Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6013/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Nureddin oğlunun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Nureddin oğlunun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2733/2023 nömrəli 25 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə 10 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X4 tərəfindən qəbul edilən “cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulmasına dair” 19 sentyabr 2022-ci il tarixli qərarına əsasən Türkiyə Respublikasının vətandaşı xx.xx.2022-ci il tarixdə verilmiş U26373251 nömrəli xarici pasportun sahibi 07 yanvar 1972-ci il təvəllüdlü İddiaçı Nureddin oğlu Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.
2. Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin İstintaq bölməsinin rəisi, gömrük xidməti kapitanı X5 tərəfindən qəbul edilən “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 20 sentyabr 2022-ci il tarixli qərarına əsasən İddiaçı Nureddin oğlu Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.
3. Naxçıvan Baş Gömrük İdarəsi Əməliyyat və İstintaq idarəsinin İstintaq şöbəsinin böyük müstəntiqi, gömrük xidməti leytnantı X3 tərəfindən qəbul edilən “cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında” 14 dekabr 2022-ci il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə barəsində cinayət təqibi aparılan Türkiyə Respublikası vətəndaşı İddiaçı Nureddinin əməlində cinayət tərkibi olmadığına görə ona aid hissədə xitam verilmiş, barəsində Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 21 sentyabr 2022-ci il tarixli qərarla seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, qərarın surəti təqsirləndirilən şəxs İddiaçı Nurettin oğlunun həbsdən azad edilməsi üçün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq təcridxanasına göndərilmişdir.
4. Həmin qərarda qeyd edilmişdir ki, aparılan istintaqla müəyyən edilir və belə nəticəyə gəlinir ki, Türkiyə Respublikası vətəndaşı İddiaçı Nurettin istintaqa Bağır adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı ilə əvvəlcədən razılaşaraq Təbriz şəhərindən 1710 kq olan döşəmənin təmizlənməsi üçün plastik süpürgələr, süpürgələrin sapları və plastik su qabı yükünü Türkiyə Respublikasına aparmaq üçün yola düşmüşdür. İddiaçı Nurettindən xəbəri və məlumatı olmadan istintaqla müəyyən edilməyən şəxslər tərəfindən İranın Təbriz şəhərində döşəmənin təmizlənməsi üçün plastik süpürgələrin saplarının içərisinə təmiz çəkisi 67 kq 081,82 qram olan ağ rəngli kristal və toz şəkilli hissəciklərdən ibarət psixotrop maddə metamfetamin adi gözlə seçilməyəcək dərəcədə xüsusi üsul ilə gizlədilmiş və sapların ağzı xüsusi rezin başlıqlar yerləşdirilməklə örtülmüşdür. Aparılmış istintaq zamanı süpürgə saplarının içərisindən aşkar olunmuş metanfetamin psixotrop maddəsinin təqsirləndirilən şəxs İddiaçı Nurettin oğlu tərəfindən əldə edilməsinə sapların içərisində gizlədilməsinə və daşınmasına dair dəlillər əldə olunmamış, qaçaqmalçılıq cinayətinin və narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətin onun tərəfindən törədilməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin təfsirinə əsasən konkret şəxs tərəfindən törədilmiş əməl müəyyən olunsa da, bu əməldə cinayət tərkibinin əlamətlərinin mövcud olması cinayət təqibini istisna edir. Cinayətin subyektinin, subyektiv cəhətinin, obyektinin və obyektiv cəhətinin zəruri əlamətlərindən hər hansı birinin olmaması əməldə cinayət tərkibi olmasını aradan qaldırır. Bu cür hallarda törədilmiş əməl cinayət xarakterli olmadığına görə onu törədən şəxslər barəsində cinayət təqibi başlana bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi zərərə görə 32.000 ABŞ dolları, 198.000 TL məbləğində pul və mənəvi zərərin əvəzi olaraq kompensasiya edilməsi üçün 500.000 ABŞ dolları məbləğində pulun Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi işin yuxarıda istinad olunan faktiki hallarına əsasən belə əsaslandırılmışdır ki, ibtidai istintaq orqanının elan edilmiş əssasız ittihamına və məhkəmənin qanunsuz qərarına əsasən haqsız olaraq 19 sentyabr 2022-ci il tarixdən 16 dekabr 2022-ci il tarixədək 86 gün müddətində təqsirləndirilən şəxslər üçün müəyyən olunmuş müvəqqəti saxlama yerində - istintaq təcridxanasında saxlanılmışdır. İlk öncə qeyd edilməlidir ki, İddiaçı Nureddin oğlu özünün və ailəsinin normal həyat tərzi keçirməsi üçün çalışan, heç bir cinayət əməli törətməyən sadə Türkiyə Respublikası vətəndaşıdır. 20 ildən artıqdır ki, sürücülük fəaliyyəti ilə məşğuldur və heç bir zaman həbs olunmamış, barəsində qaçaqmalçılığa, narkotik vasitələrin və ya psixotrop maddələrin istifadəsinə və ya daşınmasına və satışına dair hər hansı iş aparılmamışdır. Bütün gömrük işçiləri tərəfindən tanınan, sürücülər arasında kifayət qədər nüfuz sahibi olan bir şəxsdir, əlil atası və xəstəlikdən əziyyət çəkən anası olduğu üçün onların tibbi müayinələrdən keçməsi, dərmanlarının alınması, bir sözlə maddi və mənəvi dəstəyin, qayğının göstərilməsi onun öhdəliyində olmuşdur. Eyni zamanda qayğısına qalmaq məsuliyyətində olduğu 1-i azyaşlı olmaqla 3 övladı və “irsi asma” xəstəliyindən əziyyət çəkən həyat yoldaşı vardır. Heç şübhəsiz ki, özü və ailəsi o, həbsdə olduğu müddətdə olduqca çətin həyat tərzi keçirmişdir. Özü və ailəsi Türkiyə Respublikasının İğdır şəhərində yaşayır. Həbs olunduğu müddətdə o ailəsindən uzaq qalmış, saxlanc yerində böyük təhqilərə, təzyiqlərə məruz qalmış hətta döyülərək şəxsiyyəti belə alçaldılmışdır. 50 yaşındadır və 20 ildən artıqdır ki, bir məntəqədən digər məntəqəyə malların çatdırılması ilə məşğuldur. İstifadəsində olan yük nəqliyyat vasitəsi qanunsuz və əsassız yerə istintaq müddətində saxlanılmış, ona və yük avtomobilinin sahibinə böyük həcmdə maddi ziyan da dəymişdir. Barəsində həbs qətimkan tədbiri keçirilmiş və idarə etdiyi **-LS-*** DQN-lı “MERCEDES BENZ ACTROS 1844LS” markalı yük nəqliyyat vasitəsinə əl qoyulmuş, 3 ay müddətdə istifadə olunmamışdır. Nəqliyyat vasitəsi uzun müddət istifadədən kənar qaldığı üçün onun təyinatına uyğun istifadə olunması imkanı aradan qalxmış, ondan əldə ediləcək gəlir əldən çıxmış və nəqliyyat vasitəsi müəyyən hissədə yararsız hala düşmüşdür. O yalnız 14 dekabr 2022-ci il tarixli “Cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında” Qərarla şəxs bəraət aldıqdan sonra yük nəqliyyat vasitəsi müddətdən artıq Azərbaycan Respublikası ərazisində qaldığı üçün 1200 ABŞ dolları miqdarında vergi ödəməklə yük nəqliyyat vasitəsini ölkədən çıxarmış və sahibinə çatdırmışdır. Həmin yük avtomobili istintaq materiallarında dəqiqliklə göstərilməklə Barış adlı şəxsin mülkiyyətindədir və aylıq məvacib qarşılığında həmin vasitəni istifadə edərək aylıq gəlir əldə etməkdə idi. Halhazırda bu məsələ ilə bağlı Barış adlı şəxs qarşısında dəymiş ziyanın ödənilməsi ilə bağlı məsuliyyət daşımaqdadır. Məhkəməyə təqdim edilən bəzi sənədlərlə, adətənənələr ilə sübut edilən yük nəqliyyat vasitələrinin sahibkarı ilə sürücü arasında formalaşmış iş adətlərindən və ailəsinin onun üçün sərf etdiyi xərclərindən görünür ki, 3 ay müddətində işsiz qalmış, ümumilikdə 32.000 ABŞ dolları, 198.000 TL maddi ziyan dəymişdir. Belə ki, adətən eyni olan hərəkət marşrutu üzrə istifadəsində olan yük nəqliyyat vasitəsi Türkiyə Respublikasından tək istiqamət üçün 2700 ABŞ dolları gəlir əldə etməklə geri qayıdarkən isə 1200 ABŞ dolları həcmində fayda əldə edilir. Ay ərzində İİR ilə TR arasında minimum 2 dəfə tamamlanmış səfər (2 gediş 2 dönüş) həyata keçirilir. Hər tamamlanmış səfər üçün maaş qismində əldə etdiyi gəlir 600 ABŞ dolları həcmindədir. Eyni zamanda qanunsuz yerə həbs edilmiş, istifadəsində olan yük nəqliyyat vasitəsinin də istifadəsi məhdudlaşdırıldığından onun yenidən yararlı hala gətirilməsi üçün İğdıra geri qaytdıqdan sonra 198.000 TL (Tuna Otomotivin təqdimetdiyi qəbz əsasında) həcmində pul sərf etmişdir. Ailəsinin hər dəfə yanına gəlib getməsinə, onun sonradan dişlərinin bərpa olunmasına sərf edilmiş 5000 ABŞ dollarına yaxın pul məbləği də ona dəymiş maddi zərər olaraq qiymətləndirilir. Əsassız, qanunsuz çıxarılmış həbs qətimkan tədbiri nəticəsində el arasında nüfuzdan düşmüş, hər kəsin gözündə zəhmətkeş olan şəxs artıq bir narkotik taciri kimi hörmətsizləşdirilmişdir. Bütün bunlarla da qalmamış 3 aya yaxın bir müddətdə təcridxanada saxlandığı müddətdə dəfələrlə vəzifəli şəxslər tərəfindən döyülmüş və təhqir olunmuşdur. Bunun nəticəsində dişlərində olan böyük problem dərinləşmiş, zədələnmə və infeksiya olmuş, dişləri tamamilə tökülmüşdür. Bütün bunlardan qorxuya düşmüş həmin müddətdə bunları gizlətmişdir. Bu müddətdə nəinki ailəsindən uzaq qalmış eyni zamanda fiziki, mənəvi, psixoloji şiddət də görmüşdür. Yalnız öz ölkəsinə qayıtdıqdan sonra o bununla bağlı tədbir görə bilmişdir, hətta bir müddət psixoloji müalicə almış və müəyyən dərman pereparatları da qəbul etmişdir. Bu müddətdə ailəsinin, ata, anasının ondan başqa qazanc yeri olmamış çox çətin bir dövr keçirmişlər. Bu müddətdə düşdüyü vəziyyətdən səbəb hər kəs onun ailəsindən üz döndərmiş, nəinki o həm də onun ailəsi qınaq obyektinə çevrilmişdir. Bu müddətdə onlar maddi cəhətdən olduqca çıxılmaz vəziyyətdə qalmışlar.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 25 iyul 2023-cü il tarixli 2(006)-2733/2023 nömrəli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən mənəvi zərərə görə 3.000 manat məbləğində pulun alınaraq İddiaçı Nureddin oğluna ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə göstərmişdir ki, İddiaçı Nureddin oğlu 19 sentyabr 2022-ci tarixdən 16 dekabr 2022-ci il tarixədək (86 gün) həbsdə qanunsuz olaraq saxlanılmışdır. Odur ki, iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır.
9. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçının nümayəndəsi və vəkilinin izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, iddiaçının əsassız olaraq cinayət təqibinə məruz qalması və cinayət cəzasına məhkum edilməsi nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 3.000 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir.
10. Məhkəmə iddiaçıya vurulmuş maddi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı maddi zərər kimi istifadə etdiyi nəqliyyat vasitəsinin uzun müddət qanunsuz olaraq saxlandığını və bunun nəticəsində ona və avtomobilin sahibinə ziyan dəydiyini, aylıq aldığı məvacibdən məhrum olduğunu, ailəsinin hər dəfə onun yanına gəlib getməsini, onun sonradan dişlərinin bərpa olunmasına görə pul vəsaiti xərclədiyini iddia edərək ona ümumilikdə 32.000 ABŞ dolları və 198.000 Tl məbləğində maddi ziyan vurulduğunu iddia etsə də, iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının sübut olaraq məhkəməyə təqdim etdiyi sənədlər məhkəmə tərəfindən mötəbər sübut olaraq qiymətləndirilə bilməz. Belə ki, həmin sənədlər konkret olaraq iddiaçının qanunsuz cinayət məsuliyyətinə cəlb edilməsi nəticəsində ona maddi ziyan vurulmasını təsdiq etmir.
11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 1101.1, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanuna, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətlərinin dəlilləri
12. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.
13. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətində göstərilmişdir ki, 3000 manat mənəvi zərər məbləğinin müəyyənləşdirilməsi işin hallarına və məhkəmənin mənəvi zərərlə bağlı gəlməli olduğu ədalətli və ağlabatan nəticələrə uyğun gəlmir. Maddi zərərlə bağlı məhkəmənin qənaəti isə əsassız və ədalətsiz olmuşdur.
14. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində isə qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. Son nəticədə yanlış olaraq Maliyyə Nazirliyi iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu
17. Maddə 4. Cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır.
18. Maddə 5. Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya suiistifadəsi nəticəsində hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.
19. Maddə 6. 1-ci bəndi. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
20. Maddə 7. 1-ci bəndi. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
23. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdı.
24. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.
25. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
26. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
27. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
28. Həmin Qərarın 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyələri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. İşin mübahisəsiz halıdır ki, iddiaçı 19 sentyabr 2022-ci tarixdən 16 dekabr 2022-ci il tarixədək (86 gün) həbsdə qanunsuz olaraq saxlanılmışdır. O, bu müddət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır.
38. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu müddət azadlıqdan əsassız olaraq məhrum edilməsi işin mübahisə edilməyən halı olduğu kimi onun həmin qanunsuz hərəkətlər nəticəsində və bu müddət ərzində qanunsuz həbsdə olmasına görə mənəvi istirab və sarsıntı keçirməsi, yəni mənəvi zərər çəkməsi də mübahisə doğurmur.
39. Kollegiya iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq ödənilməsi qət olunmuş mənəvi ziyanın məbləğini ağlabatan və ədalətli sayır.
40. Kollegiya hesab edir ki, maddi zərərə aid hissədə də məhkəmə düzgün nəticəyə gəlmişdir, belə ki, iddiaçının təqdim etdiyi sənədlər mötəbər olmamaqla yanaşı, həm də hər hansı nəticəyə gəlməyə də əsas vermir. Bu isə iddianın həmin hissədə sübuta yetirilməməsi kimi qiymətləndirilir.
41. Maliyyə Nazirliyinin hazırkı iş üzrə cavabdeh ola bilməməsi barədə şikayətinin dəlilinə münasibətdə Məhkəmə kollegiyası nəzərə alır ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Beləliklə, hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də Dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan Dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur.
42. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2733/2023 nömrəli iş üzrə 25 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən iddiaçı tərəfindən qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.