Məhkəmə qərarları › İş №2(103)-6022/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6022/2025

15.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6022/2025 15.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mülki iş (Açar sözlər: «pul tələbi, miras passivi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-98/2025 saylı, 04 sentyabr 2025ci il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov küçəsində istifadədə olan 0.0793 ha torpaq sahəsində yerləşən 15a nömrəli, 5 mərtəbəli binada 69,81 kv.metr ümumi, 47,31 kv.metr yaşayış sahəsindən ibarət olan 3 otaqlı 12 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə qeydiyytata alınmışdır.

2. Bakı şəhəri 43 saylı Notariat Ofisində təsdiq edilmiş 3M-994 nömrəli, xx.xx.2018-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 12 nömrəli mənzilin həbsdə və girovda olmaması barədə arayışı aldıqdan sonra alıcı İddiaçı 40000 (qırx min) manata satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmələri barədə müqavilə bağlayıb.

3. Bakı şəhəri 43 saylı Notariat Ofisində təsdiq edilmiş 3M-1348 nömrəli, xx.xx.2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 12 nömrəli mənzilin həbsdə və girovda olmaması barədə arayışı aldıqdan sonra alıcı İddiaçı 70000 (yetmiş min) manata satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmələri barədə müqavilə bağlayıb. Müqavilənin 3-cü bəndinə əsasən 55.000 (əlli beş min) manat ödənilir, qalan 15.000 (on beş min) manat pulun 3(üç) ay müddətinə ödənilməsi qərara alınmışdır.

4. "xxxx" ASC-nin Mərkəzi filialına məxsus xx.xx.2020-ci il tarixli, 03 nömrəli xəzinə mədaxil qəbzində göstərilib ki, İddiaçı ilkin alqı-satqı müqaviləsi üzrə (895 saylı, xx.xx.2020-ci il tarixli məktuba əsasən) 55000 manat vəsaiti banka mədaxil edib.

5. ünvan 1, mənzil 12 saylı mənzil (Yeni qaydalarla: AZ 1130, Bakı şəhəri, Binəqədi rayonu, Anar Şükürov küçəsi, giriş 12, M4, m3) 04 iyun 2024-cü il tarixdə Cavabdeh1 adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınıb.

Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı Cavabdeh1 qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 55000 (əlli beş min) manat əsas borca görə, 8250 (səkkiz min iki yüz əlli manat) vurulmuş ziyana görə, 285 (iki yüz səksən beş) manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 63.535 (altmış üç min beş yüz otuz beş) manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib.

7. İddiada göstərilib ki, qarşılıqlı razılaşmaya görə həmin mənzil Cavabdeh1 tərəfindən boşaldılaraq ona təhvil verildikdən sonra tam 15.000 (on beş min) manat pul da satıcıya (cavabdehə) ödənməli idi. 15.000 (on beş min) manat pulu hazırladıqdan sonra Cavabdeh1 mənzili boşaldaraq ona təhvil verməsini xahiş etmişdir. Hətta bir neçə dəfə həmin ünvana gedərək cavabdehə mənzili boşaltmasını da xatırlatmışdır. Lakin cavabdeh hər dəfə bir bəhanə gətirərək evi təhvil verməkdən yayınmışdır. Dəfələrlə Cavabdeh1 müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinin vacib olduğu bildirilsə də, heç bir müsbət nəticəsi olmamışdır. Demək olar ki, bütün sivil vasitələrdən istifadə etməyinə, cavabdehin bu illər ərzində 100-ə yaxın qohumunun vəfat etməsi ilə bağlı söylədiyi nağıllara, ürəyindən müalicə alması bəhanələrinə səbrlə dözməyinə baxmayaraq faydası olmamış, mənzil boşaldılaraq ona təhvil verilməmişdir. Hətta ölkədə fəaliyyət göstərən bütün əlaqədar qurumlara, o cümlədən müqavilənin bağlandığı ünvan 2 ünvanlamış, ona məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Həm mənzildən, həm külli-miqdarda pulundan məhrum olmuşdur. Təbii ki, bu 55.000 (əlli beş min) manat məbləğindəki pulu hər hansı bir Banka depozitə qoymuş olsaydı, ondan illik ən azı 12%- gəlir əldə edib qazanardı. Lakin təəssüflər olsun ki, Cavabdeh1 özü bu mənzili könüllü satmaq qərarına gəlsə də, sonradan ona məlum olmayan səbəblərə görə qərəzli şəkildə evi boşaldaraq ona təhvil verməkdən yayınmışdır. Cavabdeh1 evi ona təhvil verməməsi ilə əlaqədar o, xeyli miqdarda ziyan çəkmişdir. Belə ki, bu tip evlərin aylıq kirayəsi 500 (beş yüz) manatdır. Cavabdeh ona mənzildən istifadə etmək üçün şərait yaratmadığına görə, artıq o, 3 ildən çoxdur ki, bu mənzildən məhrum olmuşdur.Təkcə 3-iİlik kirayə haqqına görə 18.000 (on səkkiz min) manat məbləğində pul ödəmişdir. Eyni zamanda cavabdeh tərəfindən ona məxsus olan 55.000 (əlli beş min) manat məbləğində pulun alınaraq ona geri qaytarılnıamasına görə ona minimum illik 5% olmaqla, ümumiliikdə 3-ilə görə 8250 ( səkkiz min iki yüz əlli ) manat məbləğində maddi ziyan dəymişdir. Ona görə hesab edir ki, bu pul vəsaitləri də Cavabdeh1 tutularaq ona ödənilməlidir.

8. Cavabdeh1 xx.xx.2024-cü il tarixdə öldüyü üçün, onun vərəsələri Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və X3 cavabdeh qismində mülki işə cəlb edilmişlər.

9. İddiaçı iddia ərizəsinin dəqiqləşdirməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 əsas borca görə 55000 manat, vurulmuş ziyana görə 8250 manat, ekspert xərcinə görə 400 manat və ödənilmiş dövlət rüsumuna görə 285 manat olmaqla, ümumilikdə 63935 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Ərizədə göstərilib ki, cavabdehlərə qarşı pul tələbi barədə məhkəməyə iddia ərizəsi vermişdir. İddia ərizəsinin məhkəmə baxışı zamanı məhkəmə tərəfindən mübahisə predmeti olan mənzilin qiymətləndirilməsi barədə qərardad qəbul olunmuşdur. Qərardadın icrası "xxxx" MMC-yə tapşırılmış və həmin bu MMC tərəfindən xx.xx.2025-ci il tarixli rəy tərtib olunmuşdur. Rəyin alınması üçün onun tərəfindən 400 manat məbləğində xidmət haqqı ödənilmişdir. Bu xidmət haqqı cavabdehlərdən tutularaq ona ödənilməlidir. Qiymətləndirmə rəyində mənzilin hal-hazırkı vəziyyətdə olan qiyməti müəyyən edilmişdir. Lakin işin hallarından da görünür ki, bu mənzilə dair alqı-satqı müqaviləsi 2020-ci ildə bağlanmışdır. Təbii ki, ona görə də bu mənzilə oxşar mənzillərin 2020-ci ildəki qiymətləri müəyyən olunmalı idi. Ona görə də o, başqa bir qiymətləndirmə şirkətinə müraciət edərək həmin bu texniki göstəricilərə malik olan mənzilə dair 2020-ci ildəki qiymətlər barədə arayış verməsini xahiş etmişdir. Arayışda da bu tip mənzillərin həm təmirli, həm də təmirsiz vəziyyətdə bazar dəyəri müəyyən edilmişdir. Bu mənzili alarkən mənzil tamamilə başqa vəziyyətdə olmuş və demək olar ki, tamamilə təmirsiz, bərbad halda olmuşdur. Bu tip mənzillərin 2020-ci ildə təmirsiz halda qiymətləri 75000- 85000 manat arasında, təmirli vəziyyətdə isə 100.000-115000 manat arasında olmuşdur. Ona görə də, məhkəmə işə baxarkən bu halları da nəzərə almalıdır.

11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-98/2025 saylı, 04 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) iddia tələbinin qismən təmin edilərək Cavabdeh2 əsas borca görə 55000 (əlli beş min) manat və vurulmuş ziyana görə 8250 (səkkiz min iki yüz əlli) manat, o cümlədən ödənilmiş 400 (dörd yüz) manat məbləğində ekspert xərci və ödənilmiş 285 (iki yüz səksən beş) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 63935 (altmış üç min doqquz yüz otuz beş) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi; iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərib ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsi ilə tam olaraq müəyyən edilmişdir ki, tərəflər arasında qarşılıqlı öhdəlik yaranmış, iddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirərək 70000 (yetmiş min) manata qiymətləndirilmiş ünvan 1 ünvanında yerləşən 12 nömrəli mənzil üçün 55000 (əlli beş min) manat məbləğində vəsaiti Cavabdeh1 "xxxx" ASC-də olan **********0D1933AZM03 nömrəli depozit hesabına mədaxil etmişdir. Mərhum Cavabdeh1 isə üzərinə götürdüyü öhdəliklərə əməl etməmiş və tərəflər arasında əsas müqavilə bağlanmamışdır. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi tərəflər, aralarında ilkin alqısatqı müqaviləsi bağlanmış və cavabdeh iddiaçı qarşısında öhdəlik götürmüş, lakin öhdəliyi icra etməmişdir. Məhkəmənin qənaətinə görə hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmişdir. Ona görə də iddiaçı 55000 (əlli beş min) manat məbləğində pulu mərhum Cavabdeh1 tələb etməkdə haqlı olmuşdur. Mərhum Cavabdeh1 Məhəmməd oğlunun qanun üzrə hüquqi varisinin onun arvadı Cavabdeh2 olduğu müəyyən edilmiş və ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Beləliklə, iddia tələbində göstərilən 55.000 manat məbləğində pul vəsaiti ilkin alqısatqı müqaviləsi üzrə öhdəlik götürmüş mərhum Cavabdeh1 hüquqi varisi Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Digər cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 onlara qaımış miras əmlakdan Cavabdeh2 xeyrinə imtina etdiklərinə görə, iddia tələbi onlara aid hissədə təmin edilməməlidir. Bu qənaətə gələrkən məhkəmə xüsusilə onu da nəzərə almışdır ki, məhkəmənin 30 oktyabr 2023-cü il tarixli hazırlıq iclasında iştirak edən iş üzrə Cavabdeh1 izahatında “ilkin alqı-satqı müqaviləsinin surətini indi götürdüyünü, orada 2020-ci il yazılsa da, əslində həmin vaxt o, Kənanı tanımadığını, ona 30.000 manat pul lazım olduğu üçün Kənanın qohumu Yüzbaşı adlı şəxs Kənandan özü üçün 1000 manat olmaqla, Kənan 55.000 manat gətirdiyini, pulu qoyub götürdükdən sonra Kənan 24.000 manatı götürdüyünü, 31.000 manatdan 1000 manatını Yüzbaşının götürdüyünü, 1500 manat isə notariusda bu işləri görən adamlara verildiyini, ona, cəmi 28500 manat pul qaldığını, həmin puldan hissəhissə olmaqla 39.000 manat ödədiyini, sonuncu dəfə isə avqust ayında Kənana zəng vuraraq, 5000 manat düzəltdiyini və onu götürərək söhbəti bağlamağı təklif etdiyini, Kənan isə 10.000 verməli olduğunu bildirməsini, daha sonra cavabdeh verilmiş suallara cavab olaraq Kənanın ona aylıq beş faiz ödəməklə sələmə” pul verdiyini bildirsə də, həmin dəlillər ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Vurulmuş ziyana görə 8250 manat məbləğində pul vəsaitinin tutulması hissəsində də, iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcuddur. Hazırkı iddia tələbinin qanuni əsasının şərtləri öhdəliyin icra vaxtının çatması, borclunun icranı gecikdirməsi və borclunun bunda təqsirli olmasıdır ki, işin faktiki halları da mərhum Cavabdeh1 ilkin alqı-satqı müqaviləsi üzrə götürmüş olduğu öhdəliyi icra etməməklə yanaşı, iddiaçıya məxsus pul vəsaitini də ona qaytarmadığını və gecikdirdiyini təsdiq edir. Beləliklə, ilkin alqı-satqı müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməməsi halında iddiaçı gecikdirilmiş vaxt üçün illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. Hazırki halda cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmaqla, 2020-ci ilin iyul ayından - 2023-cü ilin avqust ayınadək müddət ərzində üzərinə götürdüyü öhdəliyi icra etməmiş, yəni, cavabdeh ilkin alq-satqı müqaviləsi götürmüş olduğu öhdəliyi icra etməməklə yanaşı, iddiaçıya məxsus pul vəsaitini də ona qaytarmayaraq gecikdirmişdir. Buna görə də, iddia tələbi illik 5 faiz olmaqla, ümumilikdə 8250 manat məbləğində pul vəsaitinin ödənilməsi hissəsində də təmin edilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh2 (nümayəndəsi və vəkili Nümayəndə2) apellyasiya şikayətində qətnamənin ləğv, iddia tələbinin isə rədd edilməsini xahiş edib göstərir ki, cavabdehin həyat yoldaşı mərhum Cavabdeh1 ilə iddiaçı arasında ünvan 3 ünvandakı 12 saylı mənzilin alğı-satqısı üzrə xx.xx.2018-ci il tarixli ilkin alğı-satqı müqaviləsi bağlanmışdır. Hesab edirik ki, qeyd edilən əqd etibarsız əqdir. Həmin müqavilə mənzilin real alğısatqısının deyil, əslində cavabdehin iddiaçıya əvvəllər götürdüyü və qaytardığı borcdan ona hesablanmış faizlərin rəsmiləşdirilməsindən ibarət olmuşdur. İşdə olan sübutlara diqqət etdikdə məlum olur ki, ünvan 4 ünvanladığı xx.xx.2018-ci il tarixli, 784 nömrəli məktubundan 31000 manat məbləğində pul vəsaitinin Cavabdeh1 "xxxx" ASC-də olan **********0D1933AZM03 nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir. "xxxx" ASC-nin Mərkəzi filialına məxsus xx.xx.2018-ci il tarixli, 07 nömrəli xəzinə mədaxil qəbzindən görünür ki, İddiaçı ilkin alqı-satqı müqaviləsi üzrə 31000 manat vəsait mədaxil etmişdir. Lakin məhkəmə qətnaməsində qeyd edilən vəsaitin cavabeh tərəfindən alınıbalınmaması barədə hər hansı bir sübut yoxdur. Cavabdehin həyat yoldaşı mərhum Cavabdeh1 ilə iddiaçı arasında ünvan 3 ünvandakı 12 saylı mənzilin alğı-satqısı üzrə xx.xx.2020-ci il tarixli ilkin alğı-satqı müqaviləsi bağlanmışdır. İşdə olan sübutlara diqqət etdikdə məlum olur ki, ünvan 4 ünvanladığı xx.xx.2020-ci il tarixli, 895 nömrəli məktubundan 55000 manat məbləğində pul vəsaitinin Cavabdeh1 "xxxx" ASC-də olan **********0D1933AZM03 nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir. "xxxx" ASC-nin Mərkəzi filialına məxsus xx.xx.2020-ci il tarixli, 03 nömrəli nömrəli xəzinə mədaxil qəbzindən görünür ki, İddiaçı ilkin alqı-satqımüqaviləsi üzrə 55000 manat vəsait mədaxil etmişdir. Lakin məhkəmə qətnaməsində qeyd edilən vəsaitin cavabeh tərəfindən alınıb-alınmaması barədə hər hansı bir sübut yoxdur. Sual olunur: - xx.xx.2018- ci il tarixli ilkin alğı-satqı müqaviləsi hüquqi əhəmiyyətini itirdimi? - xx.xx.2018-ci il tarixli müqavilə üzrə ödənilmiş 31000 manat məbləğində pul vəsaiti iddiaçıya geri qaytarıldımı? - və ya xx.xx.2019- cu il tarixədək notariusun depozit vasitəsi ilə ödənilməli 9000 manat ödənildimi? - Nə üçün alğı-satqı müqaviləsi deyil, məhz xx.xx.2020-ci il tarixdə təkrar ilkin alğı-satqı müqaviləsi bağlanmışdır? - Nə üçün birinci müqavilə üzrə mənzilin dəyəri 40000 manat, ikinci müqavilə üzrə mənzilin dəyəri 70000 manat müəyyən edilmişdir? Məhkəmə işi hərtərəfli araşdırmadığından qeyd edilən suallara hüquqi qiymət verməmişdir. Cavabdehin verdiyi məlumata əsasən onun həyat yoldaşı Cavabdeh1 borcun faizlərinə görə hədələdiklərindən o, ailə üzvlərini məlumatlandırmadan qeyd edilən etibarsız əqdlərlə həmin faizlərin qaytarılmasına təminat verdiyini bildirmişdir. Yəni, mənzili girov qoyduğunu bildirmişdir. Hətda o, faizlər üzrə cəmi 5000 manat borcunun qaldığını demişdir. xx.xx.2018-ci il tarixli ilkin alğı-satqı müqaviləsi və xx.xx.2020-ci il tarixli ilkin alğı-satqı müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Ailə Məcəlləsinin tələblərinin pozulması ilə bağlanmışdır. Belə ki, Cavabdeh1 ilə X2 13 dekabr 1983-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Cavabdeh və həyat yoldaşı birgə nikah dövründə, xx.xx.2007-ci il tarixdə ünvan 3 ünvandakı 12 saylı mənzil alğı-satqı yolu ilə əldə etmişlər. Lakin yuxarıda qeyd edilən etibarsız müqavilələr Cavabdeh2 razılığı olmadan bağlanmışdır. Eyni zamanda birgə nikahdan olan Bayramova (Axundova) Vüsalə Vaqif qızı, Cavabdeh3, X1 da qeyd edilən etibarsız müqavilələrdən məlumatsız olmuşdur. Cavabdeh1 cavabdehə verdiyi məlumata əsasən iddiaçı onu məcbur edib aparıb yaxın dostu olan Bakı şəhəri 43 saylı Notariat Ofisinə və məcbur edib almadığı vəsaitə görə müqavilə imzalasın. Bakı şəhəri 43 saylı Notariat Ofisi birgə nikahda olan cavabdehin və onun övladlarının razılığını almadan etibarsız müqaviləni rəsmiləşdirmişdir. Məhkəmə bu fakta hüquqi qiymət verməmişdir. xx.xx.2018-ci il tarixli ilkin alğı-satqı müqaviləsi və xx.xx.2020-ci il tarixli ilkin alğı-satqı müqaviləsi ilə müəyyən edilmiş müddət bitməsinə və qanunvericiliklə müəyyən müddət keçməsinə baxmayaraq əsas alğı-satqı müqaviləsi bağlanmamışdır. Məhkəmə bu fakta hüquqi qiymət verməmişdir. xx.xx.2018-ci il tarixli ilkin alğı-satqı müqaviləsi üzrə mənzilin dəyəri 40000 manat və xx.xx.2020-ci il tarixli ilkin alğı-satqı müqaviləsi üzrə mənzilin dəyəri 70000 manat müəyyən edilmişdir. "xxxx" MMC-nin tərəfindən isə mənzilin bazar dəyəri 158000 manat, müəyyən edilmişdir. Məhkəmənin diqqətini müqavilələrdə əmlakın dəyərinin real bazar dəyərindən 3-4 dəfə ucuz qeyd edilməsi belə cəlb etməmiş, müqavilələrin etibarsızlığı baxımından qiymət verməmişdir. Əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Lakin məhkəmə yalnız olaraq Mülki Məcəllənin 402.2-402.5-ci, 425.1-ci, 427.2, 427.3-cü, 442-ci, 445.2-ci və 448.1-ci maddələrinə istinad edərək yekun akt qəbul etmişdir. Hesab edir ki, xx.xx.2018-ci il tarixli ilkin alğı-satqı müqaviləsi və xx.xx.2020-ci il tarixli ilkin alğı-satqı müqaviləsi etibarsız əqd olduğundan həmin müqavilələr etibarsız hesab edilməli və iddia rədd edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

14. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib təmin edilməsini xahiş etdi.

15. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

16. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Maddə 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur.https://e-qanun.az/framework/46944 Maddə 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Maddə 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Maddə 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Maddə 402.6. Niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1255(xx.xx.2025-ci ilədək qüvvədə olan). Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1255(xx.xx.2025-ci ildən qüvvədə olan). Vərəsələr mirasqoyanın ölümü ilə mirası qanun əsasında əldə edirlər. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1306.4(xx.xx.2025-ci ildən qüvvədə olan). Mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Maddə 1306.5(xx.xx.2025-ci ildən qüvvədə olan). Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Maddə 1307(xx.xx.2025-ci ilədək qüvvədə olan).Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

19. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.

20. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

22. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

23. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

24. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

25. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edildiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.

26. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

27. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

28. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.

29. Əvvəla, İddiaçı Cavabdeh2 qarşı 8250 (səkkiz min iki yüz əlli) manatın tutulması hissəsində iddiadan imtina etdiyindən Bakı Apellyasiya Məhkəməsinin 15 dekabr 2025-ci il tarixli, 2(103)- 6022/2025 saylı qərardadı ilə həmin hissədə iddiadan imtina qəbul edilərək qətnamə o hissədə ləğv edilərək iş üzrə icraata xitam verildi.

30. Bundan əlavə, əqdin etibarlı olması üçün, 1) subyekt tərkibi; 2) məzmunu; 3) forması; 4) iradə və iradə ifadəsi qüsurlu olmamalıdr. Bu elementlərdən birinin qüsurlu olması, əqdin etibarsızlığına səbəb olur. xx.xx.2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin etibarsız əqd kimi mübahisə edilən əqd və ya əhəmiyyətsiz əqd olması işin həqiqi halları ilə təsdiq olunmur. Başqa sözlə, qeyd olunan müqaviləninin bağlanma səbəbi etibarsızlıq nəticəsi yaradan hallarla bağlı olmamışdır.

31. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.

32. Nümayəndə2nın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 mart 2023-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə... Təsadüfi deyil ki, Mülki Məcəllənin 351.2-ci maddəsinə əsasən, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. ...Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.

33. Göründüyü kimi, yuxarıda qeyd olunan Mülki Məcəllənin normaları və Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında formalaşdırılan hüquqi mövqelərə görə etibarsızlığın irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Çünki bu vəziyyət mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Belə ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Bu mənada cavabdeh tərəfin xx.xx.2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsini etibarsız əqd kimi dəyərləndirərkən mülki dövriyyə subyekti kimi vicdanlı hərəkət etməsi və hüquqdan sui-istifadəyə yol verməməsi tələb olunurdu.

34. Əvvəla, istər xx.xx.2018-ci il tarixli, istərsə də xx.xx.2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsi üzrə banka mədaxil edilən vəsaitin cavabdehin mərhum əri tərəfindən alınıbalınmamasına dair işdə hər hansı bir sübutun olmaması iddianın əsassızlığına, apellyasiya şikayətinin isə əsaslılığına dəlalət etmir. Çünki belə bir sübutun təqdim edilməsi yükü cavabdehin üzərinə düşür. Yəni, cavabdeh tərəf həmin məbləği aldığı üçün iddiaçıda bu cür sübut ola bilməzdi. Yetər ki, qeyd olunan vəsaitin banka mədaxil edilməsinə dair işdə mötəbər sübut mövcuddur. Demək, bankdan həmin məbləğin alınıb-alınmaması artıq cavabdehə aid olan bir məsələdir ki, bu halda da, cavabdeh tərəf iddiaçını yaxud məhkəməni qınaya bilməz. Bir də ki, cavabdehin mərhum əri tərəfindən həmin vəsaitin alınması da heç bir mübahisə doğurmur.

35. Cavabdeh tərəfin iddiaçı ilə alqı-satqı müqaviləsi deyil, ilkin alqı-satqı müqaviləsi bağlaması da heç nəyi dəyişmir. Çünki bu hal iddianın təmin olunmasına maneə yaratmırdı. İddiaçının cavabdehin mərhum ərini borcun faizinə görə hədələdiyinə və xx.xx.2020-ci il tarixli müqaviləni bağlamağa məcbur etməsinə dair də cavabdeh tərəf məhkəməyə heç bir sübut təqdim etməyib. Üstəlik qeyd olunan müqavilə bağlanarkən cavabdehin razılığının alınmaması da şikayəti əsaslı etmir. Çünki iddiaçı cavabdehdən mərhum ərinin həyata keçirilməmiş əsasa görə iddiaçının hesabına varlandığı üçün əsas müqavilənin bağlanmasını deyil, ilkin alqı-satqı müqaviləsi üzrə ödənilən vəsaiti tələb edib, məhkəmə də həmin məbləğin tutulmasını qət edib. Qeyd olunan məbləğdən hansısa miqdarda vəsaitin qaytarıldığını sübut etmək yükü isə artıq cavabdeh tərəfin üzərinə düşür. Burada mənzilin bazar dəyərinin aşağı və yüksək olmasının da nəticənin dəyişməsinə əhəmiyyətli təsiri ola bilməz.

36. Göstərilənlərlə yanaşı, Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli 02/2022 nömrəli qərardadında qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. xx.xx.2020-ci il tarixli müqavilə əhəmiyyətsiz əqd kimi etibarsız olan əqdlər növünə aid olsa belə yenə də əsaslı ola bilməzdi. Çünki hətta qəbul edilsə belə ki, iddiaçının müqavilənin predmeti olan mənzilin alınmasında həqiqi niyyəti olmamış, cavabdehin müqaviləni mübahisələndirməməsi onun müqaviləni bəyənməsinə dəlalət edir. Çünki razılıq və bəyənmə üçün müəyyənləşdirilmiş əqd formasına(forma şərtinə) riayət edilməsi tələb olunmur. Ona görə də, göstərilən hallar da iddianın rədd edilməsi üçün müstəqil əsas sayılır.

37. Bundan əlavə, Konstitusiya Məhkəməsi Plenumunun 20 iyun 2025-ci il tarixli qərarında yenə də vurğulandı ki,... Göstərilənlərlə yanaşı o da nəzərə alınmalıdır ki, tərəflər aralarındakı borc münasibətlərini yalan əqd olaraq alğı-satqı müqaviləsi vasitəsilə təminat altına almış olduqları təqdirdə, sonradan borclu tərəfindən alğı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı tələbin irəli sürülməsi, bəzi hallarda hüquqlardan istifadə edilməsi zamanı vicdanlılığın qorunması prinsipinə zidd olmaqla kreditorların mənafelərinin, mülki dövriyyənin sabitliyinin pozulmasına gətirib çıxara bilər. Belə ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrası böyük iqtisadi-sosial əhəmiyyətə malikdir. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi borc və ya kredit müqavilələri üzrə tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə yönəlməklə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına xidmət edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarı).Bu baxımdan, mülki hüququn əsas prinsiplərindən olan vicdanlılıq prinsipinin təmin edilməsi, hüquqdan sui-istifadənin qarşısının alınması məqsədi ilə bu kimi hallarda əqdin yalan əqd olaraq etibarsızlığı ilə bağlı iddiaların işin faktiki halları, tərəfin güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilib-keçirilmədiyi nəzərə alınmaqla rədd edilməsi istisna edilmir. Göründüyü kimi, bu qərarda formalaşdırılan hüquqi mövqeyə görə də cavabdeh tərəfin hazırkı iddiaya qarşı hüquqdan sui-istifadə edərək etiraz etməsi də iddianın təmin olunmasını istisna etmir.

38. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilə azadlığı, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqaviələdən və əsassız varlanmadan əmələ gələn öhdəliklər, hüquqdan pis niyyətlə suiistifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

39. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-98/2025 saylı, 04 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

qətetdi:

Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-98/2025 saylı, 04 sentyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar