Məhkəmə qərarları › İş №2(103)-6004/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6004/2024

06.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6004/2024 06.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli 2(001)- 5150/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(001)- 1478/2012 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2010-cu il tarixli, 736/10/PB saylı kredit müqaviləsi üzrə 1318,27 manat məbləğində əsas borc, xx.xx.2011-ci il tarixə hesablanmış 119,04 manat gecikdirilmiş faiz borcu, 150 manat məbləğində dəbbə pulu, 300 manat hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1907,31 manat pulun, xx.xx.2011-ci il tarixdən xx.xx.2012ci il tarixədək hər gün üçün 2,64 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh və İddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qeyd olunan qətnamə əsasında xx.xx.2012-ci il tarixdə icra vərəqəsi verilmişdir.

2. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 153/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh əsas borca görə 750 manat və hüquqi yardıma görə 250 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

3. Binəqədi rayon icra şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi barədə qərarın surətindən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-153/2021 saylı icra sənədində göstərilən tələb tam təmin edildiyindən icra sənədi üzrə icraata xitam verilmişdir.

4. "xxxx" ASC tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışın surətindən görünür ki, Cavabdeh məxsus hesabdan icra sənədinin icrası ilə əlaqədar xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə 387,10 manat, xx.xx.2024-cü il tarixdə 363,93 manat olmaqla, cəmi 1.138,13 manat pul vəsaiti çıxılmışdır.

5. 07.05.2024-cü il tarixli inkasso sərəncamından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(001)-1478/2012 saylı icra sənədi ilə əlaqədar Cavabdeh tərəfindən "xxxx" ASC-yə 386.1 manat məbləğində pul vəsaiti ödənilmişdir.

6. 06.07.2024-cü il tarixli inkasso sərəncamından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(001)-1478/2012 saylı icra sənədi ilə əlaqədar Cavabdeh tərəfindən "xxxx" ASC-yə 362.93 manat məbləğində pul vəsaiti ödənilmişdir.

7. "xxxx" ASC tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışın surətindən görünür ki, İddiaçı məxsus hesabdan icra sənədinin icrası ilə əlaqədar xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə 360,75 manat, xx.xx.2024-cü il tarixdə 44,17 manat, xx.xx.2024cü il tarixdə 65,75 manat olmaqla, cəmi 1.192,17 manat pul vəsaiti çıxılmışdır.

8. 005463 nömrəli vəsiqənin surətindən görünür ki, Cavabdeh müharibə veteranıdır.

9. 032872 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır.

10. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən İddiaçı borclu kimi qeydiyyata alındığı icra sənədləri icra edilib statusundadır. Bundan əlavə, borclu olduğu məbləğlər müvafiq icra sənədləri üzrə 112 manat, 58,9 manat, 170 manat olmuşdur. Hazırda icrada olan bir icra sənədi vardır ki, həmin icra sənədi üzrə də İddiaçı tələbkar statusundadır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 1200 manat və əlavə xərclərə görə 300 manat olmaqla, cəmi 1500 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsasandırılmışdır ki, 2010-cu ildə qardaşı Cavabdeh "xxxx" ASC-dən kredit götürmək istədiyini, lakin ona rəsmiyyət üçün zamin lazım olduğunu və ondan onun bu krediti götürməsinə kömək edərək zamin durmağını xahiş etdi. O da qardaşı olduğu üçün Məhərrəmin xahişini nəzərə aldı və həmin kredit müqaviləsində onun adı zamin kimi rəsmiləşdirildi və Məhərrəmə 12 ay müddətinə 1500 manat məbləğində kredit verildi. Lakin Məhərrəm bank qarşısında olan öhdəliyini yerinə yetirmədiyi üçün bank ona qarşı məhkəməyə iddia ərizəsi vermiş və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə bankın iddiası təmin edilərək onlardan 1907 manat məbləğində pulun tutulması qət edilmişdir. Həmin qətnamənin icrası ilə əlaqədar icra məmuru tərəfindən həmin qətnamənin icrası onun pensiyasına yönəlmiş və ondan ümumilikdə 750 manat məbləğində pul tutulmuşdur. O, bundan xəbər tutduqdan sonra həmin zaminlik müqaviləsinin etibarsız hesab edilməsi ilə əlaqədar Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi vermişdir və məhkəməyə 30 manat məbləğində dövlət rüsumu köçürmüşdür. Eyni zamanda iddia ərizəsinin yazılmasına, müxtəlif sənədlərin toplanmasına və məhkəmə iclaslarında iştirak etməyinə görə xeyli xərci çıxmışdır. O, həmin məbləğin cavabdehdən pul tutulması ilə bağlı məhkəməyə iddia ərizəsi vermişdir. Məhkəmə tərəfindən iddiası təmin edilmiş və cavabdehdən həmin məbləğ tutulmuşdur. Bundan sonra o, fikirləşirdi ki, cavabdeh qalan məbləği özü könüllü şəkildə ödəyər. Lakin cavab yenə də üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmış və bunun nəticəsi olaraq yenidən icra məmuru tərəfindən həmin kreditə görə pul tutulmuşdur. Bunun nəticəsində o, əlavə olaraq 762 manat məbləğində ziyan çəkmişdir. Hesab edir ki, həmin məbləğ cavabdehdən tutularaq ona ödənilməlidir. Cavabdehə dəfələrlə ona görə ödədiyi pulun geri qaytarılmasını xahiş etsə də, o, müxtəlif bəhanələrlə bundan yayınmışdır. Bir halda ki, o, ondan da çox pensiya almasına baxmayaraq, qərəzli şəkildə ona vurduğu ziyanı ödəməkdən yayınır.

13. Cavabdeh məhkəməyə iddiaya etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı olan qardaşı ona zamin dayanmışdır. Lakin üzürlü səbəblərdən ödə bilmədiyi üçün bank məhkəməyə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə ondan və qardaşından müştərək qaydada pulun tutulması qət edilmişdir. Qardaşının pensiyasından 750 manat tutulma olmuşdur. Bundan sonra qardaşı məhkəməyə müraciət edərək, ondan bunun əvəzi olaraq 1000 manat məbləğində pul tələb etmişdir. Məhkəmə qətnaməsinə əsasən iddia təmin edilmişdir. Həmin məbləği tam şəkildə ödəmişdir. Bundan sonra, iddiaçı əsassız olaraq yenidən ondan 1800 manat pulun tutulması barədə məhkəmədə iddia qaldırmışdır. Hazırda banka özü ödənişlər edir. İddiaçı isə əsassız olaraq məhkəmədə iddia qaldırmışdır.

14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli 2(001)-5150/2024 nömrəli qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 1.192,17 (bir min bir yüz doxsan iki manat, on yeddi qəpik) manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 471, 472.2, 474.2, 474.3, 475.1 maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 2(001)-5150/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi birtərəfli, əsassız, qeyri-obyektiv qəbul edilmışdir və birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 14, 88, 217, 218-ci maddələrinin tələbləri, o cümlədən ədalət mühakiməsinin faktlar əsasında həyata keçirilməsi, sübutların obyektiv, qərəzsiz qiymətləndirilməsi, qətnamənin qanuni və əsaslılığı kimi mülki məhkəmə icraatının prinsipləri kobud surətdə pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, məhkəmə tərəfindən tətbiq edilməli olan Azərbaycan Respublikası MM-nin müvafiq maddələri nəzərə alınmamışdır. Sadalanan maddi və prosessual hüquq normalarının məhkəmə tərəfindən pozulması sonda düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Bakı şəhər Binəqədi rayon məhkəməsinin 2(001)-5150/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi tamamilə ləğv edilməli, apellyasiya şikayətinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Mübahisə ilə bağlı bildirir ki, iddiaci ona bankdan kredit götürən zaman zamin dayanmışdir. Lakin üzürlü sabəbdən ödəniş edə bilmədiyi ücün bank məhkəməyə müraciət etmişdir. Binəqədi rayon məhkəməsinin qətnaməsi əsasında ondan və qardaşı olan zamindən müştərək qaydada pulun tutulması qət edilmişdir. Qardaşının pensiyasından 750 manat tutulma olmuşdur. Lakin qardaşı məhkəməyə müraciət edərək ondan bunun əvəzi olaraq 1000 manat pul tələb etmişdir. Məhkəmə qərarına əsasən iddia təmin olunduğu ücün həmin məbləği tam şəkildə ödəmişdr. Məhkəmə qarşı tərəfdən ərizə almışdır. Məhkəmə iş üzrə mühasibatliq ekspertizasi təyin etmədən ədalətsiz qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Proses iştirakçılarının izahatı

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı və digər cavabdeh tərəfin iştirakları olmadan baxılması mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

21. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür;

22. 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur;.

23. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır;

24. 474.2-ci maddəsinə əsasən zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur;

25. 474.3-cü maddəsinə əsasən isə zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər;

26. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər..

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

29. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

32. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

33. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

38. Hazırki halda, qətnaməni yalnız Cavabdeh mübahisələndirdiyindən, iddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermədiyindən qətnamə apellyasiya şikayəti həddində, yəni iddia tələbinin təmin edilən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası izahatı, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli 2(001)-5150/2024 nömrəli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a. Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b. İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

41. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.

43. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır.

44. Hazırkı iş üzrə mülki işin materialları ilə müəyyən olunur ki, məhkəmə qətnaməsi ilə xx.xx.2010-cu il tarixli, 736/10/PB saylı kredit müqaviləsi üzrə tərəflərdən müştərək qaydada 1909,95 manat pul vəsaiti tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin məbləğdən 750 manat hissəsi İddiaçı tərəfindən tələbkara ödənilmiş, daha sonra həmin məbləğ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-153/2021 saylı qətnaməsi ilə əsas borcludan tutularaq İddiaçı ödənilmişdir. Bundan sonra yenə də tələbkara olan qalıq borclar İddiaçı pensiyasından tutulmağa davam etmiş, beləliklə onun pensiyasından cəmi 1.192,17 manat pul tutulmuşdur.

45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir.

46. Bu maddədə işlədilən “həmin öhdəlik üzrə hüquqlar” ifadəsi ilə hazırkı işdə kredit müqaviləsi üzrə bankın hüquqları nəzərdə tutulur. Ona görə də, zamin (İddiaçı) banka ödədiyi pulun ona qaytarılması üçün borcluya (Cavabdeh) qarşı reqres tələb irəli sürməsi və Mülki Məcəllədə nəzərdə tutulan digər hüquqlarından istifadə etməsi qanuni və əsaslıdır.

47. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, əsas borclu öz öhdəliklərini vaxtında və lazımı qaydada icra etmədiyi üçün İddiaçı zaminlik müqaviləsindən irəli gələn öhdəliklərini icra etmiş, bununla da İddiaçı banka ödədiyi pulun ona qaytarılması üçün əsas borcluya qarşı reqres tələb irəli sürməkdə haqlı olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı tərəfindən banka ödənilmiş cəmi 1.192,17 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

48. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh apellyasiya şikayətində məhkəmə mühasibatlıq ekspertizasının təyin olunmalı olduğunu qeyd etsə də ekspertizanın təyin olunmasının zərurətinin nədən ibarət olduğunu əsaslandırmamışdır.

49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli 2(001)- 5150/2024 nömrəli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar