Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6022/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Əşrəf qızının Cavabdeh3 və digərlərinə qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Əşrəf qızının Cavabdeh3 və qeyrilərinə qarşı “pulun ödənilməsi” tələbinə dair iddiası Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (birinci instansiya məhkəməsi) xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, digər cavabdehlərdən müxtəlif məbləğlərdə pul vəsaitinin, o cümlədən Cavabdeh3 4500 manatın iddiaçının xeyrinə tutulması qət olunmuşdur. xx xxxx 2020-ci il tarixdə Cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti, həmçinin apellyasiya şikayəti verilməsi üçün müddətin bərpasına dair ərizə verərək göstərmişdir ki, özünün və atasının xəstəliyi ilə bağlı vaxtında şikayət verə bilməmişdir və buna görə də apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılmasının üzürlü hesab olunmasını xahiş edir. Birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilməmiş, qərardad belə əsaslandırılmışdır ki, qətnamə Cavabdeh3 xx.xx.2017-ci il təqdim edilmişdir və atsının xx.xx.2019-cu il tarixdə vəfat etmiş olması onun ötürdüyü müddətin üzrlü hesab edilməsinə əsas vermir. Cavabdeh3həmin qərardaddan verdiyi şikayət də birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur. Kollegiya şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 133.1-ci və 360-cı maddələrinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. İş materiallarından aydın olur ki, Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixdə qəbul etdiyi qətnamə Cavabdeh3 xx.xx.2017-ci il tarixdə göndərilmiş, xx.xx.2017ci il tarixdə poçt qəbzinə imza etdirilməklə ona şəxsən təqdim olunmuşdur (bax:işin 118-ci səhifəsindəki poçt xəbərnaməsi). Cavabdeh3 ərizəsinin məzmunundan göründüyü kimi, o, özünün və atasının xəstəliyi, atasının xx.xx.2019-cu il tarixdə vəfat etməsi səbəbindən buraxdığı prosessual müddətin bərpa edilməli olduğunu irəli sürmüş, şikayətini də eyni dəlillərlə əsaslandırmışdır. “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Beləliklə, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir. Hazırki işin halları baxımından isə belə hallar mövcud deyildir; çünkü birincisi, cavabdehin istinad etdiyi hallar onun qətnaməni əldə etməsindən 2 il sonra ortaya çıxmışdır; atasının vəfatından sonrakı 1 il ərzində isə şikayət verə bilməməsini bu əsasla üzrlü hesab etmək mümkün deyildir. Qeyd olunanlara əsaslanmaqla kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq buraxılmış prosessual müddətin bərpasına dair ərizəni təmin etməmişdir, şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir. Nəzərə alınmalıdır ki, məhkəmələrdə gedən çəkişmələr onsuz da uzun müddət davam edir, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması isə ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Bu konteksdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktının qanuni qüvvəyə minməsindən sonra ondan şikayət vermə müddətinin əsassız şəkildə bərpa edilməsi hüquq və azadlıqların məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3258/2017 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-6022/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6022/2020
06.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver