Məhkəmə qərarları › İş №2(103)-6029/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6029/2023

10.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6029/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı “X2 Cavabdehna (üçüncü şəxs "xxxx" MMC) qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 2(009)-1190/2023 nömrəli qətnaməsindən üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Bakı şəhəri 1 saylı notariat ofisinin 8İ-1732 reyestrli, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən X1 müqaviləyə əsasən ödənilməmiş 1161.74 manat tutulmalı, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1186.74 manat pul tutulmasını göstərilmiş və həmin icra qeydi icraya yönəldilmişdir. Hazırda iddiaçı iddia edir ki, verilmiş icra qeydi əsassızdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı Vətəndaş Həmrəyliyi Partiyası (üçüncü şəxs "xxxx" MMC) Cavabdehna qarşı iddia ərizəsi il məhkəməyə müraciət edərək, Bakı şəhəri 1 saylı Notariat ofisinin 14 fevral 2023-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 1 saylı Notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş 14 fevral 2023-cü il tarixli qeydə əsasən X2 hesabından "xxxx" MMC-nin xeyrinə müqaviləyə əsasən vaxtında ödənilməmiş 1186 manat 74 qəpik məbləğin tutulması üçün İcra qeydi verilib. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin şifahi bildirişi əsasında X2 nümayəndəsi Notariusun İcra qeydinin 10 may 2023-cü il tarixində icra şöbəsindən əldə edib. İcra qeydi qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 2(009)- 1190/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi və Bakı şəhəri 1 saylı notariat ofisi tərəfindən verilmiş 8İ-1732 nömrəli, 14 fevral 2023 cü il tarixli icra qeydinin ləğv edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin 1, 2 və 9-cu bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 161 və 162-ci maddələrinə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə eləcə də Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan üçüncü şəxs "xxxx" MMC tərəfindən apellyasiya şikayəti verilərək, qətnaməninn ləğv edilməsi və Bakı şəhəri 1 saylı notariat ofisi tərəfindən verilmiş 8İ-1732 nömrəli, 14 fevral 2023-cü il tarixli icra qeydinin qüvvədə saxlanmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, icra qeydinə dair ərizə ilə notariusa müraciət edilməzdən əvvəl, borcluya bildiriş (pretenziya) göndərilmişdir və borc məbləği borclu tərəfindən mübahisələndirilməmişdir. Notarius da öz növbəsində sənədlərə əsasən haqlı olaraq müəyyən etmişdir ki, borc məbləğinə dair mübahisə yoxdur. Sonradan iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi notariusun mübahisəli borc məbləğinə dair icra qeydi çıxarmasına dəlalət etmir və notarius qanunauyğun tədbir görmüşdür. Borc tələbinə dair iddia müddətinin ötürülməsi iş materialları ilə sübuta yetirilmir. Məhkəmə bu hissədə də maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada məlumat verilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamədən üçüncü şəxs apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda qətnamə tam yoxlanılır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu: 76.1. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. 76.9. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimat:

161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq üçün «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 iş günü müddətində icra qeydi aparır və icra olunması üçün «Elektron notariat» informasiya sistemi vasitəsilə «Elektron icra» informasiya sisteminə göndərir. 162.1. Əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə, notarius tərəfindən icra qeydi verilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli təqdim olunur.

“İcra haqqında” Qanun:

6.1.4. Notariusun icra qeydləri icra sənədləri sayılır.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, üçüncü şəxsin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri 1 saylı notariat ofisinin 8İ-1732 reyestrli, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən isə X1 müqaviləyə əsasən ödənilməmiş 1161.74 manat tutulmalı, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1186.74 manat pul tutulmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, icra qeydinin verilməsi üçün ilk əsas - borcun mübahisəsiz olmasının təsdiq edilməsidir. Apellyator şikayətində icra qeydinə dair ərizə ilə notariusa müraciət edilməzdən əvvəl, borcluya göndərilmiş bildirişdə (pretenziya) borc məbləği borclu tərəfindən mübahisələndirilməməsinə dair dəlilini məhkəmə kollegiyası əhəmiyyətiz sayır. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən iddiaçıya 30 noyabr 2022-ci il tarixli pretenziya məktubu göndərilməklə borc məbləğinin 1168.74 manat olması göstərilmişdir. Notarius tərəfindən verilmiş icra qeydində isə göstərilmişdir ki, müqaviləyə əsasən ödənilməmiş 1161.74 manat tutulmalı, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1186.74 manat pul tutulmalıdır. Göründüyü kimi hazırda iddiaçıdan tələb edilən borcun məbləğinin mübahisəsiz olması müəyyən edilmir. Belə olan halda işin qeyd olunan halları ilə müəyyən edilmişdir ki, icra qeydi verilən zaman borc mübahisəsiz olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, nə qədər ki icra qeydinin verilməsinə əsas olmuş məbləğ mübahisəli olduğundan və apellyasiya şikayətinin bu dəlilinə qiymət verildiyindən şikayətin digər dəlillərinə qiymət verilməsinə lüzüm yoxdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 2(009)- 1190/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar