Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-601/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydası pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada subroqasiya qaydasında onun xeyrinə 5000 manat ziyan və 30,40 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı, apelyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, Cavabdeh1 məxsus **-MZ-*** dövlət qeydiyyat nişanlı, “Toyota Camry” markalı avtonəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə “xxxx” ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. xx.xx.2019-cu il tarixdə Cavabdeh2 idarə etdiyi həmin avtonəqliyyat vasitəsilə **-DF-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi Lancer” markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuş və barəsində inzibati tənbeh vernə haqqında qərar qəbul edilmişdir. Belə ki, hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh2 nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmiş və bu səbəbdən İXM-in 332.1-ci maddəsilə, yəni nəqliyyat vasitəsini etibarnaməsiz idarə etməkdə təqsirli bilinərək, cərimə edilmişdir. Cavabdeh2 da bu faktı məhkəmə iclasında verdiyi izahatında təsdiqləmişdir. Lakin məhkəmə qətnamə çıxararən təqdim olunmuş sübutu, o cümlədən cavabdehin etirafını düzgün qiymətləndirməyərək, iddianı rədd emişdir. Məhkəmə iclasında iştirak edən, iddiaçının nümayəndəsi, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmçinin bildirmişdir ki, iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə razı deyil. Ekspertin rəyi əsassızdır, məbləğlər düzgün qeyd olunmayıb. Ona görə də iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş edir. Cavabdeh2 isə, apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Suala cavab olaraq isə bildirir ki, ekspert rəyi ilə tam razı deyil. Hesab edir ki, avtomobilə daha az məbləğdə ziyan dəymişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, proses iştirakçılarını dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, xx.xx.2019-cu il tarixli icbari sığorta müqaviləsinə əsasən, “xxxx” ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xx.xx.2020-ci il tarixədək 5000 manat məbləğində sığortalanmış, Cavabdeh1 məxsus “Tayota Camry” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobil, sığorta müddətində - xx.xx.2019-cu il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 idarə etdiyi “Mitsubihsi Lancer” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Yol nəqliyyat hadisəsinin baş verməsində “Tayota Camry” markalı avtomobili idarə edən Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 332.1-ci maddələri ilə təqsirli bilinərək, 50 manat məbləğində inzibati cərimə olunmuşdur. Hadisə baş verərkən Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etmişdir. “xxxx” ASC tərəfindən xx.xx.2019-cu il tarixli hesabata əsasən “Mitsubishi Lancer” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan ümumilikdə 5030 manat məbləğində qiymətləndirilmiş və 5000 manat məbləğində sığorta ödənişi verilmişdir. Qeyd edilənlər iddia ərizəsi, tərəflərin izahatları, xx.xx.2019-cu il tarixli icbari sığorta müqaviləsi, Azərbaycan Respublikası Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İXP ******* nömrəli inzibati xəta haqqında protokolu və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı, “xxxx” ASC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat, “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktı, xx.xx.2019-cu il tarixli plastik kartların təhvil-təslim aktı və işdə olan digər sənədlərlə təsdiqlənir. Birinci instansiya məhkəməsi, iddianı rədd edərkən gəldiyi qənaətini belə əsaslandırmışdır ki, iddiaçının subroqasiya hüququ yaranmamışdır. Çünki, Cavabdeh2 etibarnaməsi olmasa da, onun sürücülük hüququ olmuşdur. Buna görə də, iddiaçının onun tərəfindən avtomobilin etibarnamə olmadan idarə edilməsinə əsaslanaraq, hazırkı tələbi irəli sürməsinin əsası yoxdur. Kollegiya, rayon məhkıəməsinin bu movqeyi ilə razılaşmır, ona görə ki, iddiaçının cavabdehlərə qarşı hazırkı iddia tələbi maddi zərər vuran avtomobilin (mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış) onlardan birinin (Cavabdeh1) mülkiyyətində olmaqla, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş digəri (Cavabdeh2) tərəfindən həmin vaxt etibarnamə olmadan idarə olunmasına əsaslanır. Ona görə də, məhkəmə kollegiyası, “xxxx” ASC-nin subroqasiya tələbinin xx.xx.2019-cu il tarixli icbari sığorta müqaviləsindən irəli gəldiyini nəzərə alaraq, “İcbari Sığortalar haqqında” Qanunun sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişinin subroqasiya qaydasında tələb etmək hüququnun yaranması, eləcə də bu hüququn kimə qarşı irəli sürülə bilməsi ilə bağlı bəzi normalarına istinad etməyi zəruri sayır. Belə ki, “İcbari Sığortalar haqqında” Qanun Azərbaycan Respublikasında daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişinlərin icbari sığortası sahəsində sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər arasında hüquqi və iqtisadi münasibətləri tənzimləməklə, onların hüquq və mənafelərinin qorunması məqsədi ilə Azərbaycan Respublikasında qeyd olunan icbari sığorta növlərinin həyata keçirilməsinin ümumi əsaslarını, həmçinin bu növlərin aparılması qaydalarını və şərtlərini müəyyən edir. Həmin Qanunun 6.1-ci və 6.2-ci maddələrinə görə, icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Adı çəkilən Qanunun “İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları” başlıqlı 25-ci maddəsində sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yaranma əsasları müəyyən edilmiş və həmin əsaslardan biri kimi isə Qanunun 25.1.3-cü maddəsində nəzərdə tutulmuş hal göstərilmişdir. Bu Qanunun 25.1.3-cü maddəsinə görə, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göründüyü kimi, qanunverici, könüllü sığorta müqaviləsindən fərqli olaraq icbari sığortada sığortaçının subroqasiya hüququnun yaranmasının konkret əsaslarını müəyyən etmiş və onlardan biri kimi sığorta şəhadətnaməsində göstərilən əmlakın hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halını nəzərdə tutmuşdur. Eyni zamanda, sözügedən normada sığortaçının subroqasiya hüququnun kimə qarşı yaranacağı müəyyən şərtlərdən aslı edilmişdir. Belə ki, sığortalının və ya sığorta olunanın məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, sığorta şəhadətnaməsində göstərilən əmlakın hüququ olmayan şəxs tərəfindən istismar edilməsi barədə xəbəri olmazsa, o zaman sığortaçının subroqasiya hüququ qanuni əsas olmadan əmlakı istismar edən şəxsə qarşı yaranır. Bunun əksi olaraq, əgər sığorta predmeti olan əmlakın buna hüququ olmayan şəxs tərəfindən istismar edildiyini sığortalı və ya sığorta olunan bilməli idisə, onda subroqasiya hüququ ümumi qaydada sığortalı və ya sığorta olunana qarşı yönələcəkdir. O da nəzərə alınmalıdır ki, sözügedən Qanunun 25.2-ci maddəsinə əsasən, bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Beləliklə, qeyd edilən normaların qarşılıqlı təhlilindən aydın olur ki, sığortaçının bəhs edilən Qanunun 25.1.3-cü maddəsinə əsasən, mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində subroqasiya hüququ sığortalının və ya sığorta olunanın məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, bir qayda olaraq qanuni əsas olmadan əmlakı istismar edən şəxsə qarşı yaranır. Əgər, əmlakı istismar etmiş şəxs əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirməsi üçün sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərmiş və ya fəaliyyət göstərməli olmuşsa, o zaman sığorta hadisəsinin baş verməsində təqsirli şəxslə yanaşı, sığortalı da subroqasiya qaydasında məsuliyyət daşıyır. Baxılan işdə baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh2 İXM-in 327.1-ci (yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Qanunla nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə) və 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) maddələri ilə təqsirli bilinmişdir. Cavabdeh2 da, iddiaya qarşı verdiyi etiraz ərizəsində, eyni zamanda həm rayon, həm də apelyasiya məhkəməsində verdiyi izahatlarında nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etdiyini etiraf etmişdir. Nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh1 isə həmin nəqliyyat vasitəsinin Cavabdeh2 tərəfindən istismar edilməsi barədə məlumatlı olmaması hüquqi və faktiki baxımdan mümkün deyil. Belə ki, bu hal həyatın ümumi axarına uyğun olmamaqla, həm də hüquqi baxımdan bu müddət ərzində avtomobilin iradəsinə zidd olaraq Cavabdeh2 tərəfindən istismar edilməsi barədə heç bir hərəkət etməməsi əslində avtomobili Cavabdeh2 əvəzsiz istifadəsinə verməsi deməkdir. Kollegiya, həmçinin vurğulayır ki, Cavabdeh1 da məhkəməyə hadisənin baş verdiyi vaxt avtomobilin onun iradəsinə zidd olaraq Cavabdeh2 tərəfindən istismar edildiyini təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda, ona məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş (apelyasiya şikayətinin surəti əlavə edilməklə) göndərilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və apelyasiya şikayətinin dəlillərinə qarşı hər hansı formada etiraz etməmişdir. Belə olan halda, Kollegiya Mülki Məcəllənin 1108.2-ci maddəsini də nəzərə alaraq hesab edir ki, “Tayota Camry” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin vurduğu zərər görə mülkiyyətçi Cavabdeh1 və etibarnamə olmadan faktiki idarəçi Cavabdeh2 birgə məsuliyyət daşımalıdırlar. Həmin maddəyə görə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə kollegiyası, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mitsubishi Lancer” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği ilə bağlı isə bildirir ki, bu hissədə tərəflər arasındakı mübahisənin düzgün həlli üçün təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/4272 saylı rəyinə əsasən, nəzəri hesablama yolu ilə “xxxx” ASC tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Mitsubishi Lancer” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3840 manat müəyyən edilmişdir. Kollegiya vurğulayır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksəkdir. Tərəflər isə ekspert rəyi ilə razılamasalar da, məhkəməyə onun mötəbərliyinə şübhə və təkrar ekspertizanın keçirilməsinə zərurət yaradan hallara dair hər hansı sübut təqdim etməmişlər. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən, bu qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi tam ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin olunaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı “xxxx” ASC-nin xeyrinə ekspert rəyinə uyğun olaraq müştərək qaydada 3840 manat məbləğində pul tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 384.0.2-ci və 384.0.3-cü maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər, habelə qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: “xxxx” ASC-nin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-804/2020 saylı iş üzrə xx xxxx 2020-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3840 (üç min səkkiz yüz qırx) manat məbləğində pul tutularaq iddiaçı “xxxx” ASC-nin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumunun 34,56 (otuz dörd manat əlli altı qəpik) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, iddiaçı “xxxx” ASC-nin hesabına ödənilsin, 10,44 (on manat qırx dörd qəpik) manatı isə iddiaçı “xxxx” ASC-nin özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 76.80 (yetmiş altı manat səksən qəpik) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 23.20 (iyirmi üç manat iyirmi qəpik) manatı isə iddiaçı “xxxx” ASC-dən tutularaq, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-601/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-601/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver