Məhkəmə qərarları › İş №2(103)-6023/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6023/2022

30.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6023/2022 30.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli qərardadından Cavabdeh1 nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (məhkəmə) 01 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 50 000 manatın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 200 manatın tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Məhkəmənin 13 iyul 2022-ci il tarixli qərardadı ilə həmin qətnamədən apellyasiya şikayəti verilmə müddətinin bərpa olunması barədə Cavabdeh1 nümayəndəsinin (vəkilinin) ərizəsi təmin edilməmiş, qərardaddan verilən şikayət də təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ərizəçi şikayətini belə əsaslandırmışdır ki, anası X1 düz bağısağın orta ampulyar hissəsinin xərçəngi, ağır xəstəlik diaqnozu ilə həmin mərkəzə əməliyata 21 fevral 2022-ci il tarixdə daxil olmuş, 16 mart 2022-ci il tarixdə buraxılmış, bundan sonra da xəstəliyinin ağırlılığına görə qayğıya ehtiyacı olması, dərmanlarla təmin olunması, Milli Onkologiya Mərkəzinə aparılıb-gətirilmə zərurəti olduğundan, məhkəmənin elektron kabinetinə çaşdırıcı tarixlərdə qərarın yerləşdirilməsini aşkara çıxarmaq onun tərəfindən çətinləşmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin olunmalı, şikayət mövzusu olan qərardad ləğv edilərək Cavabdeh1 qətnamədən şikayət vermə müddətinin bərpasına dair ərizəyə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir; həmin Məcəllənin 133.1-ci və 360-cı maddələrinə görə isə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Məhkəmə öz qənaətini aşağıdakı kimi əsaslandırmışdır: “...Müddətin bərpasına dair ərizə şikayətdən fərqli olaraq onunla əsaslandırılmışdır ki, məhkəmənin eyni tarixli qərarları başqa-başqa vaxtlarda elektron kabinetə yüklənmişdir. Yəni, qərarın biri 11 martda, o biri 15 martda yüklənmişdir. Ona görə də şəxsdə çaşqınlıq yaranaraq, qətnamənin 15 martda yükləndiyi zənn olunmuşdur. Ancaq xüsusi qərardad 15 martda yüklənmiş, ona görə rəsmi olaraq 15 apreldə qətnamədən şikayət verilməsi, qətnamədən şikayət verilməsi üçün müəyyən olunmuş vaxtı 4 gün keçirərək vaxtı ötürmüşdür. ...Mülki iş materiallarından görünür ki, qətnamə Vəkil1 şəxsi elektron kabinetinə 10 mart 2022-ci il tarixdə yerləşdirilmiş, bu barədə çıxarışda "sənədin növü” bölməsində "qətnamə” adı göstərilmişdir. Məhkəmənin 01 mart 2022-ci il tarixli xüsusi qərardadı isə 15 mart 2022-ci il tarixdə müvafiq tədbirlər görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Habelə, cavabdehin nümayəndəsi tərəfindən apellyasiya şikayətinə qoşma etdiyi elektron poçt ünvanından çıxarışdan görünür ki, 15 mart 2022-ci il tarixdə cavabdehin nümayəndəsinin elektron poçtuna “iş üzrə xx.xx.2022-ci il tarixli Qərardad elektron kabinetdə yerləşdirildi” bildirişi gəlmişdir. Yəni, məhkəmə aktının qətnamə və ya qərardad olmağı bildirişdə açıq-aşkar görünür”. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə görə, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məcəllənin 135.6-cı maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Məcəllənin 227.4-cü maddəsinə görə də, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. İş materiallarından görünür ki, məhkəmənin qətnaməsi xx.xx.2022-ci il tarixdə Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil1 elektron kabinetinə yerləşdirilmiş, 18 aprel 2022-ci il tarixdə isə onun qətnamədən verdiyi apellyasiya şikayəti elektron kabinetə yüklənmişdir. Kollegiya qeyd edir ki, mülki-prosessual qanunvericiliyin yuxarıda sadalanan müddəalarının mənasına görə qətnamənin məhz işdə iştirak edən şəxslərin elektron kabinetinə yerləşdirilməsi, qətnamənin rəsmi çatdırılması hesab olunur – nümayəndə isə işdə iştirak edən şəxs olmadığından, məsələ müəyyən mübahisələrə səbəb ola bilər; digər tərəfdən, nümayəndənin öz vəzifəsini lazımınca yerinə yetirməməsi ehtimalı mövcuddursa, bu ehtimalın tərəfin xeyrinə - onun məhkəmə müdafiəsi hüququnu reallaşdıra bilməsi üçün – şərh olunması daha məqsədəuyğundur. Buna görə də kollegiyanın qənaəti ondan ibarətdir ki, mübahisələndirilən qərardad ləğv edilməklə qanuna müvafiq qərarın qəbul edilməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməli, işə yenidən baxarkən məhkəmə tərəflərin iştirakını təmin etməklə ərizəçinin irəli sürdüyü halı araşdıraraq ərizəyə qiymət verməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-983/2022 saylı iş üzrə 13 iyul 2022-ci il tarixli qərardadı ləğv olunsun və iş, bu qərardadın əsaslandırıcı hissəsində şərh olunanlar nəzərə alınmaqla Cavabdeh1 nümayəndəsinin qətnamədən apellyasiya şikayəti verməsi üçün müddətin bərpasına dair ərizəsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar