Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6011/2023 18.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “pul tələbi, iddia müddətinin tətbiqi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1607/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı Şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı mülki iddia qaydasında məhkəməyə müraciət etmək qaydası izah olunmuşdur.
2. 28 iyul 2013-cü il tarixli evlərin alqı-satqısı müqaviləsinə əsasən X3 və İddiaçı arasında ünvan 1 ünvanında yerləşən mənzilin 215000 manat məbləğində alqı-satqısı barədə razılığa gəlinmişdir. Həmin müqavilənin 8-ci bəndindən görünür ki, İddiaçı 10000 ABŞ dolları məbləğində pul vermişdir. 10-cu bəndinə əsasən əgər müqavilənin şərtləri alıcı tərəfindən pozularsa, verilən beh geri qaytarılmır. Əgər müqavilənin şərtləri satıcı tərəfindən pozularsa, verilən beh 2 qat geri qaytarılır qeyd olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 borclu olduğu 12000 ABŞ dolları və gecikdirilmiş 4800 ABŞ dolları, cəmi 16800 ABŞ dolları, Cavabdeh1 borclu olduğu 500 ABŞ dolları və gecikdirilmiş 200 ABŞ dolları, cəmi 700 ABŞ dolları tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək tələbini azaldaraq Cavabdeh1 qarşı tələbinin olmaması və onun cavabdehlər siyahısından çıxarılmasını və ona qarşı verilən iddia tələbinə baxılmamasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh2, ünvan 2 ünvanında yerləşən 4 otaqlı 120 kv. metr olan evini satmaq adı ilə ondan 12000 (on iki min) ABŞ dolları məbləğində pul almış və aldığı pulu bu günə qədər ona qaytarmamışdır. Belə ki, 2015-ci ilin yanvar ayında o, ev alqı-satqısı üzrə məşğul olan (makler) Cavabdeh1 ilə ünvan 1 ünvanında yerləşən 4 otaqlı mənzilə baxdılar. Mənzil onun xoşuna gəldi və o, öz evini satıb baxdıqları bu evi almaq qərarına gəldi. O, ilkin olaraq baxdıqları evi almaq üçün evin sahibi Cavabdeh2 Niyazinin yanında baxdıqları evdə 10 000 (on min) ABŞ dolları verdi. O, evə gəlib ailəsinə bu haqda bildirdi. Onun həyat yoldaşı və oğlu gəlib alacağı evin yerləşdiyi ünvana baxıblar və ev metrodan uzaq olduğu üçün onların xoşuna gəlməyib. Onu bildirir ki, onun oğlunun ürəyində problem olduğu üçün o uzaq yolu piyada gedə bilmir. Odur ki, o, pulu verdiyinin səhəri günü Cavabdeh2 zəng edib onunla Heydər Əliyev parkında görüşdülər. O, Araza bildirdi ki, onun ailəsi evi almağa razı deyil. Odur ki, verdiyi 10 000 (on min) ABŞ dollarını geri qaytarsın. Araz ona bildirdi ki, “Bu Əli yolu haqqı” o iddiaçıdan aldığı 10 000 (on min) ABŞ dollarının üzərinə 5000 (beş min) ABŞ dolları da qoyaraq ev almaq üçün kiməsə 15 000 (on beş min) ABŞ dolları məbləğində beh vermişdir. Amma Araz polisdə ifadə verəndə bildirir ki, ondan aldığı pulu heç kəsə beh verməyib, özü kimlərəsə pul borclu olub, ondan aldığı pulla borclarını ödəyib. O, Araza bildirdi ki, beh verdiyi 15 000 (on beş min) ABŞ dollarını get geri al, onun pulunu qaytar. Əgər çətinlik çəkirsənsə, mən də səninlə gedim. Araz ona bildirdi ki, o heç kimdən aciz adam deyil, o kişidir, gedib pulu özü alacaq. İki üç gündən sonra makler Niyazi ona zəng edib Heydər Əliyev parkında görüşməyi bildirdi. O, parka gəldi, orada Araz, Niyazi və o, birgə görüşdülər. Araz ona bildirdi ki, o iddiaçıdan aldığı 10 000 (on min) ABŞ dollarının üzərinə öz cibindən 5000 (beş min) ABŞ dolları qoyaraq ev almaq üçün kiməsə 15 000 (on beş min) ABŞ dolları beh vermişdir. Araz bildirmişdir ki, onlar, yəni Niyazi və iddiaçı, onu 5000 (beş min) ABŞ dolları ziyana salıblar. Odur ki, onlar hərəsi Araza 2500 (iki kin beş yüz ) ABŞ dolları verəcəklər. Uzun mübahisədən sonra Araz onu yükləmiş, yəni ovsunlamışdır. O, Araz və Niyazi Arazın maşını ilə onun yaşadığı evə Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanına gəldilər. Araz və Niyazi gəldiyi evin blokunun qabağında Arazın maşınında onu gözlədilər, o evə qalxıb 2000 (iki min) ABŞ dolları pulu gətirib Araza verdi. Araz bildirdi ki, onlar hərəsi ona 2000 (iki min) ABŞ dolları yox, 2500 (iki min beş yüz) ABŞ dolları verməlidirlər. Eybi yoxdur, 500 (beş yüz) ABŞ dolları onlara hörmət edib keçir. Sonra makler Cavabdeh1 iddiaçıya bildirdi ki, onun maddi vəziyyəti yaxşı deyil, ona 500 (beş yüz) ABŞ dolları borc verməsini xahiş etdi və 10-15 günə qaytaracağını bildirdi. O, yenidən evə qalxıb 500 (beş yüz) ABŞ dolları gətirib Niyaziyə borc verdi və ona bildirmişdir ki, pulu bir aya qaytarsın Qazaxıstana gedəcək. Cavabdeh2 iddiaçıdan 12 000 (on iki min) ABŞ dolları və Cavabdeh1 500 (beş yüz) ABŞ dolları almasını, onların müstəntiqə verdiyi izahatda öz əksini tapır. O, uzun müddət Qazaxıstanda olmuş, bir neçə dəfə Bakıya gəlibgetmişdir. Telefonunu itirdiyi üçün və makler Niyazi iş yerini dəyişdiyi üçün, o, onlarla əlaqə saxlaya bilməmişdir. O, 2023-cü ilin aprel ayının əvvəllərində çox çətinliklə Cavabdeh2 və Cavabdeh1 tapıb onlarla görüşdü və onlardan pulunu tələb etdi. Araz ona bildirdi ki, o aldığı 12 000 (on iki min) ABŞ dolları pulu ev almaq üçün kiməsə beh verib, beh verdiyi adam da ölüb. Bir də ki, verdiyi pulun üstündən xeyli vaxt keçib. Odur ki, iddiaçının pulu batıb. Buna görə də göstərilənnələr hüquqi qiymət verilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir.
6. Cavabdeh2 iddia tələbinə etiraz verərək göstərmişdir ki, mərhum atası Şamil Yusifov ağır xərçəng xəstəsi idi, оnun müalicəsi üçün maddi imkanları pis olduğu üçün, borca girərək onu müalicə etdirmişdir. Atasının müalicəsi ilə əlaqədar banklara və bir neçə şəxslərə xeyli miqdarda borcları yarandı. 21 may 2013-cü il tariхdə atası Yusifоv Şamil Nəbi оğlu vəfat etdi. Lakin, оnun müalicəsi ilə əlaqədar banklara və bir neçə şəхsə оlan bоrcları qalmaqda davam edirdi. Buna görə də 2013-cü il ilin may ayında ünvan 4 ünvanında yerləşən 4 otaqlı, 120 kv metr sahəsi olan mənzilini 215000 (iki yüz on beş min) ABŞ dollara satışa qoydu. Həmin vaxtlarda ev alqı-satqı mütəxəssisi kimi tanıdığı Niyazi adlı şəхs bir nəfər müştərini gətirib mənzili göstərmişdir. Nəhayət, 28 iyul 2013-cü il tariхdə bir nəfər gətirdi, adını sonradan Mirzakir kimi bildiyi müştəri mənzilə baxdıqdan sonra aralarında olan razılaşmaya əsasən mənzili almaq istədiyini bildirdi. Həmin vaxt mənzilin qiymətini öz aralarında 215000 ABŞ dollara razılaşdılar. Mirzakir adlı şəxsə mənzili təcili оlaraq satmaq istədiyini, atasının müalicəsi üçün başqa şəхslərdən aldığı pulları qaytarmaq üçün təcili olaraq pul lazım olduğunu bildirdi. Mirzakir adlı şəxs həmin günü, yəni 28 iyul 2013-cü il tariхdə mənzildə ona 10000 ABŞ dolları pulları sayaraq ilkin olaraq beh kimi verdi və qalan pulları isə sənədləşmə prosesində verə biləcəyini bildirdi. Mirzakir Mehdiyev adlı şəxs ilə nоtarial qaydada olmasa da, öz aralarında müqavilə imzalayaraq ondan 10000 ABŞ dolları beh aldı. Mirzakir isə yaxın bir neçə gün ərzində qalan pulları düzəldib gəlib evi alacağını bildirdi. Bundan sonra Mirzakir adlı şəxsi təqribən 1 ay müddətində gözlədi və həmin müddət ərzində dəfələrlə ona zəng vuraraq mənzilin alqı-satqı işlərini yekunlaşdırmağını, qalan pulları ödəməsini bildirsə də, Mirzakir adlı şəxs telefonlara cavab vermədi, cavab verən zamanlar isə evi başqa şəxslərə satmamağını bildirərək, onu gözləməyini deyərək qalan pulları düzəldib gəlib mənzili alacağına onu arxayın saldı. Mirzakir adlı şəxsdən beh aldığı üçün evi başqa şəxslərə sata bilmədi, bu olanlardan sonra təqribən 1-2 ay keçdikdən sonra Mirzakir adlı şəxs ona zəng vuraraq görüşmək istədiyini bildirdi. Niyazi və Mirzakir adlı şəxslə Nizami rayonu, H.Əliyev parkında görüşdülər. Parkın yaxınlığında Niyazinin ev alqı-satqı ofisinə getdilər. Niyazinin ofisində olan zaman Mirzakir orada əlavə olaraq yenidən 2000 ABŞ dolları sayaraq ona beh verdi və qalan pulları verməsi üçün bir neçə gün də gözləməyini xahiş etdi. Ümumilikdə, Mirzakir adlı şəxsdən 12000 ABŞ dolları pulları beh kimi alıb gözlədi. Bundan bir müddət sonra isə Mirzakir adlı şəxs yenə telefonlara cavab vermədi. Bir neçə müddət sonra isə təkrar görüşləri zamanı, Mirzakir daha onun maddi imkanının olmadığını qalan pulları düzəldə bilmədiyini, evi ala bilmədiyini bildirdi. Bu zaman o, onun verdiyi behi borclarına qaytardığını, pulunun olmadığını bildirən zaman Mirzakir adlı şəxs ona verdiyi pulların halal xoşu olduğunu, onu da gözlətdiyi üçün, yəni evi başqa şəxlərə sata bilmədiyi üçün üzrlü saymasını bildirdi və ölkə xaricinə gedəcəyini bildirdi. Həmin vaxtlarda dolların məzənnəsi 100 ABŞ dolları 78 manat təşkil edirdi, bundan sonra daha evi heç kimə sata bilmədi və hazırda həmin mənzildə o, özü yaşayır. Mənzili satıb, borclarını qaytarıb qalan pul ilə başqa ucuz bir mənzil almaq istədiyirdi. Lakin iddiaçı M.Mehdiyevin iddia ərizəsindən məzmunundan aşkar surətdə göründüyü kimi, iddiaçı M.Mehdiyev ona 28 iyul 2013-cü il tariхdə 10.000 ABŞ dоlları behi, həmçinin bir müddət sоnra verdiyi 2000 ABŞ dоllarını ünvan 4 ünvanında yerləşən 4 otaqlı, 120 kv metr sahəsi olan mənzili almaq niyyəti ilə beh məqsədi ilə vermişdir. İddiaçı M.Mehdiyev ünvan 4 ünvanında yerləşən 4 otaqlı, 120 kv metr sahəsi olan mənzili almaq məqsədi ilə beh verdikdən sоnra mənzilə dair alqısatqı müqaviləsinin bağlanmamasına (icra edilməməsinə) görə beh vermiş tərəf kimi özü məsuliyyət daşıyır. 10.000 ABŞ dоllarını geri tələb etdiyi halda və bu beh qaytarılmadığı halda iddiaçı M.Mehdiyevin yenidən 2000 ABŞ dоlları verməsi ağlabatan deyildir. Bu оnu göstərir ki, iddiaçı M.Mehdiyev hələ 2000 ABŞ dоlları əlavə beh verdiyi zamanda da mənzili almaq niyyətində оlmuşdur. Müqavilənin sоnradan bağlanmaması (icra edilməməsi) оnunla bağlı оlmuşdur və buna görə də müqavilənin bağlanmamasına görə məsuliyyəti M.Mehdiyev özü daşıyır. Belə ki, yaxın bir neçə gün ərzində qalan pulları düzəldib gəlib evi alacağını bildirmişdir. Bundan sonra Mirzakir adlı şəxsi təqribən 1 ay müddətində gözlədi və həmin müddət ərzində dəfələrlə ona zəng vuraraq mənzilin alqısatqı işlərini yekunlaşdırmağını, qalan pulları ödəməsini bildirsə də, Mirzakir adlı şəxs telefonlara cavab vermədi, cavab verən zamanlar isə evi başqa şəxslərə satmamağını bildirərək, onu gözləməyini deyərək qalan pulları düzəldib gəlib mənzili alacağına onu arxayın saldı. Mirzakir adlı şəxsdən beh aldığı üçün evi başqa şəxslərə sata bilmədi, bu olanlardan sonra. Göründüü kimi, M.Mehdiyev ünvan 4 ünvanında yerləşən 4 otaqlı, 120 kv metr sahəsi olan mənzili almaq məqsədi ilə beh verdikdən sоnra mənzilə dair alqı-satqı müqaviləsinin bağlanmamasının (icra edilməməsinin) оnunla bağlı оlduğunu inkar etməmiş, əksinə mənzilə dair alqı-satqı müqaviləsinin bağlanmamasının (icra edilməməsinin) оnunla bağlı оlduğunu təsdiq etmişldir. Оdur ki, iddiaçı M.Meşdiyev beh verdiyi mənzilə dair alqı-satqı müqaviləsinin bağlanmaması (icra edilməməsi) оnunla bağlı оlduğundain, göstərilən mənzilə dair alqı-satqı müqaviləsinin bağlanmamasına görə məsuliyyəti iddiaçı M.Mehdiyev özü daşıyır. Buna görə də beh qaytarılmamalıdır.
7. Cavabdeh2 iddia müddətinin tətbiqi ilə bağlı ərizə və iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə düzəliş edilməsi barədə ərizələr verərək, göstərmişdir ki, iddiaçı M.Mеhdiyеv ünvan 5 ünvanında yerləşən 4 otaqlı mənzilinə görə bеhi 2015-ci ilin yanvar ayında dеyil, 28 iyul 2013-cü il tarixdə vеrmişdir. Bununla da bеhi vеrməsi günün səhərisi günü 29 iyul 2013-cü il tarix hеsab еdilir. Özünün göstərdiyi kimi qəbul еdilsə bеlə, bеhi vеrdiyi günün səhəri günündən bеhin qaytarılmadığını və qaytarılmayacağını bilirdi. Lakin, iddiaçı M.Mеhdiyеv 26 aprеl 2023-cü il tarixdə mövcud iddia tələbi ilə məhkəməyə müraciət еtmişdir. Bununla da iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddia müddətinin tətbiq edilməsi ilə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1607/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə (hakim X2) iddia tələbi təmin edilməmişdir.
9. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, beh müqaviləsi mənzilin alqı-satqısı ilə əlaqədar, yəni daşınmaz əmlakla əlaqədar bağlanmış və bu halda iddia müddəti 6 il hesab olunmalıdır. Evin alqı-satqısına dair müqavilə 28 iyul 2013-cü il tarixdə bağlanmışdır və beh həmin tarixdə verilmişdir. İddiaçı isə behin geri qaytarılması üçün 26 aprel 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı indiyə kimi məhkəməyə müraciət etməməsini uzun müddət Qazaxıstan Respublikasında olması ilə əsaslandırmışdır. Lakin məhkəmə iclasında “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə sorğulanmış sorğudan görünmüşdür ki, İddiaçı cəmi bir dəfə xx.xx.2018ci il tarixdə “Antalya” istiqamətində ölkədən cıxış etmiş və xx.xx.2018-ci il tarixdə ölkəyə giriş etmişdir. Beləliklə, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti heç bir üzürlü səbəb olmadan ötürülmüşdür.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci, 373-cü, 385.1, 390.1-ci, 460.1-ci. 491-ci, 492-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 107-ci, 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsini iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə qüvvədə olan təlimatların tələbinə zidd, heç bir rəsmi möhür və ştampla təsdiq edilməyən bir vərəq kağız parçasından ibarət vərəqəni müqavilə kimi qəbul edərək buna istinad etmişdir. Belə ki, birincisi, müqavilə iddiaçı ilə cavabdeh arasında bağlanmamış, ikincisi müqavilədə ilin üstündən xətt çəkilmiş başqa il yazılmışdır. Müqavilənin tərtib edilməsi kiril əlifbası (hərifləri) ilə yazılmışdır. Müqavilədə beh 10000 (on min) ABŞ dolları göstərilib. Amma müqavilədən əlavə də 2000 (iki min) ABŞ dolları da vermişdir. Bundan əlavə məhkəmə prosesində iddiaçının bilməməyi səbəbindən hakim 2-ci cavabdehin çıxarılması barədə iddiaçıya həmin 500 (beş yüz) ABŞ dollar barədə iddia qaldırması (yaşayış yeri) hakim tərəfindən təyin olmuşdur. Cavabdeh behin verilmə tarixini 2013-cü il deməsinə baxmayaraq beh 2015-ci ildə verilmişdir. Müqavilənin əsası isə məhkəməyə təqdim edilməmişdir. Çıxarışın surətini və əsasını hakimə təqdim etməmişdir. Əgər təqdim edibsə, müqavilə ilə çıxarışın arasında ziddiyyətlər məhkəmə tərəfindən qeyd edilməmişdir. Məhkəmə isə göstərilən bu əsas halların heç birinə hüquqi qiymət verməmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə uyğun məzmunda izahat verməklə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi
15. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, onun təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 460.1-ci maddəsinə əsasən Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 491.1-ci maddəsinə əsasən Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir 492.2-ci maddəsinə əsasən Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. 369.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət müddətin sonuncu ilinin müvafiq ayında və günündə qurtarır; 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir;
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş olunduğundan, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
22. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır.
23. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər.
25. Məhkəmə kollegiyası vurğulayır ki, İddiaçı Cavabdeh2 ilə ünvan 1 ünvanında yerləşən mənzilin alqı-satqısı barədə razılığa gəlmişlər. Mənzilin alqı-satqısı üçün cavabdehə beh vermiş və qalan pulu ödəmək üçün ondan müddət istəmişdir. Cavabdehi bir müddət gözlətdikdən sonra evi almasından imtina etmişdir. İddiaçı iddia ərizəsində, həmçinin məhkəmədə verdiyi izahatında, beh verdikdən sonra arvadı və oğlunun mənzilin yerləşdiyi ünvana baxıb və metrodan uzaq olduğu üçün onların xoşuna gəlmədikləri səbəbindən mənzili almaqdan imtina etdiyini bildirmişdir. Belə olan halda müqavilənin icra edilməməsində məsuliyyət iddiaçının üzərinə düşür. Bu səbəbdən də iddiaçı tərəfindən verilmiş beh kimi verilən məbləği cavabdehdə qalmalıdır və iddiaçıya qaytarıla bilməz. Qanunvericiliyin tələbinə görə müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh qarşı tərəfdə qalır.
26. Eyni zamanda nəzərə alınmalıdır ki, beh müqaviləsi mənzilin alqı-satqısı ilə əlaqədar, yəni daşınmaz əmlakla əlaqədar bağlanmışdır və bu halda iddia müddəti 6 il hesab olunmalıdır. Evin alqı-satqısına dair müqavilə 28 iyul 2013-cü il tarixdə bağlandığından beh də həmin tarixdə verilmişdir. Behin geri qaytarılması üçün iddiaçı bu növ müqavilə üzrə müəyyən edilmiş 6 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və ilk dəfə 26 aprel 2023-cü il tarixdə iddia qaldırılan zaman artıq tələb etmə müddətini pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı məhkəməyə müraciət etməməsini uzun müddət Qazaxıstan Respublikasında olması ilə əsaslandırmışdır. Lakin birinci instansiya məhkəməsi haqlı oaraq qeyd etmişdir ki, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə sorğunun nəticədinə əsasən müəyyən edildiyi kimi, İddiaçı cəmi bir dəfə xx.xx.2018-ci il tarixdə “Antalya” istiqamətində ölkədən cıxış etmiş və xx.xx.2018-ci il tarixdə ölkəyə giriş etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti heç bir üzürlü səbəb olmadan ötürülmüşdür.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd etməyi zəruri hesab edir ki, 28 iyul 2013-cü il tarixdə X3 və İddiaçı arasında ünvan 1 ünvanında yerləşən mənzilin 215000 manat məbləğində alqı-satqısı barədə razılığa gəlinmişdir. İddiaçı 10000 ABŞ dolları məbləğində pulu Cavabdeh2 beh olaraq vermiş, daha sonra yenidən 2000 ABŞ dolları əlavə olaraqda verməklə evi alacağını bildirmiş, lakin sonradan iddiaçı evi almadığını bildirmiş və verdiyi pulu Cavabdeh2 tələb etməmişdir. Bundan əlavə iddiaçı tərəfindən alqı-satqı müqaviləsinin tarixinə sonradan düzəliş edilməklə 2013-cü il yazıldığını mübahisələndirərək, əslində müqavilənin tarixinin 2015-ci il olmasını bildirsə də, qeyd olunan müqavilənin 6-cı bəndinə nəzər yetirildikdə mənzilin alqı-satqısı gününün 2013-cü il olmasının bir daha icra edildiyini görmək olar. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi əsas tələbi iddia müddəti tətbiq etməklə, o cümlədən əsas tələbdən törəmə tələb olan gecikdirilmiş faiz məbləği kimi tələb edilən məbləği də təmin etməməkdə haqlı olmuşdur.
28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1607/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.