Məhkəmə qərarları › İş №2(103)-5992/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5992/2022

15.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5992/2022 15.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Xalıs qızının Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: təmirə çəkilmiş xərclərin ödənilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil3, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzilin təmirinə çəkilmiş xərclərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Bakı şəhəri, Q. Qarayev prospekti 73 ünvanında yerləşən evin 56 saylı mənzili xx.xx.2006-cı il tarixdə Cavabdeh adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır.

2. İddiaçı ilə X3 2004-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, xx.xx.2006-cı il tarixdə Bakı şəhəri, Q. Qarayev prospekti 73 ünvanında yerləşən 56 saylı mənzilə pasport qeydiyyatına alınmış və orada yaşamağa başlamış, nikahlarından 2005ci ildə Fidan adını verdikləri övladları dünyaya gəlmişdir.

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı və X3 arasında bağlanmış nikahın pozulması qət olunmuşdur.

4. Cavabdeh Turqut Kazımovun anası, İddiaçı keçmiş qayınanasıdır.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 73 saylı evin 56 saylı mənzilinə köçürülməsi, İddiaçı Xalid qızına 16 200 manat məbləğində kompensasiya verilməklə övladı X4 ilə birlikdə həmin mənzilə olan istifadə hüquqlarına xitam verilməklə onların mənzildən çıxarılmaları qət edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

6. İddiaçı X5 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, Cavabdeh ünvan 2 ünvanında yerləşən 56 saylı mənzilin təmirinə çəkilmiş xərcin əvəzi olan 18 023 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 144 manatın, yəni ümumilikdə 18 144,023 manatın alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehin oğlu X3 ilə rəsmi nikahları 2004-cü ildə qeydə alınmış, 2005-ci ildə X4 anadan olmuş, həmin vaxt hazırda yaşadığı və qeydiyyatda olduğu ünvan 3 ünvanında yerləşən 56 saylı mənzili birgə nikah dövründə əldə etmiş, sadəcə, gələcəkdə baş verə biləcək neqativ halları nəzərə almadan mənzili qayınanası Cavabdeh adına rəsmiləşdirməklə onun adına mülkiyyət hüququnu təsdiq edən çıxarış almışlar. Cavabdeh heç vaxt mənzildə yaşamamış, mənzilin əldə edilməsində heç bir maddi vəsaiti olmamış, mənzildə o, keçmiş həyat yoldaşı və övladları yaşamışlar. Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Turqutla nikahları pozulmuş, bundan sonra keçmiş qayınanası Cavabdeh Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, onun və qızı X2 mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq Cavabdeh ünvan 4 ünvanına köçürülməsi və 16 200 manat kompensasiya verilməklə onun və övladının həmin mənzildən çıxarılması qət edilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq isdədiyi əsas məqam ondan ibarətdir ki, o, 2004-cü ildən həmin mənzilə köçmüş, mütəmadi olaraq həmin mənzildə tərəfindən təmir işləri aparılmışdır. Sonuncu dəfə 2019-cu ildə mənzili təmir etməyə başlamış, mənzilin təmiri 2020-ci ildə yekunlaşmışdır. Təmir xərclərinə ümumilikdə 18 023,70 manat miqdarında vəsait xərcləmiş, bununla bağlı "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə mütəxəssis rəyi tərtib edilmiş və mənzilin təmirinə çəkilmiş xərcin dəyəri 18 023 manat müəyyən edilmişdir. Əlavə olraq həmin xərcin onun tərəfindən ödənilməsini təsdiq edəcək şahidlər vardır. Hesab edir ki, tərəfindən mənzilə çəkilən xərc mənzilin şəraitini yaxşılaşdırmaqla onun bazar dəyərini faktiki olaraq artırdığından və istifadə hüququna məhkəmə qətnaməsi ilə xitam verildiyindən təmir xərci cavabdehdən tutularaq ona ödənilməlidir. Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə həmçinin müəyyən edilmişdir ki, cavabdeh həmin mənzildə heç vaxt yaşamamış, faktiki olaraq mülkiyyətçi olsa da, mənzilə daim onun tərəfindən sahiblik edilmişdir.

8. İddiaçı birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatda göstərmişdir ki, mənzilə qızları doğulduqdan sonra, yəni 2005-ci ildə köçmüş, mənzilə köçdüyü zaman mənzil təmirsiz, qəzalı vəziyyətdə olmuş, mənzili ilk dəfə özü təmir etdirmişdir. 2019-cu ilə kimi evdə kosmetik təmir işləri aparmışdır, çünki qonşulara su axıdılmış, hamam və sanitar qovşaq yaxşı vəziyyətdə olmadığı üçün qonşularla hər gün problem çıxmışdır. 2015-ci ilə kimi evdə Turqutla ər-arvad kimi yaşamış, 2019-cu ilin sonundan mənzildə əsaslı təmir işləri aparılmışdır. Təmirə başlamasında əsas səbəb qızının böyümüəsi, məzun olacağı, universitet xərcləri çox olacağı üçün evi indidən təmir etdirmək istəməsi olmuşdur. Cavabdeh onlara köməklik etməmiş, bəzən ayda bir dəfə və yaxud övladının ad günüdə 100 manat pul vermişdir. Evi təmir etdirərkən hər hansı bir şirkətlə müqavilə bağlamadığı üçün smeta tərtib edilməmişdir. O, adi maaşa baxdığı üçün, fərdi qaydada ustalarla razılaşıb evi təmir etdirmişdir. İndi mühafizə şirkətində işləyir. Evdə qayınanasının evi kimi yaşamamış, evin onların olduğunu düşünmüşdür. Cavabdehin evin təmirindən xəbəri var idi və buna etiraz etməmişdi. Bilsəydi ki, irəlidə belə bir mübahisə olacaq, evi təmir etdirməz və pulu qızının gələcəyi üçün saxlayardı. Keçmiş həyat yoldaşı evdən 2020-ci ilin yanvar ayından birdəfəlik getmişdir. Təmir pulunu işləyib aldığı əmək haqqı ilə “lotereya” oynayaraq əldə etmiş, atası da ona köməklik göstərmişdir. Əmək haqqı 500 manatdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun övladı ilə birlikdə 16 200 manat kompensasiya ödənilməkdə evdən çıxarılması qət edilmiş, lakin həmin məbləğ ona ödənilməmişdir.

9. Cavabdehin nümayəndəsi (vəkili) iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının mənzilin pis vəziyyətdə, qəzalı vəziyyətdə olmasına dair heç bir sübutu yoxdur. Əmlak istifadəyə verildiyi üçün kirayə müqaviləsinin şərtlərini tətbiq etmək olar. Kirayəçi evi yaşayış üçün yaxşılaşdıra bilər. 18 000 manat təmir xərcinin iddiaçı tərəfindən ödənilməsi reallığa uyğun deyil. Cavabdeh və onun oğlu təmir xərcinin ödənilməsinə köməklik etmişlər. İddiaçının əmək haqqısı evin təmir xərcini ödəmək üçün kifayət deyil. Cavabdehin oğlu isə 1000 manat aylıq maaş və mükafatlar alır. Cavabdehin də pensiya məbləği kifayət qədər yüksəkdir. Evin təmir olunduğunu qəbul edirlər, lakin evi cavabdehin oğlu Turgut təmir etdirmiş, cavabdeh isə köməklik göstərmişdir. Turqut tərəfindən götürülən kredit də evin təmiri üçün olmuşdur.

10. Məhkəmənin şahid qismində dindirdiyi X11 ifadəsində göstərmişdir ki, o, Rəna xanımın evində usta kimi işləmiş, evin mətbəxini təmir etmiş, laminatını vurmuşdur. Ev təmirdən öncə çox pis vəziyyətdə olmuş, xidmət haqqını Rəna xanım vermiş, təxminən 650-700 manat pul almışdır.

11. Məhkəmənin şahid qismində dindirdiyi X6 ifadəsində göstərmişdir ki, Rəna xanımın evində usta kimi işləmiş, evin lambirini, məxtbəxini təmir etmiş, xidmət haqqını Rəna xanımdan almışdır.

12. Məhkəmənin şahid qismində dindirdiyi Şahid ifadəsində göstərmişdir ki, qardaşının maaş kartı həmişə keçmiş gəlinləri olan iddiaçıda olmuşdur. 16 ildir ki, iddiaçı yaşadığı evi təmir etdirir, getdiyi hər evdə yeni bir şey görüb gəlib yaşadığı evdə də həmin dəyişikliyi edir. Gah evdə unitaz qırılır, gah mətbəxin rəngini, mebellərini dəyişir. İddiaçı, anası Cavabdeh evi təmir etmək üçün pul lazım olduğunu bildirmiş, anası isə ondan, öz pensiyasından Rəna xanına pul vermişdir. Bundan başqa, qardaşı Dövlət Statistika Komitəsində işləyir və onun başqa gəlir yeri yoxdur. Anası illərlə Dövlət Statistika Komitəsində işləmiş və ev növbəsində durduğu üçün anasına dövlət tərəfindən ev verilmişdir. Evin təmiri üçün bankdan götürülən pulu anası ödəmişdir. Mənzilə Rəna xanım anasını söyüş söyüb təhqir etdikdən sonra bir daha getməmiş, orada sonuncu dəfə təxminən 2009-2010-cu illərdə olmuşdur. Qardaşı pul vermiş, Rəna xanımda evi təmir etdirmişdir. Evi təmir edən ustaların pulunu anası vermişdir.

13. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.

14. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, müəyyən edilən hallar, habelə tərəflərin verdiyi izahatlarla ünvan 5 ünvanında yerləşən mənzilin təmir edilməsi halı öz təsdiqini tapmışdır. Mübahisələndirilən məqam mənzilin təmirinin kim tərəfindən edilməsidir. Belə ki, iddiaçı mənzilin təmirinin onun tərəfindən edildiyini, təmir üçün cavabdehin və ya keçmiş həyat yoldaşının köməklik etmədiyini, mənzil təmir edilərkən keçmiş həyat yoldaşının mənzildə yaşamadığını bildirmiş, cavabdeh tərəf isə buna etiraz edərək, iddiaçının iddiada göstərilən məbləğdə evi təmir etdirmək üçün maddi vəsaitini olmadığını, mənzilin təmirinin əmlakın mülkiyyətçisi olan cavabdeh və onun oğlu X3 tərəfindən edildiyini qeyd etmişdir.

15. Məhkəmə hesab etmişdir ki, mübahisələndiririlən hallara hüquqi qiymət verilməsi məqsədilə ilk öncə mənzilin təmirinin nə vaxt edilməsi müəyyən edilməlidir. İddiaçı iddia tələbində, həmçinin məhkəmə iclasında verdiyi izahatında mənzilin təmirinə 2019-cu ilin sonlarında başladığını və 2020-ci ildə yekunlaşdırdığını, iddiaçının nümayəndəsi isə təmirin 2020-2021-ci illərdə edildiyini bildirmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli etiraz ərizəsində ünvan 6 ünvanında yerləşən mənzilini 2019-cu ilin axırlarında təmir etdirib bitirdiyini, ümumilikdə təmirə 18023,70 manat vəsait sərf etdiyini bildirmişdir. Göründüyü kimi, mənzilin təmirinin edilməsi vaxtı haqqında məhkəməyə ziddiyyətli ifadələr təqdim edilmişdir.

16. Həmçinin, mübahisələndirilən əmlakda cavabdeh yaşamamış, həmin ünvanda iddiaçı və onun keçmiş həyat yoldaşı birlikdə yaşayaraq təsərrüfat aparmışlar. İddiaçının məhkəmədə vermiş olduğu izahatlarla müəyyən edilir ki, onun keçmiş həyat yoldaşı X3 ilə münasibətləri 2015-ci ildə faktiki olaraq pozulmuş, onlar mübahisəli mənzildə birlikdə yaşasalar da, otaqlarını ayırmış, lakin X3 mənzili 2020-ci ilin əvvəllərində tərk etmişdir. Belə olan halda müəyyən edilir ki, mənzildə təmir işləri görülərkən X3 da həmin mənzildə yaşamışdır. Beləliklə, X1 mənzilin təmir edilməsində iştirakı istisna edilmir.

17. Məhkəmə vurğulamışdır ki, iddiaçının “loteraya” oynaması, evin təmirində ona atasının köməklik göstərməsi və ya X1 əmək haqqı kartının faktiki olaraq iddiaçıda olmasına dair tərəflərin istinad etdiyi hallar öz təsdiqini tapmamıdır. Ümumiyyətlə, mübahisələndirilən mənzilin təmir edilməsi halı öz təsdiqini tapsa da, mənzilin təmirinin məhz iddiaçı tərəfindən edilməsi və təmir üçün çəkilmiş xərclərinin iddiaçı tərəfindən ödənilməsi halı öz təsdiqi tapmır.

