Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6033/2025 31.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1-nə, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərüffatı Birliyinə, Cavabdeh4 və Cavabdeh5 qarşı orderin ləğvi və hüquqi nəticələrinin tətbiq edilməsi və s. tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1-nə, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərüffatı Birliyinə, Cavabdeh4 və Cavabdeh5 qarşı orderin ləğvi və hüquqi nəticələrinin tətbiq edilməsi və s. tələbinə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, 2(001)-87/2025 nömrəli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı zavodun ailəvi yataqxanası olan (sonradan yaşayış evi) binanın keçmiş otaq nömrəsi 70, hazırki nömrəsi 305 olan mənzilə dair Cavabdeh5 adına verilmiş 637A nömrəli, 23 yanvar 2003-cü il tarixli orderin ləğv edilməsi və onun yaratdığı hüquqi nəticələrin etibarsız hesab edilərək həmin mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, 2(001)- 87/2025 nömrəli qətnaməsinə əsasən iddia tələbi rədd edilmişdir.
3. Həmin qətnamədən İddiaçı2 tərəfindən 26 may 2025-ci il tarixdə apellyasiya şikayət verilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyul 2025-ci il tarixli 2(103)-4260/2025 nömrəli qərardadı ilə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini barədə sənəd əlavə olunmadığından İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2025ci il tarixli, 2(102)-2619/2025 nömrəli qərarına əsasən qərardad dəyişdirilmədən saxlanılmışdır.
6. Bundan sonra həmin qətnamədən 17 oktyabr 2025-ci il tarixdə həm apellyasiya şikayəti, həm də şikayətin verilmə müddətinin bərpa olunması barədə ərizə verilmiş, müddətin bərpası barədə ərizəyə münasibət bildirilmədən apellyasiya şikayəti mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır; Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir; Maddə 133.6. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə 399. Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
8. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri – mümkün hesab edildikdən sonra qətnamədən 17 oktyabr 2025-ci il tarixdə həm apellyasiya şikayəti, həm də şikayətin verilmə müddətinin bərpa olunması barədə ərizə verilsə də birinci instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin, həmçinin, qanunun imperativ göstərişlərini diqqətə almamış, şikayəti qaytarmalı, bundan sonra yenidən verilmiş apellyasiya şikayəti ilə birlikdə verilmiş müddətin bərpası barədə ərizəyə baxaraq münasibət bildirməli olduğu halda, apellyasiya şikayətini mülki iş materiallarına əlavə eədərək Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
9. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət, mülki prosessual qanunvericiliyin müddətlə bağlı tələbləri pozulmaqla verildiyi, müddətin ötürülməsi ilə bağlı ərizəyə münasibət bildirilmədən və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyrimümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.
10. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, 2(001)- 87/2025 nömrəli qətnaməsindən İddiaçı2 apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. İş materialları apellyasiya şikayətinin geri qaytarılması və prosessual müddətlə bağlı ərizəyə münasibət bildirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.