Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5994/2025 02.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində X12 və Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi cəlb edilməklə) abunə kodun açılması və enerjidən istifadəyə görə müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə (açar sözlər: kommunal xidmətdən istifadəyə görə müqavilənin bağlanması öhdəliyinin qoyulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X13 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Bayramlı Möhtəbər Arif qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində X12 və Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi cəlb edilməklə) abunə kodun açılması və enerjidən istifadəyə görə müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2025-ci il tarixli, 2(006)-3277/2025 nömrəli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 90 nömrəli arayışdan görünür ki, İddiaçı Sabunçu Rayonu, Sabunçu qəsəbəsi, Ə.Əliyev küçəsində yerləşən 11 saylı evdə Laçın rayonundan məcburi köçkün kimi məskunlaşmışdır.
2. Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Laçın rayonundan məcburi köçkündür.
3. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, abunə kodunda ad, soyad və ata adında dəyişiklik edilməsi, yeni əhali abunə kodlarının açılması “ASAN Kommunal” Mərkəzləri vasitəsi ilə həyata keçirildiyindən, mülkiyyəti təsdiq edən sənədlər və şəxsiyyət vəsiqəsi ilə mərkəzə müraciət edilməsi iddiaçıya tövsiyə olunmuşdur.
4. Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən iddiaçının nümayəndəsi və vəkili Vəkil ünvanlanmış xx.xx.2025-ci il tarixli, 5-18-9/2-62/2025 nömrəli məktubdan görünür ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əliyar Əliyev (keçmiş Anaşkin) küçəsində yerləşən evə yerində baxış keçirilmişdir. Həmin evin "xxxx" ASC bildiriş xəbərdarlığı (Sabunçu qəsəbəsi, İsrayıl Cəfərzadə küçəsi) X4 adınadır. Həmin evdə hal-hazırda Laçın rayonundan məcburi köçkün kimi məskunlaşmış onun bacısı İddiaçı yaşayır.
5. Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi Bakı şəhəri Sabunçu rayon sektorunun xx.xx.2025-ci il tarixli 12 nömrəli məktubunun surətindən görünür ki, Laçın rayonundan məcburi köçkün düşmüş şəxslər xx.xx.1996-cı il tarixdə ünvan 1 ünvanına qeydiyyata düşmüş, daha sonra yaşayış yerini dəyişərək ünvan 2 ünvanında müvəqqəti məskunlaşmışlar. Adları qeyd olunmuş məcburi köçkünlərin siyahısı aşağıdakı kimidir: 1. X5 - 1940-cı il (xx.xx.2014-cü ildə vəfat etmişdir); 2. X6 - 1945-ci il (xx.xx.2008-ci ildə vəfat etmişdir); 3. İddiaçı - 1967-ci il; 4. X11 - 1971-ci il; 5. X7 - 1974-cü il. “Azəriqaz” İB və İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli, AK-04105/03-25 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinin surətindən görünür ki, müqaviləyə əsasən, müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öz öhdəsinə götürmüşdür.
6. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş abonentin hərəkət cədvəlindən və abunə haqqında sənədindən görünür ki, ünvan 3 ünvanının elektrik enerjisi ilə təmin edilməsi üçün verilmiş **********00076 nömrəli abunə kodu X4 adınadır.
7. Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi Repatriasiya Departamenti tərəfindən Civan (Həsənzadə) Nəzakət Muğan qızına ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Dövlət Komitəsi tərəfindən Laçın şəhərinə daimi qeydiyyatı şəhər ərazisində olan və işğaldan öncə mövcud olmuş evləri hazırda bərpa edilən məcburi köçkün ailələrinin köçürülməsi davam etdirilir. Laçın şəhərində bərpa edilən yaşayış sahələrinin ölçüsünü və otaq sayını nəzərə alaraq həmin evlərə onların işğal dövründən əvvəlki sahiblərinin və ya varislərindən yalnız birinin köçürülməsi həyata keçirilir. Buna uyğun olaraq Laçın şəhərində bərpa edilmiş 235 saylı yaşayış sahəsinə xx.xx.2023-cü il tarixində qardaşı - X4 ailə üzvləri ilə birgə köçü təmin edilmişdir. Həmçinin bildirilmişdir ki, şəhər ərazisində bərpa edilmiş yaşayış sahələrinə köçürülmüş şəxslərlə bərabər onların digər varislərinin də həmin evlərdə qanuni hüquqları vardır. Ərizəçinin və bacısı - İddiaçı da Laçın şəhərindəki 235 saylı evdə hüquqları vardır. Həmin evə “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış’' verilən zaman onların da məlumatları qeyd ediləcəkdir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi köçkün olaraq yaşadığı ünvan 4 ünvanda yerləşən evə dair adına yəni abunə kodun açılması, enerjidən istifadəyə görə aralarında müqavilənin bağlanması öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin enerji satışı üzrə direktoru Elçin Dadaşovun xx.xx.2025-ci il tarixli, 13H3/2-207-H-4962- 5/2025 saylı məktubu ilə iddiaçının adına məcburi köçkün olaraq yaşadığı ünvan 5 ünvanda yerləşən evə yeni abunə kodun açılması, enerjidən istifadəyə görə aralarında müqavilənin bağlanmasına dair müraciəti təmin edilməmiş, bununla əlaqədar “ASAN Kommunal” Mərkəzləri vasitəsi ilə həyata keçirildiyindən, mülkiyyəti təsdiq edən sənədlər və şəxsiyyət vəsiqəsi ilə həmin mərkəzə müraciət etməyi tövsiyə edilmişdir. Qeyd edilmiş imtina məktubu ilə razı deyil və hesab edir ki, aşağıda göstərilmiş əsaslara görə cavabdehin üzərinə yaşadığı ünvan 6 ünvanda yerləşən evə yeni abunə kodun açılması, enerjidən istifadəyə görə aralarında müqavilənin bağlanması öhdəliyi qoyulmalıdır. Belə ki, cavabdehə təqdim edilmiş və iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi Bakı şəhəri Sabunçu rayon sektoru müdiri Pərviz Əliyevin xx.xx.2025-ci il tarixli, 12 saylı məktubundan görünür ki, iddiaçı 1992-ci ildə valideynləri - atası X5, anası X6, onların himayələrində yaşayan qardaşı - X12 və digər 3 bacısı ilə birlikdə Laçın rayonundan məcburi köçkün düşmüşlər. 1996-cı ildən ünvan 7 ünvanda 1999-cu ildən bu günədək isə Bakı şəhəri Sabunçu qəsəbəsi, Ə.Əliyev (keçmiş Anaşkin küçəsi) küçəsində özbaşına inşa edilmiş 11 saylı evdə məcburi köçkün olaraq müvəqqəti məskunlaşaraq yaşayır. Həmin evdə xx.xx.2008-ci il tarixdə anası X6, xx.xx.2014-cü ildə də atası X5 vəfat etmiş, 3 bacısı ailə həyatı quraraq həyat yoldaşlarına məxsus yaşayış sahələrinə köçmüşlər. O, isə qardaşı X12 və onun ailəsi ilə birlikdə məcburi köçkün olaraq məskunlaşdıqları evdə yaşamağa davam edir. xx.xx.2023- cü il tarixdə qardaşı X12 ailə üzvləri (həyat yoldaşı və uşaqları) ilə birlikdə AR Qaçqınların və X10 üzrə Dövlət Komitəsi Reabilitasiya Departamentinin 3-36-6/2-H-259/5-15/2024/47 saylı xx.xx.2024-cü il tarixli məktubuna əsasən, qeydiyyatda olduğu Laçın şəhərində yerləşən 235 saylı yaşayış evinə köçürülmüşdür. Bununla əlaqədar AR Qaçqınların və X10 üzrə Dövlət Komitəsi Reabilitasiya Departamentinə müraciət etdiyində ona bildirilmişdir ki, köçürülmə prossesi dövlət planı əsasında həyata keçirilir. Onun da 2026-cı ilin sonunadək köçürülməsi nəzərdə tutulmuşdir. Məcburi köçkün olaraq yaşadığı evin kommunal xidmətləri üzrə istifadəçi abonent Muğan Həsənov olmuş, onun vəfatından sonra isə qardaşı Mehman Həsənov olmuşdur. Axırıncı daimi yaşayış yerinə, yəni Laçın şəhərinə köçürüldükdən sonra “ASAN Kommunal” Mərkəzinə müraciət edərək işıq, qaz abunə kartlarının adına rəsmiləşdirilməsi, istifadəçi olaraq müvafiq müqavilələrin onunla bağlanması ilə bağlı müraciəti evə dair mülkiyyət hüququnu verən sənədin və hazırki abunəçinin razılığı olmaması səbəbindən imtina edilmişdir. Buna baxmayaraq hazırda müraciəti əsasında xx.xx.2025-ci il tarixdə, məcburi köçkün olaraq qeyd edilmiş ünvanda üzün müddət yaşamağını və yeganə yaşayış yerinin həmin ünvan olması nəzərə almaqla, “Azəriqaz” İB ilə aralarında qazdan istifadəçi olaraq xx.xx.2025-ci il tarixli, AK-04105/03- 25 saylı müqavilə bağlanmış və adına istifadəçi kartı verilmişdir. Bu əsasla da hesab edir ki, yaşadığı evin özbaşına tikili olmasına baxmayaraq, həmin ünvanda məcburi köçkün olaraq uzun müddət yaşamağını və istinad edilmiş ünvan üzrə abunəçi olan X12 2023-cü ilin dekabr ayından Laçın şəhərindəki daimi yaşayış yerinə köçürülməsi nəzərə alınmadan, cavabdehin ünvan 5 ünvanda yerləşən evə adına yeni abunə kodun açılması, enerjidən istifadəyə görə aralarında müqavilənin bağlanmasından imtina edilməsi kimi hərəkətləri əsassız və qanunsuz hesab edilməlidir.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2025-ci il tarixli, 2(006)- 3277/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 10 ünvanı üzrə elektrik enerjisinin istehlakına dair İddiaçı ilə müqavilə bağlanması və iddiaçının adına yeni abunə kodunun verilməsi öhdəliyinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması qət edilmişdir.
11. Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçı və onun ailəsi 1992-ci ildə Laçın rayonundan məcburi köçkün olaraq ünvan 10 ünvanında məskunlaşmışlar. Həmin ev üçün kommunal xidmətlərin göstərilməsi barədə müqavilələr iddiaçının qardaşı X12 ilə bağlanmışdır. İşğal altında olan ərazilər işğaldan azad edildikdən sonra X1 şəhərinə köçürülmüş, hazırda da həmin rayonda yaşayır. Hazırki iş üzrə iddiaçı isə ailənin məcburi köçkün olaraq 1992-ci ildən məskunlaşdığı evdə yaşamaqda davam edir. Bu səbəbdən iddiaçı kommunal xidmət göstərən qurumlara müraciət edərək, yeni müqavilələr bağlasa da, yalnız hazırki iş üzrə cavabdeh "xxxx" ASC bundan imtina etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 mübahisəli ünvanda yerləşən evi atası ilə birlikdə inşa etdiklərini, iddiaçının həmin evə heç bir hüququnun olmamasını bildirsə də, qeyd edilən dəlillər mübahisəli ünvanda faktiki daimi yaşayan və kommunal xidmətlərdən istifadə edən şəxslə həmin kommunal xidmət göstərən qurumlar arasında müqavilələrin bağlanmasını aradan qaldıran əsaslar deyildir. X4 mübahisəli ünvana ehtimal edilən hüquqları hazırki iş üzrə iddiaçının həmin ünvanda yaşamasını aradan qaldırmadığı kimi iddiaçının kommunal xidmət orqanları ilə abunə münasibətlərinə daxil olmağa da mane olmur. Məhkəmə hesab edir ki, cavabdehin iddia tələbinə dair etirazının əsasını təşkil edən - daha əvvəlki abunəçinin razılığının olmamasından ibarət olan və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin yaşayış sahəsi üzərində hüquqlarının olmasından irəli gələn dəlilləri iddianın əsaslılığını aradan qaldırmır. Nəticə etibarilə gələcəkdə yarana biləcək mübahisəli məqamların da qarşısını almaq üçün elektrik enerjisi verilməsi ilə bağlı yaşayış sahəsinin faktiki və daimi istifadəçisi olan məişət abonenti ilə müvafiq müqavilə bağlanması əsaslıdır.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 390.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na və “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməklə, iddianın rəd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayətlərinin dəlillərinə görə, mülkiyyətçi və ya qanuni istifadəçi statusu dəqiqləşdirilmədən, üçüncü şəxsin, yəni X4 faktiki istifadə və əvvəlki abonentlik hüquqları nəzərə alınmadan, iddiaçı adı ilə abunə münasibətlərinin qurulmasına öhdəlik qoyulmuşdur. Bu isə mülkiyyət və istifadədən irəli gələn hüquqların balansını pozur. Birinci instansiya məhkəməsi "xxxx" Açıq Səhmdar Cəmiyyətini hüquqi əsas (mülkiyyət/icarə) təqdim etməyən faktiki istifadəçi ilə müqavilə bağlamağa məcbur etmişdir. Təchizatçının qarşı tərəfi seçmək hüququ və müqavilə azadlığı nəzərə alınmamışdır. Abonentin kimliyi və məsuliyyət daşıyan tərəf kimi qanuni əsaslı istifadəçi müəyyən edilmədən müqavilə bağlama öhdəliyi formalaşdırılmışdır. Üçüncü şəxs X4 əvvəlki abonentlik və faktiki idarəhüquqlarını nəzərə almadan yeni abonentliyin başqasının adına rəsmiləşdirilməsi onun legitim maraqlarına müdaxilə, zərər riskləri (borc, cavabdehlik, texniki məsuliyyət) yaradır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək, apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2025-ci il tarixli, 2(006)- 3277/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Etirazın dəlillərinə görə, birinci instansiya məhkəməsində aparılan məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ailə üzvüləri ilə birlikdə 1992-ci ildən Laçın rayonundan məcburi köçkün düşmüş 1996-cı ildən ünvan 11 ünvanda,1999-cu ildən bu günədək isə Bakı şəhəri Sabunçu qəsəbəsi,Ə.Əliyev(keçmiş Anaşkin küçəsi) küçəsində özbaşına inşa edilmiş 11 saylı evdə məcburi köçkün olaraq müvəqqəti məskunlaşaraq yaşamış, xx.xx.2023-cü il tarixdə həmin ünvanda onunla birlikdə məcburi köçkün olaraq məskunlaşaraq yaşamış qardaşı X12 ailə üzvləri (həyat yoldaşı və uşaqları) ilə birlikdə Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi Reabilitasiya Departamentinin 3-36-6/2-H-259/5-15/2024/47 saylı xx.xx.2024-cü il tarixli məktubuna əsasən, qeydiyyatda olduğu Laçın şəhərində yerləşən 235 saylı yaşayış evinə köçürülmüş, iddiaçıya isə Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi Reabilitasiya Departamentindən bildirilmişdir ki, köçürülmə prosesi dövlət planı əsasında həyata keçirilir, onun da 2026-cı ilin sonunadək köçkün düşdüyü rayona köçürülməsi nəzərdə tutulmuşdur. Məcburi köçkün olaraq yaşadığı evin kommunal xidmətləri üzrə istifadəçi abonent qardaşı X12 olmuş, sonuncu daimi yaşayış yerinə, yəni Laçın şəhərinə köçürüldükdən sonra iddiaçının məcburi köçkün olaraq qeyd edilmiş ünvanda uzün müddət yaşaması və yeganə yaşayış yerinin həmin ünvan olması nəzərə alınmaqla xx.xx.2025-ci il tarixdə, “Azərqaz” İstehsalat Birliyi ilə aralarında qazdan istifadəçi olaraq AK-04105/03-25 saylı müqavilə bağlanmış və adına istifadəçi kartı verilmişdir. Bu əsasla da hesab edir ki, birinci instansiya məhkəməsi tamamilə əsaslı olaraq iddiaçının yaşadığı evin özbaşına tikili olmasına və həmin ünvan üzrə abunəçi olan X12 2023-cü ilin dekabr ayından Laçın şəhərindəki daimi yaşayış yerinə köçürülməsi nəzərə alaraq, ünvan 14 ünvan üzrə iddiaçının adına yəni abunə kodun açılması, enerfidən istifadəyə görə onunla aralarında müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxararkən haqlı olmuşdur.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
18. İddiaçı və onun nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlilləri ilə razı olmadıqları bildirərək, apellyasiya şikayətinin təmin olunmadan, qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Konstitusiyası: Madə 24. İİİ hissə. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Maddə 25. İ hissə. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 127. İV hissə. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”: 1.1. Elektrik enerjisi istehlakçısı – müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs, məişət abonenti (əhali) – yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. 1.3. enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. Elektrik enerjisinin alqı-satqı müqavilələri bu Qaydalara əlavə edilmiş birtipli müqavilələrə (1-5 nömrəli əlavələr) uyğun bağlanmalıdır. 4.1. Enerji təchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir 7.1. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. 7.9. Məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. 8.14. İstehlakçı (o cümlədən, məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. 8.20. Yaşayış binasının mülkiyyətçisi və ya mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayır. Yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır. 8.21. Elektrik enerjisinin alqı-satqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya xüsusi yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqısatqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açmalıdır. 8.22. Məişət abonenti mənzildən və ya yaşayış evindən köçərkən, həmin mənzilin və ya xüsusi yaşayış evinin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir.
23. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 14. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu itirilməsi əsaslarına vətəndaşın əvvəl adətən yaşadığı yerə qayıtması və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edilməsi halları da aid edilmişdir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 57.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər.https://eqanun.az/framework/46945 Maddə 57.2. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
27. İş materiallarından müəyyən olunur ki, ddiaçı və onun ailəsi 1992-ci ildə Laçın rayonundan məcburi köçkün olaraq ünvan 10 ünvanında məskunlaşmışlar. Həmin ev üçün kommunal xidmətlərin göstərilməsi barədə müqavilələr iddiaçının qardaşı X12 ilə bağlanmışdır. İşğal altında olan ərazilər işğaldan azad edildikdən sonra X1 şəhərinə köçürülmüş, hazırda da həmin rayonda yaşayır. Hazırki iş üzrə iddiaçı kommunal xidmət göstərən qurumlara müraciət edərək, yeni müqavilələr bağlasa da, yalnız cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti Bundan imtina etmişdir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.21-ci bəndinə əsasən elektrik enerjisinin alqı-satqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya xüsusi yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqısatqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açmalıdır. 8.22-ci bəndinə əsasən məişət abonenti mənzildən və ya yaşayış evindən köçərkən, həmin mənzilin və ya xüsusi yaşayış evinin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir.
29. İlkin olaraq onu qeyd etmək lazımdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh, yəni, "xxxx" ASC tərəfindən deyil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 tərəfindən mübahisələndirilir.
30. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin statusu MPM-nin 57-ci maddəsində aqağadakı kimi qeyd olunmuşdur: “Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar.”
31. Qeyd olunan normanın məzmununda “qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə” ifadəsi qeyd olunmuşdur. Abonent kodunun hazırda X4 adına olması işin mübahisələndirilməyən halıdır. Lakin hazırda apellyasiya instansiyası məhkəməsində araşdırmanın predmeti müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 mübahisə predmeti olan ünvana münasibətdə hüququnun mövcud olub – olmamasıdır.
32. X12 mübahisə predmeti olan ünvanda məcburi köçkün kimi məskunlaşmış, sonradan isə əvvəl yaşadığı yerə qayıdaraq evlə təmin olunmuşdur. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu itirilməsi əsaslarına vətəndaşın əvvəl adətən yaşadığı yerə qayıtması və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edilməsi halları da aid edilmişdir. Yəni, artıq onun məcburi köçkün statusu və bu statusa əsasən məskunlaşdığı evə hər hansı bir hüququ mövcud deyildir. Bu zaman artıq onun həmin ünvana verilmiş kommunal xidmətlərə də hər hansı bir aidiyyatı qalmır. Birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı da X12 izahatında qeyd etmişdir ki, özü Laçın rayonundan məcburi köçkün kimi artıq 2023-cü ildə öz rayonuna qayıtmışdır və ona həmin rayonda ev verilmişdir, Bakıda evi olduğu halda onun oğlu halhazırda niyə qohumgildə yaşamalıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, abonent kodunun hansı şəxsin adına rəsmiləşdirilməsini mübahisələndirmək hüququ hazırda məcburi köçkün statusunu itirməmiş, həmin ünvana aidiyyatı olan şəxsə, o cümlədən qeyd olunan şərtlər mövcuddursa, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin ailə üzvlərinə də məxsus ola bilər. Lakin hazırkı situasiyada bu hüquq X8 məxsus deyildir, çünki, onun hazırda həmin ünvana bağlılığı yoxdur.
33. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
34. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2025-ci il tarixli, 2(006)- 3277/2025 nömrəli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2025-ci il tarixli, 2(006)- 3277/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.