Məhkəmə qərarları › İş №2(103)-6006/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6006/2021

25.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6006/2021 25.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-923/2021 saylı, 19.03.2021-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC tərəfindən ona əsassız olaraq hesablanmış 6019,00 manat məbləğində pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Şərq, küçəsində yerləşən 125\3 saylı evin mülkiyyətçisidir. Ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Həmin evə cavabdeh “xxxx” ASC tərəfindən işıq sayğacı quraşdırılmışdır. 19.11.2020-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları tərəfindən həmin sayğac çıxarılaraq yerinə yeni işıq sayğacı quraşdırılmışdır. Lakin “xxxx” ASC-nin əməkdaşları sonradan onların ünvana gələrək, köhnə sayğacda zədənin (müdaxilənin) aşkar edilməsini bildirmiş, bu barədə 19.11.2020-ci il tarixdə 020588 saylı akt tərtib olunmuş və cavabdeh tərəfindən ona əlavə olaraq 6019,00 manat məbləğində cərimə hesablanmışdır. Baxmayaraq ki, indiyədək vaxtlı-vaxtında işlətdiyi işıq pulunu ödəmiş, işıq sayğacını səliqəli işlətmiş və sayğaca onlar tərəfindən heç bir müdaxilə edilməmişdir. İstifadə etdiyi işığın həcmindən görünür ki, o, ayda böyük həcmdə 300 manata yaxın işıq işlədir və belə olan təqdirdə onun sayğaca müdaxilə etməyinə əsas yoxdur. İşıq sayğacı evdən çöldə hamının keçə biləcəyi yerdə yerləşir. Belə olan təqdirdə sayğaca qərəzli şəkildə müdaxilə edə bilərlər. Sayğac çöldə olduğundan o, sayğaca nəzarət edə bilməz. Vətəndaşların işıqla təmin edilməsi, sayğacın qorunması “xxxx” ASC-nin öhdəsinə düşür və onun səlahiyyətindədir. “xxxx” ASC tərəfindən ondan əsassız olaraq pul tələb edilməsi onu məhkəməyə müraciət etməyə vadar etmişdir. Onun işığa görə iki aylıq 726,26 manat borcu vardır. Qalan əlavə sərfiyata görə hesablanmış borc silinməlidir. Bakı şəhəri Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-923/2021 saylı, 19.03.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri, Nizami rayonu, Şərq, küçəsində yerləşən 125\3 saylı ev üzrə İddiaçı (abonent kodu **********50003) hesablanmış 6019 manat məbləğində borc silinməsi, 30 (otuz) manat məbləğində dövlət rüsumu “xxxx” ASC-dən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (sədrlik edən: Həqiqət Əhmədova). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Nizami Rayon Məhkəməsinin 2(007)- 923/2021 saylı, 19.03.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 19 noyabr 2020-ci il tarixda abonent İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına "xxxx” ASC-nin əməmkdaşları tərəfindən baxış keçirilmiş, baxış zamanı sayğacın 258878 saylı qırmızı dövlət möhürünün siminin kəsildiyi, ******* saylı narıncı alt qapaq möhürünün pozularaq daxili sxemin hər üç fazasına uzaqdan idarə etmək məqsədilə xüsusi qurğu vasitəsilə sayğaca müdaxilə olunması aşkar edilmişdir. Aşkar olunmuş faktla bağlı müvafıq olaraq NDM Np 020588 nömrəli 19.11.2020-ci il tarixli akt tərtib edilmiş və sayğac laboratoriya şəraitində yoxlanılması və müvafıq rəy verilməsi üçün çıxarılaraq aparılmışdır. Sonradan "xxxx” ASC-nin Akt komissiyasının Əhali İstehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış Sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair 14.02.2019-cu il tarixli qararına əsasən 54719 kvts itirilmiş elektrik enerjisinin dəyəri hesablanaraq 6019 manat məbləğində müəyyən edilməklə abonentin **********50003 nömrəli abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Qeyd edilan sayğacın laboratoriya şəraitində yoxlanılması zamanı aşkar olunmuş sayğaca müdaxilə faktının "xxxx” ASC-nin əməkdaşları tərəfindən video çəkilişi aparılmış və həmin görüntülərin əks olunduğu disk onlar tərəfindən sübüt qismində məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə təqdim etdikləri sübütların (akt, videogörüntü) qiymətləndirilməsini düzgün aparmamış və bununla da maddi və prossesual hüquq normalarının pozuntusuna yol vermişdir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili N.Alməmmədov cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi F.Abdullayev apelyasiya şikayətinin məzmununa uyğuna verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi İş materiallarına əlavə edilmiş “xxxx” ASC-nin 19 noyabr 2020-ci il tarixli 020588 nömrəli aktdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Şərq, küçəsində yerləşən 125\3 saylı evədə qurraşdırılmış işıq sayğacına müdaxilə edilməsi, işıq sərfiyyata yol verilməsi sayğacın yenisi ilə əvəz edilməli olması və onun laboratoriya şəraitində yoxlanılmalı olması qeyd edilmişdir. İş materiallarında olan 23.11.2020-ci il tarixli aktın surətindən görünür ki, abonent İddiaçı Bakı şəhəri, Nizami rayonu, Şərq, küçəsində yerləşən 125\3 saylı evində qurraşdırılmış sayğac yoxlanılan zaman məlum olmuşdur ki, elektrik sayğacının 258878 saylı qırmızı dövlət möhürünün simi kəsilib, ******* saylı narıncı alt qapaq möhürü pozularaq, daxili sxemin hər üç fazasına uzaqdan idarə etmək məqsədilə xüsusi qurğu vasitəsi ilə müdaxilə olunub. 6019 manat əlavə sərfiyata yol verilmişdir. İş materiallarında olan “xxxx” ASC tərəfindən abonent İddiaçı verilmiş bildirişin surətindən görünür ki, onun 6019 manat əlavə sərfiyata görə, 726,26 manat isə qalıq borcu vardır. Hüquqi dəyərləndirmə: Elektrik enerjisindən istifadə Qaydaları”nın: 7.6-cı maddəsinə əsasən, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerji təchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 7.11-ci maddəsinə əsasən, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 7.33-cü maddəsinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qeyd olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, elektirk sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh “xxxx” ASC özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş elektrik sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, bununla bağlı iddiaçıya borc məbləği hesablanmamalıdır və cavabdeh cərimənin ödənilməsini tələb edə bilməz. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh apelyasiya şikayətində və kollegiya iclassında sayğaca müdaxilə edilməsini bildirmiş və bununla bağlı məhkəməyə disk təqdim etmişdir. Lakin, kollegiya iclasında diskə baxış zamanı sayğacın nömrəsi görünmədiyinə görə həmin sayğacın İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacı olması faktı öz təsdiqini tapmamışdır. Bu səbəbdən də, qeyd edilən görüntülər iddiaçıya məxsus olan sayğaca müdaxilə edilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normasına əsasən kollegiya hesab edir ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış işıq sayğacının göstəricilərinə əsasən işığın dəyəri düzgün hesablanmadığından, sayğacın zədəli olmasına görə istehlakçı məsuliyyət daşımadığından, sayğaca müdaxilə olunması cavabdeh tərəfindən sübuta yetirilmədiyindən istehlakçı qeyd edilən ünvanda istehlak olunmuş elektrik enerjisinə görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin istehlakçıdan 54719 kvts itirilmiş elektrik enerjisinin dəyərinin ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də birinci instansiya məhkəməsi iddia tələbini təmin edilərək, Bakı şəhəri, Nizami rayonu, Şərq, küçəsində yerləşən 125\3 saylı ev üzrə İddiaçı (abonent kodu **********50003) hesablanmış 6019 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Nizami Rayon Məhkəməsinin 2(007)-923/2021 saylı, 19.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar