Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6034/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Cavabdeh1, Üçüncü şəxs X1 vəkili X3iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” və üçüncü şəxs X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, ona vurulmuş 13.204 manat maddi, 50.000 manat mənəvi zərərin, həmçinin, ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 63.234 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxs Gülnarə Hüseynova da, iddia verərək, ona vurulmuş 12.004 manat maddi, 20.000 manat mənəvi zərərin, həmçinin, ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 32.034 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, İddiaçı iddiası rədd edilmiş, Gülnarə Hüseynovanın iddiası isə qismən təmin edilərək, Cavabdeh1 8988 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq, ona ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi və ekspertiza tədqiqatının dəyəri olan 100 manatın Cavabdeh1 tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh1, apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işi hərtərəfli və obyektiv araşdırılmaqla yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, cavabdehin məhkəmə iclasında iştirakı təmin olunmamış, buna görə də, o, konstitusion hüquqlarından istifadə edə bilməmişdir. Odur ki, məhkəmə işi birtərəfli araşdırmış və onun hüquqlarını kobud surətdə pozmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh1, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını xahiş etdi. Üçüncü şəxsin vəkili isə, şikayətə etiraz edərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, qətnaməni apellyatorun mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, iclas iştirakçılarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, xx.xx.2017-ci il tarixdə Cavabdeh1, Cavabdeh2 məxsus “DAF TE-47” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə üçüncü şəxs Gülnarə Hüseynovaya məxsus olan İddiaçı etibarnamə əsasında idarə etdiyi “Hyundai Elantra minik” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə, Cavabdeh1, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində 6 ay müddətində nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati təhbeh tətəbiq edilmişdir. “Auto Azərbaycan” Servis Mərkəzi tərəfindən xx.xx.2017-ci il tarixli qüsur aktı ilə, üçüncü şəxsə məxsus “Hyundai Elantra minik ” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumlikdə 11.904 manat maddi ziyanın dəydiyi müəyyən edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli, 3522 saylı rəyinə əsasən, “Hyundai Azərbaycan” Mərkəzinin xx.xx.2017-ci il tarixli akt məlumatlarına əsasən, sözügedən avtomobilin təmirbərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə, təxminən 8988 manat müəyyən edilmişdir. Qeyd edilənlər iddia ərizəsi, AB901717 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, xx.xx.2016-cı il tarixli etibarnamə, xx.xx.2017-ci il tarixli, AA036687 №-li qüsur aktı, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 3(103)-937/2017 saylı qərarı, DİN Baş Dövlət X6 xx.xx.2017-ci il tarixli, 123316-1217 №-li məktubu, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli, 3522 saylı rəyi və işdə olan digər sənədlərlə təsdiqlənir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mülki Məcəllənin 1096.1-ci, 1097.1-ci və 1108-ci maddələrinə əsasən, Cavabdeh1 üçüncü şəxs Gülnarə Hüseynovaya dəymiş maddi ziyanın əvəzi kimi qətnamədə göstərilən məbləğdə pulun tutulması qanuni və əsaslı olmuşdur. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Baxılan işdə Cavabdeh1 üçüncü şəxs Gülnarə Hüseynova qarşısında delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur. Belə ki, Cavabdeh1 hərəkəti mülki hüquq pozuntusudur (deliktdir). Çünki, onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin tələblərini pozması, dolayısı ilə, təqsirli olaraq hüquqa zidd əməl törətməsi, G.Hüseynovanın məruz qaldığı zərərin məhz onun hüquqa zidd hərəkəti nəticəsində yaranması və bunlar arasındakı uyğun səbəbli əlaqə yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Hazırda Cavabdeh1, apellyasiya şikayətində məhkəmə iclasında onun iştirakının təmin olunmadığını, bununla da konstitusion hüquqlarının pozulduğunu bildirərək, qətnaməni mübahisələndirir. Kollegiya, cavabdehin bu dəlilləri ilə razılaşmır, ona görə ki, işdə olan DİN BPQMİnin MAPS şöbəsinin xx.xx.2017-ci il tarixli arayışına əsasən, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdır. Rayon məhkəməsi də cavabdehə ünvanladığı bildirişləri həmin ünvana göndərmiş və işdə olan poçt sənədlərindən (səh.70; səh.93) görünür ki, bildirişlər ünvanda imza edilməklə rəsmi qaydada alınmışdır. Lakin cavabdeh, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə haqlı olaraq, MPM-in 185.5-ci maddəsinə əsasən, işə onu iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Odur ki, Kollegiya, qeyd olunanlara əsasən, hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin2(004)-952/2018 saylı iş üzrə xx xxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6034/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6034/2020
26.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver