Məhkəmə qərarları › İş №2(103)-6038/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6038/2022

28.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6038/2022 28.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "xxxx" KB ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı, Cavabdeh3, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi X1 iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1035/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 2 saylı mənzilinə görə ödənilmiş 32500 manat məbləğində pulun, 2018-ci ildən hal-hazırkı vaxtadək iddiaçıya məxsus evin başqa şəxsə satılması və bunun nəticəsində kirayə yaşamaq məcburiyyətində qaldığından, 30000 manat maddi ziyan və dəymiş mənəvi ziyanın əvəzi olaraq 10000 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi; Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 2 saylı mənzilinə dair Cavabdeh1 ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 2 otaqlı, 2 saylı mənzilinin Cavabdeh1 mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 3085 nömrəli reyestr kitabının 288049 nömrəli vərəqində qeydiyyata alınmış xx.xx.2019-cu il tarixli çıxarışın ləğv olunması, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 2 otaqlı, 2 saylı mənzili qanunsuz sahiblikdən geri alınması və iddiaçının həmin mənzilə istifadə hüququn bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1035/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə (hakim Nigar Nəbizadə) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinin “Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 2 otaqlı, 2 saylı mənzilinin Cavabdeh1 mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 3085 nömrəli reyestr kitabının 288049 nömrəli vərəqində qeydiyyata alınmış xx.xx.2019-cu il tarixli çıxarışın ləğv olunması” hissədə iş üzrə icraata xitam verilmişdir.

3. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1035/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi (hakim Nigar Nəbizadə) ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh2 mənzilin alınması üçün ödənilmiş 24000 (iyirmi dörd min) manat məbləğində pul, 5400 (beş min dörd yüz) manat dəymiş maddi ziyanın və 3000 (üç min) manat dəymiş mənəvi ziyanın əvəzi, cəmi 32400 (otuz iki min dörd yüz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, Cavabdeh3 2500 (iki min beş yüz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

4. Rayon Məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 1091, 1097.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

5. Bundan sonra qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2390/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən, kirayə haqqı ilə bağlı iddia tələbi hissədə dəyişdirilmədən saxlanılmışdır.

7. Hazırda qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

8. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, rayon məhkəməsi tərəfindən işə baxılması zamanı ona məlumat verilməmişdir, qətnamədən icra mərhələsində xəbər tutmuşdur, işin faktiki halları araşdırılmamış, sübutlara düzgün qiymət verilməmişdir. Nəticədə iddiaya etiraz dəlillərini məhkəməyə təqdim edə bilməmişdir.

9. Ona münasibətdə məhkəmənin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, onun tərəfindən mənzilin ayrılması ilə bağlı üzərinə düşən öhdəlik tam yerinə yetirilmiş, İddiaçı mənzil ayrılmış, ancaq sonradan o, pulunu geri istədiyinə görə Cavabdeh3la ona aid mənzilin satılmasına dair razılığa gəlmiş, Cavabdeh3 tərəfindən həmin mənzil Hüseynalı Nəsibova satılsa da, pul Cavabdeh3 tərəfindən İddiaçı qaytarılmamışdır. Buna görə də ona qarşı iddia tələbi həmin hissədə əsassızdır.

10. İddia tələbinin mənzilin başqa şəxsə satılması ilə əlaqədar kirayədə yaşamaq məcburiyyətində qalaraq kirayə haqqı kimi 30000 manat məbləğində maddi ziyanın ödənilməsi tələbinin 5400 manat məbləğində təmin edilməsi ilə də razılaşmır və hesab edirik ki, iddia tələbi və bu tələbin qismən təmin edilməsi hissəsində də qətnamə əsassızdır. Belə ki, qətnamədə qeyd edilən cinayət işi ilə əlaqədar Binəqədi Rayon Məhkəməsində, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində İddiaçı izahatında göstərmişdir ki, 2015-ci ildə uşaqları üçün münasib qiymətə ev almaq istəmiş, yaşadığı yerin yaxınlığında Cavabdeh2 adlı şəxsin bina tikməsinin və onun tikdiyi binadan münasib qiymətə ev almağın mümkünlüyünü eşitmiş buna görə də həmin binaya getmiş və 2 otaqlı mənzilin alınmasına dair razılığa gəlmişlər. (hökm səhifə 15) İzahatdan göründüyü kimi iddiaçı uşaqları üçün münasib qiymətə ev almaq istəmişdir, yəni özünün mənzilinin olması işin mahiyyətindən görünür. Həmçinin iddiaçı tərəfindən kirayədə yaşaması ilə bağlı məhkəməyə hər hansı bir sənəd, kirayə müqaviləsi, aylıq kirayə haqqının ödənilməsi barədə qəbz, heç olmasa kirayədə qaldığı evin ünvanı və şəraiti, həmin mənzildə nə vaxtdan kirayədə yaşamaları barədə müvafiq qaydada tərtib edilmiş akt məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qətnaməsində mübahisəli mənzilin yerləşdiyi ünvanda aylıq kirayə haqqının 150 manat olması barədə rəyə istinad edilməsini də əsassız hesab edirik. Çünki iddiaçı həmin ünvanda kirayədə yaşamamışdır. Bu hallar iddia tələbinin və qətnamənin bu hissədə əsassız olmasını göstərir.

11. Qətnamə mənəvi zərərlə bağlı təmin edilən hissədə də əsassızıdır. Belə ki, cavabdeh tərəfindən iddiaçının şəxsiyyətinə və ya əmlakına hər hansı bir formada zərər vurulmamışdır.

12. Məhkəmə tərəflər arasında müqavilə münasibətləri olmasına baxmayaraq əsassız varlanmaya dair hüquq normalarını tətbiq etmiş, nəticədə maddi hüquq normalarının tətbiqində pozuntuya yol vermişdir. Həmçinin iş üzrə birtərəfli araşdırma aparılmış, sübutlara düzgün qiymət verilməmişdir.

13. Bu səbəbdən, qətnamənin qismən, iddia tələbinin Cavabdeh2 münasibətdə təmin edilən hissədə ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməməsi barədə yeni qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

14. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, Cavabdeh1 və Cavabdeh2 qarşı cinayət işi başlanmışdı, onlar da təqsirlərini qəbul etmişdi. İddiaçıya ziyan ödənilməyib, amma zərərçəkmiş şəxs kimi tanınıb. Tərəflər arasında müqavilə bağlanıb və iddiaçı Cavabdeh2 pul ödəyib, sonra Cavabdeh2 Cavabdeh3 yazılı müqavilə hazırlanmasını tapşırmış, sonradan isə məlum olmuşdur ki, Cavabdeh3 Nübar xanımdan əlavə olaraq 2500 manat da pul almış, Nübar xanım aldığı mənzili istəməmiş və pulların qaytarılmasını istəmiş, Cavabdeh3 isə ona verdiyi mənzili H.Nəsibov adlı şəxsə satmış, ancaq satışdan sonra da Nübar xanıma çatmalı pul ona verilməmişdir. İddiaçı həmin pulu Elçindən yox, Cavabdeh3 istəməlidir.

15. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, cavabdehlər ev tikmək adı ilə onun pulunu alıblar, 7 ildir ki üç uşaqla kirayələrdə qalıb, mənəvi əzab və iztirab keçirib, o, cavabdehlərin qanunsuz hərəkətləri səbəbindən dəfələrlə özünə qəsd etmək istımiş, bütün həyatı altüst olmuş,o, mənzilə görə Cavabdeh2lə danışıb və pulu da ona verib, mənzil tikintisinə rəhbərliyi Cavabdeh2 edirdi, onun pulunu da Cavabdeh2 mənimsəyib, o da qaytarmalıdır. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, o, özü də qətnamədən narazı olmuş və daha öncə qətnaməni iddia tələbinin kirayə haqqı hissəsində mübahisələndirmiş, lakin nədənsə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2390/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə həmin hissədə qüvvəyə minmişdir.

16. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, mənzili Cavabdeh2 satıb, ümumiyyətlə tikinti işlərini Cavabdeh2 həyata keçirmiş, özü ancaq Cavabdeh2 tapşırıqlarını icra etmiş, Nübar xanımdan mənzilə görə pulu məhz Cavabdeh2 almış, həmin pulu o mənimsəyib və o da qaytarmalıdır, özü isə iddiaçıdan cəmi 2500 manat pul almış, bunu da məhkəmədə etiraf etmişdir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi R.Tağısoy Məhkəmə kollegiyasının mülahizəsinə uyğun qərar qəbul edilməsini xahiş etdi.

18. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

19. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:

20. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-10/2020 saylı hökmündə aşağıdakılar göstərilmişdir:

21. “ ... Məhkəmə iclasında təqsirləndirilən şəxs Cavabdeh3 ona Azərbaycan Respublikası CM-nin 308.2 və 313-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, ... 2017-ci ildə əvvəllər qonşusu olmuş, təxminən 20 il ərzində tanıdığı Cavabdeh2 ilə onun Bakı şəhəri, Binəqədi rayonu Gülməmməd Ramazanov küçəsində olan inşasını apardığı tikintinin özü tərəfindən davam etdirilməsi barədə razılaşmışdır. ...Bir müddət sonra Cavabdeh2 ona tikintisi aparılan binadan bir neçə mənzil verməsini, o cümlədən Nübar adlı qadına əvvəlki binasından mənzil satmasını, lakin sonradan Qismət adlı şəxsdən aldığı borc pulu qaytarmamasına görə onun iddiası ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 2016-cı ildə binanın üzərinə həbs qoyulmasına görə həmin binadan ona mənzil verməsini bildirmiş, daha sonra isə Cavabdeh2 ona üzərinə həbs qoyulmuş həmin binadan mənzil satdığı Nadir Əhmədov və Mədət Vəliyev adlı şəxslərin də adlarına müqavilə yazmasını xahiş etmiş, Mədət Vəliyevin onun binasında inşaat işləri,yəni qapı-pəncərə işləri görməsini, Nadir Əhmədovun isə onun əvvəlki binasından naqd pul verib mənzil almasını bimiş, Cavabdeh2 sözləri ilə həmin şəxslərdən pul almamasına baxmayaraq, həmin şəxslərin adlarına tikintisini apardığı binadan alqı-satqı müqavilələrini yazıb imzalamış və şirkətin möhürünü vurmuşdur. ... İddiaçı ... adlarına olan alqı-satqı müqavilələrini qeyd edilən tikintini yerləşdiyi ərazidə olan ofisdə tərtib etmiş, həmin müqavilələrdə və Elşən Qəniyevin adına olan ödəniş qəbzində adının qarşısında ola imzalar özünə məxsusdur, həmin sənədlərə “Binəqədi Nevs Service” şirkətinin və "xxxx" MMC-nin möhürünü də özü icra etmiş, Nadir Əhmədovun və Mədət Vəliyevin adlarına yazdığı alqı-satqı müqavilələrinə görə həmin şəxslərdən və ya Cavabdeh2 pul almamış, həmin müqavilələri Cavabdeh2 sözləri ilə tərtib edib imzalamışdır.

22. Məhkəmə iclasında təqsirləndirilən şəxs Cavabdeh1 ona Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, ... Cavabdeh2 təxminən 7-8 ildir ki, tanıyır və onun Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi ərazisində bütün mülkiyyət sənədləri olan 0,23 ha torpaq sahəsi olmasını, həmin yerdə mansardla birlikdə 4 mərtəbəli bina tikmək istəməsini bilmişdir. Sonuncu 2013-cü ildə bina tikməsi üçün vəsaiti olmamasını, özünün banka kredit borcu olmasına görə banklardan ona kredit verilməməsini bildirib, “X6” ASC-dən adına kredit rəsmiləşdirəcəyini və krediti özü alıb ev tikəcəyini, sonra isə tikdiyi binadan ev satıb həmin krediti ödəyəcəyini bildirib adına tərtib olunacaq kredit sənədlərinə imza etməsini ondan xahiş etmiş, aralarında olan münasibətə görə onun təklifinə razılıq vermiş və bundan sonra “X6” ASC-nin Mərkəzi filialından adına 483.000 manat məbləğində kredit rəsmişləşdirilmiş, kredit sənədlərini şəxsən imzalamış və vəsaiti faktiki olaraq Cavabdeh2 özü almış, həmin kredit üçün ipoteka olaraq Bakı şəhəri, Binəqədi rayonu Binəqədi şossesi Gülməmməd Ramazanov küçəsi döngə 1 dalan 5-də yerləşən 1 mərtəbəli bina girov qoyulmuş, 2015-ci ilin may ayında isə adına həmin bankdan əvvəlki kredit müqavləsi əsasında köhnə borcun ödənilməsi əsasında yenidən 366000 ABŞ dolları məbləğində kredit rəsmiləşdirilmişdir. Cavabdeh2 digər banklara olan kredit borcuna görə həmin ərazidə tikintisi aparılacaq 4 mərtəbəli bina ilə bağlı bütün sənədləşmələri onun adına rəsmiləşdirmiş, sonradan həmin tikintinin Cavabdeh2 Elçin adlı soyadını bilmədiyi iş icraçısı tərəfindən aparılmasını bilmiş, Cavabdeh2 Cavabdeh3 adlı şəxsə tikdiyi binadan mənzil satmaq üçün müştəri cəlb etmək işlərini tapşırmış, sonradan isə Cavabdeh2 ona Cavabdeh3 həmin binadan bir neçə şəxsə mənzil satmasını, aldığı pulun bir hissəsini tikintiyə xərcləməsini, 60.000 manata yaxın pulu isə özünə götürməsini bildirmiş, tikinti əsasən tamamlanmış, çox az miqdarda tamamlama işləri qalmış, 2018-ci ilin may ayından hazıra kimi binada heç bir mənzil satışı yoxdur. İnvestor tərəfindən 4 mərtəbil bina tikintisi üçün 320.000 manat məbləğində vəsaitin tikintiyə qoyulması, tikiləcək binada olan mənzil satışından əldə olunan vəsaitin 60 faizinin investora verilməsi, qalan 40 faizin isə “X6” ASC-dən alınmış kredit borcunun ödənilməsinə yönəldiməsi barədə 08 avqust 2017- ci il tarixli 3 tərəfli müqavilədə adının qarşısında olan imzalar ona məxsusdur, həmin sənədləri Cavabdeh2 tapşırığı ilə imzalamışdır...

23. Məhkəmə iclasında təqsirləndirilən Cavabdeh2 ona Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, ... Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində təxminən 1 hektardan çox torpaq sahəsi olmuş, həmin torpaq sahəsinin çıxarış sənədləri vardır. Təxminən 3-4 il bundan əvvəl həmin ərazidə, Ramazan Gülməmmədov küçəsində girişdən sağda 4 mərtəbəli yaşayış binasının tikintisini aparmış, həmin tikinti üçün Qismət adlı şəxsdən 237.000 ABŞ dolları məbləğində borc pul almış, binanı tikib qurtarmış, sonradan isə Qismət ondan borcunu istəmiş, lakin ABŞ dollarının manata nisbətdə kursu qalxdığına görə onun borcunu tam ödəyə bilməmiş, əslində həmin borcu tikdiyi binadan satdığı mənzillərin satışı hesabına ödəməli olduğu halda, Qismət adlı tanışı bunu gözləmədən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində ona qarşı iddia qaldırmış və məhkəmənin qərarı ilə həmin borcun ödənişi ilə bağlı binanın tikildiyi torpaq sahəsi və onun üzərində aparılmış tikinti üzərində həbs qoyulmuşdur. ...Təxminən 2017-ci ildə tanışı və dostu Cavabdeh3 tikəcəyi binada mənzillərin satışı üçün reklam aparmasını, bu qayda ilə mənzillərin satılmasını tapşırıb, satışdan pul əldə edib tikintini davam etdirmək istəmiş, lakin aralarında hər hansı bir müqavilə bağlanmamış, aralarında olan şifahi razılaşmaya əsasən Cavabdeh3 hər satılan mənzilin dəyərindən 2 faiz pul verilməsini nəzərdə tutmuş, lakin həmin ərəfələrdə mənzil satılmamış, tikintini başa çatdırmaq üçün 2017ci ilin iyun ayında Cavabdeh3 vasitəsi ilə tanıdığı İqor adlı Ukrayna Respublikasının vətəndaşından 200.000 manat məbləğində öz adına borc pul almış, həmin borcu Bakı şəhəri, Azadlıq prospektində, Metropoliteninin Azadlıq stansiyasının yaxınlığında yerləşən notariat kontorunda rəsmiləşdirmiş, borc olaraq aldığı həmin 200.000 manat pulun 5 faizini, yəni 10.000 manatını Cavabdeh3 həmin şəxsi onunla tanış etdiyinə və onun borc pul verməsini təşkil etməsinə görə vermiş, qalan pul vəsaitini isə Elçin Əzizovun vasitəsi ilə tikintiyə xərcləmiş, tikintini tam qurtara bilməmiş, buna görə də tikinti təxminən 2017-ci ilin avqust ayında dayanmış, həmin vaxt bütün mərtəbələr tikilmiş, ancaq binanın dam örtüyü və arakəsmələr qalmış, eyni zamanda binanın fasadına emulsiya vurulmamış, kommunal xidmətlər təmin edilməmş, həmin ərəfələrdə kredit aldığı “X6” ASC-nin əməkdaşları da tikintiyə gəlib kreditin ödənilməsini tələb etmişlər. 2017-ci ilin təxminən avqust ayında Cavabdeh3 onun yanına gəlmiş və tikintini davam etdirməsi üçün maddi vəsaitinin olmamasını bilib kv.metri 500 manatdan olmaqla mənzil almaq istəyən şəxslər olmasını bildirib, mənzil satıb tikintini davam etdirmələrini təklif etmiş, onun təklifi ilə razılaşmış və Cavabdeh1, eyni zamanda Cavabdeh3 qohumu Vera Mustafayeva və “X6” ASC-nin nümayəndəsi ilə satışdan alınan pulun 40 faizinin Cavabdeh1 adına olan, lakin faktiki olaraq özünün götürdüyü kreditə görə həmin banka ödənilməsini, qalan pulun tikintiyə xərclənməsini nəzərdə tutan müqavilə hazırlamalarını tapşırıb banka vəsait ödənildiyinə görə bankın tikintiyə mane olmamasına nail olmağa çalışmış, həqiqətən tikintinin aparılacağına bank əməkdaşlarının əmin olmaları üçün həmin müqaviləni Cavabdeh3 qohumu Vera Mustafayevanın tikintiyə vəsait qoyan investor, həmçinin Cavabdeh1 iştirakı ilə tərtib etmişlər. Bundan sonra Cavabdeh3 2017-ci ilin dekabr, 2018-ci ili yanvar-mart ayları ayları ərzində müxtəlif vaxtlarda 1000-2000 manat olmaqla ümumilikdə ona 13000 manat pul vermiş, 2018-ci ilin mart- aprel ayında isə Cavabdeh3 həmin binadan bir neçə şəxsə mənzil satmasını, pulunu da özünə götürməsini bilmiş, sonuncu həqiqətən bir neçə nəfərə mənzil satmasını, aldığı puldan 61000 manatını tikintiyə xərcləməsini, qalan pulu isə özünə götürməsini, banka isə pul ödəməməsini etiraf etmişdir. Özünə məxsus olan həmin ərazidə yerləşən 1 A saylı binadan Nübar və Nadir adlı şəxslərə onlardan pul alıb mənzil satmış, yəni İddiaçı ümumilikdə 24000 manat, Nadir Əhmədovdan isə isə 26920 manat pul almış və onlara mənzil satmış, eyni zamanda həmin tikintidə qapı-pəncərə işlərini görmüş Mədət adlı soyadını unutduğu şəxsə gördüyü işin müqabilində 1 otaqlı mənzil vermiş, Qismət adlı şəxsdən aldığı borcu qaytara bilmədiyinə görə onun iddiası ilə 2016-cı ildə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin qərarı ilə həmin binanın üzərinə həbs qoyulmuş, buna görə də Cavabdeh3 mənzil satdığı Nadir Əhmədovun və İddiaçı adına həmin ünvanda yerləşən 1 saylı binadan müvafiq mənzillərin satılması barədə alqı-satqı müqavilələri yazmasını tapşırmış, sonradan isə ona məlum olmuşdur ki, Cavabdeh3 İddiaçı əlavə 2500 manat pul almış, sonuncu isə sonradan aldığı mənzili istəməyərək pulunun qaytarılmasını tələb etmiş, Cavabdeh3 isə ona verdiyi mənzili Hüseynalı Nəsibova satmış, lakin İddiaçı pulunu qaytarmamışdır. Cavabdeh3 onun xahişi əsasında həmin şəxslərin adlarına mənzil alqı-satqı müqaviləsini yazıb imzalayıb vermişdir. Bundan əlavə əvvəlki binasından, yəni üzərinə həbs qoyulmuş 1 A saylı binadan Nizami Mustafayev adlı şəxsə tikinti üçün verdiyi betonun və armatur-kərpicin əvəzinə ona 3 mənzil satmış, sonradan isə həmin binanın üzərinə Qismət adlı şəxsdən aldığı borcu pulu qaytara bilməməsinə görə həbs qoyulduğu üçün Cavabdeh1 da həmin binadan, yəni 1 A saylı binadan Nizami Mustafayevə 3 mənzilin alqı-satqı müqavilələrini tərtib etməsini tapşırmış, əslində Cavabdeh1 rəsmi qaydada həmin binada mənzil satmaq səlahiyyəti olmamış, yəni ona binadan mənzil satmaq hüququ verən heç bir rəsmi əmr olmamışdır. Bundan başqa Cavabdeh1 Nadir Əhmədovun adına mənzil alqı- satqısı barədə müqavilə yazıb verməsini tapşırmış, Cavabdeh1 da həmin şəxsin adına 1 mənzilin alqı- satqı müqaviləsini yazıb vermiş, bütün müqavilələr həmin ərazidə yerləşən ofisdə tərtib olunmuş və imzalanmış, Cavabdeh1 həmin müqavilələri vergi ödəyicisi kimi öz imzası və möhürü ilə təsdiq etmiş, hətta sonradan Cavabdeh3 Nadir Əhmədova yaratdığı şirkətin yaradılmasından əvvəlki tarixə müqavilə yazıb verməsini bilmiş, buna görə Cavabdeh1 Nadir Əhmədovun adına yeni müqavilə yazıb verməsini xahiş etmişdir. Nadir Əhmədovun və Nizami Mustafayevin adına mənzil alqısatqı müqavilərini yazıb imzalayıb möhür vurmasına görə Cavabdeh1 və ya başqa bir şəxsə pul verməmişdir. Bundan başqa Cavabdeh3 da onun xahişi əsasında Nadir Əhmədovun və İddiaçı, həmçinin Mədət Vəliyevin adına alqı-satqı müqavilələrini yazıb imzalayıb vermiş, buna görə Ramz Bəşriova pul verməmişdir. Cavabdeh3 mənzil satışından əldə edib özünə götürdüyü vəsaiti sonradan qaytaracağını dəfələrlə vəd etsə də, qaytarıb verməmiş, sonuncu həmin vəsaiti vaxtında banka ödədiyi halda, bankla heç bir problem yaranmazdı. Hazırda əməlindən peşmandır. Qeyd olunanlara əsasən barəsində qərar qəbul edilməsini xahiş edir.

24. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı izahatında göstərmişdir ki, o, 1995-ci ildən 2010-cu ilə kimi olan dövrdə Azərbaycan Respublikası DİN-nin Daxili qoşunlarında rabitə xidmətinin rəisi vəzifəsində işləmiş, 2010-cu ildən hazıra kimi isə heç bir yerdə işləmir, 2-ci qrup əlil kimi pensiya alır. 2015-ci ildə uşaqları üçün münasib qiymətə ev almaq istəmiş, yaşadığı yerin yaxınlığında Cavabdeh2 adlı şəxsin bina tikməsini və onun tikdiyi binadan münasib qiymətə ev almağın mümkünlüyünü eşitmiş, buna görə də həmin binaya getmiş, binanın bünövrəsinin qazılmasını və həmin yerdə 4 mərtəbəbli bina tikiləcəyini görmüş, Cavabdeh2 tapıb ona 2 otaqlı mənzil almaq istədiyini bildirmiş, onunla tikintisi aparılacaq 4 mərtəbəli binadan 2- ci mərtəbədə 2 otaqlı mənzilin 52000 manata alqısatqısı ilə bağlı razılaşmış, ilkin olaraq Cavabdeh2 9000 manat pulu naqd olaraq vermiş, bundan sonra sonuncu onun adına 2 otaqlı 26 nömrəli mənzilin alqı- satqısı barədə müqavilə yazıb vermiş, aralarında olan razılığa görə qalan pulu da hər ay hissə-hissə ödəməli olduğuna görə Cavabdeh2 hər ay 400-500 manat olmaqla ümumilikdə 24000 manat pul vermiş, sonradan isə həminbinanın tikintisinin dayandırılmasını görmüş, ondan tikintinin dayandırılmasının səbəbini soruşduqda sonuncu tikinti üçün pul vəsaiti olmamasını, sonradan isə borcuna görə məhkəmənin qərarı ilə həmin bina üzərinə həbs qoyulmasını bildirmiş, ona görə də Cavabdeh2 pulunu qaytarıb verməsini tələb etmiş, təxminən 5-6 ay keçəndən sonra Cavabdeh2 həmin ünvanda yeni bir 4 mərtəbəli bina tikməsini bilmiş və ondan tikintisini apardığı yeni binadan mənzil verməsini tələb etmiş, Cavabdeh2 onunla razılaşmış və ona həmin tikintini aparan Cavabdeh3 yanına getməsini tapşırıb sonuncunun onun adına mənzil alqı-satqı müqaviləsi yazıb həmin binadan ona mənzil verəcəyini bildirmiş, buna görə də Cavabdeh3 yanına gedib Cavabdeh2 tərəfindən göndərildiyini bildirmiş, Ramz Bəşirov ona 3 mərtəbəsi tikilmiş binanın 2-ci mərtəbəsindən 14-cü mənzilin alqısatqısı barədə müqavilə yazıb vermiş və qalan pulu ona ödəyəcəyini tapşırmış, onunla razılaşmış və bundan sonra bir neçə dəfəyə olmaqla ümumilikdə Cavabdeh3 2500 manat pulu naqd olaraq vermişdir. Sonradan isə Cavabdeh3la Cavabdeh2 arasında həmin bina ilə bağlı mübahisə yaranmasını görüb onlara mənzil istəmədiyini bildirib pulunu qaytarmalarını tələb etmiş, Tələbi Cavabdeh2 və Cavabdeh3 ondan aldığı pulu qaytarmalarıdır”.

25. Hökmdə eyni zamanda qeyd olunmuşdur ki, “ ... Cinayət işi materiallarına əlavə edilmiş 08 avqust 2017-ci il tarixli nömrəsiz müqavilədən görünür ki, investor kimi tikintiyə vəsait qoyan Vera Mustafayeva, “X6” ASC-nin nümayəndəsi X7 və torpaq sahəsinin mülkiyyətçisi kimi Cavabdeh1 arasında bağlanılmış 08 avqust 2017-ci il tarixli nömrəsiz müqavilənin şərtlərinə görə Bakı şəhəri, Binəqədi rayonu Binəqədi şossesi Gülməmməd Ramazanovv küçəsi döngə 1 dalan 5- də tikiləcək yaşayış evinin satışıdan əldə olunan vəsaitin 60 faizi investora verilməli, 40 faizi isə Cavabdeh1 “X6” ASC qarşısında 07UM/13 saylı xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliyinin icarsı üçün Cavabdeh1 bank hesabına köçürülməlidir.

26. Cinayət işi materiallarına əlavə edilmiş 27 sentyabr 2013-cü il tarixli 07UM/2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, həmin tarixdə Cavabdeh1 “X6” ASC-dən 36 ay müddətinə 483000 manat məbləğində kredit verilmiş, həmin kreditin təminatı kimi Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu Binəqədi şossesi Gülməmməd Ramazanov küçəsi dalan 1 döngə 5-də yerləşən 1 saylı fərdi yaşayış evi girov qoyulmuşdur.

27. Cinayət işi materiallarına əlavə edilmiş 34 UB/15 nömrəli 14 may 2015-ci il tarixli əlavə kredit müqaviləsindən görünür ki, həmin tarixdə 27 sentyar 2013-cü il tarixil kredit müqavləsi çərçivəsində Cavabdeh1 “X6” ASCdən 12 ay müddətinə illik 17 faizlə 366000 ABŞ dolları məbləğində kredit verilmiş, həmin kredit müqaviləsi 07UM/13 nömrəli xx.xx.2013-cü il tarixli kredit müqaviləsini ayrılmaz tərkib hissəsidir. Həmin kredit üçün 08 avqust 2014-cü il tarixli ipoteka müqaviləsi ilə girov qoyulmuş Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu Binəqədi şossesi Gülməmməd Ramazanov küçəsi dalan 1 döngə 5-də yerləşən 1 saylı fərdi yaşayış evinə əlavə olaraq Bakı şəhəri, Nizami rayonu Bəhruz Nuriyev küçəsində yerləşən 15/9a nöməli binanın 119 nömrəli mənzil girov qoyulmuşdur.

28. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər məhkəməsinin 24 fevral 2017ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 iddiaçı “X6”ASC-nin xeyrinə 07UM/13 nömrəli xx.xx.2013-cü il tarixli kredit müqaviləsi çərçivəsində 34 UB/15 nömrəli 14 may 2015-ci il tarixi əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 366000 ABŞ dolları, faiz borcu üzrə 52,994,83 ABŞ dolları, cərimə borcu üzrə 15000 ABŞ dolları, cəmi 433994,83 ABŞ dolları pulun iddiaçının xeyrinə ödənilməsi, tələbin isə Bakı şəhəri, Nizami rayonu Bəhruz Nuriyev küçəsində yerləşən 15/9a nöməli binanın 119 nömrəli mənzil və Bakı şəhəri, Binəqədi rayonu Binəqədi şossesi Gülməmməd Ramazanov küçəsi dalan 1 döngə 5-də yerləşən 1 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin hesabına Cavabdeh1 həmin banka olan borcunun ödənilməsi qət edilmişdir.

29. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya məhkəməsinin 25 dekabr 2017-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 iddiaçı “ X6” ASCnin xeyrinə 07UM/13 nömrəli xx.xx.2013-cü il tarixli kredit müqaviləsi çərçivəsində 34 UB/15 nömrəli 14 may 2015-ci il tarixi əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 365836 ABŞ dolları,faiz borcu üzrə 52,994,83 ABŞ dolları, cərimə borcu üzrə 5000 ABŞ dolları, cəmi 423831,75 ABŞ dolları pulun iddiaçının xeyrinə ödənilməsi, tələbin isə Bakı şəhəri, Nizami rayonu Bəhruz Nuriyev küçəsində yerləşən 15/9a nöməli binanın 119 nömrəli mənzil və Bakı şəhəri, Binəqədi rayonu Binqədi şossesi Gülməmməd Ramazanov küçəsi dalan 1 döngə 5-də yerləşən 1 saylı fərdi yaşayış evinə yönədldilməsi, həmin əmlakların açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin hesabına Cavabdeh1 həmin banka olan borcunun ödənilməsi qət edilmişdir.

30. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Xammal və X10 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin xx.xx.2018-ci il tarixli 47/01 saylı protokolundan və həmin tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilədən görünür ki, ilkin satış qiyməti 162500 manat olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi Gülməmməd Ramazanov küçəsi dalan 1 döngə 5də yerləşən 1 saylı fərdi yaşayış evi “X6” ASC-nin nümayəndəsi X2 tərəfindən hərracdan 103.594 manata alınaraq həmin şəxsin adına alqı-satqı edlmişdir.

31. ... Cinayət işi materiallarına əlavə edilmiş 21 sentyabr 2017-ci il tarixli nömrəsiz və 22 sentyabr 2017-ci il tarixli 1 nömərəli əmrlərdən görünür ki, guya Vera Mustafayevanın həmin tarixli əmri ilə Bakı şəhəri, Binəqədi rayonu, Gülməmməd Ramazanov küçəsi döngə 1 dalan 5-də 1 nömrəli yaşayış binasının tikintisinın aparılması məqsədilə göstərilən ünvanda “Binəqədi Nevs Service” fərdi tikinti şirkəti yaradılmış, 22 sentyabr 2017-ci il tarixdə Cavabdeh3 həmin şirkətin direktoru təyin edilmişdir.

32. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X5 «Azərdövlət Layihə» Dövlət Baş Layihə İnstitutu tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 06-7619 nömrəli rəydən görünür ki, Bakı şəhəri ünvan 4 ünvanında 4 mərtəbəli yaşayış binasının layihələndirilməsi məqsədi ilə aparılmış mühəndis-geoloji işlərə dair xx.xx.2014-cü il tarixli 06-7619 nömrəli rəydən rəy verilmişdir.

33. Cinayət işi materiallarına əlavə edilmiş Bakı şəhəri, Binəqədi rayonu İcra Hakimiyyəti başçısının 07 aprel 2014-cü il tarixli K-7 nömrəli məktubundan görünür ki, Bakı şəhəri ünvan 5 ünvanında 4 mərtəbəli yaşayış binasının Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq maddələrinin tələbləri əsasında tikintisinin aparılmasına icazə verilir.

34. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli çıxarışdan görünür ki, 0,24 hektar torpaq sahəsi xüsusi mülkiyyətəd olan əmlak kimi fərdi tikirni üçün X4 adına rəsmiləşdirilmişdir.

35. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini Baık şəhər ərazi idaəris tərfindən vermlmiş xx.xx.2013-cü il tarixli fərdi yaaşyış evi üçün texniki pasportdan görünür ki, Cavabdeh1 Bakı şəhəri ünvan 4 ünvanında bina tikintisi üçün **********14-10301 reyestr nömrəsi ilə fərdi yaşayış evi üçün texniki pasport verilmişdir”. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

36. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

37. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. [698]

38. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

39. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

43. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

44. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

45. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

46. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

47. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

48. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

49. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

50. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

51. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

52. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

53. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh2 şikayətinə əsasən iddia tələbinin ona münasibətdə təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

54. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

55. Cavabdeh özü də apellyasiya şikayətində iddiaçının ona mənzilə görə 24.000 manat pul ödəməyini təsdiq edir, lakin sonradan binanın tikintisinin dayandığı üçün iddiaçının pulunu tələb etdiyi vaxt Cavabdeh3 tərəfindən onun mənzilinin satıldığını, pulu ondan tələb etməli olmasını qeyd edir.

56. Kollegiya qeyd edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-10/2020 saylı hökmündən görünür ki, ...Cavabdeh2 ona tikintisi aparılan binadan bir neçə mənzil verməsini, o cümlədən Nübar adlı qadına əvvəlki binasından mənzil satmasını, lakin sonradan Qismət adlı şəxsdən aldığı borc pulu qaytarmamasına görə onun iddiası ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 2016-cı ildə binanın üzərinə həbs qoyulmasına görə həmin binadan ona mənzil verməsini bildirmiş, ...Cavabdeh2 sözləri ilə həmin şəxslərdən pul almamasına baxmayaraq, həmin şəxslərin adlarına tikintisini apardığı binadan alqısatqı müqavilələrini yazıb imzalamış və şirkətin möhürünü vurmuşdur.

57. Kollegiya bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni cinayət əməlinin olubolmaması və bu əməlin kim tərəfindən törədilməsi ilə bağlı cinayət işinə baxmış məhkəmənin hökmdə gəldiyi nəticələr mülki işə baxan məhkəmə üçün məcburidir.

58. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli Qərarı).

59. Beləliklə də məlum olur ki, apellyasiya şikayətinin qeyd edilən dəlili əsassızdır.

60. Məhkəmə kollegiyası apellyasiya şikayətinin maddi və mənəvi zərərlə bağlı iddia tələbinin əsassız olması barədə dəlili üzrə aşağıdakıları qeyd edir.

61. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

62. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

63. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 oktyabr 2008-ci il tarixli 07 saylı «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Qərarına əsasən «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

64. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.

65. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın müddəları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər». Həmin Qərarın 8-ci bəndində təsbit edilmişdir ki, « ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun». Beləliklə məsuliyyətin yaranması üçün mülki-hüquq pozuntsunun tərkibini təşkil edən aşağıdakı elementlərin olması zəruridir: a) ziyanın vurulması; b) ziyanvuranın hüquqa və ya qanunazidd hərəkəti; v) əvvəlki iki elementlər arasında səbəbli əlaqə; d) ziyanvuranın təqsiri.

66. Mülki iş materiallarından iddiaçının mənəvi sarsıntılarının Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində baş verməsi müəyyən edilir.

67. Vurulmuş maddi ziyana gəldikdə isə Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçının evsiz olması, kirayədə qalması həm onun izahatları və işin digər halları ilə təsdiq olunur, kirayə haqqının məbləği isə mülki iş materiallarında olan xx.xx.2021ci il tarixli, UNİ/A 104-495/21 saylı rəylə təsdiq olunur.

68. Kollegiya onu da qeyd edir ki, rayon məhkəməsi maddi zərərlə bağlı iddia tələbi üzrə Cavabdeh2 aylıq 150 manat olmaqla üç il müddətinə kirayə haqqı məbləği kimi cəmi 5400 manat tutulması qənaətinə gəlməkdə haqlı olmuş, lakin qətnamədə həmin 5400 manat məbləğin hesablanması qaydasını (150x36=5400) açıq göstərməmişdir.

69. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

70. Kollegiya onu da qeyd edir ki, iddiaçı qətnamənin iddia tələbinin kirayə haqqı hissəsində mübahisələndirmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2390/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən, kirayə haqqı ilə bağlı iddia tələbi hissədə dəyişdirilmədən saxlanılmışdır.

71. Yuxarıda göstərilənlərə əsasən, Kollegiya belə qənaətə gəlir ki, rayon məhkəməsi iddia tələbini maddi və mənəvi zərərlə bağlı hissədə qismən təmin etməkdə haqlı olmuşdur.

72. Məhkəmə kollegiyası maddi hüquq normasının düzgün tətbiq edilməməsi barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd edir ki, tərəflərin izahatından məlum olur ki, iddiaçı Cavabdeh2lə mənzil alqı-satqı müqaviləsi görə müqavilə bağlamış, ona 24.000 manat ödəniş etmiş, daha sonra binada tikintinin dayanmağını görmüş, pulunu tələb etmiş, aralarında olan razılığa görə Cavabdeh2 Cavabdeh3 tikdiyi binada iddiaçıya mənzil verməsini bildirmiş, daha sonra Cavabdeh3 pul almamasına baxmayaraq, tikintisini apardığı binadakı bir mənzilə dair iddiaçı ilə alqı-satqı müqaviləsi yazıb imzalamış və şirkətin möhürünü vurmuşdur. Daha sonra iddiaçı Cavabdeh3 hissə-hissə olmaqla ümumilikdə 2500 manat ödəmişdir. Bununla məlum olur ki, cavabdehlər iddiaçının hesabına əsassız varlanmışlar.

73. MM-in 1092-ci maddəsi əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini nəzərdə tutur. Qanunun tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.).

74. Qanunda əsassız varlanmanın anlayışı verilmişdir, belə ki, qanuna görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olan) hesabına əmlak əldə etsin (maddə 1091.1.).

75. Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) idda tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: - birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; - ikincisi, iddiaçı əmlakdan məhrum olur; - üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur.

76. Beləliklə, iddiaçının bildirdiyi işin faktiki halları əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların dispozitiv şərtlərinin təsiri altına düşür. Rayon məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmişdir, apellyasiya şikayətinin həmin dəlili də əsassızdır.

77. Cavabdehin apellyasiya şikayətinin növbəti dəlili işə onun iştirakı olmadan baxılması ilə bağlıdır.

78. Mülki iş materiallarından məlum olur ki, məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh2 lazımi qaydada məlumat verilmişdir ( i/v 172, 176).

79. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri ilə bağlı biri digərini tamamlayan və təkzibolunmazlıqla bağlı tələblərə cavab verə hər hansı bir sübut təqdim edilmədiyindən, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:

81. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

82. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1035/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh2 özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar