Məhkəmə qərarları › İş №2(103)-5992/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5992/2024

16.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5992/2024 16.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(006)- 3217/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı barəsində xx.xx.2021-ci ildən həbs qətimkan tədbiri seçilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə isə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilərək həbsdən azad edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə, həmin qərar isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanaraq qanuni qüvvəsini almışdır. Hazırda iddiaçı qanunsuz azadlıqdan məhrum etmə nəticəsində ona maddi ziyanın və mənəvi zərərin əvəzinin ödənilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi zərərin əvəzi kimi 100.000 (yüz min) manat, mənəvi zərərin əvəzi kimi 100.000 (yüz min) manatın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı əsassız olaraq 14 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən X6, 15 oktyabr 2021-ci il tarixdə isə Dövlət Sərhəd Xidmətinin İstintaq Təhqiqat İdarəsinə təhvil verilmişdir. 16 oktyabr 2021-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 240.3.2-ci maddələri ilə əsassız cinayət məsuliyyətinə cəlb edilməklə həmin tarixdə qeyd edilən maddələrlə iddiaçıya ittiham elan olunmuş, 30 iyun 2022-ci il tarixdə həmin maddələrlə ona yeni məzmunda ittiham elan edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən 16 oktyabr 2021-ci il tarixdə İddiaçı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Belə ki, ittiham tərəfi İddiaçı əsassız olaraq ağır cinayətdə ittiham etmiş və o, əsassız olaraq həbs edilərək 1 il 2 ay 5 gün müddətində həbsdə saxlanılmışdır. X11 Cinayətlər Məhkəməsinin 1(099)-500/2022 nömrəli, 19 dekabr 2022-ci il tarixli hökmü ilə İddiaçı barəsində bəraət hökmü çıxarılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-158/2023 nömrəli, 04 aprel 2023-cü il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)- 500/2022 nömrəli, 19 dekabr 2022-ci il tarixli hökmü İddiaçı dair hissədə qüvvədə saxlanılmışdır. Bundan başqa, dövlət ittihamçısı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya protesti verilmiş, həmin məhkəmənin 1(102)-1689/2023 nömrəli, 07 sentyabr 2023-cü il tarixli qərarı ilə kassasiya protesti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin 04 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İbtidai istintaq orqanının elan edilmiş əsassız ittihamına əsasən İddiaçı 14 oktyabr 2021-ci il tarixdən 19 dekabr 2022-ci il tarixinə kimi, yəni 1 (bir) il 2 (iki) ay 5 (beş) gün Bakı İstintaq Təcridxanasında saxlanılmışdır. İddiaçının barəsində çıxarılmış qanunsuz ittiham hökmü əsasında onun şərəf və ləyaqəti ləkələnmiş, yəni ibtidai istintaq orqanının əsassız ittihamı nəticəsində ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. İddiaçı qanunsuz olaraq həbs edildiyi günədək fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, hər ay müəyyən məbləğdə pul qazanmışdır. İddiaçı həbs olunan zaman kredit borcları mövcud olmuşdur ki, həmin kredit borcuna əlavə faiz və dəbbə pulu hesablanmışdır. Bundan başqa, İddiaçı həbsdə olduğu dövrdə Dövlət Vergi Xidməti tərəfindən ona qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə ilə məhkəməyə müraciət edilmişdir. Həmin ərizədə qeyd olunan vergidən yayınma kimi göstərilən borclar İddiaçı həbsdə olduğu müddətdə yaranmışdır. Həmin vaxtı borc yaranmış və təbii ki, o, həbsdə olduğundan vergi borcunu ödəmək imkanı xaricində olmuşdur. Bütün bunlar iddiaçının qanunsuz həbsdə saxlanıldığı müddətdə baş vermişdir. Daha sonra İddiaçı "xxxx" ASC-yə müxtəlif vaxtlarda 20000 və 15515 manat kredit ödəməli olmuş, lakin həmin dövrdə o həbsdə olduğu üçün kredit borcu artmış, çünki üzərinə cərimə və faizlər hesablanmışdır. Cavabdeh və üçüncü şəxs tərəfindən iddia ərizəsinə etiraz ərizələri daxil olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(006)- 3217/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərin əvəzi kimi 63.000 (altmış üç min) manat, mənəvi zərərin əvəzi kimi isə 14.000 (on dörd min) manat olmaqla, cəmi 77.000 (yetmiş yeddi min) manat məbləğində pulun İddiaçı xeyrinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı 14 oktyabr 2021-ci il tarixindən 19 dekabr 2022-ci il tarixinədək, yəni 1 (bir) il 2 (iki) ay 5 (beş) gün müddətində qanunsuz olaraq həbsdə olmuşdur. Odur ki, iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır. İddia tələbinin “iddiaçının aylıq 4.000-5.000 manat məbləğində qazancından məhrum olduğuna və banklardan aldığı kreditlər üzrə gecikmələr yarandığına görə cəmi 100.000 manat məbləğində maddi ziyanın əvəzinin ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçının 2017-ci ildən vergi ödəyicisinin eyniləşdirmə nörməsi ilə qeydiyyata alınmış fərdi sahibkar olması, qanunsuz olaraq həbsə alınanadək aktiv fəaliyyət göstərməsi, 2021-ci il üzrə gəlir vergisi bəyannaməsini (xərcləri və gəlirləri göstərilən) vergi orqanına təqdim etməsi işdə olan mötəbər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmiş işin mübahisəsiz halını təşkil edir. İddiaçı həbsə alınmamışdan qabaq aylıq 4.000-5.000 manat məbləğində qazancı olduğunu iddia etmiş, istər onun 2021-ci il üzrə təqdim etdiyi gəlir vergisinin bəyannaməsi ilə, istərsə də vergi orqanı tərəfindən məhkəməyə ünvanlanmış məktubla iddiaçının iddia etdiyi məbləğlərdə real gəlir əldə etməsi faktı öz təsdiqini tapmış olur. Belə ki, iddiaçının özü və vergi orqanı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər əsasında iddiaçının 2021-ci il üzrə əldə etdiyi xalis mənfəətinin olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə iş üzrə toplanmış sübutları iddiaçının izahatı ilə birlikdə qiymətləndirərək hesab etmişdir ki, iddiaçının aylıq təqribi qazancının 4.500 manat olması ağlabatan olduğundan və öz təsdiqini tapdığından, qanunsuz həbsə alınması nəticəsində ona 63.000 manat məbləğində maddi zərər dəyməsi müəyyən edilir. Lakin iddiaçı həbsə alınmazdan qabaq götürdüyü kreditlər üzrə gecikmələr yarandığını iddia etsə də, bu dəlilini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, ona məhz bu məsələ ilə əlaqədar hər-hansı məbləğdə maddi ziyan dəydiyini sübut etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, tələb bu hissədə qismən təmin edilməli, maddi zərərin əvəzi kimi 63.000 manat məbləğində pul cavabdeh vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına iddiaçının xeyrinə ödənilməlidir. İddia tələbinin “100.000 (yüz min) manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi ilə əlaqədar isə qeyd edilməlidir ki, işin mübahisəsiz halıdır ki, iddiaçının qanunsuz olaraq 1 (bir) il 2 (iki) ay 5 (beş) gün müddətinə azadlıqdan məhrum edilməsi onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmaqla, cəmiyyətdəki nüfuzuna xələl gətirmişdir. Lakin məhkəmə hesab etmişdir ki, ona vurulmuş mənəvi zərərin əvəzi 100.000 manat deyil. Belə ki, məhkəmə bütün diqqətəlayiq halları nəzərə alaraq hesab etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərin 14.000 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 14.000 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir. Cavabdehin etirazının dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi iddianın qurum kimi ona qarşı yönəldilməsi, iddiaçının hüquqlarının məhz həmin Nazirlik (Nazirliyin vəzifəli şəxsləri) tərəfindən pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliklə vurulmuş zərərin əvəzinin Azərbaycan Respublikasının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsi hesabına tam həcmdə ödənilməsi nəzərdə tutulmuşdur. Hazırki işdə isə Maliyyə Nazirliyi dövlət büdcəsini idarə edən səlahiyyətli dövlət orqanı kimi çıxış edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 7.6-cı bəndinə əsasən dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi və dövlət zəmanətinin verilməsinin təşkil edilməsi Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərindən biridir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı məhz hazırki cavabdehə qarşı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İş üzrə iddiaçı ilə cavabdeh arasında hər-hansı hüquq münasibətinin mövcud olmamasından, cavabdehin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə hesab etmişdir ki, zərərin ödənilmə mənbəyi “dövlət büdcəsinin vəsaiti”, zərəri ödəməli olan subyekt isə “Azərbaycan Respublikası” kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası” dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda ziyana görə həmin şəxsin qarşısında dövlət məsuliyyət daşıyır. Beləliklə, baxılan işdə hüquq münasibətinin tərəfi dövlətdir, dövlətin səlahiyyətlərini isə onun orqanları həyata keçirir. Dövlətdən pul tələb olunduğu halda onun maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan dövlətin səlahiyyətlərini həyata keçirir. Üçüncü şəxsin etirazına münasibətdə isə məhkəmə qeyd etmişdir ki, onun etirazında mübahisələndirdiyi məsələlər artıq qanuni qüvvəsini almış məhkəmə hökmü və qərarları ilə qəti şəkildə müəyyənləşdirilmiş, iddiaçının təqsirsizliyi sübuta yetmişdir. Belə olan halda həmin faktların hazırkı icraatda yenidən mübahisələndirilməsi yolverilməz hesab olunmalıdır. Həmin qətnamədən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Ona görə də vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququndan istifadə etməklə haqlıdır, tələbi tam təmin edilməlidir. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Hesab edir ki, insanın azadlığının əldə olunması ən təhlükəli qanun pozuntusudur. Həbsdə qalmaq ona güclü stres və iztirab keçirmişdir. Hesabdan çıxarışlardan görünür ki, İddiaçı xx.xx.2021-ci ildə 15.155 manat, xx.xx.2021-ci ildə isə "xxxx" ASC-dən 20.000 manat məbləğlərində kredit götürmüşdür. Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, uçot baza məlumatlarına əsasən vergi ödəyicisi İddiaçı (VÖEN: **********) tərəfindən ən son xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan hesabat dövrü üçün təqdim edilmiş gəlir vergi bəyannaməsi üzrə dövriyyə məbləği 155498,0 manat təşkil etmişdir. Həmçinin, qeyd olunan göstəricilərin vergi nəzarəti tədbirlərinin (yoxlamaların) nəticəsindən, eləcə də təqdim olunan bəyannamə (hesabat) məlumatlarından asılı olaraq dəyişə bilən olduğu bildirilmişdir. Məhkəmə tərəfindən onun vergi üzrə aylıq 4500 manat məbləğində gəlirinin olunduğu müəyyən olunmuşdur. Eyni zamanda xx.xx.2021-ci ildə 15.155 manat, xx.xx.2021-ci ildə isə "xxxx" ASC-dən 20.000 manat məbləğlərində kredit götürmüşdür. Ancaq məhkəmə nədənsə kreditin götürüldüyü təsdiq olunsa da, məhkəmə bunu düzgün araşdırmamışdır. Belə ki, bir il iki ay 5 gün həbsdə olan şəxs kredit ödəyə bilməz və kreditor tərəfindən təbii ki, kifayət qədər faiz və cərimə həmin borcun üzərinə hesablanmışdır. Nədənsə birinci instansiya məhkəməsi buna əhəmiyyət verməmişdir. Kifayət qədər məhkəmə təcrübəsində də göründüyü ki, banklar kredit borcunun üzərinə gecikmə borcu və faizlər hesablanmışdır. Məhkəmə tərəfindən banka sorğu göndərilməklə faiz və cərimənin məbləğini öyrənə bilərdi. Lakin məhkəmə buna əhəmiyyət vermədi. Bundan başqa məhkəmə 100000 manat məbləğində mənəvi ziyan tələb etsə də yalnız 14000 manatını təmin etmişdir. Ancaq məhkəmə nəzərə almamışdır ki, 1 il 2 ay 5 gün həbsdə əsassız heç bir günahı olmadan saxlanmışdır. Azadlıq hüququ əlindən alınmışdır. Bu illər ərzində mənəvi istirab, stres keçirmişdir. Bir sahibkar kimi daima işləyən şəxs olaraq azadlığı əlindən alınmış və xeyli işçinin əmək haqqı kəsilmişdir. Buna görə daha çox stres keçirmişdir. Bu stres əsəbə görə 14000 manat xeyli azdır. Məhkəmə burada da əsassız nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən qətnamənin - iddianın təmin edilməyən hissədə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, hazırkı iddianın hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, iddiaçıya vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Maliyyə Nazirliyi cəlb olunmuşdur. Maliyyə Nazirliyinin iddiaçıya ziyan vurulmasına səbəb olmuş qanunsuz hərəkətlərdə iştirakı və hər hansı əlaqəsi olmadığından həmin hərəkətləri törətmiş təqsirkar qurumların əvəzinə Nazirliyin cavabdeh kimi tanınması qanunvericiliyin tələbləri, o cümlədən mülki məhkəmə icraatının təməl prinsipləri ilə uzlaşmır. Təsadüfi deyildir ki, sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Məhkəmə iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya mənəvi zərərə görə 14.000 manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Eyni zamanda mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Məhkəmə tərəfindən iddiaçıya dəymiş maddi ziyanın əvəzi olaraq 63.000 manat məbləğində pul vəsaitinin ödənilməsi ağlabatan və ədalətli deyildir. İddia olunan zərərlə zənn edilən pozuntu arasında aydın səbəb-nəticə əlaqəsinin olması zəruri şərt olmasına baxmayaraq mübahisələndirilən qətnamədə sadəcə vergi bəyannamələrinə istinad edilərək səthi şəkildə araşdırma aparılmışdır. Məhkəmənin zərərə görə kompensasiya verməsinin məqsədi pozuntu nəticəsində baş vermiş faktiki zərərin əvəzinin iddiaçıya ödənilməsidir. Məhkəmə təcrübəsində adətən maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənir. Sözügedən mülki işi üzrə ədalət mühakiməsini həyata keçirmək vəzifəsi daşıyan məhkəmə iddiaçının aylıq gəlirinin 4.500 manat olması qənaətinə gələrkən yalnız ehtimallara əsaslanmışdır. İddiaçı barəsində cinayət işi başlandıqdan sonra sahibkarlıq fəaliyyətini dayandırmasını və bununla bağlı ona maddi ziyana məruz qalmasını qeyd etsə də, bununla bağlı məhkəməyə əsaslı sübutlar təqdim edilməmiş, habelə məhkəmə tərəfindən şəxsin barəsində cinayət təqibi aparıldığı müddətdə (xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək) şəxsə dəymiş ziyanın müəyyən edilməsi üçün vergi orqanlarına sorğu göndərilməməsi ədalət mühakiməsinin faktlar əsasında həyata keçirilməməsinə dəlalət edir. Bundan başqa, iddiaçı tərəfindən irəli sürülmüş tələbin sübutetmə vəzifəsini məhkəmə öz üzərinə götürərək mühasibatlıq ekspertizası təyin etmədən iddiaçının aylıq qazancının hesablanılmasını zəruri hesab etmişdir. Bundan başqa, iddiaçı cinayət məsuliyyətinə cəlb edilməsəydi qeyd edilən məbləğdə gəlir əldə edə biləcəyi qeyri-müəyyən olmasına baxmayaraq məhkəmə dəymiş zərərin müəyyən edilməsində subyektiv ünsürləri rəhbər tutaraq qərar qəbul etmişdir. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər-hansı şəxsə qarşı ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği yüz altmış beş manatdır. Cinayət Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya maddi və mənəvi zərərə görə 77.000 manat məbləğində kompensasiya hesablanması qanuni olmamaqla yanaşı, ağlabatan və ədalətli deyildir. Lakin iddiaçı tərəfindən ona dəymiş mənəvi ziyanla bağlı konkret sübutlar təqdim edilməmişdir. Bu baxımdan mənəvi ziyanın miqdarı ilə bağlı birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edilir ki, mənəvi zərərə görə kompensasiya müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada məlumat verilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının həddi: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti verərək, qətnaməni iddia tələbinin təmin edilməyən hissəsindən, cavabdeh isə iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Cinayət Prosessual Məcəllə: 56.0. Aşağıdakılar cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər: 56.0.1. bəraət almış təqsirləndirilən şəxs; 56.0.2. bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxs; 56.0.3. Bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs; 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. 58.3. Bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə aşağıdakılara görə kompensasiya verilir: 58.3.1. məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 58.3.2. müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 58.3.3. ödənilmiş məhkəmə xərcləri; 58.3.4. müdafiəçiyə ödənilmiş pul məbləği; 58.3.5. hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə. 60.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir. 61.2. Bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir.

63. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir.

«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Həmin Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həbsdə saxlanılmasına, məhkəmə məsrəflərinə, həbsdə saxlanılarkən gördüyü məcburi işlərə görə haqqın verilməsinə sərf olunmuş məbləğlər təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmuş məbləğdən çıxıla bilməz.

Mülki Məcəllə:

21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı

«Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı.

Mülki Prosessual Məcəllə:

4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyatorların apellyasiya şikayətlərində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, işin materiallarından görünür ki, iddiaçı 14 oktyabr 2021-ci il tarixindən 19 dekabr 2022-ci il tarixinədək, yəni 1 (bir) il 2 (iki) ay 5 (beş) gün ərzində azadlıqdan məhrumetmə yerində saxlanılması ilə ona cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində ağır mənəvi, eləcə də maddi ziyan vurulmasını iddia edərək maddi zərərin əvəzi kimi 100.000 (yüz min) manat, mənəvi zərərin əvəzi kimi 100.000 (yüz min) manatın cavabdehdən alınaraq ona ödənilməsini iddia etmiş, birinci instansiya məhkəməsi isə iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Hazırda iddiaçı birinci instansiya məhkəməsinin maddi və mənəvi ziyan tələbinin qismən təmini ilə bağlı nəticəsi ilə razılaşmayaraq apellyasiya şikayətində bildirir ki, kredit müqavilələri iddianın tam təmin edilməsini təsdiq edirdi. Eyni zamanda keçirdiyi streslər təqdim etdiyi sənədlər həqiqətən iddianın tam təmin olunması üçün möhtəbər sübutlardır. Ümumiyyətlə azadlığının əlindən alınması özü ona ziyan dəyməsini sübut edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı həbsə alınmazdan qabaq götürdüyü kreditlər üzrə gecikmələr yarandığını iddia etsə də, bu dəlilini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, ona məhz bu məsələ ilə əlaqədar hər-hansı məbləğdə maddi ziyan dəydiyini sübut etməmişdir. Halbuki Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin qeyd edilməlidir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Göründüyü kimi işin faktiki halları ilə iddiaçının götürdüyü kreditlər üzrə gecikmələr yaranması və bununla bağlı ona hər-hansı məbləğdə maddi ziyan dəyməsi müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından birinci instansiya məhkəməsi haqlı olaraq maddi zərərin tutulması ilə bağlı iddianın təmin edilməyən hissəsində düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin iddiaçının cavabdehin apellyasiya şikayətinin mənəvi zərərlə bağlı dəlillərini də əsassız sayır və hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 14000 (on dörd min) manat məbləğində pul iddiaçının xeyrinə ödənilməsi hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, qanunvericiliyə əsasən mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə, mənəvi zərərin ödənilməsi tələbi iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması (həbsdə qalması, məhkəmə çəkişmələrinə cəlb edilməsi) faktının özü-özlüyündə iddiaçının psixoloji iztirab və sarsıntı keçirməsi, buna müvafiq onlara mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübuta ehtiyacı olmur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarına əsasən istintaq orqanının qanunsuz hərəkətləri ilə mənəvi ziyanın vurulması arasında səbəbli əlaqə mövcud olsa da, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, bunun nəticəsində isə fiziki əzab çəkməsi birmənalı olduğundan tələb olunan 100000 manat məbləğin də ona vurulmuş mənəvi zərəri aradan qaldıracağı inandırıcı və ağlabatan olmamasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Çünki, maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Lakin tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğu da əsaslandırılmalı idi. Yəni, iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ki, azadlıq hər insan üçün ən dəyərli nemət olmaqla, onu heç bir maddi nemətlə əvəz etmək mümkün deyil. İddiaçının qanunsuz olaraq azadlıqdan məhrum olunmasının ona həqiqətən də inamsızlıq, narahatlıq, məyusluq hissləri, stress, əzab və əziyyətlər yetirməsi işin mübahisəsiz halıdır. Buna görə iddiaçının keçirdiyi mənəvi iztirab, sarsıntıların xarakteri və ağırlığı, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmaqla həmin məbləğin hər ay üçun 1000 manat olmaqla 19 dekabr 2022-ci il tarixinədək, yəni 1 (bir) il 2 (iki) ay 5 (beş) gün üçün 14000 manat məbləğində müəyyən edilməsi qanuni olmaqla yanaşı, ağlabatan və ədalətlidir. Bu baxımdan, məhkəmə kollegiyası mənəvi zərərin həddi ilə bağlı birinci instansiya məhkəməsinin qiymətləndirməsini əsaslı, iddiaçının bu hissədə apellyasiya şikayətinin dəlillərini isə əsassız sayır. Məhkəmə kollegiyası qeyd edir ki, mövqeyi ilə razılaşdığı birinci instansiya məhkəməsinin bu qənaəti, yəni mənəvi ziyanın dəyərinin aylara bölünməsi və mənəvi ziyanın hər ay üçün 1000 manat dəyərində müəyyən edilməsi hazırda formalaşmış məhkəmə təcrübəsinə əsasən düzgün yanaşmadır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya mənəvi zərərə görə 14.000 manat vəsaitin ödənilməsi qənaətinə gəlməsi və eyni zamanda mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalı olmasına dair dəlili ilə bağlı ilk növbədə qeyd edir ki, apellyator sözügedəq maddənin müddəaları nəzərə alınmalı olmasını göstərməklə faktiki olaraq onu təsdiq edir ki, o, iddiaçıya mənəvi zərər vurulmasını bir növ qəbul edir və bu ziyanın göstərdiyi CPM normasın tələblərinə uyğun tutulmalı olmasına da bir növ etiraz etmir. Həmçinin də CPM-nin sözügedən maddəsində zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilsə də ( xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat) yuxarıda da qeyd edildiyi kimi artıq mənəvi ziyanın dəyərinin aylara bölünməsi və mənəvi ziyanın hər ay üçün 1000 manat dəyərində müəyyən edilməsi hazırda formalaşmış məhkəmə təcrübəsi mövcuddur ki, bu təcrübə əsasında qanuni qüvvəsini almış məhkəmə qərarları qəbul edilmişdir. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməməsi dəlili ona görə əsassızdır ki, qanunvericiliyə əsasən mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Belə olan halda mənəvi zərərin ödənilməsi tələbi İddiaçı 14 oktyabr 2021-ci il tarixindən 19 dekabr 2022-ci il tarixinədək, yəni 1 (bir) il 2 (iki) ay 5 (beş) gün müddətində qanunsuz olaraq həbsdə olması faktının özü-özlüyündə iddiaçının psixoloji iztirab və sarsıntı keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübuta ehtiyacı olmur. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən dəlillərə verilən hüquqi qiymət apellyasiya şikayətinin yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya mənəvi zərərə görə 14.000 manat vəsaitin ödənilməsi qənaətinə gəlinməsinə dair cavabdehin şikayətinin dəlillərinin əsassız olmasını təsdiq edir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək xüsusilə qeyd etməyi də zəruri hesab edir ki, apellyator iddia olunan zərərlə zənn edilən pozuntu arasında aydın səbəb-nəticə əlaqəsinin olması zəruri şərt olmasına baxmayaraq, mübahisələndirilən qətnamədə sadəcə vergi bəyannamələrinə istinad edilərək səthi şəkildə araşdırma aparılmasını göstərsə də, şikayətində istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməsə də «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərində aydın göstərilmişdir ki, vurulmuş ziyanın bu qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Apellyator isə şikayətində iddiaçıya bəraət verilməsinə dair qanuni qüvvəsini almış Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli hökmü ilə onun faktiki olaraq xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək qanunsuz həbsdə saxlanması ilə müşayət olunan ziyan vurulmasına səbəb olmuş qanunsuz hərəkətlər olmasını inkar etmir. Birinci instansiya məhkəməsi isə qətnaməsində təkcə qətnamədə sadəcə vergi bəyannamələrinə deyil, həm də iddia olunan zərərlə zənn edilən pozuntu arasında aydın səbəb-nəticə əlaqəsinin olmasını da əsaslandırmışdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçının cinayət məsuliyyətinə əsassız və qanunsuz olaraq cəlb olunması ilə məhkum olunması təqsirin sübuta yetməməsi əsası İddiaçı Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə bəraət verilməsi, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi, dərhal saxlanıldığı təcridxanadan həbsdən azad edilməsi və is qanuni qüvvəsini almış Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 1(099)-500/2022 nömrəli hökmü ilə təsdiqlənməsi cavabdehin apellyasiya şikayətinin məhkəmənin Mülki Məcəlləsinin 1101-ci maddəsini tətbiq edərkən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunmasına dair dəlillərinin də əsassız olmasını təsdiq edir. Məhkəmə kollegiyası həmçinin şikayətin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1101-ci maddəsində konkret dövlət büdcəsi nəzərdə tutulmamasına dair dəlili ilə bağlı qeyd edir ki, dövlətin səlahiyyətlərini Maliyyə Nazirliyinin həyata keçirilməsi qanunvericiliklə tənzimlənir. Belə ki, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Cavabdehin apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı kollegiya qeyd edir k iş üzrə iddiaçı ilə cavabdeh arasında hər-hansı hüquq münasibətinin mövcud olmamasından, cavabdehin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə kollegiyası hesab edir ki, zərərin ödənilmə mənbəyi "dövlət büdcəsinin vəsaiti", zərəri ödəməli olan subyekt isə "Azərbaycan Respublikası" kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, "Azərbaycan Respublikası" dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda ziyana görə həmin şəxsin qarşısında dövlət məsuliyyət daşıyır. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, iddiaçının 2017-ci ildən vergi ödəyicisinin eyniləşdirmə nörməsi ilə qeydiyyata alınmış fərdi sahibkar olması, qanunsuz olaraq həbsə alınanadək aktiv fəaliyyət göstərməsi, 2021-ci il üzrə gəlir vergisi bəyannaməsini (xərcləri və gəlirləri göstərilən) vergi orqanına təqdim etməsi işdə olan mötəbər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmiş işin mübahisəsiz halını təşkil edir. İddiaçı həbsə alınmamışdan qabaq aylıq 4.000-5.000 manat məbləğində qazancı olduğunu iddia etmiş, istər onun 2021-ci il üzrə təqdim etdiyi gəlir vergisinin bəyannaməsi ilə, istərsə də vergi orqanı tərəfindən məhkəməyə ünvanlanmış məktubla iddiaçının iddia etdiyi məbləğlərdə real gəlir əldə etməsi faktı öz təsdiqini tapmış olur. Həmçinin də apellyasiya instansiyası məhkəməsinə vergi orqanı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubdan da görünür ki, vergi ödəyicisi X5 tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan hesabat dövrü üçün təqdim edilmiş gəlir vergisi bəyənnaməsi üzrə xalis mənfəət məbləği 80053,88 manat təşkil etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçının aylıq təqribi qazancının 4.500 manat olması ağlabatan olduğundan və öz təsdiqini tapdığından, qanunsuz həbsə alınması nəticəsində ona 63.000 manat məbləğində maddi zərər dəyməsi müəyyən edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları mübahisələndirilən hissədə düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apelyasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayətləri təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(006)- 3217/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Günay Axundova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar