Məhkəmə qərarları › İş №2(103)-6018/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6018/2020

22.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6018/2020 22.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-254/2019 saylı qətnaməsindən iddiaçı, həmçinin cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, maddi ziyan qismində 55298 manat və 123000 ABŞ dolları manat məzənnəsinə uyğun olaraq Cavabdeh1 MMC-dən, mənəvi ziyan qismində 100000 manat müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması, həmçinin Azərbaycan Respublikası MPM-nin 265.4 maddəsinə uyğun olaraq iş üzrə xüsusi qərardad çıxarılaraq prokurora xəbər verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun atası, «Xəstə» X7 xx.xx.2017-ci il tarixdə «Medi Style» Hospitalında L4-L5 fəqərələrarası disk yırtığının soltərəfli residivi kliniki diaqnozu qoyulmuşdur. Bununla əlaqədar olaraq onunla tibbi xidmətlərin göstərilməsinə dair müqavilə imzalanmış və xəstə xx.xx.2018-ci il tarixdə əməliyyat olunmuşdur. Cərrahi əməliyyatdan sonra müalicə həkimi, Cavabdeh2 tərtib etdiyi epikrizlə müəyyən olunmuşdur ki, xəstədə 2 ay öncə L4-L5 fəqərələrarası disk yırtığının çıxarılması əməliyyatı aparılmış, kafi vəziyyətdə evə yola salınmışdır. Son bir həftə ərzində kəskin ağrılar əmələ gəlmiş, konservativ müalicələr effektsiz olduğundan MRT çəkilərək əməliyyat məqsədilə klinikaya daxil olmuşdur. xx.xx.2017-ci il tarixdə müayinələrdən sonra cərrahi müdaxiləyə alınmış: L4-L5 fəqərələrinin traspedikulyar fıksasiyası aparılmışdır. Əməliyyatdan sonra xəstənin huşu və əzələ tonusu bərpa olunduqdan sonra ekstubasiya olunmuşdur. Ekstubasiyadan sonra xəstədə kəskin tənəffüs çatışmazlığı (bronxospazm) əmələ gəlmişdir. Xəstə təcili qaydada reintubasiya olunarkən ürək fəaliyyətinin dayanması qeyd olunmuşdur. Reanimasiyon tədbirlər başlanmış və 15-20 dəqiqədən sonra ürək fəaliyyəti bərpa olunmuş, lakin xəstə ağır komatoz vəziyyətə düşərək bu haldan çıxmadan reanimasiya şöbəsinə köçürülmüşdür. xx.xx.2017-ci il tarixdə o, xəstəsinə göstərilən müalicə işinin onu qane etməməsi səbəbindən atasını, beyin infarktının nəticələri diaqnozu ilə digər müalicə müəssissəsinə aparmaq məcburiyyətində qalmışdır. Klinikanı tərk edərkən əməliyyat xərc olaraq ödənilmiş 6500 manat pul ona geri qaytarılmış, halbuki, onunla imzalanmış tibbi xidmət müqaviləsinin 3.1-ci bəndinə əsasən həmin məbləğ xidmətin nəticəsindən asılı olmayaraq ödənilmişdir. Həmin gün (xx.xx.2017-ci il), xəstəyə göstərilmiş tibb xidməti onu qane etmədiyindən xəstə «X3» tibb müəssisəsinin reanimasiya və anesteziologiya şöbəsinə yerləşdirilmişdir. Xəstə iki aydan artıq müddət ərzində «X4»da stasionar müalicəsini davam etdirsə də, xəstə komadan çıxmamış, vəziyyətində müsbət dinamika və əhəmiyyətli dəyişikliklər olmadan evə yazılmışdır. Eyni vəziyyət iddia ərizəsinin tərtib olunduğu günədək davam etməkdədir. 2018-ci ilin yanvar ayında onun tərəfindən xəstə üçün Türkiyədən və Almaniyadan həkimlər briqadası Bakıya dəvət olunmuşdur. Bundan əlavə, xəstə xx.xx.2018-xx.xx.2018-ci il tarixlərində çətin bir vəziyyətdə İran İslam Respublikasına aparılmışdır. Xəstəni müşayiət edənlər arasında onun həyat yoldaşı X10 və «X3»ın tibb bacısı Əliyeva Könül Allahverdi qızı olmuşlar. «Medi Style» Hospitalında həkim səhvləri, səriştəsizlik və öz işinə səhlənkar yanaşma xəstənin bu günədək çox ağır vəziyyətdə, komadan çıxmadan qalmasına, külli miqdarda maddi ziyanın yaranmasına və ona mənəvi ziyanın vurulması ilə nəticələnmişdir. Xəstəyə vurulmuş ziyan onun gələcək bütün müalicələrini mənasız və əhəmiyyətsiz etmişdir. O, baş vermiş vəziyyətin və aparılmış müalicənin qiymətləndirilməsi, əməliyyatdan sonra residivin əmələ gəlməsinin səbəbləri, zərərçəkmişə tibbi yardım zamanı hansı nöqsan və çatışmazlıqlara yol verilməsi, tibbi sənədlərin tələblərə uyğun tərtib olunub-olunmaması və digər suallarla bağlı müstəqil məhkəmə-tibb ekspertinə müraciət edərək rəy verilməsini xahiş etmişdir. Məhkəmə-tibbi ekspert, tibb elmləri doktoru, məhkəmə təbabəti kafedrası üzrə professor, BDU Hüquq fakültəsi Kriminalistika və Məhkəmə ekspertizası kafedrasının professoru, Azərbaycan Tibb Universitetinin Məhkəmə təbabəti kafedrasının professoru, X25 Assosiasiaysının Vitse-prezidenti, X21 Assosiasiyasının Vitse-prezidenti, Amerika Məhkəmə təbabəti Assosiasiyasının fəxri üzvü, Azərbaycan Respublikası Prezidenti yanında X5 Hüquq elmləri üzrə Ekspert Şurasının üzvü, ixtisası üzrə 26 il iş stajı olan X12 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli rəyə əsasən, N.İddiaçı komatoz vəziyyətə düşməsinn əsas səbəbi xəstənin risk faktorlarının doğru qiymətləndirilməməsi nəticəsində bu cür pasiyentlərə tövsiyyə olunan gecikdirilmiş ekstubasiya metodundan istifadə edilməməsi, bronxospazm və kəskin tənəffüz çatışmazlığı fonunda hazırlıq işləri aparılmadan reintubasiya aparılması və bundan əmələ gələn vaqo-vaqal (traxeokardial) refleksin nəticəsi kimi ürək fəaliyyətinin 20 dəqiqə ərzində dayanmasından baş beynində qan dövranının kəskin pozulması, beyin hüceyrələrində geriyə dönməz proseslərin inkişafıdır. Birinci əməliyyatdan sonra residivin əmələ gəldiyini nəzərə alsaq aparılmış nəticəni uğurlu hesab elmək mümkün deyildir. Məhkəmə təbabəti üzrə elmi ədəbiyyat görə ürək fəaliyyətinin 8-10 dəqiqə ərzində dayanması baş beyin hüceyrələrində geriyədönməz distrofik proseslərin başlaması hətta beyin ölümünə səbəb olması üçün yetərlidir. Odur ki, ürək fəaliyyətinin 20 dəqiqə ərzində dayanması təbii ki, xəstənin ağır komatoz vəziyyətə düşməsinə səbəb olub ki, bu da aparılmış müalicənin və tibb müdaxilənin uğursuz olmasını göstərir. N.İddiaçı müalicə dövrünə aid ******* AZS-003 nömrəli stasionar xəstənin tibb kartasının və anestezioloji sənədlərinin tərtibatında çox ciddi nöqsan və çatışmazlıqlar vardır. Belə ki, xəstəlik tarixində əməliyyatın adı, gedişatı, ağırlaşmaları, xəstənin bəzi göstəriciləri, məsələn çəkisi, müalicənin növləri, son kliniki diaqnozu göstərilməyib, həkim cərrahın, şöbə müdirinin imzaları ilə təsdiq olunmayıb. Xəstənin komada olması hər gün gündəliklərdə təsvir olunmasına baxmayaraq nə xəstəlik tarixində, nə də epikrizdə lazımi qaydada son kliniki diaqnoz kimi göstərilməyib. Tibbi müdaxiləyə pasiyentin məlumatlandırılmış razılıq forması və tibbi xidmət müqaviləsi doğru tərtib olunmayıb, tarixi göstərilməyib, klinika tərəfindən imzalanmayıb. Məlumatlandırılmış razılıq forması pasiyent N.İddiaçı özü tərəfindən yox, İddiaçı tərəfindən imzalanıb. Təkrar əməliyyat barədə qəbul edilən qərardan əvvəl xəstənin şikayətlərini, vəziyyətini, risk faktorları nəzərə alınmalı, altenativ müalicə üsullarının hamısı pasiyent ilə müzakirə edilməlidir. Son nəticədə pasiyent əməliyyata getməkdə israrlıdırsa əməliyyatdan öncə xəstə tibbi müdaxilənin və anesteziyanın riskləri barədə tam məlumatlandırılıb razılıq verir. N.İddiaçı metabolik sindromdan əziyyət çəkməsi (diabet, arterial hipertenziva, artıq çəki və s.), 3 ay əvvəl ümumi anesteziya tətbiqi ilə əməliyyat olunması onu yüksək risk qrupuna aid edir ki, bu cür xəstələr alternativ müalicə üsulların istifadəsi barədə mütləq təkliflər almalıdırlar. Xəstədə, qanın biokimyəvi analizində Kaliumun normadan aşağı düşməsinə baxmayaraq, müvafiq vaxtlarda və dozalarda Kalium infuziyaları tətbiq edilməyib. Məlumdur ki, Kaliumun qanda azlığı ürəyin aritmiyalarına, ürək fəaliyyətinin kəskin pozuntularına səbəb olur və bu cür vəziyyətlərdə mütləq Kaliumun qanda yüksəldilməsi üçün operativ tədbirlər görülməlidir. Yüksək çəki, diabet, hipertenziya və s. risk faktorları olan xəstələrdə ekstubasiyanı tezləşdirmək arzuolunmazdır və həkimin taktiki səhvi kimi qiymətləndirilə bilər. Ürək vurması 93 olan xəstədə atropin və prozerinin istifadəsinə daha ehtiyatla yanaşmaq doğru olardı, çünki bu dərmanların arzuolunmayan əlavə təsirləri çoxdur. Rəydə qeyd olunan bu və digər nöqsanlar, səhlənkarlıq və peşəkar biliksizlik ona külli miqdarda maddi və mənəvi ziyanın vurulması ilə nəticələnmiş, o, bir neçə xəstəxana dəyişməyə, atasını müalicənin davam etdirilməsindən ötrü xaricə aparmağa (İran), xaricdən həkimlər dəvət etməyə (Türkiyə, Almaniya), ona gündəlik qulluq üçün dayə tutmağa məcbur olmuş, dərmanlara külli miqdarda pul xərcləmişdir. «Əhalinin sağlamlığının qorunması haqqında» Qanunun 51-ci maddəsinə əsasən müalicə həkimi (Cavabdeh2) pasiyentin vaxtında ixtisaslı müayinə və müalicəsini təşkil edir, səhhəti barədə ona məlumat verir, xəstənin, yaxud onun qanuni nümayəndəsinin təkidi ilə məsləhətçi mütəxəssisləri dəvət edir və konsilium təşkil edir. Xəstənin həyatı təhlükə altında olduğu hallar və təxirəsalınmaz vəziyyətlər istisna edilməklə, digər hallarda konsilium tərəfindən verilən məsləhətlər yalnız müalicə həkimi ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. Peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirilməməsinə görə müalicə həkimi qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Külli miqdarda vəsait hesabına başa gələn nəticəsi olmayan bu cür tədbirlər bü gün də davam etdirilir. xx.xx.2017-ci il tarixdə «Caspian Hospital»da çəkilmiş xərclər - 34320 manat (məktub əlavə edilir), 2018-ci ilin martından etibarən tibb bacısı üçün hər gün 80 manat (5 ay x 30 gün x 80 manat) = 12000 manat, Türkiyənin «Memorial» klinikasının həkim heyətinin gəlməsi (5 dəfə) - hər biri 15000 ABŞ dolları (15000 x 5) =75000 ABŞ dolları, Almaniyadan həkim briqadası cəmi 48000 ABŞ dolları, dərmanlara xərclənmiş vəsait - 8978 manat. Cavabdeh1 MMC (X24) onun orada çəkdiyi xərcləri ilə bağlı vəkil sorğusuna cavablandırmaqdan imtina edir və bunu həkim sirri ilə əlaqədləndirməyə çalışır (cavab məktubu əlavə olunur). O, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində, atasının koma vəziyyətində olması ilə əlaqədar, hər gün onu, yəni ailə başçılarını itirmək təhlükəsi ilə yaşayır, bütün gününü ona həsr edir, digər işlərlə, ailəsi, övladları, işi ilə məşğul olmaq imkanından məhrum olmuş, gündəlik stress və həyəcan onun həyatını çətinləşdirmişdir. O, bununla əlaqədar olaraq ona dəymiş mənəvi zərəri və iztirabları 100000 manat dəyərində dəyərləndirir və həmin məbləğin də cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)- 254/2019 saylı qətnaməsi ilə (hakim Ramin Quliyev) iddia qismən təmin olunmuş, Cavabdeh1 MMC-dən vurulmuş maddi ziyana görə 34320,62 (otuz dörd min üç yüz iyirmi manat 62 qəpik) manat və cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada vurulmuş mənəvi ziyana görə 10000 (on min) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv olunmasını, iddianın tam təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 MMC birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, iddianın tam təmin olunmalı olmasını və s. göstərmiş,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 MMC apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, yalnız ekspertiza rəyinə istinad edilməsi, cavabdehin təqsirinin olmaması, qanuni əsaslarla fəaliyyət göstərməsi və s. kimi əsaslandırmış,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, cərrahiyyə əməliyyatı zamanı bütün zəruri tibbi müdaxilələrin edilməsi, sadəcə mərhumun həddən artıq ağır çəkili olması, eyni zamanda şəkər xəstəliyindən əziyyət çəkməsi və ürək-damar sistemində problemlərin olmasının xəstənin yüksək risk qrupuna daxil olmasının xəstənin komatoz vəziyyətə düşməsinə səbəb olması, ekspertiza rəyinin düz olmaması, onların təqsirinin olmaması və s. kimi əsaslandırmış,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək,cavabdehlərin apellyasiya şikayətlərini əsassız sayaraq iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını,cavabdehlərin apellyasiya şikayətlərinin isə təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş,lakin onlar məhkəmə iclasına gəlməmiş,gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakiminməruzəsini və izahatı dinləyib,iş üzrə toplanmış sübutları tam,hərtərəfli və obyektivaraşdırıb,apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymətverərəkhesabedirki,apellyasiya şikayətləri təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan EKQ və ExoKQ müayinə kartlarından görünür ki, özcnz, 1961-ci il təvəllüdlü Nizami Əlirzayevdə sinus ritmi, ÜEO horizontal vəziyyəti, sol mədəciyin hipertrofiya əlamətləri, ST seqmentinin qeyri-spesifik dəyişikliyi, yüksək diofraqmal vəziyyət və s. diaqnozu aşkar edilmişdir. İşdə olan Beyin MRT müayinəsinin nəticələri barədə arayışdan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü X2 müayinəsi zamanı xəstədə hər iki beyin və beyinlik yarımkürəsində izlənilən dəyişikliklər hipoksikişemik ensefalopatiya lehinə dəyərləndirilmişdir. İşdə olan AZS-003 nömrəli stasionar xəstənin tibbi kartasından görünür ki, «Xəstə» X7 xx.xx.2017 tarixində «Medi Style» Hospitalında L4-L5 fəqərələrarası disk yırtığının soltərəfli residivi kliniki diaqnozu qoyulmuşdur. İşdə olan Cavabdeh1 MMC-nin direktoru X23 Əlirzayev arasında bağlanmış tibbi xidmət müqaviləsindən görünür ki, sonuncu xəstəxanada göstərilən tibbi xidmətə görə 6500 manat pul ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2015-ci il tarixli əmək müqaviləsindən (kontrakt) görünür ki, Cavabdeh2 xx.xx.2016-cı il tarixdə (müddətsiz) Cavabdeh1 MMC-nin «Medi Style» Hospitalında həkim-plastik cərrah vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan xx.xx.2016-cı il tarixli əmək müqaviləsindən (kontrakt) görünür ki, Cavabdeh3 xx.xx.2016-cı il tarixdə (müddətsiz) Cavabdeh1 MMC-nin «Medi Style» Hospitalında həkim-anestezioloq vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli, 284 saylı məktubdan görünür ki, xəstə X11 xx.xx.2017-ci il tarixdə «beyin infarktının nəticələri» və «insulindən asılı olmayan şəkərli diabet ağırlaşmalarsız» diaqnozları ilə «X3» MMC-nə gətirilmişdir. Xəstə xx.xx.2017-ci il tarixdən başlayan müvafiq tibbi xidmətlərdən sonra xx.xx.2018-ci il tarixində «yaxşılaşma» vəziyyətində evə buraxılmışdır. Xəstə və ya yaxınları yuxarıda qeyd olunan yatış müddəti ərzində «X3» MMC-də ümumilikdə 34320,62 manat ödəniş etmişdir. İşdə olan məhkəmə-tibbi ekspert, tibb elmləri doktoru, məhkəmə təbabəti kafedrası üzrə professor, BDU Hüquq fakültəsi Kriminalistika və Məhkəmə ekspertizası kafedrasının professoru, Azərbaycan Tibb Universitetinin Məhkəmə təbabəti kafedrasının professoru, X25 Assosiasiaysının Vitzeprezidenti, X21 Assosiasiyasının Vitse-prezidenti, Amerika Məhkəmə təbabəti Assosiasiyasının fəxri üzvü, Azərbaycan Respublikası Prezidenti yanında X5 Hüquq elmləri üzrə Ekspert Şurasının üzvü, ixtisası üzrə 26 il iş stajı olan X12 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli rəydən görünür ki, N.İddiaçı komatoz vəziyyətə düşməsinn əsas səbəbi xəstənin risk faktorlarının doğru qiymətləndirilməməsi nəticəsində bu cür pasiyentlərə tövsiyyə olunan gecikdirilmiş ekstubasiya metodundan istifadə edilməməsi, bronxospazm və kəskin tənəffüz çatışmazlığı fonunda hazırlıq işləri aparılmadan re-intubasiya aparılması və bundan əmələ gələn vaqo-vaqal (traxeokardial) refleksin nəticəsi kimi ürək fəaliyyətinin 20 dəqiqə ərzində dayanmasından baş beynində qan dövranının kəskin pozulması, beyin hüceyrələrində geriyədönməz proseslərin inkişafıdır. Rəydən suallar üzrə digər sitat nəticələr: - birinci əməliyyatdan sonra residivin əmələ gəldiyini nəzərə alsaq aparılmış nəticəni uğurlu hesab elmək mümkün deyil...Məhkəmə təbabəti üzrə elmi ədəbiyyat görə ürək fəaliyyətinin 8-10 dəqiqə ərzində dayanması baş beyin hüceyrələrində geriyədönməz distrofik proseslərin başlaması hətta beyin ölümünə səbəb olması üçün yetərlidir. Odur ki, ürək fəaliyyətinin 20 dəqiqə ərzində dayanması təbii ki, xəstənin ağır komatoz vəziyyətə düşməsinə səbəb olub ki, bu da aparılmış müalicənin və tibb müdaxilənin uğursuz olmasını göstərir. - N.İddiaçı müalicə dövrünə aid ******* AZS-003 nömrəli stasionar xəstənin tibb kartasının və anestezioloji sənədlərinin tərtibatında çox ciddi nöqsan və çatışmazlıqlar var. Belə ki, xəstəlik tarixində əməliyyatın adı, gedişatı, ağırlaşmaları, xəstənin bəzi göstəriciləri, məsələn çəkisi, müalicənin növləri, son kliniki diaqnozu göstərilməyib, həkim cərrahın, şöbə müdirinin imzaları ilə təsdiq olunmayıb. Xəstənin komada olması hər gün gündəliklərdə təsvir olunmasına baxmayaraq nə xəstəlik tarixində, nə də epikrizdə lazımi qaydada son kliniki diaqnoz kimi göstərilməyib. Tibbi müdaxiləyə pasiyentin məlumatlandırılmış razılıq forması və tibbi xidmət müqaviləsi doğru tərtib olunmayıb, tarixi göstərilməyib, klinika tərəfindən imzalanmayıb. Məlumatlandırılmış razılıq forması pasiyent N.İddiaçı özü ilə yox, İddiaçı tərəfindən imzalanıb. - təkrar əməliyyat barədə qəbul edilən qərardan əvvəl xəstənin şikayətlərini, vəziyyətini, risk faktorlarının nəzərə almalı, altenativ müalicə üsullarının hamısını pasiyent ilə müzakirə etməlidir. Son nəticədə pasiyent əməliyyata getməkdə israrlıdırsa əməliyyatdan öncə xəstə tibbi müdaxilənin və anesteziyanın riskləri barədə tam məlumatlandırılıb razılıq verir. N.İddiaçı metabolik sindromdan əziyyət çəkməsi (diabet, arterial hipertenziva, artıq çəki, vəs.), 3 ay əvvəl ümumi anesteziya tətbiqi ilə əməliyyat olunması onu yüksək risk qrupuna aid edir ki, bu cür xəstələr alternativ müalicə üsulların istifadəsi barədə mütləq təkliflər almalıdırlar. - xəstədə, qanın biokimyəvi analizində Kaliumun normadan aşağı düşməsinə baxmayaraq, müvafiq vaxtlarda və dozalarda Kalium infuziyaları tətbiq edilməyib. Məlumdur ki, Kaliumun qanda azlığı ürəyin aritmiyalarına, ürək fəaliyyətinin kəskin pozuntularına səbəb olur və bu cür vəziyyətlərdə mütləq Kaliumun qanda yüksəldilməsi üçün operativ tədbirlər görülməlidir. - yüksək çəki, diabet, hipertenziya və s. risk faktorları olan xəstələrdə ekstubasiyanı tezləşdirmək arzuolunmazdır və həkimin taktiki səhvi kimi qiymətləndirilə bilər....Ürək vurması 93 olan xəstədə atropin və prozerinin istifadəsinə daha ehtiyatla yanaşmaq doğru olardı, çünki bu dərmanların arzuolunmayan əlavə təsirləri çoxdur. İşin tam, hərtərəfli və obyektiv araşdırılması üçün və xüsusi bilik tələb olunan sualları izah etmək üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadına əsasən mülki iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X17 X18 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 801 nömrəli ekspert rəyindən görünür ki, X2 adına «Medistile Hospital»ında tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2017-ci il tarixdə L4-L5 fəqərələrarası diskin sol paramedian yırtığı diaqnozu ilə hospitala daxil olmuşdur. Aparılmış müvafiq müayinələrəsasında diaqnoz düzgün təyin edilmiş və diaqnoza uyğun olaraq onun üzərində L4-L5 diskektomiya cərrahiyyə əməliyatı icra edilmişdir. Əməliyyat fəsadsız keçmiş və yara İ-li sağalmışdır. Nizami Əlirzayev xx.xx.2017-ci il tarixdə təkrarən «Medistile Hospital»ına L4-L5 fəqərələrarası disk yırtığının soltərəfli residivi diaqnozu ilə daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra diaqnoz öz təsdiqini tapmış və diaqnoza uyğun olaraq onun üzərində L4-L5 fəqərələrarası disk yırtığının çıxarılması və L4-L5 fəqərələrarası disk yırtığının fiksasiyası əməliyyatı icra edilmişdir. İlkin əməliyyatdan sonra residiv əmələ gəlməsi diskdə davam edənə degenerativ proseslə ələaqədar ola bilər. Həmçinin xəstə evə yazılarkən sol L5 dermatomunda hipersteziya və parezin olması sıxılma sindromunun qalmaqda davam etməsiilkin əməliyyatın texniki cəhətdən qüsurulu icrasına dəlalət edir. Bununla yanaşı əməliyyatdan öncə məlumatlandırılmış razılıq forması Nizami Əlirzayev tərəfindən imzalanmamışdır. X2 adına «Medistile Hospital»ında transpedikulyar əmələ gəlməsi diskdə davam edən degenerativ proseslə əlaqədar tərtib edilmiş tibbi sənədlərdə cərrahiyə əməliyyatının adı, gedişatı, ağırlaşmalarının göstərilməməsi Səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrinin müvafiq bəndlərinin pozulması kimi qimətləndirilir. X2 adına «Medistile Hospital»ında tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, xəstənin vəziyyəti düzgün qiymətləndirilməmiş, ekstubasiyanın erkən aparılması bronxospazmanın yaranmasına təhrik edərək ağır hipoksiyaya, bu da ürək fəaliyyətinin dayanmasına və nəticədə ağır beyin işemiyasına gətirib çıxarmışdır. Buna məsul şəxs anestezioloqreanimatoloqdur. X2 adına «Medistile Hospital»ında tərtib edilmiş tibbi sənədlərdə xəstəyə ekstubasiyadan sonra təcili reanimasyon tədbirlərin başlanılması göstərilsə də reanimasyon tədbirlərin hansı ardıcıllıqla aparılması qeyd edilməmişdir. «Medistile Hospital»ın da L4-L5 diskektomiya və L4-L5-S1 transpedikulyar fiksasiya əməliyyatının aparılmasına icazəsinin və ürək fəaliyyətinin bərpası üçün lazımi avadanlıqların olubolmamasının müəyyən edilməsi məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil. X2 ümumi vəziyyəti, anamnezi, müayinələrdə olan dəyişikliklər, risk faktorları və onların vaxtında düzgün qiymətləndirilməməsi xəstənin ağır komatoz vəziyyətinə düşməsinə səbəb olmuşdur. Buna məsul şəxslər əməliyyatı icra edən cərrah və aneslezioloq-reanimatoloqdur. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən – İddiaçı atası, X7 xx.xx.2017-ci il tarixdə «Medi Style» Hospitalında L4-L5 fəqərələrarası disk yırtığının soltərəfli residivi kliniki diaqnozu qoyulmuşdur. Bununla əlaqədar olaraq onunla tibbi xidmətlərin göstərilməsinə dair müqavilə imzalanmış, xəstə xx.xx.2018-ci il tarixdə əməliyyat olunmuş və vəziyyəti kafi olduğu üçün evə yol salınmışdır. Əməliyyatdan bir müddət sonra Nizami Əlirzayevdə kəskin ağrılar əmələ gəlmiş, o, yenidən «Medi Style» Hospitalına aparılmışdır. xx.xx.2017-ci il tarixdə müayinələrdən sonra o, cərrahi müdaxiləyə alınmış: L4-L5 fəqərələrinin traspedikulyar fıksasiyası aparılmışdır. Əməliyyatdan sonra xəstənin huşu və əzələ tonusu bərpa olunduqdan sonra ekstubasiya olunmuşdur. Ekstubasiyadan sonra xəstədən kəskin tənəffüs çatışmazlığı (bronxospazm) əmələ gəlmişdir. Xəstə təcili qaydada reintubasiya olunarkən ürək fəaliyyətinin dayanması qeyd olunmuşdur. Reanimasiyon tədbirlər başlanmış və 15-20 dəqiqədən sonra ürək fəaliyyəti bərpa olunmuş, lakin xəstə ağır komatoz vəziyyətə düşərək bu haldan çıxmadan reanimasiya şöbəsinə köçürülmüşdür. Aparılmış tibbi müayinə və müalicə tədbirləri nəticəsində Nizami Əlirzayevin vəziyyəti pisləşdiyi, həmçinin xəstəyə göstərilmiş tibb xidməti onu qane etməməsi səbəbindən İddiaçı atasını «X3» tibb müəssisəsinin reanimasiya və anesteziologiya şöbəsisə yerləşdirilmişdir. Xəstə iki aydan artıq müddət ərzində «X4»da stasionar müalicəsini davam etdirsə də, xəstə komadan çıxmamış, vəziyyətində müsbət dinamika və əhəmiyyətli dəyişikliklər olmadan evə yazılmış, xx.xx.2019 tarixdə, iddiaçının atası Nizami Əlirzayev düşdüyü komatoz vəziyyətdən ayılmayaraq vəfat etmişdir. İddiaçı cavabdehlər tərəfindən göstərilən tibbi xidmətlərin keyfiyyətsiz olduğunu, həmçinin «Medi Style» Hospitalının həkimlərinin səhvləri, səriştəsizliyi və öz işinə səhlənkar yanaşmasını iddia edərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddia ərizəsinə mötəbər sübut qismində əlavə edilmiş xx.xx.2018-ci il tarixli, 284 saylı məktubdan görünür ki, xəstə X11 xx.xx.2017-ci il tarixdə «beyin infarktının nəticələri» və «insulindən asılı olmayan şəkərli diabet ağırlaşmalarsız» diaqnozları ilə «X3» MMC-nə gətirilmişdir. Xəstə xx.xx.2017-ci il tarixdən başlayan müvafiq tibbi xidmətlərdən sonra xx.xx.2018-ci il tarixində «yaxşılaşma» vəziyyətində evə buraxılmışdır. Xəstə və ya yaxınları yuxarıda qeyd olunan yatış müddəti ərzində «X3» MMC-də ümumilikdə 34320,62 manat ödəniş etmişdir. Lakin İddiaçı bundan başqa mərhum atası Nizami Əlirzayevin müayinə və müalicəsi üçün ölkə daxili və ölkədən kənar çəkilmiş xərclərin - 2018-ci ilin martından etibarən tibb bacısı üçün hər gün 80 manat (5 ay x 30 gün x 80 manat) = 12000 manatdan; - Türkiyənin «Memorial» klinikasının həkim heyətinin gəlməsi (5 dəfə) - hər biri 15000 ABŞ dolları (15000 x 5) =75000 ABŞ dollarından; - Almaniyadan həkim briqadası cəmi 48000 ABŞ dollarından; dərmanlara xərclənmiş - 8978 manat vəsaitdən ibarət olduğunu iddia etsə də, həmin xərclərlə bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, həmin hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. X19 Məhkəməsi «X6» qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı atası Nizami Əlirzayevin müayinə və müalicəsi üçün ölkə daxili və ölkədən kənar çəkilmiş xərclərin - 2018-ci ilin martından etibarən tibb bacısı üçün hər gün 80 manat (5 ay x 30 gün x 80 manat)=12000 manat, Türkiyənin «Memorial» klinikasının həkim heyətinin gəlməsi (5 dəfə) - hər biri 15000 ABŞ dolları (15000x5)=75000 ABŞ dolları, Almaniyadan həkim briqadası cəmi 48000 ABŞ dolları və dərmanlara xərclənmiş 8978 manat xərclərə məruz qalması ilə bağlı üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli, Cavabdeh1 MMC-dən aparılmış yanlış tibbi müalicənin fəsadlarının aradan qaldırılması üçün «X3» MMC-nə ödənilmiş ümumilikdə 34320,62 manat məbləğində iddiaçıya vurulmuş maddi ziyan Cavabdeh1 MMC tərəfindən ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən hissədə gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Əhalinin sağlamlığının qorunması haqqında» Qanunun 59-cu maddəsinə görə, tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. «Özəl tibbi fəaliyyət» haqqında Qanunun 9-cu maddəsinə əsasən, özəl tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan şəxslərin verdiyi sənədlər və rəylər dövlət nümunəli tibbi sənədlərlə eyni hüquqi qüvvəyə malikdir. Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının normativ hüquqi aktlarında göstərilən bütün statistik qeydiyyat və hesabatları aparmağa borcludurlar və onların doğruluğuna görə məsuliyyət daşıyırlar. Həmin Qanunun 16-cı maddəsinə əsasən, tibbi yardımın şərtlərinə və qaydalarına əməl etmək, xəstənin sağlamlıq vəziyyətini, ona göstərilən tibbi xidmətlərin həcmini və onların nəticələrini əks etdirən tibbi sənədləşmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirmək, xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin müddəti, forma və məqsədləri, göstərilən xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü barədə məlumat vermək özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifəsidir. X19 Məhkəməsi bir çox qərarlarında vurğulamışdır ki, AİHK-nın 2-ci maddəsində nəzərdə tutulmuş yaşamaq hüququn «qanunla» qorunması tələbləri tibbi səhlənkarlığın baş verdiyi işlərə də şamil olunur. Məsələn, «Erikson İtaliyaya qarşı» işdə Məhkəmə bildirmişdir ki, Konvensiyanın 2ci maddəsi üzrə dövlətin pozitiv öhdəlikləri, yəni yaşamaq hüququnu qorumaq vəzifəsi belə bir tələbi də özündə ehtiva edir ki, xəstəxanaların pasiyentlərinin həyatını qorumaq üçün hüquqi aktlar qəbul edilməli, habelə xəstəxanalarda baş verən ölüm hallarının səbəbini və müvafiq tibb işçilərinin hər hansı məsuliyyətini müəyyən etmək üçün səmərəli məhkəmə sistemi təşkil edilməlidir. «Kalvelli və Çiqlio İtaliyaya qarşı» işdə Məhkəmə bir daha təsdiq etmişdir ki, 2-ci maddə üzrə pozitiv öhdəliklər dövlətlərdən tələb edir ki, «xəstəxanaları pasiyentlərinin həyatını qorumaq üçün zəruri tədbirlər görməyə məcbur edən hüquqi aktlar qəbul etsinlər» və «həkimlərin himayəsində olan pasiyentlərin ölümünün səbəblərinin ... müəyyən edilməsi və cavabdehlik daşıyanların məsuliyyətə cəlb olunması üçün səmərəli və müstəqil məhkəmə sistemi təşkil etsinlər», həmçinin vurğuladı ki, hər iki növ öhdəlik həm dövlət, həm də özəl səhiyyə sektoruna şamil olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) bir başa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-nin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1112-ci maddəsinə görə, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və sair nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Şəxs tibb müəssisəsinə tibbi xidmətindən yararlanmaq üçün müraciət edərkən, tibb müəssisəsinin personalından tutmuş, tibbi avadanlıqları ilə birlikdə vahid xidmət göstərən müəssisə şəklində çıxış edir. Bu səbəbdən də tibbi xidmətlə əlaqədar əmələ gələn deliktlərə görə məhz cavabdeh təşkilat öz işçisinin törətdiyi mülki hüququ pozuntusu (delikt) üçün mülki hüquqi məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçinin vurduğu zərərin əvəzini ödəməyə borcludur. Göründüyü kimi, tibb müəssisəsi müayinə və müalicə zamanı yanlışlığa yol verdikdə, yəni xəstəni səhv cərrahiyyə əməliyyatı etdikdə, xəstəyə yanlış diaqnoz qoyduqda və sair nəticəsində xəstənin sağlamlığına vurduğu maddi, mənəvi zərərin əvəzini ödəməyə borcludur və tibb müəssisəsi mülki hüquqi məsuliyyətdən o, vaxt azad edilə bilər ki, zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirsin. Cavabdeh tərəf isə etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə biliəmişdir. Eyni zamanda, cavabdeh apellyasiya şikayətində ekspertiza rəyi ilə razılaşmamasını qeyd etmiş, lakin bunun nədə ifadə olunmasını (əlavə və ya təkrar ekspertizanın keçirilməsinin prosessual əsasları və s.) əsaslandıra bilməmişdir. Beləliklə, işin faktiki halları və araşdırılmış sübutlarla Cavabdeh1 MMC-nin iddiaç qarşısında maddi mülki hüquqi məsuliyyət daşıması müəyyən edilir. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmişdir. Bununla yanaşı, iddiaçı da iddianın təmin olunmayan hissəsində (dəymiş zərərlə bağlı) mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. MM-nin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarının 1-ci yekun bəndinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki,birinci instansiya məhkəməsi Cavabdeh1 MMC-dən vurulmuş maddi ziyana görə 34320,62 (otuz dörd min üç yüz iyirmi manat 62 qəpik) manat pul vəsaitinin iddiaçının xeyrinə tutmaqda haqlı olmuş,maddi və prosessual hüquq normalarının tələblərinə riayət etmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi ziyanın ödənilməsi hissədə də əsaslıdır. Çünki, işin hallarını nəzərə alınmaqla iddiaçının cavabdehlərin təqsirli hərəkətləri nəticəsində mənəvi iztirab və sarsıntı keçirməsi aşkardır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, əməliyyatı icra edən cərrah (Cavabdeh2) və aneslezioloq-reanimatoloq (Cavabdeh3) tərəfindən iddiaçının atası Nizami Əlirzayevin uğursuz əməliyyat edilməsi iddiaçının mənəvi sarsıntı, əsəb keçirməsinə səbəb olmuşdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərildiyi kimi, mənəvi zərər qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlməklə, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib olan halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə əsasən müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarının 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə kollegiyası pozuntunun xarakterini və ağırlıq dərəcəsini, onun iddiaçının üzərində təsirini habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, mənəvi zərərin 10000 manat həddində müəyyən olunması ağlabatan, ədalətli və qanunidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdeh tərəfin verdiyi apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, tərəflərin verdiyi apellyasiya şikayətləri ayrı-ayrılıqda əsassız olmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas ola bilməz. Bu səbəbdən də apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.1,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-254/2019 saylı qətnaməsindən iddiaçı, həmçinin cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-254/2019 saylı qətnaməsi apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar