Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6022/2024 28.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-529/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1441/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı tərəfindən ona dəymiş maddi və mənəvi zərəri 6000 manat ziyanın cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək İddiaçı tərəfindən ona dəymiş maddi və mənəvi zərəri 6000 manat və dövlət rüsumu 80 manat ziyanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin qətnamə ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia tələbi təmin edilməmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5221/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindaən görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 2(003)-1441/2023 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı Cavabdeh1 xeyrinə 2401,0 manat pulun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Qətnamədən müəyyən olunur ki, Cavabdeh1 İddiaçı Binə südçülük sovxozu ərazisində 400 kv.m. torpaq sahəsi almış və buna görə ona 11300 manat pul vermişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş zərərin əvəzi olaraq 2400 manat maddi ziyanın, 3000 manat müalicə xərclərinin, 3000 manat mənəvi ziyanın, cəmi 8400 manat pulun, 104 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun cavabdehə satdığı torpaq sahəsində onun tərəfindən oğlu İmamhüseyn Allahverdiyevin köməkliyi ilə inşa etdiyi su quyusu qalmışdır. O, həmin quyunun tikilməsinə 2000 manat pul xərcləmişdir.Cavabdeh bu pulu könüllü ödəməkdən imtina edir. Onların həyətlərinin giriş darvazasını cavabdeh dəfələrlə ələ keçirmək istəmiş, hətta qəsdən Güləvatın adlı şəxslə birlikdə və başqa 4 nəfərin köməkliyi ilə darvazanın bir tayını çıxarıb aparmaq istəmiş, bununla da darvazaya 400 manat ziyan vurmuşdur. Həmin şəxslər darvazanı sökən zaman “şveller” adlanan dəmir hissəni söküblər, darvazanın kosmetik boyasına zərər vurublar, darvazanın üstünü boya ilə yazıblar. Cavabdeh X4 darvazanın oğurlanmasında birbaşa iştirak etmiş, özü ilə 6 nəfər adam gətirmişdir. Cavabdeh X4 əlində heç bir hüquqi sənəd olmadan torpaq alan adamların səlahiyyətlərini ona etibar etmələrini bildirərək onu aldatmışdır. Lakin əslində belə olmamışdır. Cavabdeh dəfələrlə əsassız olaraq onun barəsində polis orqanlarına şikayət etmiş, cavabdehin ona qarşı olan böhtanları öz təsdiqini tapmadığından rədd qərarı qəbul edilmişdir. Nəticədə o, əsəb və stressdən xərçəng xəstəliyinə düçar olmuşdur. Cavabdeh ona mənəvi əzablar vermişdir. O, dəfələrlə keçirdiyi stresslərin nəticəsində xəstələnmişdir. O, müalicəsi üçün 3000 manat pul xərcləmişdir. O, ona vurulan mənəvi ziyanın müalicə ilə birlikdə 6000 manat olduğunu hesab edir.
6. Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(003)-529/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehlərə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair müraciət etmişdir. Lakin iddiaçı həmin tələbin təmin edilməsi üçün əsaslı sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı cavabdehlərdən müalicə xərclərini tələb etsə də, xəstəliyinin cavabdehlərin hərəkətləri nəticəsində yarandığını təsdiq edən sübutu məhkəməyə təqdim etməmiş və bu hal məhkəmədə sübuta yetirilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də, iddia rədd edilməlidir.
8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 23-cü maddəsinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndi, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1 216-220-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(003)529/2024 saylı qətnaməsinin ləğv edilərək, iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməklə, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsi işə baxarkən yalnız məhkəməyə təqdim edilmiş məlumatlarla kifayətlənmiş, iş üzrə heç bir araşdırma aparmadan, cavabdehin iddiaçıya maddi ziyan vurub-vurmamasını aydınlaşdırmadan, yalnız cavabdehin iddiaçıya qarşı maddi ziyanın ödənilməsi barədə iddia tələbinin qismən təmin edilməsinə əsaslanaraq, iddiaçının isə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməməsi əsası ilə iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Lakin, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1441/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5221/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindaən görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 2(003)-1441/2023 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın qismən təmin edilməsi cavabdeh İddiaçı Cavabdeh1 xeyrinə 2401,0 manat pulun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin iş üzrə, birinci instansiya məhkəməsində işə baxılması zamanı işə baxılması zamanı məhkəmə tərəfindən ekspertiza təyin edilməmiş, lakin apellyasiya instansiya məhkəməsində ekspertiza təyin edildikdən sonra iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilmişdir. Buna baxmayaraq, İddiaçı maddi ziyanın ödənilməsi barədə iddia tələbi üzrə də məhkəmə tərəfindən ekspertizanın keçirilməsi təmin edilməmiş, iddiaçıya dəymiş maddi ziyanın müəyyən edilməsi hissəsində heç bir araşdırma aparılmamışdır. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırkı iş üzrə İddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi inandırıcı olsa da, məhkəmə tərəfindən mənəvi ziyanla bağlı iddia tələbində qeyd etdikləri hüquqi qiymət verilməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Cavabdeh1 tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh2 alğı-satqıda iştirak etmişdir. Əri torpaq sahəsini alarkən aldıqları həyətdəki dəmir darvaza ilə birlikdə almışlar və İddiaçı torpaq sahəsi ilə öz torpaq sahələrinin arasında mişar daşı ilə hasar çəkib həyətləri ayırmışlar. Cavabdeh2 iştirakı ilə hasar çəkmək üçün əlavə 1500,0 manat xərc çəkmişlər. X6 19 iyul 2021-ci ildə vəfat etmişdir. Təqribən 3 ay sonra o, Cavabdeh2 demişdir ki, evi tikməyə imkanı çatmaz, torpaq sahəsini satsınlar. X5 torpaq sahəsini satmağa cəhd göstərsə də, İddiaçı buna mane olmuşdur. Bu barədə Xəzər rayonu 3-cü polis bölməsinə də İsayeva Gülabatın məlumat vermişdir. O, İddiaçı ilə əlaqə yaratmış və ona demişdir ki, torpaq sahəsini özü alar, iki ay vaxt istəmişdir. Vaxt bitəndən sonra bir də oğlu Hüseynin toyu ilə bağlı vaxt istədi. Bu vaxt da bitdi. Artıq 2022- ci ilin avqust ayının 17-də torpaq sahəsini özü satmaq qərarına gəlmişdir. O, aldığı torpağın həyətinə girəndə hasarın söküldüyünü görmüşdür. O, bu barədə Xəzər rayonu 3-cü polis bölməsinə ərizə ilə müraciət etmişdir. Avqust ayının 19-da İsayeva Gülabatın ona darvazanın orada olmadığını dedi. xx.xx.2022-ci il tarixində torpaq sahəsinə getmişdir, darvazanı orada olmadığını görmüşdür. O, 102 xidmətinə zəng vurmuşdur. İddiaçı ,cavabdehlər X1 və Cavabdeh1 qarşı 2400 (iki min dörd yüz) manat, 3000 (üç min), 3000 (üç min ) manat cəmi 8400 (səkkiz min dörd yüz) manat maddi,mənəvi ziyanın tutulmasına dair pul tələbi qanuna, ədalət və məhkəmə təcrübəsinə zidd olan tələbdir. İddiaçı 8400 (səkkiz min dörd yüz) manat maddi,mənəvi ziyanın tutulmasına dair pul tələbi təmin oluna bilməz, rədd olunmalıdır. Səbəb; 1-ci İddiaçı Cavabdeh1 xeyrinə 2401,0 (iki min dörd yüz bir) manat pul tutulmasına dair 2(103)- 5221/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ziyan kimi qiymətləndirilə bilməz. 2-ci Su quyusuna çəkilmiş xərcləri 2000 (iki min manat) dəyərində qiymətləndirmək olmaz. Belə ki, torpaq satılarkən satılan torpaq sahəsinin içərisində yerləşən su quyusu da satılmışdır. Belə ki, satılan torpaq sahəsi hasarlanmış, indi mübahisələndirilən su quyusu da hasarın içərisində qalmışdır. İddiaçının müalicə xərclərinə əsəb və stress keçirməsinə görə cavabdehlərdən 3000 (üç min) manat pul tələb etməsinə gəldikdə alğı-satqını normal notariat ofisində deyil, tində bucaqda həyata keçirmək, sənədsiz torpaq sahəsi alıb, satmaq iddiaçının öz əməlləridir.Polisə şikayət etmək hər bir vətəndaşın hüququdur, məhkəmədə iddia qaldırmaq vurulmuş zərəri tələb etmək eynən mənəvi ziyan üçün səbəb hesab edilə bilməz. Maddi və mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırkı iş üzrə İddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi inandırıcı deyildir. Bundan başqa İddiaçı qanunsuz hərəkətlərindən elə Cavabdeh1 da mənəvi sarsıntılar keçirmiş və müalicə olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-529/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayətinin təmin olunmadan saxlanmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında bildirir ki, Cavabdeh1 yoldaşı vəfat edəndən sonra problemlər üzə çıxmağa başladı.Cavabdehlər birləşib onu aldadıblar. Yoldaşı vəfat edəndən sonra cavabdehlər birləşib üzərinə böhtan atıblar. Onun həyətini sökməyə, məhv etməyə çalışıblar. Cavabdeh1 yoldaşının yanında heç özü olmayıb, onun yanına gələndə digər cavabdehlə birlikdə gəlib. Razılaşma elə idi ki, quyunun və darvazanın pulu veriləcək. Hazırda suyu yoxdur. Cavabdehin yoldaşı vəfat edəndən sonra ona quyunun pulu verilmir. Ona mənəvi və maddi ziyan dəyib. Onkoloji xəstəlikdən əziyyət çəkir. Dəfələrlə əməliyyat olunub. Cavabdehlər birləşib plan qurublar ki, ondan pul alsınlar. Notariat ofisində onu aldadıblar. 6 şəxs birləşib darvazanı çıxarmağa çalışıblar, oğurlamağa gəliblər.Torpaq sahəsini satıb, quyunu satmayıb. Quyunun və darvazanın pulunu tələb edir. Torpaq sahəsini nə zaman satdığını hazırda xatırlamır. Onun razılaşması Cavabdeh1 yoldaşı ilə olub. O zaman da Gülçöhrə onun yanında olmayıb, digər cavabdeh olub. Həyətdə heç nə sökülməyib.Qonşular, ustalar onu tanıyır. Hasarı sökməyib. Quyunu öz pulu ilə qazdırıb, heç vaxt verməyib. Satmaq niyyəti olmayıb. Qapı və quyunu vermək üçün razılaşmayıb, razılaşma olsa idi bunu qeyd edərdi. Maddi ziyanın Cavabdeh1, mənəvi ziyanın cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir.
13. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında bildirir ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsində digər mülki işlə bağlı işə baxılarkən ekspertiza təyin edilmişdir. Lakin ,hazırkı iş üzrə birinci instansiya məhkəməsində işə baxılan zaman məhkəmə tərəfindən ekspertiza təyin edilməyib. Hesab edir ki, məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməlidir. Rayon məhkəməsi iddiaçıya dəymiş maddi ziyanın müəyyən edilməsi hissəsində heç bir araşdırma aparmayıb. Apellyasiya şikayətinin təmin edilməsini və iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsini xahiş edir.
14. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, izahatında bildirir ki, illərdir ki, məhkəmə çəkişməsi davam edir. Bu məsələyə görə ürəyində problem yarandı. Yoldaşı 2021-ci ildə iddiaçıdan torpaq sahəsini alıb. Yoldaşının qeydiyyatda olduğu ünvan Bakı şəhəri, onun da Lənkəran rayonu olub. O, 400 manat behi iddiaçıya verdi. Yoldaşı o vaxt vəzifəli şəxs olub. Digər cavabdeh Gülavatın da proseslərdə iştirak edib. Onun iştirakı ilə hasar çəkmək üçün xərc çəkilib. Daha sonra yoldaşı vəfat etdi, Gülavatına deyib ki, evi tikməyə gücü çatmayacaq, torpaq sahəsini satsın. Gülavatın nə qədər satmağa cəhd etsə də iddiaçı maneçilik törədib. Gülavatın da polis bölməsinə şikayət verib. Cavabdeh hasarı sonra isə darvazanı söküb. Torpaq necə alınmışdırsa, elə də satıb. İddiaçı onu darvazaya yaxın qoymurdu. Torpaq sahəsini 2022-ci ildə satıb.Torpaq sahəsini başqa şəxsə satıb, satandan sonra da iddiaçı başqa tələblə bağlı iddia qaldırdı. Torpaq sahəsi 2021-ci ildə alınıb. Torpaq sahəsi quyu ilə birlikdə satılıb, elə alıblar.
Tətbiq edilən hüquq normaları:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
21. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, Cavabdeh1 İddiaçı Binə Südçülük Sovxozu ərazisində 400.kv.m torpaq sahəsini sadə əl yazısı olan müqavilə və etibarnamə əsasında 11.300 manat pul ödəməklə əldə etmişdir.
22. İddiaçı cavabdehə satdığı torpaq sahəsində qalan su quyusuna görə 2000 manat, giriş qapısı olan darvazaya vurulmuş ziyana görə 400 manat, müalicə xərcləri və mənəvi ziyanın tutulmasını xahiş etmişdir.
23. İddiaçı tələbini dəqiqləşdirərək bildirir ki, 2400 manat maddi ziyanın Cavabdeh1, 3000 manat məbləğində maddi ziyanın və 3000 manat məbləğində mənəvi ziyanın cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir.
24. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin arasında başqa mübahisə üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən müəyyən olunur ki, iş materiallarında olan sadə əl yazısı ilə xx.xx.2020-ci il tarixli “Müqavilə”də qeyd edilmişdir ki, İddiaçı Abşeron Binə qəsəbəsində yerləşən yaşadığı həyətyanı sahəsindən 4 sot torpağı Cavabdeh1 Əhməd qızına 11200 AZN satır. Seydidova Sədaqət etiraf etmişdir ki, o, mübahisələndirilən 4 sot torpaq sahəsinə görə iddiaçıdan 11300 manat məbləğində pul almışdır. Çatışmayan sahənin 85 kv.m olduğu və onun dəyəri olan 2401 manat pulun İddiaçı Cavabdeh1 Əhməd qızının xeyrinə tutulması qət edilmişdir.
25. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı satdığı torpaqda qalan quyunun pulunun ödənilmədiyini sübut edə bilmir.
26. Mülki Məcəllənin 135.4-cü maddəsində qeyd edilir ki, əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
27. Darvazaya dəymiş zərərin əvəzi olaraq 400 manat pulun tutulmalı olması tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsində göstərir ki, darvazanın “şveller” adlanan dəmir hissəsini söküblər və darvazanın kosmetik boyasına zədə yetiriblər, darvazanın üstünə boya ilə yazıblar, yararsız vəziyyətə salıblar.
28. Kollegiya qeyd edir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində darvazanın zədələnməsinə dair iddiaçı tərəfindən sübut təqdim edilməmişdir.
29. Kollegiya, o cümlədən qeyd edir ki, cavabdehlərin hərəkətləri nəticəsində iddiaçının maddi və mənəvi zərərə uğraması da sübut olunmur.
30. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
31. Həmin Qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
32. İddiaçının apellyasiya şikayətinin dəlili odur ki, iş üzrə heç bir araşdırma aparmadan, müstəqil surətdə ekspert rəyi əldə edilməmiş, cavabdehin iddiaçıya maddi ziyan vurubvurmamasını aydınlaşdırmadan qətnamə qəbul edilmişdir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi üzrə ilkin sübuatlar iddiaçı tərəfindən təqdim edilməlidir. Lakin hazırkı işin hallarından görünür ki, iddiaçı ümumiyyətlə iddia tələbini sübut edə bilmir. Bu səbəbdən iddia tələbi əsassızdır və zərərin məbləğinin müəyyən edilməsinə zərurət qalmamışdır.
34. Beləliklə, kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-529/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov