Məhkəmə qərarları › İş №2(103)-6029/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6029/2022

16.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6029/2022 16.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı “Hərbi Vətənpərvərlik və X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən çıxarılma və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 iyun 2022-ci il tarixli qətnamədən cavabdehlərin birgə verdikləri apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1, MMC-nin nümayəndəsi olmaqla yanaşı eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMCnin "xxxx" filialının direktoru vəzifəsində işləyən Nümayəndə2, cavabdehlərin özlərinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT a) İddia barədə məlumat

1. İddiaçı MMC-nin buna səlahiyyəti olan nümayəndəsi, MMC-nin adından cavabdehlərə qarşı verilmiş iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, MMC-yə məxsus olan və ünvan 1 ünvanında yerləşən "xxxx" Mehmanxanasının (MMC-nin "xxxx" filialı) 17-ci otağından cavabdehlərin çıxarılması, otağın boşaldılması, cavabdehlərin həmin otaqdan qeyri-qanuni istifadə etmələrinə görə MMC-yə dəymiş maddi zərərin ödənilməsi məqsədi ilə 3.000 manat məbləğində pulun cavabdehlərdən tutularaq MMC-nin "xxxx" filialına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, MMC-nin "xxxx" filialı iddia ərizəsində qeyd edilən mehmanxana kimi fəaliyyət göstərir. Orada məcburi köçkünlər məskunlaşmışlar. Məcburi köçkünlərin kommunal xərcləri Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi tərəfindən ödənilir. Mehmanxana özünü maliyyələşdirmə əsasında fəaliyyət göstərir və digər gəlir mənbəyi yoxdur. Məcburi köçkünlər yaşayış sahələri ilə təmin olunan zaman məskunlaşdıqları otaqları boşaldıb Filiala təhvil verirlər. Cavabdehlər məcburi köçkünlər olmasa da mehmanxananın 17-ci otağın açarını orada yaşayıb vəfat etmiş X2 övladı (iş üzrə üçüncü şəxs) Orxan Məmmədovdan 2021-ci ilin oktyabr ayında götürüb oraya köçmüşlər. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər otağı boşaldıb Filiala qaytarmırlar. Dövlət əmlakından beş ay müddətinə qanunsuz istifadə etdiyinə görə cavabdehlərdən gündəlik 20 manat, beş ay üçün cəmi 3.000 manat tutulub Filiala ödənilməlidir. b) İddia tələbinə qarşı etiraz barədə məlumat

3. İş üzrə cavabdehlərin iddia tələbinə qarşı etiraz vermişlər.

4. Etiraz onunla əsaslandırılmışdır ki, Orxan Məmmədovun atası Gülbala Məmmədov həbsxanadan çıxdıqdan sonra 2004-cü ildən Azərbaycan Respublikası Könüllü Hərbi X6 Cəmiyyəti sədrinin göstərişinə əsasən Cəmiyyətin Nəsimi rayonu, Mərdanov Qardaşları 99 ünvanında yerləşən inzibati binasına köçürülmüş, 2013-cü ilin fevral ayından ailəsi ilə birlikdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və X5” MMC-nin sədrinin şifahi göstərişinə əsasən MMC-nin "xxxx" Mehmanxanasının birinci mərtəbəsində yerləşən 17-ci otağına köçürülmüşdür. Ailə üç nəfərdən ibarət olmuşdur: oğlu Orxan Məmmədov, qızı Asiman Məmmədzadə. Həmin otaq təmirsiz olmuşdur. Mənzil Gülbala Məmmədov tərəfindən öz şəxsi vəsaiti hesabına tam təmir edilmiş, qapı və pəncərəsi qoyulmuş və istifadəyə yararlı hala salınmışdır. İş üzrə cavabdehlər və Gülbala Məmmədovun övladları 3 saylı Uşaq Evində yaşayırdılar. Gülbala Məmmədov övladlarına baş çəkmək üçün Uşaq Evinə gələndə cavabdehlərin kimsəsiz olduqlarını bilib cavabdehlərə də öz övladları kimi münasibət göstərmişdir. Bu münasibətlər onlar uşaq evindən çıxdıqlarından sonra da davam etmişdir. Gülbala Məmmədov övladları ilə birlikdə həmin bir otağa sığınaraq yaşamışlar. Orxan Məmmədov hal-hazırda da orada yaşayır. Cavabdehlər Uşaq Evindən çıxdıqdan sonra bir müddət kirayələrdə, dost, tanışlarının yanında çətinliklə yaşamışlar. Kənarda yaşamaqlarına baxmayaraq, həmin müddətdə daimi olaraq Gülbala Məmmədov və onun övladları ilə ailəvi dostluq münasibətlərində olmaqla onların yaşadığı həmin otağa gediş-gəlişləri var idi, bayramlarda orada qaldıqları vaxtlar da olurdu. Gülbala Məmmədov bir müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi, onlar və oğlu Orxan Məmmədovla daim onu xəstəxanaya aparırdılar. Müalicə zamanı öz qızı ailə həyatı və himayəsində azyaşlı uşağı olduğuna görə atasına köməklik göstərə bilmədiyi üçün tək qalan oğluna qardaş olaraq onlar köməklik edirdilər. Gülbala Məmmədov xx.xx.2021-ci il tarixində xəstəlikdən vəfat etdikdə cavabdehlər də dəfndə iştirak etmiş, mehmanxanada yaşayan digər qonşuların köməyi ilə Gülbala Məmmədova məxsus olan otaqda yas mərasimi vermişlər. Daha sonra Orxan Məmmədov tək qaldığını və cavabdehləri ağır bir vəziyyətdə yaşadıqlarını görərək onları birgə yaşamağa dəvət etmiş və onların da heç bir digər yaşayış yeri olmadığına görə Orxan Məmmədovun təklifini dəyərləndirərək qəbul etmişlər. Hal-hazırda da birgə yaşayırlar. Həmin otağın təmir işləri gedərkən onlar maddi vəziyyətin aşağı olması səbəbindən fəhləlik edərək köməklik göstərmişlər. Məlum olduğu kimi, başqa yerə getməyə heç bir yerləri olmadığına və cavabdehlərdən yalnız bir nəfərin işlədiyinə görə müvəqqəti olaraq Orxan Məmmədovun yanına sığınmışlar. Göstərilənlərə əsasən cavabdehlər hesab edirlər ki, onlar mübahisəli otaqdan çıxarılmamalıdırlar. İddianın “pul tələbi barədə hissəsinə” gəldikdə isə nəzərə alınmalıdır ki, həmin otaqda Orxan Məmmədov yaşadığına və cavabdehlərin də orada yaşamaları iddiaçı tərəfə heç bir maddi ziyan vurmur. Belə ki, həmin mehmanxanada məcburi köçkünlər məskunlaşmış və onların kommunal xərclərini dövlət ödəyir. Cavabdehlər bildirilər ki, onlar yaşayış sahəsi ilə təmin olunmaları üçün müvafiq dövlət qurumlarına müraciət etmişlər. Dövlət qurumları tərəfindən onlara yaşayış yeri veriləndə onlar heç bir etiraz etməyərək otağı tərk edəcəklər. c) Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə

5. Mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, mübahisəli 17 saylı otağın cavabdehlər tərəfindən boşaldılmasını, cavabdehlərin həmin otaqdan çıxarılmasını, iddianın qalan hissədə təmin edilməməsini qət edilmişdir.

6. Rayon Məhkəməsi iddianın “cavabdehlərin mübahisəli sahədən çıxarılması və sahənin boşaldılması barədə” hissəsinin təmin edilməsi barədə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlərin mübahisəli sahədən istifadə etmələrinin qanuni əsası yoxdur və iddiaçı MMC özünə məxsus olan həmin sahədən cavabdehlərin çıxarılmasını və sahənin boşaldılmasını tələb etməkdə haqlıdır.

7. Rayon Məhkəməsi iddianın “cavabdehlərin mübahisəli sahədən qeyri-qanuni istifadə etmələrinə görə MMC-yə dəymiş maddi zərərin ödənilməsi məqsədi ilə pulun tutulması barədə” hissəsinin təmin edilməməsi barədə iş üzrə gəldiyi nəticəni isə onunla əsaslandırmışdır ki, bu tələb əsassızıdır. d) Apellyasiya şikayətləri barədə məlumat

8. İş üzrə cavabdehlər həmin qətnamədən birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər.

9. Əsasları iddiaya qarşı verilmiş etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyi üçün qanunsuz hesab edilərək ləğv edilməli və iddia tələbi əsassız hesab edilərək rədd edilməlidir. İİ. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT e) Apellyasiya icraatı zamanı iş üzrə tərəflərin izahatları barədə məlumat

10. Apellyasiya baxışı iclasında iştirak etmiş apellyatorlar – iş üzrə cavabdehlər apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdilər.

11. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 və MMC-nin nümayəndəsi olmaqla yanaşı eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin "xxxx" filialının direktoru vəzifəsində işləyən Nümayəndə2 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdilər.

12. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Orxan Məmmədov apellyasiya baxışı iclasında iştirak edərək bildirdi ki, o, cavabdehlərlə birlikdə 3 saylı Uşaq Evində böyümüş, hazırda da bir ailə kimidilər. O, bu səbəbdən cavabdehləri yaşadığı mübahisəli otağa qonaq kimi dəvət etmiş və hazırda da birlikdə həmin otaqda yaşayırlar. f) Apellyasiya baxışının həddi barədə məlumat

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hazırki iş üzrə apellyasiyanın hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddianın bir qismi təmin edilməsə də, iddiaçı MMC qətnamədən şikayət verməmiş, həmin nəticə ilə razılaşmışdır.

14. Qətnamədən apellyasiya şikayətini iş üzrə cavabdehlər vermişlər.

15. Apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan aydın olur ki, cavabdehlər qətnamənin iddianın bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirir, iddianın bir qisminin təmin edilməməsi barədə nəticəni mübahisələndirmirlər.

16. Odur ki, Məhkəmə, qətnamənin əsaslılığı yalnız iddianın bir qisminin təmin edilməsi barədə hissəsinin əsaslılığını yoxlamışdır. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. g) İşdə olan sənədlər barədə məlumat

17. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş “Qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin texniki pasportundan” görünür ki, "xxxx" Mehmanxanasının mülkiyyətçisi Könüllü Hərbi X6 Cəmiyyətidir.

18. “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 681 nömrəli fərmanının 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Könüllü Hərbi X6 Cəmiyyətinin könüllü olaraq özünün ictimai statusundan imtina etdiyini və əmlakını dövlətə verdiyini nəzərə alaraq, onun əmlakının “Hərbi Vətənpərvərlik və X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi qərara alınmışdır.

19. İşdə olan sənədlərdən görünür ki, iddiaçı MMC-nin "xxxx" filialı mehmanxana kimi fəaliyyət göstərir. Orada məcburi köçkünlər məskunlaşmışlar.

20. MMC-nin "xxxx" filialı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 09 nömrəli məktubdan görünür ki, X4 2004-cü ildən Azərbaycan Respublikası Könüllü X6 Cəmiyyəti sədrinin göstərişinə əsasən Cəmiyyətin Nəsimi rayonu, Mərdanov Qardaşları 99 ünvanında yerləşən inzibati binasına köçürülmüş, 2013-cü ildən isə ailəsi ilə birlikdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində iddiaçı MMC-nin sədrinin şifahi göstərişinə əsasən MMC-yə məxsus "xxxx" Mehmanxanasının 1-ci mərtəbəsində yerləşən 17-ci otağına köçürülmüşdür. Ailə üç nəfərdən ibarətdir: oğlu Orxan Məmmədov (1991-ci il təvəllüdlü), qızı Asiman Məmmədzadə (1993-cü il təvəllüdlü). Həmin otaq təmirsiz olmuşdur. Mənzil G.Məmmədov tərəfindən öz şəxsi vəsaiti hesabına tam təmir edilmiş, qapı və pəncərəsi qoyulmuş və istifadəyə yararlı hala salınmışdır.

21. İş materiallarına əlavə edilmiş və 3 nömrəli Uşaq Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 39, 40, 41 nömrəli arayışlardan görünür ki, Cavabdeh1 xx.xx.1997-ci il tarixdən, Cavabdeh2 xx.xx.1999-cu il tarixdən, iş üzrə üçüncü şəxs (Gülbala Məmmədovun övladı) Orxan Məmmədov xx.xx.2005-ci il tarixdən həmin Uşaq Evində yaşayıb tərbiyə almışlar. Cavabdeh1 xx.xx.2008-ci il tarixdən, Cavabdeh2 xx.xx.2012-ci il tarixdən, O.Məmmədov isə xx.xx.2012-ci il tarixdən Uşaq Evinin qeydiyyatından çıxarılmışlar.

22. AZ-İİ seriyalı, 187373 nömrəli, xx.xx.2021-ci il tarixli “Ölüm haqqında şəhadətnamədən” görünür ki, Gülbala Məmmədov xx.xx.2021-ci il tarixdə ölmüşdür. h) Apellyasiya instansiya məhkəməsinin mövqeyi

23. Yuxarıda göstərilənlərə əsasən Məhkəmə tərəfindən müəyyən edilir ki, iddia ərizəsində qeyd edilən mehmanxana iddiaçı MMC-nin qanuni sahibliyindədir. Həmin mehmanxananın 1-ci mərtəbəsində yerləşən 17-ci otaq Gülbala Məmmədovun müvəqqəti istifadəsi üçün ayrılmış, o, xx.xx.2021-ci il tarixdə ölmüş, onun ölümdən sonra onun övladı Orxan Məmmədov həmin otağı istifadə etməkləri üçün cavabdehlərə vermişdir. İddiaçı MMC bu barədə məlumatlı olduqdan sonra qısa müddət ərzində həmin otaqdan cavabdehlərə istifadə edilməsinə icazə versə də, sonradan iddiaçının otağı boşaltmaq barədə tələbini cavabdehlər icra etməmişlər. Hazırda iddiaçı MMC cavabdehlərin həmin otaqdan çıxarılmalarını və otağın boşaldılmasını (apellyasiya baxışının predmeti) tələb edir, cavabdehlər isə iddianı qəbul etmirlər və bunu onunla əsaslandırırlar ki, hazırda başqa yaşayış yerləri yoxdur və onlara aidiyyəti dövlət qurumları tərəfindən yaşayış sahəsi ayrılan kimi iddiaçıya məxsus otağı tərk edəcəklər.

24. İşin hallarını nəzərə alan Məhkəmə iş üzrə tərəflər arasında mövcud olan mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.1.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir (maddə 157.5.). Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (maddə 157.8.).

25. Qeyd edilən maddi hüquq normalarının tələblərinin hazırki mübahisənin həllinə tətbiqi nəticəsində Məhkəmə aşağıdakı qənaətə gəlir: - cavabdehlərin mübahisəli sahədən istifadə etmələrinin qanuni əsası yoxdur; - iddiaçı MMC özünə məxsus olan otaqdan cavabdehlərin çıxarılmasını və otağın boşaldılmasını tələb etmək üçün subyektiv hüquqa malikdir i) Apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə

26. Göstərilənlərə əsasən apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iddianı əsaslı hesab edərək təmin etməklə üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

27. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

28. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 iyun 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdehlər tərəfindən ödənilmiş dövlət rüsumu onların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar