Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6006/2020 20.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi və vəkili x1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “avtomobil və pul” tələbinə dair mülki iş üzrə iddianı təmin etmə tədbirinin tətbiqinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “avtomobil və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ona məxsus avtomobillərin və ya onların dəyərinin - Mercedes E270 markalı, **-MF-*** dövlət nömrə nişanlı avtomobilə görə 18.000 manat, PORSCHE CAYENNE markalı, **-LV-*** dövlət nömrə nişanlı minik avtomobilinə görə 22.000 manat pul vəsaitinin, həmçinin ona vurulmuş maddi zərərin əvəzi olaraq 1.000 manat və mənəvi zərərin əvəzi olaraq 500 manat vəsaitin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin iddiaçı iddia ərizəsinə iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizə əlavə edərək, PORSCHE CAYENNE markalı, **-LV-*** dövlət nömrə nişanlı və Mercedes E270 markalı, **-MF-*** dövlət nömrə nişanlı avtomobillərin üzərinə həbs qoyulması və onların özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli qərardadı ilə (hakim T.Mahmudova, iş N 2(010)-2221/20) ərizə təmin olunaraq, hazırkı işə mahiyyəti üzrə baxılıb qurtaranadək iddianın təmini tədbiri kimi PORSCHE CAYENNE markalı, 10LV-099 dövlət nömrə nişanlı və Mercedes E270 markalı, **-MF-*** dövlət nömrə nişanlı avtomobillərin üzərinə həbs qoyulmuş və onların özgəninkiləşdirilməsi qadağan edilmişdir. Cavabdeh1 həmin qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbi əsassızdır və bu baxımdan qanuni əsaslarla avtomobilə sahiblik edən şəxsin hüquqları məhdudlaşdırıla bilməz. Suraxanı Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili E.Azadəliyev məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçı və vəkili Vəkil şikayətə etiraz edərək onun rədd olunmasını xahiş etdilər. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, o, üzrlü səbəb olmadan məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsinin qərardadından yalnız Cavabdeh1 şikayət vermişdir. Digər Cavabdeh2 qərardadı apelyasiya qaydasında mübahisələndirməmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qərardadın qanuniliyini və əsaslılığını yalnız Cavabdeh1 şikayətinə münasibətdə yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət x4 komoyuter çıxarışında olan məlumatlara əsasən mübahisəli “Mercedes Benz E270 S” markalı, **-MF-*** dövlət nömrə nişanlı və “PORSCHE CAYENNE” markalı, **-LV-*** dövlət nömrə nişanlı avtomobillərin Cavabdeh1 mülkiyyətində olduğunu müəyyən edərək hesab etmişdir ki, hazırkı vəziyyətdə iş üzrə iddianın təmini tədbiri görülməsə, bu, gələcəkdə əlavə məhkəmə mübahisələrinin yaranmasına səbəb olacaqdır. Ona görə də, ərizə təmin edilməli və mübahisəli avtomobillərin üzərinə həbs qoyulmaqla onların özgəninkiləşdirilməsi qadağan edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1, 157.2, 158.1.1, 158.1.2-ci maddələri ilə əsaslandırmışdır. MPM-nin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci və 158.1.2-ci maddələrinə əsasən iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula və müəyyən hərəkətlərin edilməsi cavabdehə qadağan oluna bilər. Məhkəmə qeyd etmişdir ki, iddianı təmin etmə tədbirinin tətbiq edilməsində məqsəd işə mahiyyəti üzrə baxılıb qurtaranadək mübahisə obyektini qoruyub saxlamaqdan ibarətdir. İddianı təmin etmə tədbirinin tətbiqi iddianın əsaslılığı prezumpsiyasına əsaslansa da, heç də iddianın əsaslılığı barədə qabaqcadan nəticəyə gəlmək kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddianın təmini tədbirinin tətbiqi üçün qanuni əsaslar olduğundan məhkəmə ərizəni təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddianı təmin tədbiri çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyrimümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və həmin tədbirin prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq Cavabdeh1 şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, şikayət təmin olunmamalı, qərardad həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh1 şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə 17 mart 2020-ci il tarixli qərardadı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6006/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6006/2020
20.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver