Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6021/2022 11.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Adif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi Vəkil2 Ağaveyis oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, e-2(001)-1026/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı (Maraqlı şəxs1 və Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb edilməklə) “pul tələbi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 icarəsində olan Bakı şəhəri, Müşfiqabad qəsəbəsinə bitişik ərazidə (Abşeron rayonu, Pirəkeşkül kəndi ərazisində) yerləşən 2 ha torpaq sahəsindən Cavabdeh1 faktiki olaraq verdiyi 0,003 ha hissəsində inşa etdiyi fərdi yaşayış evinin tikintisinə xərclədiyi 29000 manat vəsaitin, habelə mənəvi zərərin əvəzi kimi 1000 manat məbləğində pul vəsaitinin, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 180 manatın, ümumilikdə 30180 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlərdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının qızı Maraqlı şəxs2 ilə Cavabdeh1 oğlu Məlik Babayev 2012-ci ildə ailə qurmuşlar. Sonradan münasibətləri pozulduğu üçün ayrılmışlar. Təxminən 5 il müddət keçdikdən sonra yenidən barışmış, təkrar evlənmişlər. Birgə nikahlarından iki uşaqları olmuşdur. X1 şəhərində yaşamışlar, sonradan Məlik Bakı şəhərində işlədiyi üçün iddiaçının dəvəti ilə bir müddət Sulutəpə qəsəbəsində yerləşən, iddiaçıya məxsus fərdi yaşayış evində ayrıca tikilidə ailə üzvləri ilə birlikdə yaşamışlar. Sonradan isə Cavabdeh1 məxsus, Qobustan şəhərində yerləşən evə köçüb orada yaşamışlar. Məlik Sevincə məlumat vermədən Türkiyə Respublikasına getdiyi üçün aralarındakı münasibət pozulmuş, sonradan isə məhkəmə qaydasında nikahları pozulmuşdur. Maraqlı şəxs2 Maraqlı şəxs1 ilə barışdıqdan sonra Cavabdeh1 iddiaçıya Cavabdeh2 icarəsində olan Bakı şəhəri, Müşfiqabad qəsəbəsinə bitişik ərazidə Abşeron rayonu, Pirəkeşkül kəndi ərazisində yerləşən 2 hektar torpaq sahəsindən 0,006 ha hissəsini aldığını, lakin öz adına tam rəsmiləşdirmədiyini bildirmiş, bununla bağlı sənədləri iddiaçıya göstərmişdir. Həmin torpaq sahəsinin 0,003 ha hissəsini oğlu Maraqlı şəxs1, digər 0,003 ha hissəsini isə digər oğluna verəcəyini bildirmişdir. Həmçinin, iddiaçıya təklif etmişdir ki, Məlikin yaşamağa evi olmadığından torpaq sahəsini o verir, həmin torpaq sahəsində isə evi iddiaçı tikdirsin. İddiaçı əvvəl etiraz etsə də, sonradan razılaşmış, evin inşası bitdikdən sonra sənədləşmə işləri aparılaraq evin Məlikin və ya Sevincin adına rəsmiləşdirilməsi ilə bağlı da razılığa gəlmişlər. İddiaçı ustalar dəvət etmiş, bütün materialları Sulutəpə qəsəbəsində yerləşən “Eurohome” tikinti materialları bazarından özü almış, usta xərci ilə birlikdə orta hesabla 29000 manat xərc çəkərək evi təmirsiz vəziyyətdə inşa etdirmişdir. Lakin, Sevinclə Məlik boşandıqları üçün iddiaçı çəkdiyi xərci Cavabdeh1 tələb etmiş, sonuncu isə pulu ödəməkdən imtina etmişdir. Torpaq sahəsi rəsmi olaraq Cavabdeh2 istifadəsində olduğundan evin hüquqi müqəddəratını o, həll etməlidir. İddiaçı sözügedən fərdi yaşayış evini borc-xərclə inşa etdirdiyindən və hazırda Cavabdeh1 ona pulu qaytarmadığından iddiaçı mənəvi-psixoloji sarsıntı, əsəb keçirmişdir. Buna görə də o, cavabdehlərdən mənəvi zərərin də tutulmasını tələb edir və məbləği 1000 manat müəyyən edir. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, e-2(001)- 1026/2022 saylı qətnaməsi (hakim Etibar Mustafayev) ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 29000 manat məbləğində pul vəsaiti, habelə, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 160 manat tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissələrdə təmin edilməməsi qət olunmuşdur. Cavabdeh1 qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddiaçının onun keçmiş qudası olması, lakin buna baxmayaraq iddia olunan torpaq sahəsinin, eyni zamanda onun üzərində yerləşən tikilinin ona heç bir aidiyyatının olmaması, iddiaçı tərəfindən təqdim edilmiş 18 noyabr 2014-cü il tarixli çıxarışda onun adının olmaması, başqasının mülkiyyətində olan torpaq sahəsində tikilmiş, mülkiyyətində hətta istifadəsində olmayan əmlaka görə cavabdehlik daşımaması, Abşeron rayonu, Pirəkeşkül kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 2.0 ha icarə torpaq sahəsi üzərində Cavabdeh2 adına icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə **********54 reyestr nömrəsi ilə qeydiyyata alınması, şahidlərin hansı müqavilə əsasında həmin tikilini tikməsi, həmin torpaq sahəsinin cavabdehə məxsus olması barədə dediklərinin həqiqətə uyğun olmaması, əsassız varlanmaması, iddianın tam rədd olunmalı olması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, tərəflər arasında iddia olunan torpaq sahəsində tikilinin inşa edilməsi və onun nəticələri ilə bağlı hər hansı razılaşma olmamışdır. Yəni, cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyi olmamışdır. Eyni zamanda cavabdeh əsassız varlanmamışdır. Çünki nə iddia olunan torpaq sahəsi, nə də onun üzərində inşa olunmuş torpaq sahəsinin cavabdehə aidiyyəti yoxdur. Birinci instansiya məhkəməsi nəyə görə cavabdehin iddiaçıya pul ödəməli olmasını əsaslandırmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmişlər. İddiaçının vəkili məhkəmə kollegiyasına ərizə ünvanlayaraq başqa məhkəmə iclasında iştirak etməsini, bu səbəbdən də hazırki iş üzrə məhkəmə baxışının təxirə salınmasını xahiş etsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. İddiaçının özü isə məhkəmə baxışında iştirak etməməsinin üzrlü səbəbləri barədə ümumiyyətlə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, məhz cavabdehin apellyasiya şikayəti həddində (iddianın təmin olunan hissəsində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq, qətnamə yoxlanılan hissədə ləğv olunmalı, iddia həmin hissədə rədd olunmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçı ilə Cavabdeh1 quda olmaları, yəni iddiaçının qızı Sevinc ilə cavabdehin oğlu Məlik arasında 26 dekabr 2019-cu il tarixdə rəsmi nikahın bağlanması, onların birgə nikahlarından iki uşaqlarının olması, nikahlarının Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(001)-1009/2021 saylı qətnaməsi ilə pozulması işin mübahisə olunmayan hallarıdır. Həmçinin işdə olan digər sənədlərdən (torpaq sahəsinin plan və ölçüsü, çıxarış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 14 fevral 2022-ci il tarixli məktubu) görünür ki, Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşən 2 ha torpaq sahəsi icarə əsasında Cavabdeh2 adına 18 noyabr 2014-cü il tarixdə qeydiyyata alınmışdır. Abşeron rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli torpaq sahəsinin icarə hüquqlarının alğı-satqısı müqaviləsinə əsasən 2 ha icarə torpaq sahəsindən 0,48 ha hissəsi X2 Saeed Alamerının adına özgəninkiləşdirilmiş, yerdə qalan 1,52 ha. icarə torpaq sahəsinin özgəninkiləşdirilməsi barədə məlumat aşkar edilməmişdir. İddiaçının iddiasına görə - qarşılıqıl razılıq əsasında Cavabdeh1 tərəfindən Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşən 0,003 ha torpaq sahəsi təqdim edilmiş, o da həmin torpaq sahəsində ailə qurmuş uşaqları üçün ev inşa etmişdir. Lakin sonradan uşaqları boşanmışdır. Bu səbəbdən də hesab edir ki, cavabdeh tərəf onun hesabına əsassız varlandığından evin inşasına çəkdiyi xərci ona ödəməlidirlər. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən göstərmişdir ki, İddiaçı tərəfindən 32000 manat pul vəsaiti xərclənməklə inşa edilmiş fərdi yaşayış evi faktiki olaraq Cavabdeh1 istifadəsində olan torpaq sahəsində yerləşdiyindən, evin inşası üçün çəkilmiş xərc Cavabdeh1 tutularaq iddiaçıya ödənilməli, iddia bu hissədə digər Cavabdeh2 münasibətdə rədd edilməlidir. Belə ki, Cavabdeh1 torpaq sahəsinin bir hissəsini oğlu Məlikə, qalan hissəsini isə digər oğluna verəcəyinə dair vədləri ilə torpaq sahəsinin özünə məxsus olmasına əsaslandığından iddiaçı ilə Cavabdeh1 ilə şifahi razılıq əsasında tikinti işlərini öz vəsaiti hesabına məhz İddiaçı aparmışdır. Bu hal iş üzrə dindirilmiş şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Digər cavabdeh və mübahisəli evin yerləşdiyi torpaq sahəsinin icarədarı Cavabdeh2 isə tikinti aparılmasından və bununla bağlı tərəflər arasında hər hansı razılığın olmasından məlumatlı olmasına dair iş üzrə heç bir sübut təqdim edilməmişdir. Tərəflər arasında yaranmış hüquq münasibətlərinin həllinə əsassız varlanmaya dair müddəalar tətbiq edilmişdir. Məhkəmə kollegiyası, aşağıdakılara əsasən yoxlanılan hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, MM-nin 386.1-ci maddəsinin tələblərinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanmadır. MM-nin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-nin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. MM-in 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, əsassız varlanmadan əmələ gələn öhdəliyin (kondikasiya öhdəliyinin) əsas vəzifəsi vətəndaş və hüquqi şəxslərin əmlak xarakterli hüquq və vəzifələrini müdafiə etməkdən ibarətdir. Əsassız varlanma institutu müəyyən bir şəxsə məxsus olan əmlakın başqa şəxs tərəfindən lazımi əsas olmadan əldə edilməsi zamanı yaranan münasibətləri tənzimləyir. Bu institut əmlakı əsassız əldə edən şəxsin üzərinə zərərə düşən şəxsə, yəni əmlakdan əsassız məhrum olan şəxsə həmin əmlakı qaytarmaq vəzifəsi qoyur. Buna görə də, əsassız varlanma institutunun əsasında ədalət mülahizələri durur. Əsassız varlanma qanundan əmələ gələn öhdəlik hesab olunur və bu öhdəliyin yaranması üçün müqavilə tələb olunmadığından, o, müqavilədənkənar öhdəliklər sırasına daxildir. Belə ki, əsassız varlanma hüquqi əsası olmayan hadisədir. Hüquqi hadisə dedikdə isə hüquqa uyğun olan müvafiq hüquqi faktlar başa düşülür. Hüquqi fakt rolunda isə qanun, müqavilə, əqd, vərəsəlik çıxış edə bilər. Varlanma sadalanan bu hüquqi faktlardan əmələ gəlmirsə, əsassız varlanma hesab edilir. İşin müəyyən olunmuş faktiki hallarından isə Cavabdeh1 iddiaçının hesabına əsassız varlanması halı müəyyən olunmur. Yəni, iddiaçıya məxsus əmlak hesabına (iddia olunan torpaq sahəsi və onun üzərində inşa edilmiş yaşayış sahəsi) Cavabdeh1 varlanması (həmin əmlakı əldə etməsi və s.) işdə olan sənədlərlə sübuta yetirilmir. İddiaçı bu istiqamətdə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, tələbini əsaslandıra bilməmişdir (iddiaçı əsasən ümumi mülahizələrdən çıxış etmişdir). Əksinə iddiaçının özünün bildirməsindən və təqdim etdiyi sənədlərdən (çıxarış və s.) görünür ki, iddia olunan torpaq sahəsi cavabdehın adına qeydə alınmamışdır. Birinci instansiya məhkəməsində ifadə vermiş şahidlər isə tikilinin cavabdehin təklifi ilə iddiaçı tərəfindən həyata keçirilməsini və tikilinin pulunun iddiaçı tərəfindən ödənildiyini bildirmişlər. Lakin, şahidlərin tikilinin Cavabdeh1 təklifi ilə iddia olunan torpaq sahəsində inşa olunması ilə bağlı bildirdikləri özü-özlüyündə iddianın sonuncuya münasibətdə təmin olunması üçün yetərli və mötəbər sübut kimi qəbul edilə bilməz. Qeyd edilməlidir ki, daşınmaz əmlak sayılan torpaq sahəsinin şəxslərə mülkiyyət və ya məhdud əşya hüquqları ilə məxsus olması sahəsində qanunverici bir sıra hüquqi əsasların mövcud olmasını tələb edir. Belə ki, TM-nin 55-ci maddəsinin tələbinə görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: - müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; - hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; - məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; - vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. TM-nin 66-cı maddəsinin 1-ci hissəsinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. TM-nin 67-ci maddəsinin tələbinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. TM-nin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Mülki Məcəllənin 139.1-ci maddəsinə əasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Qanunvericiliyin sadalanan normalarının təhlilindən görünür ki, daşınmaz əmlak kimi torpaq sahələrinə əmlak hüquqların yaranması üçün bir-neçə hüquqi əsas eyni vaxtda mövcud olmalıdır. Bunlara; - torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsi, - planı və ölçüsünün tərtib edilməsi, - torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanması, - dövlət qeydiyyatından keçirilməsi və s. aiddir. İşdə olan sübutlardan isə görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi isə qanunvericiliklə müəyyən olunmuş qaydada Cavabdeh1 qanuni istifadəsinə ayrılmamış, müvafiq yerquruluşu işləri aparılmamış, əmlak hüquqları dövlət qeydiyyatına alınmamışdır. Bununla yanaşı, işdə olan sübutlardan tərəflər arasında iddia olunan tikilinin inşası və onun sonrakı nəticələri ilə bağlı da hər hansı razılaşmanın olması müəyyən edilmir. Hətta, “Cavabdeh1 iddia olunan torpaq sahəsində mübahisəli tikilinin inşasını iddiaçıya təklif etməsi” şərti olaraq qəbul edilsə belə, yenə də hazırki vəziyyətdə iddiaçının əsassız varlanma əsası kimi həmin cavabdehdən pul tələb etməsi əsaslı və qanuni sayıla bilməz. Yuxarıda da qeyd edildiyi kimi cavabdehin iddiaçının hesabına əsassız varlanması halı müəyyən edilmir. Yəni, ən azından tikilinin inşa olunduğu torpaq sahəsi Cavabdeh1 qanuni sahibliyində (əşya hüquqları üzrə) olmuş olsaydı, o zaman iddiaçının həmin cavabdehə qarşı müvafiq tələb hüququndan söhbət gedə bilərdi. İddiaçı məhkəməyə Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində maddi zərərə düşdüyünü (cavabdehin əsassız varlanmasını) təsdiqləyən mötəbər sübutlar təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin mövqeyi ziddiyyətli olmaqla, əsaslandırılmamışdır. Həmçinin, qətnamə orada göstərilən nəticələrin işin hallarına uyğun olmaması, maddi hüquq normalarının düzgün tətbiq edilməmsi ilə qəbul edildiyindən əsaslı və qanuni hesab oluna bilməz. Bu hal isə, MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğvinə tam əsasdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları birlikdə qiymətləndirərək, bu qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək (şikayət qətnamənin tam ləğvinə yönəldiyindən), birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə (maddi zərər) ləğv olunmalı, iddia həmin hissədə yuxarıda qeyd olunan əsaslarla rədd olunmalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia yoxlanılan hissədə rədd olunduğundan məhkəmə xərci (iddiaçının ödədiyi dövlət rüsumu) iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, e-2(001)-1026/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, e- 2(001)-1026/2022 saylı qətnaməsi yoxlanılan hissədə, yəni “Cavabdeh1 29000 manat məbləğində pul vəsaiti, habelə, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 160 manat tutularaq İddiaçı ödənilməsi” hissədə) ləğv olunsun, iddia həmin hissədə təmin olunmasın. Məhkəmə xərci (ödənilmiş dövlət rüsumu) iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6021/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6021/2022
11.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver