Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6/2023 27.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elmar Eldar oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, Cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1, Cavabdeh X3 vəkili X4 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, X5 qarşı “müqavilənin etibarsızlığı, çıxarışın ləğvi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli, 2(001)-30880/2018 nömrəli qətnaməsindən cavabdeh X7, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə, X5 və Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Komitəsisi ilə Fərid Rüstəmov arasında Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 33 ünvanda yerləşən 20.1 kv.m qeyri-yaşayış sahəsinin satılmasına dair xx.xx.2018-ci il tarixli 3851 saylı müqavilənin etibarsız sayılması, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Fərid Rüstəmovun adına həmin qeyri-yaşayış sahəsinə dair xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi, MKTB-nin balansında olmasına dair daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarışın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli, 2(001)- 30880/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 33 ünvanda yerləşən 20.1 kv.m qeyri-yaşayış sahəsinin satılmasına dair xx.xx.2018-ci il tarixli hərrac protokolu, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə X7 arasında Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 33 ünvanda yerləşən 20.1 kv.m qeyri-yaşayış sahəsinin satılmasına dair xx.xx.2018-ci il tarixli, 3851 saylı müqavilə etibarsız sayılması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X3 adına Bakı şəhəri Nərimanov rayonu, Xətai prospekti 33 ünvanda yerləşən 20.1 kv.m qeyri-yaşayış sahəsinə dair xx.xx.2018-ci il tarixli, Seriya RX ******* saylı çıxarış ləğv edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən X5 6300 manat məbləğində pulun geri qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan X7 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 yanvar 2019-cu il tarixli, 2(103)-905/2019 saylı qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3088/2018 saylı iş üzrə 04 sentyabr 2018-ci il tarixli qətnaməsi Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 33 ünvanda yerləşən 20.1 kv.m qeyri-yaşayış sahəsinin Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olmasına dair daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarışın etibarsız sayılması tələbinə aid hissədə ləğv edilmiş, həmin hissədə mülki işin icraatına xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2019-cu il tarixli, 2(103)-905/2019 nömrəli qərardadı ilə hazırki mülki iş üzrə icraat cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsinə və Bakı şəhər İcra Hakimiyyəti MKTD-nin Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı registrdən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair 2 saylı İnzibati İqtisadi Məhkəməsinin icraatında olan inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə münənədək dayandırılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-63/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 33 ünvanda yerləşən 20.1 kv.m olan zirzəminin Bakı şəhər İcra Hakimiyyəti MKTD-nin Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olmasına dair daşınmaz dövlət əmlakı haqqında Registrdə aparılmış qeydiyyat (qeydiyyat №1133, əmlakın registr nömrədi ***- *******9-003) etibarsız hesab edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)- 780/2023 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-63/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)- 1892/2023 nömrəli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-780/2023 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh X3 vəkili öz apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X6 bildirdi ki, hazırki mübahisə inzibati xarakterli olduğu üçün analoji işlər üzrə qətnamələr yuxarı istansiya məhkəmələri tərəfindən demək olar ki, hamısı aidiyyət məsələsinə görə ləğv olunub, icraata xitam verilibdir. Ona görə də, hazırkı iş üzrə qətnamə ləğv olunmalı və işin icraatına xitam verilməlidir. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan iddiaçı və digər cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddianın mahiyyətindən göründüyü kimi, tələbin əsasını hərracın nəticələrinin ləğvi təşkil edir. Hazırda iddia tələbi məhz həmin hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilənin etibarsız hesab edilməsindən ibarətdir və Əmlak Məsələləri Dövlət Komitəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə), həmçinin digər şəxslərə qarşı yönəldilmişdir. İddiaçı mübahisəli daşınmaz əmlakın məhz Əmlak Məsələləri Dövlət Komitəsinin qanunsuz sərəncamı əsasında hərracda satıldığını, əmlakın onun qanuni sahibliyindən alındığını iddia edir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanına əsasən Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən Yerli İcra Hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinə ayrıca tikilmiş qeyri yaşayış binaları, yaşayış binalarında yerləşən qeyri-yaşayış sahələri, mənzil fondundan qeyri-mənzil fonduna keçirilmiş qeyri-yaşayış sahələri aiddir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 22.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sonradan özəlləşdirmək şərti ilə icarəyə verilmiş dövlət əmlakının satın alınması Dövlət Proqramında və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq həyata keçirilir. “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 4.6.4-cü bəndinə görə, icarə müəssisəsinin struktur bölməsinin ayrıca özəlləşdirilməsi haqqında qərar həmin bölmənin ayrıca fəaliyyət göstərməsi, onun texnoloji cəhətdən müəssisə ilə bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və s. bu kimi amilləri nəzərə almaqla Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qəbul edilir. Bu qərar qəbul edildikdə icarəyə götürülmüş əmlak 100% dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçilər icarəyə götürdükləri əmlakı almaqdan imtina etdikdə həmin əmlak İİ Dövlət Proqramında nəzərdə tutulmuş qaydada özəlləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə”nin 18-ci bəndində də yuxarıda göstərilən qayda müəyyən olunmuşdur. “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”nın 4.2.1-ci bəndinə görə də icarəçi tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahələri ilk növbədə 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi həmin sahəni almağa razılıq verdikdə onunla Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında alqı-satqı müqaviləsi bağlanılır. İcarəçi, ona müvafiq təklif edildikdən 1 ay ərzində həmin qeyri-yaşayış sahəsini 100 faiz dəyəri ilə almaqdan imtina etdikdə və ya bu müddət ərzində alqı-satqı müqaviləsi bağlamadıqda, obyekt Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na müvafiq olaraq özəlləşdirilir. İşin yuxarıda şərh olunan hallarından görünür ki, mübahisəsi gedən daşınmaz əmlakın sərəncamvericisi qismində Əmlak Məsələləri Dövlət Komitəsi çıxış etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatından göründüyü kimi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (indiki ƏMDX) inzibati orqan olmaqla Azərbaycan Respublikasının Mərkəzi İcra Hakimiyyəti orqanlarının siyahısındadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci bəndinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Göründüyü kimi, hazırkı iddianın əsasını inzibati mübahisənin həlli ilə bağlı yaranan və inzibati orqanın (Əmlak Məsələləri Dövlət Komitəsinin) xx.xx.2016-cı il tarixli, 151 nömrəli sərəncamı təşkil edir. Beləliklə, baxılan iş üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə (dövlət əmlakının icarəyə verilməsi və özəlləşdirilməsi) aiddir, həmin hüquq münasibəti bununla bağlı qəbul olunmuş xüsusi qaydalara əsasən normativ hüquqi aktlarla müəyyən olunmuş inzibati orqan tərəfindən həyata keçirilir; iddiaçı isə faktiki olaraq həmin münasibət çərçivəsində qəbul edilmiş qərarın (özəlləşdirmə qərarının nəticələrinin) qanunsuz olduğunu iddia edir. Nəzərə alınmalıdır ki, mübahisələndirilən əqd dövlət əmlakının özəlləşdirilməsinin rəsmiləşdirilməsi qaydalarına əsasən bağlandığı və ya tərtib edildiyi üçün həmin münasibətlər də qeyd olunan publik hüquq münasibətlərinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn” mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 15.4-cü bəndinə göstərilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə görə, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən isə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Şərh olunanlardan göründüyü kimi, birinci instansiya məhkəməsi sadalanan maddi və prosessual hüquq normalarının tələblərini, hazırkı iddianın əsasını inzibati mübahisənin həlli ilə bağlı yaranan və inzibati orqanın ((Əmlak Məsələləri Dövlət Komitəsinin) xx.xx.2016-cı il tarixli, 151 nömrəli sərəncamının təşkil etdiyini nəzərə almadan işə mülki məhkəmə icraatı qaydasında baxmış və mahiyyəti üzrə qərar qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir. Mülki prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının qeyri mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə inzibati məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-in 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür. Mülki Prosessual Məcəllənin 391-ci maddəsinə əsasən isə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli, 2(001)-30880/2018 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, X5 qarşı “müqavilənin etibarsızlığı, çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.1, 391, 400, 402-406cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli, 2(001)- 30880/2018 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, X5 qarşı “müqavilənin etibarsızlığı, çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6/2023
27.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver