verildikdə yaranır. 5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həbsdə saxlanılmasına, məhkəmə məsrəflərinə, həbsdə saxlanılarkən gördüyü məcburi işlərə görə haqqın verilməsinə sərf olunmuş məbləğlər təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmuş məbləğdən çıxıla bilməz. 6. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş ödənilməli olan məbləğlərin miqdarı şəxsin işdən (vəzifədən) kənarlaşdırıldığı, təyin olunmuş cəzanı çəkdiyi dövrdə əldə edilməmiş gəliri nəzərə almaqla müəyyən edilir.Bu Qanunun 5-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş əmlak natura formasında, bu mümkün olmadıqda isə, onun dəyəri dövlət və ya onu əvəzsiz olaraq əldə etmiş müəssisə, idarə və təşkilatların hesabına ödənilir.Evlərin və digər tikililərin dəyəri, yalnız bu əmlakın natura şəklində qalmadığı, şəxsin dəyərcə bərabər olan yaşayış sahəsinin və ya digər tikililərin əvəzsiz olaraq onun mülkiyyətinə verilməsindən imtina etdiyi hallarda və ya həmin şəxsin yaşayış evlərinin və digər tikililərin dəyərinin ödənilməsinə razılığı olduqda ödənilir. Yaşayış sahəsinin və digər tikililərin dəyəri mövcud bazar qiymətlərinə əsasən müəyyən edilir.Əmlakın dəyəri onun ödənilməsi haqqında qərarın qəbul edildiyi vaxtda mövcud olan qiymət əsasında ödənilir. Əmlakın zədələnməsi və ya köhnəlməsi hallarında vurulmuş ziyan tam həcmdə ödənilməlidir.Ödənilməli olan əmlakı əvəzsiz olaraq əldə etmiş müəssisənin, idarənin və təşkilatın ləğv edildiyi və ya vurulmuş ziyanın ödənilməsi üçün onların vəsaiti çatışmadığı hallarda, əmlakın dəyəri (əmlakın dəyərinin çatışmayan hissəsi) dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.Qanunsuz məhkum edilməsi nəticəsində yaşayış sahəsindən istifadə etmə hüququndan məhrum edilmiş şəxsə müvafiq icra hakimiyyəti orqanları tərəfindən həmin yaşayış sahəsi bir ay müddətində, bu yaşayış sahəsi natura şəklində qalmadığı hallarda isə, bununla əlaqədar edilmiş müraciətdən sonra altı ay müddətində həmin yaşayış məntəqəsində ailə tərkibi və yaşayış sahəsinə dair qüvvədə olan normalar nəzərə alınmaqla növbədənkənar eyni dəyərli abadlaşdırılmış yaşayış sahəsi verilməlidir.Ödənilməli olan əmlakı əldə edilmiş şəxs, bu əmlakın vurulmuş ziyanın ödənilməsi qaydası əvvəlki sahibinə qaytarılması ilə əlaqədar əvəzində dövlətdən abadlaşdırılmış, dəyərcə və bütün digər əlamətlərlə bərabər olan əmlakı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Belə tələb irəli sürüldükdən sonra bir ay müddətindən gec olmayaraq dövlət tərəfindən təmin edilir.Bununla əlaqədar bütün mübahisələr məhkəmə qaydasında həll olunur.
13. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir.
14. Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə"nin 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
15. Mülki Məcəllənin müddəalarına görə: 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
16. Qeyd edilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 28-71; 1966-cı ildə BMT tərəfındən qəbul edilmiş «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 9-cu maddəsinə; «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyanın 5-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56-63; Mülki Prosessual Məcəllənin 4.1, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 220.5, 385- 390-cı maddələrinə istinadən məhkəmə kolegiyası hesab edir ki, apellyasiya şikayətinin faktiki və hüquqi əsasları olmayan dəlilləri formal mülahizə xarakter daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən maddi ziyana görə əsaslandırılmış və mənəvi zərərə görə ağlabatan məbləğdə tutulan kompensasiyanın sübutu qanunvericiliklə müəyyən edilən və hamıya bəlli olan hallardır. Cavabdehin apellyasiya şikayəti üzrə tələbinin dəlilləri özü-özlüyündə də ziddiyyət təşkil edir. Belə ki, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi kimi tələb təsbit etsə də, şikayətin məzmununda iddianın bir tərəfədən onların cavabdehliyinin istisna edildiyini, digər tərəfdən isə zərərin məbləğinin düzgün müəyyən edilmədiyinə yönəlik işin mahiyyətinə dair dəlilləri mübahisələndirmişdir. Qeyd edilənlər, habelə Büdcə sistemi haqqında Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası Qanunu və digər sahəvi qanunvericiliklə cavabdehin fəaliyyətinə (səlahiyyətinə) aid məsələlərin müəyyən edilməsi məhkəmələrin vəzifələrinə aid deyildir. Bu baxımdan dövlət büdcəsinə yönəldilən məbləğin maliyyə mənbəyinin göstərilməməsi, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsin müəyyən edilməməsi və həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izahın verilməməsi kimi şikayətin dəlillərinin hər hansı hüquqi əsası müəyyən edilmir. Hüquqi əsassız olan faktoloji dəlillərin sübut edilməsi bu dəlilləri irəli sürənlərin vəzifəsinə aid olduğu halda, məhkəmə çəkişmə prinsipinə zidd olaraq özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
17. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3499/2024 saylı işi üzrə xx.xx.2024-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.