18. Eyni zamanda, iddiaçının məhkəməyə vermiş olduğu izahatından məlum olur ki, mənzildə əsaslı təmir işləri görülməmişdən əvvəl, X3 ilə evlənib evə köçdükdən sonra kosmetik təmir işləri edilmiş, həmin vaxt iddiaçı X3 ilə birgə təsərrüfat aparmaqla mənzildə yaşamış və mənzildən istifadə etmişlər. Hazırda iddiaçı iddia tələbində mənzilə məhz 18 023,70 manat xərc çəkdiyini qeyd etsə də, buna dair “smeta”nı (xərclər üzrə hesabat) məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi isə mütəxəssis tərəfindən əmlaka vizual-texniki baxış keçirilməklə tərtib edilmişdir. Lakin yuxarıda da qeyd edildiyi kimi, mənzildə 2019-cu il tarixdə aparılmış təmir işlərindən daha əvvəldə, iddiaçı ilə X3 birgə təsərrüfat apardıqları vaxtda da təmir işləri görülmüşdür.

19. Məhkəmə həmçinin qeyd etmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə kompensasiya məbləği müəyyən edilərkən "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli “daşınmaz əmlakın orta aylıq kirayə dəyərinin müəyyən edilməsi” barədə arayışına istinad edilmiş, beləliklə mənzilin təmirli olduğu nəzərə alınmış və kompensasiya da təmirli mənzil üçün müəyyənləşdirilmişdir.

20. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 157.7-ci, 1094-cü, 1087.1-ci və 1088.1-ci maddələrinə istinad etmişdir.

21. Həmin qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, maddi hüquq normasını səhv tətbiq etdiyini, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları nəzərə almadığını irəli sürmüşdür.

b) Apelyasiya baxışı zamanı keçirilən məhikəmə iclası və verilən izahatlar

22. İddiaçı Xalıs qızı və onun məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil3 birinci instansiya məhkəməsində verilən izahata uyğun izahat verməklə apellyasiya şikayətinin dəlillərini müdafiə etmişlər.

23. Cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən 56 saylı mənzil təmsil etdiyi şəxsə Amerika səfirliyinə ayrılmış ərazidə yerləşən mənzilinin dəyişdirilməsi ilə bağlı verilmiş, mənzilin təmiri normal olmuş, iddiaçı özü də bildirdiyi kimi 2019-cu ilə qədər orada sadəcə kosmetik təmir işləri həyata keçirmiş, orada o və ailəsi yaşadığı üçün bu hal normal olmuşdur. Çünkü kirayəçi evi yaşayış üçün yaxşılaşdıra bilər. 18 000 manat təmir xərcinin iddiaçı tərəfindən ödənildiyi həqiqətə uyğun deyil, belə ki, cavabdeh və onun oğlu təmir xərcinin ödənilməsinə köməklik etmiş, iddiaçıya kompensasiya müəyyənləşdirilərkən onun təmirdə iştirakı nəzərə alınmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

26. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

27. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

28. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər; yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

29. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

33. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

34. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

39. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsi).

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

43. Kollegiya ilk növbədə qeyd edir ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.

44. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

45. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

46. İddiaçının tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 157.7-ci maddəsi (§ 28) nəzərdən keçirilə bilər; bununla yanaşı qeyd olunmalıdır ki, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə onu irəli sürən şəxsin üzərinə düşür və məhz iddiaçı, iddiasını əsaslandırdığı faktiki halların mövcudluğunu sübuta yetirməlidir.

47. Yuxarıda qeyd olunanlardan görünür ki, iddiaçı hazırkı iddia tələbini əsaslandırdığı faktiki halı, yəni ünvan 2 ünvanında yerləşən 56 saylı mənzilin təmirinə 18 023 manat xərc çəkdiyini əvvəllər ona qarşı qaldırılmış “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi” tələbinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxıldığı zaman da irəli sürmüş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə kompensasiya məbləği müəyyənləşdirilərkən bu hal nəzərə alınmışdır.

48. Mülki-prosessual qanunvericiliklə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən (§ 34), əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir.

49. “Q. Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.

50. Göstərilənlərə əsasən kollegiya, birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və dəlilləri iddia ərizəsində göstərilən dəlillərlə eyni olan apellyasiya şikayətində irəli sürülənlərə bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmür.

51. Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:

İddiaçı nümayəndəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1153/2022 saylı iş üzrə 17 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar